2.Mühasibat uçotu hesablarının iqtisadi məzmununa görə təsnifatı
Hesabların hər hansı təsnifatı ən azı aşağıdakı üç məqsədə xidmət etməlidir:
-
bu və ya digər hesabın təbiətini göstərmək (hər bir hesab ancaq digər hesablarla
müqaisədə anlaşıla bilər);
-
hər bir hesabdan istifadə etməyi bacarmaq (yəni mühasibat yazılışı tərtib edərkən
hesabı düzgün seçmək);
-
hesablar planının tərtibi zamanı zəruri istiqamət götürmək.
Təsərrüfat və maliyyə fəaliyyətini əks etdirmək üçün hesabların iqtisadi məzmununa
görə təsnifatı iqtisadi subyektlərin istehsalatda zəruri və lazımi qədər mühasibat uçotu hesablarının nomenklaturasının təyin edilməsinə yönəldilməlidir.
Bu cür nomenklaturanın quruluşu təsərrüfat sistemində baş verən iqtisadi
informasiyaların təhlilinin yerinə yetirilməsini və konkret mühasibat müşahidəsi
obyektinə aid edilən göstəricilərin qeydiyyata alınmasını həyata keçirən hesablar planının müəyyən edilməsini nəzərdə tutur. Mühasibat uçotunda əks etdirilən informasiyaların iqtisadi məzmunu, hesabın hansı məqsəd, yəni hansı obyektdə müşahidə aparmaq üçün nəzərdə tutulmasını xarakterizə edir. Bununla əlaqədar olaraq seçilmiş mühasibat uçotu hesablarının adı da müşahidə obyektinə müvafiq olmalıdır. Bütün hesabların iqtisadi məzmununun nomenklaturası iqtisadi subyektlərdə hesabatın tərtibi, fəaliyyətin maliyyə təhlili və qiymətləndirilməsi eləcə də idarəetmə qərarı qəbul etmək üçün zəruri göstəricilərin tam toplanmasının formalaşmasını təmin etməlidir.
Mühasibat uçotu hesablarının iqtisadi məzmununa görə təsnifatı müxtəlif ölkələrdə
bir-birindən fərqli şəkildə xarakterizə olunur. ABŞ, İngiltərə və Britaniya birliyi
ölkələrində hər bir firma, hesabların nomenklaturasını sərbəst işləyib hazırlayır.
Kontinental uçot məktəbini həyata keçirən ölkələrdə (Almaniya, Fransa, Rusiya və s.) eləcə də bizim ölkədə hesabların təsnifatı, istehsalat və maliyyə fəaliyyətini vahid prinsip əsasında əks etdirməyi, həmçinin fəaliyyət növündən (bank və büdcə təşkilatlarından başqa) və mülkiyyət formasından asılı olmayaraq bütün iqtisadi subyektlərdə vahid mühasibat uçotu sisteminin qurulmasını təmin edir.
Hər bir hesabın iqtisadi məzmunu uçotun konkret obyekti ilə təyin olunur. Mühasibat uçotunun obyektləri onların geniş təkrar istehsal prosesindəki rolundan asılı olaraq 0təsnifləşdirilir. Mühasibat uçotu hesabları iqtisadi məzmununa görə aşağıdakı qruplara bölünür:
Müəssisənin təsərrüfat vəsaitini uçota alan hesablar;
Vəsaitin əmələgəlmə mənbələrini uçota alan hesablar;
Təsərrüfat proseslərini uçota alan hesablar.
Təsərrüfat vəsaitlərini uçota alan hesablar da öz növbəsində bir neçə yerə bölünür.
Onlar aşağıdakılardır:
I. Torpaq, tikili və avadanlıqları (əsas vəsaitləri), qeyri-maddi aktivləri, kapital
qoyuluşlarını uçota alan hesablar. Bu hesablarda əsas vəsait və qeyri-maddi aktivlər ilk dəyərlə əks etdirilir. Torpaq, tikili və avadanlıqları (əsas vəsaitləri) və qeyri-maddi aktivləri tam xarakterizə etmək üçün yalnız əsas vəsait və qeyri-maddi aktivlər hesabı kifayət deyil, bu hesablarla yanaşı, torpaq, tikili və avadanlıqların əsas vəsaitin və qeyri-maddi aktivlərin köhnəlməsi hesablarından da istifadə edilir.
II. Uzunmüddətli maliyyə qoyuluşları hesabı. Bu hesabda – paylar və səhmlər,
istiqrazlar və verilmiş borclar uçota alınır.
III. Azqiymətli və tezköhnələn əşyaları uçota alan hesablar.
Qeyd edək ki, sözü gedən vəsaitlər yeni hesablar planının 1 yanvar 2008-ci ildən
istifadəsi tövsiyə edildiyindən, onlar birinci: torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) bölməsinin tərkibinə daxil edilmişdir.
Azqiymətli və tezköhnələn əşyalar iki:
Azqiymətli və tezköhnələn əşyalar və azqiymətli tez köhnələn əşyaların köhnəlməsi
hesablarında uçota alınır.
IV. İstehsal ehtiyatlarını uçota alan hesablar:
Bu hesablarda əmək əşyaları uçota alınır. Əmək əşyalarına xammal, material, yanacaq, ehtiyat hissələri və i.a. aiddir.
V. Hazır məhsulları, malları və i.a. uçota alan hesablar.
VI. Debitorlarla hesablaşmaları uçota alan hesablar.
Belə hesablara malalanlarla hesablaşmalar, təhtəlhesab şəxslərlə hesablaşmalar və i.a. hesablar aiddir.
VII. Pul vəsaitlərini uçota alan hesablar. Bu hesablarda müəssisənin kassasında və
bankda olan hesablaşma hesabındakı, valyuta hesabındakı pul vəsaitləri əks etdirilir. Belə hesablara kassa, bankdakı hesablaşma hesabı, valyuta hesabı və bankda olan sair hesablar aiddir.
VIII. Yayındırılmış vəsaitləri uçota alan hesablar.
Belə hesablarda müəssisənin əsas fəaliyyətinin dövriyyəsindən yayındırılmış, yaxud
tamamilə götürülmüş vəsaitlər əks etdirilir.
Vəsaitin əmələgəlmə mənbələri hesabları aşağıdakı qruplara bölünür:
1. Xüsusi vəsait mənbələrini uçota alan hesablar. Bu qrup hesablarda müəssisənin
əsas fəaliyyəti üçün təyin edilmiş xüsusi vəsaitin əmələgəlmə mənbələri əks etdirilir. Belə hesablara nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı, xüsusi təyinatlı fondlar, bölüşdürülməmiş mənfəət, və s. aiddir.
2. Xüsusi təyinat mənbəli hesablar. Bu hesablarda xüsusi məqsəd üçün təyin
edilmiş vəsait mənbələri uçota alınır. Bəzi hallarda həmin vəsait mənbələri müəssisənin əsas fəaliyyəti üçün də istifadə edilə bilər. Belə hesablara əsas vəsaitin köhnəlməsi, məqsədli maliyyələşmələr və daxilolmalar hesabları aid ola bilər.
3. Bank kreditləri hesabları. Həmin hesablarda bankın qısa və uzunmüddətli ssudaları uçota alınır.
4. Kreditorlarla hesablaşmaları uçota alan hesablar. Burada müəssisənin başqa
müəssisələrə, idarələrə və ayrı-ayrı şəxslərə olan kreditor borcları əks etdirilir. Bu qrup hesablara malsatan və podratçılarla hesablaşmalar, sosial sığorta və təminat üzrə hesablaşmalar, əməyin ödənişi üzrə hesablaşmalar, uzun və qısamüddətli borclar, təsisçilərlə hesablaşmalar, gələcək dövr gəlirləri, qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar, şübhəli borclar üzrə ehtiyatlar aiddir.
Təsərrüfat proseslərini uçota alan hesablar bir neçə yerə bölünür:
1. Təchizat prosesini uçota alan hesablar. Bu hesablarda təchizat prosesi və onunla
əlaqədar olan xərclər əks etdirilir. Bu cür hesablara materiallar hesabı aiddir.
2. İstehsal prosesini uçota alan hesablar. Belə hesablara “İstehsalat məsrəfləri”,
“Köməkçi istehsalat”, “Ümumistehsalat xərcləri”, “Ümumtəsərrüfat xərcləri
(İnzibati xərclər)” və s. hesablar aiddir. Bu hesablar, istehsala məsrəfləri və
məhsulun maya dəyərini əks etdirmək üçün nəzərdə tutulur.
3. Satış prosesini uçota alan hesablar. Bu hesablardan satış prosesini və satışdan əldə
edilən nəticələri aşkara çıxarmaq üçün istifadə edilir. Bu cür hesablara “Satış”,
“Əsas vəsaitin satışı və sair xaricolmaları”, “Sair aktivlərin satışı” hesabını aid
etmək olar.
Dostları ilə paylaş: |