Əgər körpə doğulduqdan sonra ölərsə, yenə də övladınıza həqiqəti deyin. Deyəcəyiniz sözlər onun yaşından asılıdır. Ona bildirin ki, doğulmuş körpənin yaşaması üçün maneələr oldu. Qəm-qüssənizi gizlətməyə çalışmayın. Amma övladınıza bildirin ki, bu ölümün qarşısını almaq üçün əlinizdən heç bir iş gəlməyib. Bə`zən evdəki uşaq yeni körpənin doğulmasını istəmədiyindən, onun ölüm xəbərini eşitdikdə özünü günahkar hiss edir. Ona elə gəlir ki, bu ölümün əsil səbəbkarı odur. Bu yanlış təsəvvürün qarşısını almaq üçün ona başa salın ki, heç bir insan başqa birinin ölümünü tezləşdirə bilməz. Övladınız soruşa bilər ki, ölən uşaq haradadır? Onun bu və digər suallarına tam cavab verməyə çalışın.
Sual: Doğuş üçün xəstəxanaya gedərkən övladım hansı hissləri keçirir?
Cavab: Bu zaman uşaq özünü unudulmuş hiss edir. O, bu hadisənin doğurduğu suallara cavab axtarır: Nə üçün anam başqa uşaq istəyir? Məgər mənim eybim var? Görəsən anam qayıtdıqdan sonra məni yenə də sevəcəkmi? İndi anam nə edir? Yoxsa təzə körpəsinə görə məni unudub?
Uşaq tənhalıq hiss edir, narahatlıq keçirir. Bir çox psixoloqlar belə hesab edirlər ki, bir çox uşaqlardakı psixi gərginliyin səbəbi yeni doğulmuş uşaqdır.
Yeni doğulmuş körpə evə gətirildiyi zaman bütün söhbətlərin ona həsr olunması vəziyyəti gərginləşdirir. Evdəki körpə diqqətdən kənarda qaldığını hiss edib, ailənin sevincinə qatılmır. Uşaqdakı zərərli düşüncələrin qarşısını almaq üçün ilkin hamiləlik dövründən başlayaraq, onu sevincinizə və qəminizə şərik edin.
Həyat yoldaşım ikinci uşağa hamilə olduğu vaxt birinci övladımla müəyyən söhbətlər aparmağa başladım. Ona bildirdim ki, bu körpə doğulduqdan sonra evdəki sakitliyə son qoyulacaq, gecələr evi səs-küy bürüyəcək, bütün vaxtımız ona sərf olunacaq. Mən danışdıqca övladımın heyrəti artırdı. Amma uşaq doğulduqdan iki həftə sonra o mənə yaxınlaşıb dedi: “Atacan, vəziyyət sən dediyin qədər də ağır deyil.”
Sual: Yeni doğulmuş körpə evə qədəm qoyduqdan sonra övladım hansı hissləri keçirəcək?
Cavab: Körpənin evə qədəm qoyduğu an övladınızın ömründə ən böhranlı andır. Bə`zən bu gəliş faciəyə çevrilir. Böyük övladınız hələ tanımadığı təzə körpə ilə rəqabətə başlayır. Təzə körpəyə hədsiz məhəbbət göstərilir, hamı onu tə`rifləyir, hədiyyələr bir-birini əvəz edir. Ən dəhşətlisi budur ki, hamı böyük uşaqdan körpəni sevib-sevmədiyini soruşur. Heç kəs onun daxili hisslərini nəzərə almır.
Mən hər şeyi qara rəngdə təsvir etmək fikrində deyiləm. Çünki bə`zi uşaqlar yeni körpəni sevinclə qarşılayır. Xüsusi ilə, özünü ana kimi təsəvvür edə bilən qızcığazlar bu gəlişə sevinirlər.
Sual: Övladımın narahatçılığını hansı yolla aradan qaldıra bilərəm?
Cavab: Evdəki övladınızla yeni doğulmuş körpə arasında yaxşı münasibətlər qurmaq üçün ən yaxşı yol hamiləliyin ilkin dövründən hazırlığa başlamaqdır. Əgər övladlarınız arasında tanışlıq mərasimi keçirsəniz, bu çox faydalı olar. Övladınızı yeni körpədən ayırmağa cəhd göstərməyin. Bu, onun nifrətini daha da artırar. Elə ilk gündən onun kənara çəkilməsinə yol verməyin və çalışın ki, körpəni saxlamaqda sizə kömək etsin.
Bə`zi xəstəxanalarda uşaqlara psixoloji yardım üçün proqramlar var. Bu proqramlara əsasən doğuşdan sonra ana ilə ilkin görüşənlərdən biri də evdəki övlad olur. Çalışın ki, doğuşdan sonra övladınız yeni körpə ilə görüşsün. Amma ananın vəziyyəti qənaətbəxş olmadıqda belə bir görüşə icazə verilmir. Bu görüşdə ən xeyirli cəhət odur ki, uşaq anasını sağ və salamat görür. Uşaq elə təsəvvür edir ki, həkim anasının qarnını yarıb, körpəni çıxarmalıdır. Bu fikir onu narahat edir. Doğuşdan sonra anasını salamat görən uşaq sevinir. Uşaq xəstəxanaya getməklə yeni körpənin şadlığına qatılır. Ananın və yeni körpənin həyəcanlı anlarına şərik olmaq övlad üçün mühüm bir təcrübədir. Övladınızı ilkin görüşdən məhrum etməklə onun mənfi emosiyalarını daha da gücləndirmiş olursunuz. İlkin görüş ana üçün də faydalıdır. Evdəki övladını görə bilmədiyi üçün nigarançılıq keçirən analarla çox rastlaşmışam. Adətən, uşağın xəstəxanaya gəlişinə e`tiraz edənlər onun mikrob gətirəcəyindən qorxurlar. Hansı ki, böyüklər də uşaqlarla eyni səviyyədə mikrob daşıyıcısıdırlar. Söz yox ki, uşaqdakı mikroblar körpə üçün daha qorxuludur. Amma bu problemi aradan qaldırmaq çətin deyil. Bundan ötrü uşağı müayinə etmək olar. Bir sözlə, mən uşağın anadan uzaq saxlanılmasına heç bir səbəb görmürəm.
Sual: Bacı və qardaş arasındakı paxıllıq təbiidirmi?
Cavab: Bilməliyik ki, paxıllıq ümumi bir hissdir. Amma mən bu məsələyə başqa prizmadan baxmaq istəyirəm. Yaşıd uşaqlar böyüklərə möhtac olduqları üçün öz aralarında rəqabət aparırlar. Paxıllıq yalnız evdəki uşaqlara aid deyil. Sinif yoldaşları, düşərgə yoldaşları arasında da paxıllıq olur. Uşaqlar arasındakı ümumi paxıllıq hissi ilə bacı və qardaş arasındakı paxıllıq hissi arasında elə bir fərq görmürəm. Uşaqlar, sadəcə, başqalarının diqqətini daha çox cəlb etmək üçün öz aralarında rəqabət aparırlar. Fikrimin təsdiqi üçün nəzərinizə çatdırıram ki, bə`zi bacı-qardaşlar arasında paxıllıq hissi olmur. Həmkarlarımdan bə`ziləri elə güman edirlər ki, bu uşaqlar öz paxıllıq hisslərini boğurlar. Amma mən belə düşünmurəm.
Bacı qardaşlar arasındakı paxıllığın səbəbləri var. Yeni körpənin doğulması ilə böyük övlada diqqət azalırsa, onda paxıllıq hissinin alovlanacağı təbiidir. Amma körpə doğulduqdan sonra böyük övlad özünə qarşı diqqətsizlik hiss etməzsə, paxıllığa əsas olmayacaq. Unutmayın ki, körpənin məhəbbət ölçüsü sizin məhəbbət ölçünüzdən fərqlidir.
Bir daha xatırlatmalıyam ki, bacı və qardaş arasındakı paxıllıq hissi sizin hazırlıq tədbirlərinizdən asılıdır. Paxıllığın dərəcəsində uşaqlar arasındakı yaş fərqi də rol oynayır. Məsələn, beş yaşlı uşaq qismən müstəqil olduğu üçün doğulmuş körpəni özünə maneə hesab etmir. Hətta bə’zən üç yaşı olan uşaq da valideynin yeni körpəyə diqqətindən bir o qədər narahat olmur.
Sual: Uşaqlar arasında paxıllıq hissini azaltmaq üçün yol varmı?
Cavab: Lap əvvəlcədən hər bir uşaqla ayrıca bir insan kimi rəftar etmək lazımdır. Əgər valideyn doğulacaq uşaq haqqında övladını mə`lumatlandırmaq üçün deyərsə ki, “körpə doğulandan sonra da səni sevəcəyik,” bu sözlərlə paxıllıq üçün zəmin yaradır. Sizin fikrinizi düzgün anlamayan uşaq nə dərəcədə düzgün danışdığınıza əmin olmaq üçün sizi sınamağa məcbur olur. O daim bu məsələ barədə düşünür ki, siz doğrudanmı hər iki uşağı eyni dərəcədə sevirsiniz? Onu bu nigarançılıqdan qurtarmaq üçün başa salın ki, iki şəxsi eyni dərəcədə sevmək mümkünsüzdür. Uşağa izahat verilməlidir ki, yeni doğulmuş körpə ilə böyük uşaq kimi rəftar etmək olmaz.