Vektor qrafikasının xüsusiyyətləri və növləri. Vektorlaşdırma anlayışı. Vektor qrafikasında təsvirin qurulması üçün sadə həndəsi fiqurlar–xətlər, nöqtələr, çoxbucaqlılar–istifadə olunur. Sadə və mürəkkəb şəkillərin yaradılması üçün vektor qrafikası əvəz olunmazdır, bu qrafika miqyaslaşdırma zamanı keyfiyyətini itirmir. Vektor qrafikasının bir çox formatına Unicode kodlaşdırılmalı mətnləri yerləşdirib sonradan import etmək olur. Vektor qrafikası ofis əlavələrində diaqramların, sxemlərin, çertyojların hazırlanmasında geniş istifadə olunur.
Rastr təsvirin vektor qrafikasına çevrilməsi prosesi vektorlaşdırma adlanır. Rast təsvirin vektorlaşdırması prosesi mürəkkəb bir proses olduğu üçün avtomatik aparıla bilməz. Burada vektorlaşdırılan rastr təsvirin xətləri çox aydın olmalı və qradiyent boya olmamalıdır, bir sözlə desək, rastr təsvir çertyoj səviyyəsində olmalıdır. Vektorlaşdırma zamanı faylın ölçüsü dəfələrlə artmış olur və hətta müvəffəqiyyətlə nəticələnməyə də bilər. Vektor qrafiki formatlarına aşağıdakılar aiddir:
EMF (Enhanced Metafile, yəni genişlənmiş metafayl)
WMF (Windows Metafile)
SVG (Scalable Vector Graphics)
İlk iki format kifayət qədər sadə vektor formatlardır və bu formatlarda ofis əlavələrin əsas elementləri olan Bezye əyrilərini, düyün nöqtələrini saxlamaq olur. EMF formatı həm vektor, həm rastr informasiyasını bir faylda saxlaya bilir və bir qədər köhnəlmiş hesab olunan WMF formatı ilə müqayisədə bir sıra üstünlüklərə malikdir, lakin buna baxmayaraq bir çox proqram məhsulları bu müasir formatı hələ ki dəstəkləmirlər. Miqyaslaşdırılan SVG formatı isə həm adi, həm də animasiyalı vektor qrafikasında geniş istifadə olunur. WMF formatı MS Office tipli ofis proqramlarında geniş istifadə olunur. Bir misal olaraq demək olar ki, 97-ci ildən indiyədək ClipArt qalereyası məhz WMF formatında saxlanılır. Yəni bütün avtofiqurlar, oxlar, bayraqcıqlar, əyrilər, hətta belə məşhur Word Art yazıları məhz WMF formatında istifadəçinin nəzərinə çatdırılır.
Qeyd edildiyi kimi, kompüter qrafikası ilə işləmək üçün müxtəlif proqramlar olsa da, yalnız üç növ kompüter qrafikasını fərqləndirirlər:
rastr qrafikası;
vektor qrafikası;
fraktal qrafika.
Onlar bir-birindən monitorun ekranında, yaxud kağızda əks olunan görüntülərin formalaşma prinsiplərinə görə fərqlənir.
Kompüter qrafikasını başqa cür də təsnif etmək olar:
ikiölçülü qrafika (2D-qrafika);
üçölçülü qrafika (3D-qrafika).
İkiölçülü qrafika mütəvi üzərində təsvirlərin çəkilməsi, emalı üçün nəzərdə tutulmuşdur. Bura bütün qrafik redaktorlar (Corel Darw, Adobe Photoshop, Paint və s.) tərəfindən yaradılan təsvirlər aiddir.
Üçölçülü qrafika isə fəza (həcmli) təsvirlərinin qurulması və emalı üçün nəzərdə tutulmuşdur. Belə təsvirlər 3Dmax, AutoCad və s. tipli sistemlər vasitəsilə yaradılır. Bundan əlavə arxitektura, dizayn, landşaft və s. kimi proqramlar da 3D qrafikasını yaratmağa imkan verir.
Dostları ilə paylaş: |