Quşlar sinfi, daxili orqanlarının topoqrafiyası
QUŞLAR SİNFİ – AVES
Quşlar - ali onurğalıların uçmağa uyğunlaşmış sinfidir. Quşlar genetik cəhətdən sürünənlərə yaxın olub, onlara sürünənlərin ixtisaslaşmış, proqressiv budağı kimi baxmaq olar. Quşlarda maddələr mübadiləsinin intensiv getməsi ilə əlaqədar bədən temperaturu sabit və daimi olub, ətraf mühitin temperaturundan asılı deyildir. Quşların bədəni lələklərlə örtülüdür, ön ətraflar qanadlara çevrilmişdir. Uçmağa uyğunlaşma quşların əsas səciyyəvi xüsusiyyətidir. Uçmayan quşlarda (dəvəquşuları, pinqvinlər və s.) bu əlamət ikinci dəfə qazanılmışdır.
Müasir quşlarda dişlər reduksiya etmiş, çənələr qərni maddədən əmələ gəlmiş dimdik ilə əhatə olunmuşdur. Böyük peysər dəliyinə və bir peysər çıxıntısına malikdir. Əksər quşlarda döş sümüyü üzərində döş tili yerləşir, ətraflarında ayrı-ayrı sümüklər bir-birilə birləşmişdir. Quşlarda boruşəkilli sümüklər pnevmatikdir. Uçma ilə əlaqədar olaraq hava kisələrinə malikdir. Su quşlarında büzdüm vəzi yaxşı inkişaf edərək, lələkləri islanmaqdan mühafizə edir, əksər quru quşlarında (dəvəquşu, doydaq və s.) büzdüm vəzisi inkişaf etmir. Ürək dörd kameralı olub, yalnız sağ aorta qövsü qalmış və sürünənlərdən fərqli olaraq, böyük və kiçik qan dövranı bir-birindən tamamilə ayrılmışdır. Quşların sinir sistemi həyat tərzi ilə əlaqədar daha mürəkkəb quruluşa malikdir. Quşların əksəriyyətində sol yumurtalıq və yumurta borusu inkişaf etmişdir. Bütün quşlar yumurta qoymaqla çoxalırlar.
Quşların sistematikası barədə ilk məlumatlar Aristotel dövründən başlamışdır. Bu sistematikaya əsasən quşlar 8 təbii qrupa bölünmüşdür. Linney sistematikasında quşlar 6 dəstəyə bölünürdü. Sonralar quşların sistemləşdirilməsi “təsvir sistematikası”na əsaslanmışdır. Bu sistematikanın əsası J.Küvye və Pallas tərəfindən qoyulmuşdur. “Təsvir sistematikası” xarici morfoloji əlamətlərə əsasən tərtib olunurdu. Xarici morfoloji əlamətlərə əsasən K.İlliger bir çox quşları sistematikaya daxil etmişdir.
Quşlar sinfinin sistematikasının 80-100 milyon il tarixi vardır. Yura dövründə qədim sürünənlərdən əmələ gəlmələri barədə ədəbiyyat məlumatları mövcuddur. Müasir dövrdə Yer kürəsində quşlar sinfinin 27-dən artıq dəstəsi, 171 fəsiləsi, 2400 cinsi və 9000-ə qədər növü məlumdur.
Quş növlərinin təsnifatda yerini təyin etmək üçün müxtəlif ölçülərdən istifadə olunur (şəkil 190,191). Bu ölçülərdən qanadın, quyruğun, dimdiyin və pəncə lüləsinin uzunluğu əsas götürülür. Qanad bükülmüş halda ölçülməlidir. Qanadın uzunluğu pəncə əyrisindən (oynaqdan) düz xətt istiqamətində ən uzun çalma lələyinin ucuna qədər götürülür. Quyruğun uzunluğu mərkəzi sükan lələklərinin əsasından ən uzun olanının ucuna qədərdir. Dimdiyin uzunluğu quşun alnında lələk örtüyü başlayan yerdən və ya burun dəliyinin ön kənarından dimdiyin ucuna qədər ölçülür. Pəncə lüləsinin uzunluğu ayaq darağı oynağı üzərindəki çökəkdən orta barmağın dibinə qədərdir.
Bəzən quşları təyin etmək üçün barmağın caynaqla və ya caynaqsız uzunluğu, dimdiyin eni, hündürlüyü və s. ölçülər də götürülür. Təyinat cədvəllərində hər bir lələyin normal uzunluğu nəzərdə tutulur. Çox vaxt lələyin uzunluğunun eninə nisbətindən istifadə olunur.
Quyruğun forması da müxtəlifdir, sükan lələklərinin yerləşməsindən asılı olaraq düz quyruq, ucu dəyirmi quyruq, pilləkənvari və ucdan oyuq quyruq formaları vardır. Quyruğun uzunluğu da müxtəlif olub, quşun təyinində mühüm əhəmiyyətə malikdir (şəkil 192).
Müxtəlif hərəkət formalarına baxmayaraq, hərəkətin əsasını uçuş təşkil edir. Quş havada olarkən lələklərinin vəziyyəti və qanadının sahəsi çox dəyişir. Qanad üstdən qabarıq, altdan batıq olur, ön kənarı qalın, arxa kənarı nazik və elastikidir. Quşun həyat tərzi və uçuş qaydasından asılı olaraq qanadın forması müxtəlif olur: ensiz və uzun, küt və enli qanadlar vardır.
Birinci dərəcəli çalma lələkləri qanadın kənar tərəfindən oynağa tərəf, ikinci dərəcəli çalma lələkləri isə oynaqdan dibə tərəf nömrələnir. Quşun bel və çiyin lələkləri mantiya adlanır. Təyinetmə cədvəlləri adətən, erkək fərdlərin əlamətlərinə əsasən tərtib olunur. Xırda quşları ölçmək üçün ştangen-pərgar, orta boylu və iri quşları ölçmək üçün xətkeş və santimetrdən istifadə olunur. Dimdik və pəncə lüləsi bir qayda olaraq, ştangen-pərgarla ölçülür. Təyinat cədvəlləri ümumi qaydalar üzrə tərtib olunur. Göstərilən əlamətlər qoşa nömrələnir, əlamətin biri açıq, digəri mötərizədə verilir. Açıq nömrələr tezis, mötərizədəki nömrələr antitezisi göstərir. Məsələn, tezis – qanadı uzundur, antitezis – qanadı qısadır. Dəstələr, fəsilələr və növlər bu qaydalara əsasən təyin olunur.
Quşlar qiymətli kolleksiya materialıdır və elmi tədqiqat işinin aparılması üçün istifadə olunur. Kolleksiya toplamaq üçün quşları müvafiq ov alətlərindən istifadə edərək vurmaq lazımdır ki, onların lələkləri zədələnməsin. Ovlanmış quşun dərisi soyulub təmizlənir, yerinə pambıq doldurulur. Yayda quş öldükdən 2-3 saat sonra xarab olur, lələkləri tökülür, təyinat üçün tam yararlı olmur. Quş yarılıb təmizləndikdən sonra onurğasının yerinə ağac çöplər qoyulur, lələkləri təmizlənib, kartof unu səpilərək qurudulur, qanadları dartılıb düzəldilir, qarın və döş lələkləri sağa və sola ayrılır. Dəri döş tilinin aşağı hissəsindən quşun kloakasına qədər uzununa kəsilir. Dəri soyulub quşun buduna çatdıqda, bud baldırdan ayrılır, bud baldır oynağından (dizdən) kəsilir. Quşun budları bədən üzərində, baldırları isə dəri üzərində qalır. Dəri quyruğa tərəf soyulur, sonuncu fəqərə qalmaq şərtilə, quyruğu qayçı ilə kəsilir və onurğadan ayrılır. Sonra quş başıaşağı tutulub, dəri tərsinə çevrilir və qanadlarına qədər soyulur. Quşun kəlləsi, göz çuxurları, dimdik, qanad və ayaq sümükləri təmizlənib işlənir. Dəri korlanmasın deyə, dəriyə mərgümüş məhlulu çəkilir (mərgümüş zəhərlidir). Quşun cinsi vəzilərinin ölçüləri götürülür. Quşun görünüşü düzəldikdən sonra erkək və ya dişi fərd olduğu, tapıldığı yer, ilin mövsümü etiket üzərində qeyd olunur. Quş quruyana qədər kağız torbada, arxası üstə saxlanılır.
Quşların sistematikasını tərtib edərkən, onların yuva və yumurtalarından nümunələr götürülməlidir. Götürülmüş yuvanın ölçüləri və təbii forması pozulmamalıdır. Yuvanın nəyin üzərində və yerdən hansı hündürlükdə yerləşdiyi göstərilməlidir. Yumurta iynə ilə deşilib içərisi boşaldılmalı, qabığı saxlanmalıdır.
Dostları ilə paylaş: |