Buğumayaqlılar tipi, təyin olunma metodları
BUĞUMAYAQLILAR TİPİ – ARTHROPODA
Buğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğuna və istərsə də müxtəlifliyinə görə onurğasızlar arasında ən zəngin qrup hesab olunur. Buğumayaqlıların növ tərkibi haqqında müxtəlif fikirlər vardır. Bəzi ədəbiyyatlarda onların növ tərkibi 850000-dən çox, bəzilərində 1500000-dən çox, bəzilərində isə daha çox olmaları göstərilir. Bu onunla əlaqədardır ki, hər il buğumayaqlıların minlərlə yeni növləri təsvir edilib, elmə daxil olunur. Buğumayaqlılar onurğasız heyvanların yüksək quruluşlu formalarındandır. Onlar olduqca müxtəlif həyat şəraitinə uyğunlaşmaqla təkamül prosesində bir çox yeni xüsusiyyətlər qazanmışdır.
Buğumayaqlıların bədəninin üzəri xitinləşmiş kutikula ilə örtülüdür. Kutikula dəri epitelisi və ya hipodermadan əmələ gəlir. Tipin ayrı-ayrı nümayəndələrində kutikula qalın və yaxud nazik örtük şəklində olur. Buğumayaqlıların xitinli kutikula qatı həlqəvi qurdların kutikula qatından daha davamlıdır. Kutikula qatının tərkibində xitindən başqa, digər üzvi və qeyri-üzvi maddələr də vardır. Ali xərçənglərin və bir çox hörümçəkkimilərin kutikulasında müəyyən miqdarda kalsium-karbonat vardır.
Xitinli kutikula elastikidir. Digər tərəfdən də buğumayaqlılarda bu qat dartılma, gərilmə xüsusiyyətinə malik deyildir. Ona görə də onlarda böyümə aramsız olmayıb, qabıq dəyişməklə tamamlanır. Bu zaman bədən örtüyü soyulur, hipoderma daha yumşaq və zərif kutikula əmələ gətirir. Sonra köhnə örtük atılır və yeni kutikula qatı bərkiyəndən sonra heyvanın böyüməsi növbəti qabıqdəyişməyə qədər dayanır. Buğumayaqlılar adətən, inkişaf zamanı daha çox qabıq dəyişirlər, yetkin heyvanlar isə çox nadir hallarda qabıq dəyişir, ya da tamamilə qabıq dəyişmirlər.
Buğumayaqlıların bədəni buğumludur və bu buğumlar heteronomdur. Daha sadə quruluşlu formalarda (qazıntı halında tapılan trilobitlərdə, bəzi qəlsəməayaqlı xərçəngkimilərdə və çoxayaqlılarda) homonom buğumluluq da müşahidə olunur. Bədəndə olan bir qrup buğumlar birləşərək ayrı-ayrı hissələri (şöbələri) əmələ gətirmişdir. Buğumayaqlıların bədəni üç hissədən ibarətdir: baş, döş, qarıncıq. Baş hissə bədənin ön tərəfində yerləşməklə ağız və hiss orqanlarına malikdir. Döş hissədə hərəkətə xidmət edən orqanlar, qarıncıqda isə daxili orqanların əsas hissəsi yerləşmişdir.
Buğumayaqlılarda dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bununla əlaqədar onlarda eninəzolaqlı əzələlər yaxşı inkişaf etmişdir. Bu əzələlər mürəkkəb quruluşlu olub, hərəkət zamanı daha tez yığılmaq qabiliyyətinə malikdirlər. Buğumayaqlılar bədən boşluğuna malikdir. Bədən boşluğu qarışıq bədən boşluğu (miksosel) adlanır və bu ilk bədən boşluğu ilə selomun birləşməsindən əmələ gəlmişdir.
Buğumayaqlıların həzm sistemi üç hissədən – ön, orta və dal bağırsaqdan ibarətdir. Buğumayaqlılar olduqca müxtəlif qida ilə qidalanmağa uyğunlaşmışlar. Bununla əlaqədar, onlarda həzm sisteminin quruluşunda müəyyən dərəcədə dəyişikliklər baş vermişdir. Bağırsaqda həzmə xidmət edən vəzlər də vardır.
Dostları ilə paylaş: |