Lizinq bazarı – istehsal təyinatlı, tikililərin, nəqliyyat vasitələrinin, avadanlıqların uzunmüddətli icarəyə verilməsidir.
Azərbaycan Respublikasında lizinqin inkişafının əsası “Lizinq haqqında”(29 noyabr 1994-cü il) Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bağlıdır. Həmin qanunda deyilir ki, lizinq-istehlakçıların sifarişi ilə əmlakın orta və ya uzunmüddətli icarəyə verilməsi məqsədilə həyata keçirilən bir xidmət növüdür. Lizinq iki yerə - maliyyə və operativ lizinqə ayrılır. Maliyyə lizinqinə dəyəri tam ödənilən lizinq aid edilir. Maliyyə lizinqi icarəyə verənin maşın və avadanlıqlarının tam amortizasiyasını və onun mənfəətini təmin etmək üçün kifayət edən müəyyən olunmuş məbləğin icarə müddəti ərzində ödənilməsini nəzərdə tutur.
Operativ lizinqə icarə müddəti avadanlığın xidmət müddətindən qısa olan sövdələr aid edilir, icarəyə verilən avadanlığın alınmasına icarəyə verənin çəkdiyi xərclər yalnız hissə-hissə icarənin ilkin müddəti ərzində ödənilir.
“Azərlizinqin” Nizamnaməsində deyildiyi kimi, bu müəssisə mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, o cümlədən xarici firma və şirkətlərə mümkün olan bütün lizinq xidmətləri göstərmək üçün yaradılmışdır.
Hal-hazırda “Azərlizinq” aşağıdakı li zinq xidmətlərini göstərir:
-yerqazan və inşaat-yol texnikasının, nəqliyyat vasitələrinin və ixtisaslaşdırılmış nəqliyyatın, kiçik mexanizasiya vasitələrinin, elektron-ölçü və məişət texnikasının qısa və uzunmüddətli lizinqi;
-maşın və mexanizmlərin, nəqliyyat vasitələrinin xidmət heyəti – maşinist və sürücülərlə birgə verilməsi;
-ağır çəkili və uzun ölçülü yüklərin daşınması üzrə xidmətlər;
-lizinqə verilən texniki vasitələrin təmiri və onlara xidmətin göstərilməsi.
“Azərlizinqin” 700-ə yaxın istehlakçı və 10-dan çox nəhəng xarici şirkətdən ibarət müştəriləri vardır. Onun əsas müştəriləri Dövlət Neft Şirkəti, neft yataqlarının işlənməsi və neftin çıxarılması ilə məşğul olan iri konsorsiumlar, aparıcı tikinti şirkətləri, eləcə də respublika əhalisidir. Son zamanlar kənd təsərrüfatını genişləndirmək arzusunda olan sahibkarlar da lizinq xidmətindən geniş istifadə edirlər. Onlar kənd təsərrüfatı maşınlarını – traktorlar, kombaynlar və s. götürərək məhsuldarlığı bir neçə dəfə artıra bilərlər.
Qeyd etmək lazımdır ki, “Azərlizinq” heç bir güzəştlərə malik deyildir və aşağıdakı vergilər üxrə büdcəyə çoxlu vəsait keçirir:
əmək haqqından əhalinin sosial müdafiəsi fonduna ayırmalar;
əhalinin məşğulluq fonduna ayırmalar.
“Azərlizinq” həm də gömrük xətti ilə heç bir güzəştlərə malik deyildir.
Azərbaycanın sığorta bazarı təşəkkül dövrünü yaşayır. Onə görə də, ümid etmək olar ki, bunu nəticəsində ölkədə fiziki şəxslərə və şirkətlərə sığorta sahəsində xidmətlər göstərən iri, maliyyə cəhətdən sabit sığorta təşkilatları yaranacaqdır.
5yanvar 1993-cü ildə qəbul olunmuş ilk “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi sığorta bazarında vəziyyəti köklü surətdə dəyişdi. Sığortanın, sığorta fəaliyyətinin əsas parametrləri və onun həyata keçirilmə formaları dəqiq müəyyən olundu. Bu Qanun müəyyən dərəcədə öz vəzifəsini – ölkədə sığorta sisteminin formalaşmasını yerinə yetirdi. Lakin mövcud vəziyyət onu göstərirdi ki, bu Qanunun bir çox müddəaları köhnəlmişdir və sığorta bazarının müasir tələblərinə cavab vermir.
Bununla əlaqədar olaraq, 25 iyun 1999-cu ildə köhnə qanundan xeyli fərqlənən “Sığorta haqqında” yeni Qanun qəbul edildi. Həmin qanuna müvafiq olaraq, nizamnamə kapitalının miqdarı xeyli artırılmışdır. 2005-ci ilin əvvəlinə olan məlumata əsasən nizamnamə kapitalı 2 mlrd. – 6 mlrd.manata qədər 27, 6 mlrd.manatdan artıq isə 2 sığortaçı fəaliyyət göstərir. 29 sığortaçıdan 22-si milli, 7-si isə birgə sığortaçıdır.
Hal-hazırda sığorta şirkətləri məcburi və könüllü sığorta üzrə sığorta xidmətlərinin geniş spektrini təklif edirlər. Belə olduqda məcburi sığorta bunlara bölünür: şəxsi, əmlak və mülki məsuliyyət. Şəxsi sığorta da öz növbəsində sərnişinlərin , hərbi xidmətçilərin sığortasına bölünür.
Əmlak sığortası kənd təsərrüfatı əmlakının sığortasına; dövlət idarələrinin əmlakının sığortasına bölünür.
Könüllü sığortanın tərkibinə şəxsi, əmlak və mülki məsuliyyət sığortası daxildir. Şəxsi sığortanın tərkibinə aşağıdakılar aiddir:
-bədbəxt hadisələrdən sığorta
-həyatın sığortası
-tibbi sığorta
-turistlərin sığortası
Əmlak sığortasına aşağıdakılar daxildir:
-mülki əmlak sığortası
-avto KASKO sığortası
-yüklərin sığortası
-bank risklərinin sığortası
-yanğınlardan sığorta
-tikintidə sığorta
-kənd təsərrüfatında sığorta
-kommersiya təşkilatlarının sığortası.
Hazırda Azərbaycanda bir sıra sığorta şirkətləri sığorta xidmətlərinin çoxlu sayda çeşidini təklif edirlər. Onların arasında Azal, Atəşgah,Günay-Anadolu, Başak-İnam, Elm və s. kimi şirkətlər sığorta bazarında özlərini doğrultmuşlar.
Sığorta bazarının inkişafı Respublikada güclü nizamnamə kapitalına malik iri Dövlət milli təkrar sığorta şirkətinin yaradılmasını tələb edir. Bu, respublikada sığorta və təkrar sığorta sistemini möhkəmləndirməyə və bununla da bütövlükdə dövlətin və sığortaçıların iqtisadi maraqlarının qorunmasına imkan verəcəkdir.
Beləliklə, sığorta bazarının kəmiyyət və keyfiyyət parametrlərini qiymətləndirərk nəticə çıxarmaq olar: Azərbaycanın sığorta bazarı hələ tam mənimsənilməyib, inkişafın orta mərhələsindədir və öz inkişafı üçün nəhəng imkanlara malikdir. Eyni zamanda, dövlət cəmiyyətin iqtisadi və sosial problemlərini həll etmək üçün sığortanın çox böyük potensialından tam istifadə etmir.
Buradan məntiqi olaraq belə çıxır ki, sığorta bazarının inkişafı dövlətin ciddi və düşünülmüş köməyi olmadan baş verə bilməz. Qeyd olunanlardan aydın görünür ki, sığorta ideologiyasının işlənməsi və tətbiqi olduqca zəruridir, ilk növbədə isə bu dövlət məmurlarının, parlament deputatlarının, əhalinin geniş təbəqələrinin şüuruna tətbiq edilməlidir.
İkinci, bu gün Azərbaycanın sığortaçıları 30-40 sığorta xidmətindən çox təklif edə bilmirlər, halbuki inkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin 300-dən çox müxtəlif növləri mövcuddur.
Üçüncü, ölkədə sığorta bazarının tərkibinə daxil olan sığorta brokerləri və agentləri, qiymətqoyanlar, ekspertlər, sığorta kadrlarının hazırlanması sistemi də yaxşı inkişaf etməmişdir.
Dördüncü, ölkədə maliyyə-iqtisadi və sosial-siyasi vəziyyətin qeyri-sabit olması da sığorta bazarının vəziyyətinə neqativ təsir göstərir.
Beşinci, sığortaçıların hazırlanması sisteminin vacib elementi ali məktəb olmalıdır. Söhbət ali təhsilli sığortaçıların hazırlanmasından gedir. Sığorta təhsili sisteminin yaradılması dövlət orqanlarının, ali təhsil məktəblərinin, sığortaçıların özlərinin və onların ittifaqlarının və səylərinin ciddi surətdə birləşdirilməsini tələb edir.
Sığortaçıların və dövlətin sığorta ehtiyatlarının maksimal müdafiəsi məqsədilə işin bu vacib sahəsini tənzim edən “Sığorta ehtiyatlarının investisiyalaşdırılması haqqında” xüsusi Əsasnamə işlənib hazırlanmışdır.
Proqramda sığorta biliklərinin təbliğatı üzrə sığorta xidməti, informasiya və reklam işi sahəsində peşəkar kadrların hazırlanması, eləcə də beynəlxalq əməkdaşlıq perspektivləri məsələlərinə mühüm yer ayrılmışdır.
Sərbəst bazarlar içərisində maliyyə bazarı mühüm yer tutur. Maliyyə bazarının yeri və rolu həm də ona görə əhəmiyyətlidir ki, onun tərkibinə pul bazarı, kredit bazarı və qiymətlə kağızlar bazarı daxildir. Bundan başqa, digər bazarlara nisbətən respublikada maliyyə bazarı daha sürətlə inkişaf etmişdir.
Bu gün maliyyə bazarının və bütün bazar infrastrukturunun formalaşması sahələr və regionlar arasında kapitalın axınını təmin edən kommersiya banklarının, sığorata kompaniyalarının, investisiya fondlarının və digər maliyyə institutlarının fəaliyyətindən asılıdır.
Bazar iqtisadiyyatı şəraitində maliyyə-kredit institutları istehsal müəssisələri arasında vasitəçi olmaqla yanaşı, maliyyə-kredit resurslarının dövriyyəsinin həyata keçirilməsində aparıcı rol oynayaraq, bütün kommersiya fəaliyyətinin katalizatoru kimi çıxış edirlər.