Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə8/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   4   5   6   7   8   9   10   11   ...   66
BAKI DÖVLƏT UNİVERSİTETİNİN 
90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ 
MƏRASİMDƏ AZƏRBAYCAN RESPUBLİKASININ 
PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI 
(2 noyabr 2009-cu il) 
 
 
 
- Hörmətli xanımlar və cənablar! 
Hörmətli qonaqlar!  
Əziz dostlar! 
Mən sizin hamınızı Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibə-
tilə ürəkdən təbrik etmək istəyirəm, universitetin bütün kollektivinə xoşbəxtlik və 
yeni-yeni uğurlar arzulayıram.  
Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə 
təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mü-
hüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini  əldə 
edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis 
edilmişdir. Bu çox düşünülmüş  və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox 
gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savad-
sızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün univer-
sitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq 
Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. 
Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çər-
çivələri daxilində  fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət 
Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi poten-
sialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam 
edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər  ərzində 
Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu 
gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin 
 
7


ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin 
oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin 
səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun bili-
yindən, təcrübəsindən, savadından asılıdır. 
Biz bazar iqtisadiyyatı  şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qa-
nunları vardır. Hər bir insan qarşısında eyni imkanlar, bərabər imkanlar yaradılır. 
O imkanlardan faydalanmaq, xüsusilə Azərbaycanın indiki inkişaf dövrünü 
yaşadığı bir vaxtda yaradılan bu imkanlardan faydalanmaq üçün ilk növbədə 
gənclər bilikli, savadlı olmalıdırlar.  
Bakı Dövlət Universiteti müxtəlif dövrlərdə Azərbaycanın hərtərəfli inkişafı 
üçün öz dəyərli töhfəsini vermişdir. Bakı Dövlət Universitetinin məzunları öz fəa-
liyyəti ilə ölkəmizin çiçəklənməsinə  dəyərli töhfələrini vermişlər. Ulu öndər 
Heydər  Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi və bütün dövrlərdə - 
1970-80-ci illərdə və müstəqil Azərbaycanın Prezidenti kimi Bakı Dövlət Univer-
sitetinin inkişafı üçün çox böyük səylər göstərmişdir. Həmişə universitetə çox 
böyük diqqət göstərmişdir, universitetin tədbirlərində iştirak etmişdir və Bakı Döv-
lət Universitetinin belə yüksək səviyyəyə qalxması üçün əməli işlər görmüşdür. 
1970-80-ci illərin əvvəllərində və 1990-cı illərdə ulu öndər Heydər Əliyevin 
fəaliyyəti nəticəsində Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. 1970-ci ildə 
Azərbaycan müttəfiq respublikalar arasında ən axırıncı yer tuturdu. Ancaq 1982-ci 
ildə Azərbaycan müttəfiq respublikalar arasında birinci sıralarda idi. O illər  ər-
zində sənaye potensialının, intellektual potensialın inkişaf etdirilməsi, gənc nəslin 
maarifləndirilməsi və Sovet İttifaqının aparıcı ali məktəblərinə onların imtahansız 
qəbulu sayəsində Azərbaycanın elmi potensialı böyük dərəcədə gücləndirilmişdir. 
Azərbaycanın ali məktəblərində aparılan islahatlar və görülən işlər bu gün ölkənin 
intellektual potensialını müəyyən edir.  
Müstəqilliyin ilk dövründə - 1993-cü ildə Azərbaycanın qarşısında duran ça-
ğırışlar demək olar ki, müstəqilliyimizi sınağa çəkirdi, çox ciddi böhran - həm iqti-
sadi, həm siyasi böhran yaşanırdı. Buna baxmayaraq, 1993-cü ildən başlayaraq 
2003-cü ilə qədər Azərbaycanda təhsilin inkişafı üçün köklü islahatlar aparıldı, la-
zımi qərarlar verildi. Azərbaycan təhsilinin maddi-texniki bazasının gücləndi-
rilməsi işində çox vacib addımlar atılmışdır. Bu siyasət bu gün davam etdirilir. Bu 
gün Azərbaycanın demək olar ki, bütün ali məktəblərinin maddi-texniki bazası ən 
yüksək standartlara cavab verir. Demək olar ki, bütün dövlət ali məktəblərində 
əsaslı təmir işləri aparılmışdır. Ali məktəblərin maddi-texniki bazası böyük dərə-
cədə gücləndirilmişdir. Bu onu göstərir ki, Azərbaycan dövləti həmişə olduğu ki-
mi, təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Bu, həqiqətən də belədir. Bunu 
görmək üçün ancaq Azərbaycanın dövlət büdcəsinə baxmaq kifayətdir. Təhsil 
xərcləri ordu xərclərindən sonra dövlət xərclərimizdə ikinci yerdədir. Bu da tə-
biidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər 
an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan hərbi yolla azad edək.  
Ancaq hərbi xərclərdən sonra ikinci yerdə  təhsilə ayrılan xərclərdir. Bu, 
Azərbaycan dövlətinin prioritetlərini göstərir və bizim siyasətimizin  ən bariz nü-
munəsidir. Çünki hər bir ölkənin inkişafı üçün ən başlıca şərt o ölkənin təhsilinin 
səviyyəsidir.  Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, İkinci 
Dünya müharibəsindən sonra və bəzi ölkələrdə ondan əvvəl, elmi-texniki tərəqqi 
olan yerlərdə ölkələr inkişaf edib və bu gün dünyanın inkişaf etmiş ölkələri kimi 
tanınır. Nə təbii resurslar, nə coğrafi vəziyyət, - halbuki bu amillər də çox önəmli-
 
8


dir, - bu şərti təmin etmir. Ancaq təhsilin səviyyəsi, elmi-texniki tərəqqi, təhsilə 
verilən önəm və təhsil sahəsində aparılan islahatlar əsas şərtlərdir. Biz də bu yolu 
seçmişik. Biz də  təhsildə islahatların aparılması ilə  bərabər, bizim üçün ənənəvi 
olan təhsil formalarını saxlayırıq, öz ənənələrimizi qoruyuruq, bütün mütərəqqi 
təcrübələrə qoşuluruq və ali məktəblərimiz beynəlxalq müstəvidə çox fəal iştirak 
edirlər.  
Bir sözlə, təhsil sisteminin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin qaldırıl-
ması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Son altı il ərzində Azər-
baycanda 1800 yeni məktəb tikilibdir. Yüzlərlə  məktəbdə yeni korpuslar tikilib, 
təmir aparılıbdır. Bu nəyi göstərir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir. 
Bütün orta məktəblərdə kompüter sinifləri yaradılır, informasiya-kommunikasiya 
texnologiyaları tətbiq edilir. Bütün məktəblərin internetə qoşulması prosesi uğurla 
davam edir. Belə olan halda gənclərimiz, uşaqlarımız, yeniyetmələrimiz bilikli və 
savadlı olacaqlar, həyatda özlərinə layiq yeri tutacaq, eyni zamanda, gələcəkdə - 
10 ildən, 20 ildən, 50 ildən sonra Azərbaycanın uğurlu inkişafını təmin edəcəklər. 
Çünki bir daha demək istəyirəm ki, təbii sərvətlər tükənən dəyərdir, ancaq təhsil, 
bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir.  
Son illər  ərzində  təhsilin səviyyəsinin qaldırılması  işində vacib addımlar 
atılır, “Təhsil haqqında” Qanun uzun müzakirələrdən sonra qəbul edilibdir. Ancaq 
bu sahədə inkişaf üçün hələ çox iş görülməlidir. Bir daha demək istəyirəm ki, 
dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda, Azərbaycan gənc-
ləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların 
tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, 
saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, 
Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur. 
Bu gün qloballaşan dünyada, bəlkə də buna daha da çox diqqət verilməlidir. 
Qloballaşma təbii prosesdir və  yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam 
edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli 
dəyərlər  əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki
Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da 
sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən 
prioritet məsələdir. Eyni zamanda, bizim mədəni irsimizin öyrənilməsi, ədəbiyya-
tımızın təbliği, xalq musiqimizin təbliği və öyrənilməsi böyük əhəmiyyət daşıyan 
məsələlərdir. Azərbaycanda bütün bu sahələrə çox böyük əhəmiyyət verilir.  
Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq 
oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid 
dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları 
Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesab-
lamalara görə Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi 
inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid 
dövrü başa çatıbdır. Dünya İqtisadi Forumu - dünyanın ən mötəbər qurumlarından 
biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünya miqyasında 
51-ci yerdə görür və bütün MDB məkanında biz bu sahədə birinci yerdəyik. 
Dünya Bankı 2008-ci ilin hesablamalarına görə Azərbaycanı bir nömrəli islahatçı 
ölkə kimi tanıdı. Bu, bir daha onu göstərir ki, bizim uğurlarımızın  əsas səbəbi 
ölkədə aparılan siyasi və iqtisadi islahatlardır. Hasilat sənayesi sahələrində  şəf-
faflığın təmin edilməsi ilə  əlaqədar Azərbaycan təcrübəsi dünya miqyasında öy-
rənilir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı bu sahə üzrə mükafatlandırıbdır. 
 
9


Ona görə biz gələcəyə bu prizmadan yanaşmalıyıq. Azərbaycan üçün ən 
ağır,  ən çətin dövr artıq arxada qaldı. Sabitlik dövrü tam bərqərar olundu və biz 
irəliyə baxmalıyıq. Azərbaycan 20 ildən, 50 ildən sonra necə inkişaf edəcək, hansı 
resurslar bunu təmin edəcək?!  Əlbəttə ki, təbii resurslarımızın mövcudluğu bizə 
əlavə güc verir. Xüsusilə müstəqilliyimizin ilk illərində və bu gün müstəqil siyasət 
aparmaq üçün, öz taleyimizin özümüz tərəfindən həll edilməsi üçün çox mühüm 
rol oynayır.  Əlbəttə ki, uzun illər bundan sonra bu amillər nəinki ölkəmizin 
inkişafına, eyni zamanda regional vəziyyətə mühüm təsirini göstərəcəkdir. 
Ancaq biz elə etməliyik ki, Azərbaycan uzun illər, onilliklər bundan sonra, 
əsrlər boyu müstəqil ölkə kimi yaşasın və nəinki yaşasın, yaxşı yaşasın.  
Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə bax-
saq görərik ki, onların heç də  hər biri müstəqil siyasət aparmaq iqtidarında de-
yildir. Bunun müxtəlif səbəbləri vardır və bu, təkcə bugünkü siyasi mənzərə deyil, 
bu, əsrlər boyu belə olubdur. O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr 
öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - 
nə siyasi, nə iqtisadi cəhətdən, nə  də ölkələrin ehtiyaclarının ödənilməsi 
baxımından. Azərbaycan bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi  əldə 
edəndə, bəlkə  də Azərbaycan  ən ağır vəziyyətdə idi. Çünki ölkə iqtisadiyyatı 
dağılmışdı, ölkədə siyasi proseslər, faktik olaraq ölkəni uçurum kənarına 
qoymuşdu. 1990-cı illərin əvvəllərində yaşanan siyasi, iqtisadi, hərbi böhran faktik 
olaraq müstəqilliyimizi təhlükə altına qoymuşdu. Ancaq buna baxmayaraq, 
Azərbaycan o dövrdən, xüsusilə ulu öndər Heydər  Əliyevin hakimiyyətə  gəli-
şindən sonra uğurla çıxa bilmişdir və bu gün uğurla inkişaf edir. Yəni bu tarix ha-
mımızın yadındadır və biz elə etməliyik ki, uzun illər bundan sonra da Azərbaycan 
öz müstəqil siyasətini apara bilsin. Bunu etmək üçün müxtəlif amillər lazımdır. İlk 
növbədə, siyasi iradə lazımdır. Digər tərəfdən xalqla iqtidar arasında birlik, 
sabitlik, əmin-amanlıq, inkişaf, iqtisadi canlanma, siyasi islahatların, demokratiya 
proseslərinin sürətləndirilməsi lazımdır. Bütün bu amillər Azərbaycanda vardır. 
Bu il bütün dünya böhran içindədir və biz dünyada gedən proseslərə bələdik. 
Azərbaycan iqtisadiyyatı doqquz ayda 6,1 faiz artıbdır. Bütün bu nəticələr onu 
göstərir ki, biz sözün əsl mənasında, müstəqil dövlətik, müstəqilliyimizi hər 
şeydən uca tuturuq, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni 
edirik. Bu müstəqilliyi  əbədi, dönməz etmək üçün mən bir daha vurğulamaq 
istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi  ən vacib rollardan birini oynayır. 
Azərbaycanda bu istiqamətdə çox vacib işlər görülüb. Bütövlükdə təhsil sahəsində 
görülən işlər müsbət qiymətləndirilə bilər. Çatışmayan cəhətlər vardır. Biz də 
onları bilirik. Onları aradan qaldırmaq üçün biz daha da fəal işləməliyik. 
Azərbaycanı irəliyə aparan çox gözəl və milli ruhda böyüyən gənc nəsil 
yetişir. Müəllimlərin əlbəttə ki, bu işdə rolu, bəlkə də ən önəmli roldur. Çünki mü-
əllimlər həm tələbələrə öz biliyini çatdırırlar. Eyni zamanda, gənc nəslin hansı 
formada böyüməsinə  də müəllimlərin böyük təsiri vardır. Mən bu fürsətdən 
istifadə edərək Bakı Dövlət Universitetinin bütün professor-müəllim heyətinə uzun 
illər çox vacib funksiya daşıdıqlarına görə öz minnətdarlığımı bildirmək istəyirəm. 
Onlara gələcəkdə yeni uğurlar arzulamaq istəyirəm. Tələbələrə isə yaxşı oxumağı, 
yaxşı biliyə malik olmağı  və  gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinə öz 
töhfəsini verməyi arzulayıram. Əziz dostlar, bu gözəl yubiley münasibətilə sizi bir 
daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və yeni-yeni uğurlar arzulayıram.  
Sağ olun. 
 
10



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin