Dixotomik cədvəllərin tərtibatı qaydaları
Dixotomik cədvəllər (təyinedici cədvəllər) vahid bir sistem üzrə qurulmuşdur, tezis – axtarılan əlamət və antitezis - əks əlamət şəklində tərtib olunur. Axtarılan əlamətlərin önündə yazılan birinci bənd tezisi, ikinci bənd isə antitezisi (əks əlaməti) göstərir. Təyin edilən hansı sinfə, dəstəyə, fəsiləyə, cinsə və növə mənsub olduğunu tapmaq üçün əvvəlcə tezis oxunur. Bu zaman əlamətlər uyğun gəlirsə, növbəti tezisə keçilir, əgər tezis göstəriciləri uyğun gəlmirsə, onda antitezisə keçilir.
Əlamətlər dəqiq olmalıdır, təyin olunacaq fərd digər fərdlərlə qarışıq əlamətlərə malik olsa, bu növ düzgün təyin olunmur. Sistematikanın müasir problemlərindən ən əsası növün tez və dəqiq təyin olunması əməliyyatıdır. Hər hansı bir həşərat növünü təyin etmək üçün tərtib olunan açar sistemində aşağıdakı əlamətlər əks olunur:
1.Qanadlar şəffaf deyil, bığcıqlar diş-dişdir, gözlər bütövdür, gözlər kəsik formalıdır;
2.Bığcıqlar sapşəkillidir, ayaqlar qırmızıdır və ya ayaqlar qaradır;
3.Qanadlar şəffafdır, pəncə buğumları xətlidir, bığcıqlar qaradır və ya bığcıqlar qırmızıdır;
4.Pəncə buğumları ikipaylıdır, bığcıqlar qaradır və ya bığcıqlar sarıdır;
Quyruqsuz amfibiləri təyin edərkən:
1. Dilin sərbəst ucu kəsik deyil;
Bu əlamət uyğun gəlmir, ona görə də antitezisə keçilir:
2.Dilin sərbəst ucu kəsikdir (haçadır).
Dixotomik cədvəllərin daha keyfiyyətli tərtib olunmuş variantları da mövcuddur. Dixotomik cədvəllərin şəkilli variantları daha effektli hesab olunur. İkinci Dünya Müharibəsi zamanı malyariya əleyhinə mübarizə təşkilatı bu üsuldan istifadə etməklə malyariya xəstəliyinin yayılmasının qarşısının alınmasında əhəmiyyətli nəticələr əldə etmişlər. Təşkilatda işləyən entomoloqlarla birlikdə mühəndislər və tibb işçiləri də malyariya ağcaqanadının sürfəsini tanıyırdılar. Ağcaqanadın sürfəsinin rəsmlərini və taksonomik əlamətlərini yazıb bu işçilərə paylamaqla təşkilat böyük müvəffəqiyyət qazanmışdı. Sürfənin morfologiyası rəsmlərdə tam aydınlığı ilə göstərildiyindən buğumların sayı, baş hissənin quruluşu, bığcıqların quruluşu ağcaqanadın sürfəsini təyin etməyə imkan verirdi.
Bununla belə dixotomik cədvələ əsasən təyin edilən növ həmişə dəqiq olmur. Xərçəngkimilər və həşəratları dixotomik cədvələ əsasən təyin etmək çox çətindir. İbtidai kisəli məməliləri dixotomik cədvələ əsasən təyin edərkən S.A.Severtsov yazırdı:”İlk kisəli məməlilərdə əsl kisə olmamışdır, sonrakı kisəli məməlilərdə kisənin quruluşu və forması çox müxtəlif olmuşdur. Plasentalılarda plasentanın quruluşu müxtəlif olmaqla bərabər dəqiq əlamət kimi götürülə bilməz, çünki plasenta yalnız məməlilərdə deyil, diribaladoğan sürünənlərdə də var. Sürünənlərin bəzi qruplarında əsl allantoid plasenta var”. Severtsov məməlilərdə tükləri və süd vəzilərini əsas əlamət hesab edirdi.
Növün təyin olunmasında ümumi və xüsusi əlamətlər əsas götürülsə də xüsusi əlamətlər başlıca əlamətlər hesab olunur və növü digər növlərdən fərqləndirir. Sistematikada bu proses diaqnoz adlandırılır. Diaqnoz növün və ya başqa kateqoriyaların digər kateqoriyalardan fərqini müəyyən edir. Diaqnoz tədqiq olunan taksonun əlamətlərini səciyyələndirir, onu oxşar taksonlardan ayırır. Diaqnoz qoyulmuş taksonun digər taksonlarla müqayisəsi diferensial diaqnoz adlanır.
Taksonomik əlamətlər toplusu hər bir növün cütləşmə reaksiyası – nikah davranışları ilə yekunlaşır. Növün bu davranış xüsusiyyətini həm təbii olaraq, həm də eksperimental surətdə müşahidə etmək mümkündür. Bu proses müxtəlif quşlar qrupuna, həşərata, dəniz onurğasızlarına, nəsil növbələşməsi ilə çoxalan parazitlərin sürfə mərhələlərinə eyni dərəcədə aiddir.
Fenonun bu cür klassifikasiyasından sonra növün elmi adlandırılması lazım gəlir. 1958-ci ildə Londonda keçırılmiş konqresdə Beynəlxalq Zooloji Nomenklaturanın Kodeksləri qəbul olunmuşdur. Bu kodeksə əsasən növdən yüksək səviyyədə yerləşən ali taksonlar unominal (bir sözdən ibarət adla adlandırma), növün adı binominal, yarımnövün adı isə trinominal adla adlandırılır.
Linneyin tətbiq etdiyi binar nomenklatura 1737-ci ildən müasir dövrə qədər öz aktuallığını itirməmişdir. Binar nomenklatura heyvanın cinsi və növü ilə ikiqat adlandırılması prinsipinə əsaslanır. Növ əsas taksonomik vahiddir, cinsin adı göstərildikdə bu növün hansı cinsə aid olduğu bildirilir. Canavar Canus lupus, pələng Panthera tigris adlandırılır. Növün adlandırılması 1901-ci ildə Berlində keçirilən V Beynəlxalq Zooloji Konqresdə Beynəlxalq kodeksdə təsdiq olunmuş, hər bir heyvan növünə bir latın adı verilmişdir. Bu ad növün yerli adından asılı olmayaraq bütün dünyada qəbul edilir. Növün adı onu kəşf edən alimin adı olduqda tam hesab olunur. Məsələn, donuz soliterinə 1758-ci ildə Taenia solium Linnaeus 1758 adı verilmişdir. Qəbul olunmuş kodeksin məqsədi heyvanların elmi adlandırılmasında universal və stabil qaydaların tətbiq olunması, taksonomiyada istənilən adın tətbiqinə məhdudiyyətlər qoyulmasıdır.
Dostları ilə paylaş: |