Vilhelm Yozef Şellinq (1775-1854) klassik alman fəlsəfəsinin nümayəndələrindən biridir. Şellinqin əsas əsərlərindən "Naturfəlsəfə sisteminin ilk cizgiləri" (1799) və "Transsendental idealizm sistemi" (1800) adlarını çəkmək olar.
Şellinq öz fəaliyyətinə Fixte fəlsəfəsinin davamçısı kimi başlamışdır. Lakin o, tezliklə Fixtenin subyektiv idealizminə qarşı çıxmış və özünün obyektiv idealizm sistemini yaratmağa başlamışdır. O, ruh və təbiətin, subyekt və obyektin eyniliyinə dair özünün obyektiv idealizm fəlsəfəsini yaratmışdır. Şellinqin fəlsəfi sistemində bütün mövcudatın əzəli başlanğıcı nə materiyadır, nə də fərdin şüuru. Onun fikrincə, hər şeyin mənbəyi əbədi ağıl, zəka və mütləq "Mən"dir. Şellinqə görə, bütün dünyanın ruhu var. Aləmin müxtəlif formaları ruhun, ağılın ifadəsi və əyani təzahürüdür. Mütləq ağıl, mə"nəvi və maddinin, subyektin və obyektin ilkin əsası və mənbəyidir. Şellinq materiyanın, təbiətin ruhdan, şüurdan kənarda və ondan asılı olmadan mövcud olması fikrini qəbul etmirdi. O deyirdi ki, materiya yalnız mütləq ruhun, ağılın xüsusi halıdır. Şellinqin fikrincə, materiya ilə ruhu qarşı-qarşıya qoymaq olmaz, çünki onlar mahiyyət e"tibarilə eynidirlər. Materiya və ruh eyni bir mütləq ağılın müxtəlif vəziyyətləridir. O, subyektlə obyektin, mə"nəvi ilə maddinin idealistcəsinə eyniləşdirilməsi haqqında öz tə"liminə əsaslanaraq mahiyyət e"tibarilə maddini mə"nəvidə əritmişdir.
Şellinqin fəlsəfəsində idealist dialektika öz əksini tapmasa idi, onun fəlsəfi sistemi öz-özlüyündə heç bir maraq doğurmaz və klassik xarakter kəsb etməzdi. Şellinq fəlsəfəsinin çıxış nöqtəsini bir-biri ilə mübarizədə olan əksliklər, öz mahiyyəti e"tibarilə ziddiyyətli olan əks tərəflər təşkil edir. O göstərirdi ki, "Mən"də ilkin əksliklər kimi subyekt və obyekt mövcuddur. Onların hər ikisi bir-birini rədd edir və eyni zamanda, biri olmadan digəri mövcud ola bilmir. Subyekt obyektlə, obyekt isə subyektlə ziddiyyətdə özlərini təsdiq edirlər. Başqa sözlə desək, onlardan heç biri öz əksliyini rədd etmədən gerçəkləşə bilməz.
Təbiətin hərəkətinin mənbəyini onun özündə axtaran Şellinq təbiətdə bir-birinə zidd qüvvələrin və meyllərin mövcud olduğuna xüsusi diqqət yetirirdi. O, gerçəklikdə baş verən hər bir dəyişikliyin səbəbini əksliklərin mübarizəsində görürdü. Şellinq göstərirdi ki, bütövlükdə təbiətdə və onun hər bir sahəsində daima bir-biri ilə qırılmaz surətdə bağlı olan qüvvələr fəaliyyət göstərir. Onun fəlsəfəsində bütün mövcudatın inkişafının pillələri kimi tezis, antitezis, sintez haqqında dialektik mühakimələr daha ətraflı təhlil edilmişdir. Şellinqin naturfəlsəfəsindətəbiət hadisələrinin vəhdətinin və ümumi əlaqələrinin dialektikcəsinə şərhinə də cəhd göstərilmişdir. O deyirdi ki, təbiətdə mütləq formada bir-birindən təcrid olunmuş hissələr yoxdur, onlar hamısı bir-biri ilə qarşılıqlı surətdə əlaqədədir və bir birinə qarşılıqlı surətdə tə"sir göstərirlər. Bütün bu dialektik fikirlər Şellinq fəlsəfəsinin səmərəli toxumunu təşkil edir.