Məməlilər sinfi. Təyin olunma metodları
MƏMƏLİLƏR SİNFİ – MAMMALIA (THERIA)
Məməlilər - onurğalı heyvanların ali sinfidir. Bədənləri tüklə örtülüdür, dəriləri tər və piy vəziləri ilə zəngindir. Məməlilərin bədən temperaturu sabit və yüksəkdir. Bəzi növlərində hətta dərialtı piy qatı da əmələ gəlmişdir.
Mərkəzi sinir sisteminin, xüsusilə beyin yarımkürələrinin güclü inkişaf etməsi ilə əlaqədar, məməli heyvanların davranışı daha təkmilləşmişdir.
Bədən boşluğu diafraqma pərdəsi ilə döş və qarın şöbələrinə bölünür. Kəllə onurğa ilə iki peysər çıxıntısı ilə birləşir. Kvadrat və oynaq sümükləri eşitmə sümüklərinə (çəkic və zindan) çevrilmişdir. Alt çənə ancaq diş sümüyündən ibarətdir. Həqiqi dişlər inkişaf etmiş, kəsici, köpək və azı dişlərinə bölünür, dişlər xüsusi alveollarda (yuvalarda) yerləşir. Quşlarda olduğu kimi, ürəkləri dörd kameralıdır, sol aorta qövsü qalmışdır. Qırmızı qan cisimcikləri – eritrositlər nüvəsizdir.
Məməlilərin əksəriyyəti diri bala doğur və balalarını südlə bəsləyirlər. Ali qruplarda rüşeym xüsusi orqan olan ətənə (plasenta) vasitəsilə ana bədəni ilə əlaqələnir. Onlar əsasən quruda yaşayır, lakin su mühitində yaşayan, hətta uçmağa uyğunlaşmış formaları da vardır.
Məməlilərin sistematikası barədə məlumatların tarixi çox qədimdir. Məməlilərin sistematikasını tərtib edərkən, onların bədən ölçüləri, kəllənin morfologiyası, quyruğun və pəncənin uzunluğu əsas götürülür (şəkil 221). Kiçik ölçülü məməlilər ştangen-pərgar (mm-lə), böyük ölçülü məməlilər isə santimetrlə (sm) ölçülür. Ölçülərindən asılı olmayaraq bütün məməlilər üçün sistematik göstərici kimi 4 ölçü əsasdır:
1.Bədən uzunluğu – burun ucundan quyruğun əsasına qədər olan məsafə; 2.quyruğun əsasından ucuna qədər olan məsafə (tüksüz hissəyə qədər); 3. Dabanın arxa hissəsindən ən uzun barmağın ucuna qədər olan məsafə; 4. qulağın əsasından qulaq seyvanının qurtaracağına qədər olan məsafə.
İri məməlilər üçün bir neçə əlavə ölçülər də əsas götürülür: başın uzunluğu, başın əhatə dairəsi, döşün və qarının həcmi, ətrafların uzunluğu, quyruğun tüklərlə birlikdə uzunluğu, tüklərin uzunluğu.
Kəllə ölçülərinin sistematikada və məməlilərin yaşının təyin edilməsində xüsusi əhəmiyyəti vardır. Kəllənin kondilobazal uzunluğu – çənəarası sümüyün ön hissəsindən, ənsə çıxıntısının arxa qurtaracağına qədər olan məsafə, kəllənin eni – eşitmə sümükləri və onların ətraflarından yanlara çıxmış sümük daraqcıqlar arasındakı məsafə, beyin kapsulunun, kəllənin burun hissəsinin və s. ölçüləri də nəzərə alınır.
Məməlilərin Azərbaycanda yayılmasının öyrənilməsi və sistematikasının tərtibində K.A.Satuninin (1895), S.İ.Oqnyevin (1931), Qafqaz faunasının öyrənilməsində N.K.Verişşaginin (1930), gəmiricilərin öyrənilməsi sahəsində X.M. Ələkbərovun (1956), yırtıcıların tədqiqi sahəsində Y.Hidayətovun (1970) tədqiqat işlərinin əhəmiyyəti böyükdür.
Dostları ilə paylaş: |