Orta əsrlər tarixinin dövrləri
Feodalizm sisteminə keçid dünyanın hər yerində eyni zamanda baş vermişdir. Çünki feodalizm cəmiyyəti üçün xarakterik münasibətlərin yaranması prosesi bütün ölkələrdə eyni sürətlə getmirdi. Feodal istehsal üsulunun tərəqqi və dağılması dövrləri də müxtəlif qitələrdə, hətta ayrı-ayrı ölkələrdə də müxtəlif vaxtlarda olmuşdur. Feodalizm cəmiyyəti bəzi xalqların tarixində nisbətən az, bəzilərinin tarixində isə çox davam etmişdir. Deməli, feodalizmə keçid, bu cəmiyyətin hökmranlığı dövrü və dağılması hər yerdə eyni vaxtda baş verməmişdir. Elə buna görə də dünya ölkələrinin orta əsrlər tarixini xronoloji cəhətdən vahid çərçivəyə salmaq mümkün deyildir. Feodal münasibətlərinin formalaşması Şərqdə daha tez – eramızın 2-ci əsrində başlamışdı. Məsələn, Çində eramızın 3-4-cü əsrlərində artıq feodal münaibətləri mövcud idi. Təqribən eyni dövrdə bəzi başqa Şərq ölkələrində də feodal münasibətləri inkişaf etməkdə idi. Ümumiyyətlə, dünya miqyasında eramızın 7-ci əsrinədək quldarlıq münasibətləri hər yerdə demək olar ki, süqut etmiş, həm Asiya, həm də Avropa miqyasında feodalizmin inkişafı üçün əlverişli şərait yaranmışdı. Bu mənada şərti olaraq 3-7-ci əsrləri dünya tarixində orta əsrlər tarixinin başlanğıcı kimi qəbul etmək olar.
Avropa ölkələrində orta əsrlər şərti olaraq Qərbi Roma imperiyasının süqutundan (476-cı il) başalyır. Bu da təsadüfi deyil. Çünki geniş ərazili Qərbi Roma imperiyasının dağılması ilə həm imperiyanın öz ərazisində, həm də ümumiyyətlə, Avropa ölkələrində quldarlığa nisbətən mütərəqqi münasibətlərin – feodalizmin inkişafına əlverişli şərait yarandı.
Başqa cəmiyyətlər kimi, feodalizmdə də yaranma tərəqqi və dağılma dövrləri keçmişdir. Bu dövrləri bir-birindən ayıran xronoloji sərhəd də bütün dünya ölkələri üçün eyni deyil. Məsələn, Çində erkən orta əsrlər dörü 8-ci, Ön və Orta Asiya ölkələrində 9-cu, Avropa ölkələrinin əksəryətində isə 11-ci əsrədək davam etmişdir. Feodalizimin tərəqqi və dağılma dövrünün də xronoloji çərçivəsi bütün ölkələr üçün eyni deyil. Bununla belə, artıq 15-16-cı əsrlərdə bir çox Şərq ölkələrində və Avropa ölkələrinin əksəryətində feodal sisteminin dağılması prosesi başlanmışdı. Bu proses Avropadan fərqli olaraq bəzi Şərq ölkələrində uzun müddət – 19-cu əsrin ortalarına qədər davam etmişdir. Bəzi ölkələrdə feodalizmin qaydaları, əlamətləri bu və ya digər şəkildə indi də qalmaqdadır. Ümumiyyətlə, orta əsrlər tarixinin dövrləşdirilməsi məsələsində az-çox sabit bölgü Avropa ölkələrunin tarixi üçün yaradılmışdır.
Azərbaycan tarixçiləri Avropa ölkələrinin orta əsrlər tarixini üç dövrə bölürlər. 1-ci dövr erkən orta əsrlər dövrü adlanır. Bu dövr 5-ci əsrin sonlarından 11-ci əsrin ortalarına qədərki tarixi əhatə edir. Erkən orta əsrlərdə feodal münasibətləri doğulur və inkişaf edir. Bu dövrün sonunda feodalizm hakim sosial sisteminə çevrilir.
2-ci dövr 11-ci əsrin ortalarından 15-ci əsrin sonuna qədərki tarixi əhatə edir. Bu dövr inkişaf etmiş orta əsrlər dövrüdür. 2-ci dövrdə feodalizm sistemi özünün ən yüksək inkişaf mərhələsinə çatır; sənətkarlıq və ticarət mərkəzləri olan orta əsr şəhərləri tərəqqi edir; əmtəə-pul münasibətləri inkişaf edir.
3-cü dövr son orta əsrlər dövrü və ya Erkən Yeni dövr adlanır. Bu dövr orta əsrlər tarixinin 16-cı əsrin əvvəllərindən 17-ci əsrin ortalarına qədrki çağını əhatə edir. Feodal sisteminin dağılması və kapitalist münasibətlərinin yaranmağa başlanması 3-cü dövrün başlıca xüsusiyyətidir. Orta əsrləri yeni dövrdən 1618-1648-ci illərdə baş vermiş 30 illik müharibə ayırır. Ümumavropa əhəmiyyətli bu hadisədən sonra yeni dövr başlayır.
Dostları ilə paylaş: |