Yastı qurdlar tipi, daxili orqanlarının topoqrafiyası
Helmintologiya ən qədim tarixə malik elm sahələrindən biridir. Bu elm barədə ilk məlumatlar b.e.ə. VI əsrə təsadüf edir. Məşhur Ebers papirusunda (b.e.ə. VI əsr) insanın parazit qurdları – xüsusən askarid və teniyalar barədə məlumatlar mövcuddur. Papirusda insanın qurd xəstəliklərinin müalicəsi və qurdların insan orqanizmində məhv edilməsi yolları da göstərilir.
Helmintologiya terminini elmə ilk dəfə Hippokrat (b.e.ə. 460-370) daxil etmiş, uşaqlarda askaridoz, tenioz və exinokokkoz əlamətlərini təsvir etmişdir. Lakin Hippokrat qurdlar və həşəratların sürfələrini ayırd edə bilməmişdir. Aristotelin sistematikasında da helmintologiya adı altında parazit qurdlar və həşərat sürfələri birləşdirilmişdir.
Helmintologiya zooloji sistematikada bir elm kimi: 1)XVII əsrin ortalarından XVIII əsrin ortalarına qədər - Françesko Redidən (1626-1698) K.Linneyə qədər inkişaf dövrünə; 2)XVIII əsrin ortalarından XIX əsrin ortalarına qədər - K.Linneydən Steyenstrup və Kyuxenmeysterə qədərki dövr; 3)XIX əsrin ortalarından XX əsrə qədərki dövr – eksperimental istiqamət dövrü; 4)XX əsrdən başlayan helmintologiyanın çiçəklənməsi dövrlərinə bölünür.
Helmintlərin öz-özünə əmələ gələn ət qurdları olması barədə təsəvvürlər hələ Aristotel dövründən məlumdur. F.Redi “Canlı heyvanların daxilində yaşayan heyvanlar üzərində müşahidələr” (1684) adlı əsərində helmintlərin biologiyası və onların sahibləri olan müxtəlif onurğalı heyvanlar barədə öz müşahidələrini təsvir etmişdir. O, digenetik sorucuların sürfə mərhələlərini izləmiş, ilk dəfə insan askaridinin cinsi yolla mayalanmış yumurtadan inkişaf etdiyini qeyd etmişdir.
K.Linney qurdları Vermes sinfində birləşdirmiş, parazit qurdların sərbəst yaşaya bilməsi fikrini səhv olaraq təsdiq etmişdir. Bu dövrdə Karl Asmund Rudolfi (1771-1832) Nematoda, Acanthocephala, Trematoda, Cestoidea siniflərinə daxil olan qurdları təsvir etmiş, trematodların hermafrodit orqanizmlər olduğunu ilk dəfə elmə daxil etmişdir (hermafrodit termini Rudolfiyə məxsusdur). Bu tədqiqatlara görə Rudolfi “helmintologiyanın atası” adlandırılmışdır.
Helmintologiyanın inkişaf tarixində Steyenstrupun (1842) helmintlərin inkişafında generasiya prosesinin olduğunu, serkarinin sərbəst yaşayan bir orqanizm deyil, trematodların qeyri-cinsi çoxalma mərhələsindən əmələ gələn sürfə mərhələsi olduğunu sübut etməsi böyük dönüş yaratmışdır.
1852-ci ildə Kyuxenmeyster teniidlərin inkişaf dövriyyəsi barədə təcrübələr aparmış, Cysticercus fasiolaria ilə yoluxmuş siçan və siçovulların qaraciyərini pişiklərə yedizdirmiş, nəticədə pişiyin bağırsağında cinsi yetkin mərhələyə çatmış Hydatigera taeniaeformis sestodunu tapmışdır. Kyuxenmeyster qoyun beyin qurdunun Multiceps multiceps cinsi yetkin mərhələsini də təcrübə ilə əldə etmişdir.
1861-ci ildə Leykart öküz soliterinin Taeniarhynchus saginatus insan orqanizmindən xaric olunmuş buğumları ilə cavan buzovları yoluxdurmuş, buzovların finna ilə yoluxmasını təcrübə ilə təsdiq etmişdir.
Helmintologiyanın müasir tədqiqatları qurdların Vermes tipində birləşdirilməsini məqsədəuyğun hesab etmir, bu tipdə müxtəlif taksonomik əlamətlərə malik qurdlar birləşdirildiyi üçün Skryabin və Şults (1929, 1931, 1940) bu tipi süni tərtib olunmuş tip hesab edirlər. V.N.Beklemişyev (1944) “Onurğasızların müqayisəli anatomiyası” əsərində qurdların morfoloji və filogenetik əlaqələrini tədqiq edərək, helmintoloji sistematikada müasir tipləri qeyd etmişdir.
Vermes tipinin müasir müstəqil tiplərə - Plathelminthes, Nemathelminthes, Nemertini, Annelida bölünməsi sahəsində Skryabin, Şults, Paromonov, Dogel və s. alimlərin böyük xidmətləri olmuşdur.
Yastı qurdlar tipinə daxil olan orqanizmlərin bədəni yarpaqşəkilli və yaxud lentşəkilli olub, adətən, dorzoventral (bel və qarın) istiqamətdə yastılaşmışdır. Bunlar ikiyansimmetriyalı quruluşa malikdirlər. Yastı qurdlar sadə quruluşlu, üçqatlı heyvanlardır. Yastı qurdlarda ektoderma və entoderma qatları ilə yanaşı mezoderma qatı da inkişaf etmişdir.
Bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə çatır. Bəzi növlərdə orqanlar qanunauyğun şəkildə təkrar olunur. Bu da bədənin buğumlu olmasına səbəb olmuşdur.
Yastı qurdların bədəni üst hissədən dəri-əzələ kisəsi ilə örtülmüşdür. Dəri-əzələ kisəsi çoxqatlı və mürəkkəb quruluşlu epiteli və onun altında yerləşən əzələ liflərindən təşkil olunmuşdur. Dəri-əzələ kisəsində əzələlərin yığılması nəticəsində qurdvari hərəkət əmələ gəlir. Parazit formalarda bədən xaricdən möhkəm kutikula ilə örtülmüşdür.
Yastı qurdlarda bədən boşluğu yoxdur. Daxili orqanların arası parenxima adlanan mezoderma mənşəli toxuma ilə dolmuşdur. Ona görə də yastı qurdları çox vaxt parenximatoz qurdlar adlandırırlar.
Həzm orqanları iki şöbədən - ektodermal mənşəli ön bağırsaq adlanan udlaqdan və entodermal orta bağırsaqdan ibarətdir. Orta bağırsaq əksər halda şaxələnərək kor qurtaracaqla nəhayətlənir. Onlarda dal bağırsaq və anal dəliyi yoxdur. Bir çox parazit formalarda (lentşəkilli qurdlarda) həzm sistemi tamamilə reduksiya olunmuşdur.
Yastı qurdlarda bağırsaqboşluqlulardan fərqli olaraq, ilk dəfə ifrazat sistemi əmələ gəlmişdir.
Bütün yastı qurdlarda qan-damar və tənəffüs sistemi olmur. Tənəffüs prosesi bədən səthi vasitəsilədir. Parazit formalarda isə tənəffüs anaerob olur. Sinir sistemləri baş hissədə yerləşən cüt sinir düyünlərindən və onlardan uzanan çoxlu uzununa sinir sütunlarından ibarətdir. Onlardan da qarın və yan sütunlar adlanan iki sinir sütunu daha yaxşı inkişaf etmişdir.
Cinsi orqanlar sistemi mürəkkəb quruluşlu olub, nadir hal müstəsna olmaqla hermafroditdirlər. Cinsi sistem cinsi vəzlərin, cinsi kanalların, cütləşmə orqanının, ümumiyyətlə cinsi aparatın mürəkkəbliyi ilə xarakterizə olunur.
Yastı qurdlar tipi 4 sinfə bölünür: 1.Kirpikli qurdlar və ya turbellarilər (Turbellaria); 2.Digenetik sorucular (Trematoda, Digenea); 3.Monogenetik sorucular (Monogenea); 4.Lentşəkilli qurdlar (Cestoidea).
Kirpikli qurdlar dəniz və şirin sularda sərbəst həyat tərzi keçirirlər. Digər siniflərin nümayəndələri parazit formalardır. Parazitlik edən yastı qurdların quruluşunda və biologiyasında həyat şəraitindən asılı olaraq müxtəlif xüsusiyyətlər əmələ gəlmişdir.
Yastı qurdları təyin etmək üçün təyinetmə cədvəllərindən istifadə olunur. Bu cədvəllər ümumi qayda üzrə tezis və antitezis əsasında tərtib olunur. Axtarılan əlamətlər birinci bəndin göstəricilərinə uyğun gəlirsə, antitezisdə göstərilən əlamətə əks olmalıdır, bu üsulla təyin olunan növ düzgün hesab olunur. Məsələn, yastı qurdları təyin edərkən cədvəldə aşağıdakı göstəricilər olmalıdır:
1(2) Bədən yarpaq şəklindədir.
2(1) Bədən lent şəklindədir.
Təyinetmə cədvəllərində yastı qurdlar üçün xarakterik olan xüsusiyyətlər öz əksini tapmalıdır: ağız və qarın sormaclarının quruluşu, yerləşmə vəziyyəti, həzm sisteminin quruluş tipi (qapalı və ya açıq) bağırsaq şaxələri və cinsi orqanların quruluşu, cinsi vəzilərin quruluş xüsusiyyətləri, cinsi dəliyin ağız və qarın sormaclarına nisbətən yerləşməsi və s.
Dostları ilə paylaş: |