Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi



Yüklə 94,41 Kb.
səhifə6/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 201

Yarmarka sözünün alman dilində hərfi tərcüməsi “hər il keçirilən bazar” deməkdir. Öz mahiyyətinə görə topdansatış ticarəti forması olan yarmarkaların, göründüyü kimi, əsas fərqləndirici xüsusiyyəti onların müəyyən dövrdən bir, həftədə və yaxud ildə bir neçə dəfə keçirilməsidir. Birjadan fərqli olaraq, yarmarkada alqı-satqı əməliyyatında alıcılar və satıcılar ya bilavasitə özləri iştirak edirlər, ya da ki, bura öz səlahiyyətli nümayəndələrini – agentlərini göndərirlər.
Yarmakalarda bağlanılan ticarət sövdələşmələrinin həcmi heç də kiçik olmur. Müasir dövrdə ölkə daxilində baş verən ticarət əməliyyatlarında yarmarkaların rolu xeyli azalsa da, beynəlxalq münasibətlərdə onlar hələ öz əhəmiyyətlərini müəyyən dərəcədə qoruyub saxlaya bilmişlər. Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil etmək və ölkələrarası əmtəə mübadiləsini inkişaf etdirmək məqsədi ilə 1925-ci ildə Parisdə Beynəlxalq Yarmarkalar İttifaqı yaradılmışdır.
Auksion dedikdə, əvvəlcədən müəyyən edilmiş dövrdə və yerdə bir sıra əmtəələrin ayrı-ayrı hissələrlə, şifahi ticarət yolu ilə ümumi aşkarlıq şəraitində satılması başa düşülür. Auksionda satılmaq üçün nəzərdə tutulan əmtəələr və yaxud onların ayrıca nümunəsi əvvəlcədən tanışlıq üçün ortaya çıxarılır, həm də bu zaman əmtəənin satışının ümumi qaydaları satıcı tərəfindən müəyyən edilir. Auksionda təklif edilən əmtəə üçün ən yüksək qiyməti verən şəxs onu almaq hüququ əldə edir.Onu da əlavə etmək lazımdır ki, əmtəənin qiymətini idarə edən və tənzimləyən auksion işçisi satılan əmtəənin keyfiyyəti üçün heç bir məsuliyyət daşımır.
Auksionun 2 növü var: könüllü və məcburi. Könüllü auksion öz əmtəəsini daha sərfəli satmaq istəyən şəxslər tərəfindən təşkil edilir. Məcburi auksionlar isə məhkəmə və dövlət orqanları tərəfindən borclarını verə bilməyənlərin və ya vermək istəməyənlərin əmlakını, müsadirə edilmiş əmtəələri və yükləri, girov qoyulub vaxtında geri götürülməyən mülkiyyəti, haqqı vaxtında ödənilməyən əmtəələri və s. satmaq məqsədi ilə təşkil olunur.
Qeyd etmək lazımdır ki, alqı-satqının auksion növü beynəlxalq ticarətdə daha geniş yayılmışdır. Beynəlxalq auksion ticarəti ildə bir neçə dəfə, bir qayda olaraq iri ticarət mərkəzləri olan liman şəhərlərində təşkil olunur.
Yuxarıda göstərildiyi kimi, birjaların digər növlərinin hər biri də bazar infrastrukturları sırasında özlərinə məxsus rol oynayırlar. Lakin onlar müəyyən mənada yuxarıda xarakterizə etdiyimiz birjalar qədər intensiv xarakter kəsb etmirlər.
Bazar infrastrukturları təsnifatında marketinqlər spesifik bir xarakter daşıyır. Əvvələn, bu anlayış haqqında. Marketinq ingiliscə market sözündən olub, bazar mənasını verir. Marketinq termini ilk dəfə 1901-ci ildə ABŞ-da meydana gəlmişdir. O, bazar iqtisadiyyatı şəraitində idarəetmə konsepsiyası haqqında kateqoriyanı ifadə edir. Lakin onun klassik və müasir mənalandırılmasında müəyyən fərqlər vardır. Müasir məna birdən-birə deyil, tədricən formalaşmışdır. Müasir mənada marketinq anlayışı geniş əhatəli sosial bir prosesi ifadə edir. O, bir sıra aspektlərə malikdir ki, bunlar da onun məzmununu açıqlayır. Əvvəla, o, məhsulların satışını təşkil etmək üçün müəssisələrin müvafiq kompleks funksiyalarını özündə cəmləşdirir. Ikincisi, o, bazarda alıcıların istehsalçılarla qarşılıqlı münasibətlərini, müəssisələrin davranışının müəyyən edilməsini, bazara fəal təsir göstərmək üzrə tədbirlər sistemi işləməyi qarşıya vacib məqsəd kimi qoyur. Üçüncüsü, o, rəqabət mübarizəsini tətbiq edən bir forma kimi çıxış edir.
Marketinq fəaliyyəti ayrı-ayrı inkişaf etmiş ölkələrdə həm istehsalçıların və xidmət göstərənlərin, həm də istehlakçıların mənafeləri naminə işgüzar fəaliyyəti ilə bağlıdır. Burada onlar maddi nemətlərin istehsaldan istehlaka doğru hərəkətini tənzim etmək məqsədi güdür. Məsələn, əgər bazarda hər hansı bir əmtəənin qıtlığı hiss olunursa və ya onun həddən artıq bolluğu baş verirsə, istehsalçılara – sahibkarlara siqnallar çatdırılır. Yaxud əgər əmtəələr hər hansı səbəbdən, məsələn, keyfiyyət, istehlakçının zövqünü oxşamamaq, yaxud başqa bir çatışmamazlıq üzündən satılmırsa bunun səbəbləri müəyyənləşdirilir və onu istehsal edənlərə məlum edilir. İstehlakçıların yeni zamana uyğun zövqləri öyrənilir və müvafiq istehsalçılara xəbərlər çatdırılır.
Marketinq fəaliyyəti dedikdə, müəssisələrin və firmaların bazarda olan fəaliyyəti başa düşülür. Bunu aşağıdakı kimi ümumiləşdirmək olar:

  1. əmtəələrə və xidmətlərə tələbatın, ehtiyacların və vəziyyəti və dinamikasını, bazarda mövcud olan vəziyyəti, hadisələrin gedişini və onun inkişafını nəzərə almaq;

  2. istehsalı bazarın və alıcıların mövcud potensial ehtiyaclarına uyğunlaşdıra bilmək imkanları;

  3. tələbatın, əmtəə və xidmət bazarının yaradılmasına fəal təsir göstərmək;

  4. əmtəələrin və xidmətlərin reallaşdırılması şəraitinə, tələbatın dəyişməsinə çevik münasibət göstərilməsinə nəzarət etmək və s.

Marketinq aşağıdakı prinsiplərə əsaslanırdı:
-təsərrüfatın yüksək rentabelli işləməsinin təmin edilməsi;
-istehsal-satış fəaliyyətin bazarın tələblərinə istiqamətləndirilməsi;
-əmtəə istehsalının alıcıların tələbatından funksional asılılığı;
-fəaliyyətin istehsalın imkanlarına görə yox, bazarın tələbinə uyğun olaraq təşkil edilməsi;
-bazarda yüksək rəqabət qabilyyətinin təmin edilməsi və s.
Marketinqin məqsədi şəxsi və ictimai tələbatı ödəyə bilən miqdarda satış həcminə nail olmaqla istehsalın yüksək səmərəliliyinin və gəlirliyinin təmin edilməsindən ibarətdir.
Marketinqin əsas funksiyalarına isə aşağıdakıları aid etmək olar:
-xarici mühiti tədqiq etmək;
-firmanın fəaliyyətinin strategiyasını iş ləyib hazırlamaq;
-əmtəələrin çeşidini, o cümlədən onların təzələnməsini və yeni əmtəələrin yaradılmasını planlaşdırmaq, əmtəənin yerləşdirilməsini və satışını, onların təşkilini planlaşdırmaq;
-qiymət siyasətini həyata keçirmək;
-əmtəələrin və xidmətlərin satışını sür”ətləndirmək;
-ətraf mühitin qorunması, mənəvi-etik qaydaları, xarici istehlakçının tələbləri nöqteyi-nəzərindən idxalçı ölkənin texniki və sosial normalarını təmin etmək;
-reklam və satışla bağlı xidmətləri həyata keçirmək və s.
Bazar iqtisadiyyatına keçid şəraitində marketinqin rolu daha da artır. Artıq onun fəaliyyət dairəsi genişlənir və beynəlxalq marketinq daha da inkişaf edir.
Beynəlxalq marketinq – ölkənin ərazisindən xaricdə yerləşən əmtəə və xidmətlər üzrə istehsal, satış və ticarət fəaliyyətinin təşkili və idarə edilməsi sistemidir. Məhsulun təyinatından, satış bazarından asılı olaraq marketinqin bir növüdür.
Beynəlmiləl marketinq – bu beynəlxalq marketinqin çox mürəkkəb forması olub, xarici dövlətlərdə marketinq əməliyyatlarının həyata keçirilməsi ilə məşğul olur. Bu məqsədlə onlar beynəlxalq marketinq mühitini tədqiq edir, fəaliyyət göstərəcəyi məqsədəuyğun hesab edilən ölkənin inkişaf xüsusiyyətlərini öyrənməklə hansı konkret bazara çıxacaqlarını müəyyənləşdirirlər.
Marketinq bazarı tələbatın strukturunu və dinamikasını da öyrənir. Istehlakçıların zövqü və arzuları haqqında informasiya toplayır. Yaxın gələcəkdə hansı məhsullara tələbatın nə qədər artması və qiymətlərin qalxıb-enməsi haqqında proqnozlar verir. Bununla onun vəzifəsi bitmir. O, eyni zamanda əmtəələrin reallaşdırılmasını sür”ətləndirmək məqsədi ilə başqa tədbirlər də görür: müxtəlif yarmarkaların, sərgilərin keçirlməsini təşkil edir, qiymət siyasəti işləyib hazırlayır və s. Marketinq təkcə tədavül, idarəetmə sahəsində fəaliyyət göstərmir, eyni zamanda istehsal dairəsinə də nüfuz edir. Marketinqin vəzifəsi tələbatın və qiymətin səviyyəsini öyrənməklə bitmir. Marketinq əmtəələrin daşınması, saxlanması, reklamın təşkili, alıcıları həvəsləndirmək və s. məsələləri öyrənir və istehsalı bazarın tələbinə istiqamətləndirir. Marketinq həmçinin ölkə müəssisələrinin müstəqil olaraq xarici bazarlarla əlaqələrinin genişlənməsində də rol oynayır.
Marketinq fəaliyyətini hər müəssisə, xüsusilə xırda və orta müəssisələr təşkil edə bilmirlər. Çünki o, baha başa gəldiyindən hər müəssisə üçün səmərəli deyil.
Unutmaq olmaz ki, marketinq fəaliyyəti növü əmtəə qıtlığı ilə bir araya sığmır. O, əmtəə bazarının bolluğu şəraitinə xasdır və çevik iqtisadiyyatın məhsuludur. Deməli, marketinq həmişə yox, müəyyən şəraitdə məqsədəuyğun və səmərəli olur.
Bazar iqtisadiyyatı sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu gün müəssisənin rəhbərliyi nə qədər yüksək ixtisaslı, səriştəli olsa da, orada istehsal xərclərinin səviyyəsini müəyyən həddən aşağı salmaq mümkün deyildir. Belə halda öz fəaliyyətini başqa sahələrə keçirmək zərurəti doğur. Buna görə də fəaliyyət göstərmək istədiyi sahədə rəqiblərin vəziyyətini öyrənmək vacib olur. Bu məsələləri də marketinq öyrənir.
Satış bazarı, bazarın strukturu öyrənildikdən sonra marketinq strategiyası müəyyən edilir. Marketinq strategiyasını firmanın uzunmüddətli gələcək, perspektiv inkişafının proqnozlaşdırılması kimi başa düşmək olar. Marketinq strategiyasına müraciət olunması şərtlərindən biri də, firmanın xarici mühitində - əlaqələrində gözlənilməz dəyişiklərin baş verməsi hallarıdır.
Marketinq strategiyasına yeni və daha mütərəqqi əmtəə növlərinin istehsalının zəruriliyini və həcmin müəyyən etmək, yeni bazarların tapılması, orada əmtəələrin satışını genişləndirmək, yeni əmtəələr üçün bazarların xarakterini və sair xüsusiyyətləri öyrənmək də daxildir.
Marketinq strategiyasının növlərindən biri də difersifikasiyadır. Difersifikasiya rəqabətə qarşı istifadə olunan vasitədir. Belə ki, bazarda bir əmtəə və ya xidmət üzrə fəaliyyətini genişləndirməklə öz vəziyyətini düzəldir. Difersifikasiya əsas istehsal sahələri ilə əlaqəsi olmayan yeni məhsullar istehsalının genişlənməsinə yönəldilən istiqamətdir.
Marketinq taktikası isə əmtəə istehsalçısının bazar konyukturası təsəvvürü və onun formalaşması prinsipindən irəli gələn davranış üsulunu özündə əks etdirir. Strategiya gələcək məqsədləri nəzərdə tutduğu halda, taktika yaxın olan məqsədləri izləyir.
Marketinq taktikası bir çox vəzifələri həyata keçirməyi qarşıya qoyur. Bunun üçün topdansatış və pərakəndə satış ticarətinin strukturunu, əmtəələrin istehlakçılara çatdırılması sür”ətinə təsir edən amilləri öyrənmək, istehlakçılarla bilavasitə əlaqə yaratmaq lazımdır. Bu istehlakçı ilə bilavasitə təmasda olmaq, əmtəənin çeşidini, keyfiyyətini təkmilləşdirmək və satışını artırmaq üçün qiymətli informasiya verir.
Reklam tədbirlərinin düzgün və yaxşı təşkili də əmtəələrin istehlakçılara çatdırılmasında mühüm rol oynayır. Marketinqin köməyi ilə reklamın elə forma və növləri seşilir ki, onlar daha çox səmərə verir.
Xaricdə çalışan heyəti,onun miqdarını öyrənmək də marketinqin taktikasına daxsildir. Məlumdur ki, bazar iqtisadiyyatında bir çox ölkələrlə geniş istehsal və satış əlaqələri zəruridir. Əgər xarici ölkələrdə istehsalı təşkil etmək və əmtəələri reallaşdırmaq əlverişlidirsə, bu zaman xaricdə istehsal və satış heyətini artırmaq zərurətə çevrilir.
Marketinq taktikasından biri bazarın marketinqinin tədqiqidir. Bunun məqsədi bazarı kompleks öyrənməkdir. Bazarın kompleks öyrənilməsi qəbul edilmiş qərarla bağlı olaraq sahibkara təhlükəni azaltmaqda, əmtəənin istehsal həcmini və satışını müəyyən edərkən səhvlərdən qaçmaqda kömək edir.
Marketinq tədqiqatının istiqamətlərindən biri injinirinq adlanır. Bu latınca tərcümədə “ixtiraçılıq” mənasını verir. Bunun xidmətləri ilə marketinqin texniki cəhətdən öyrənilməsi, maddi-texniki təminatın öyrənilməsi, mühəndis-tikinti layihəsi üzrə nəzarət, bazar avadanlıqlarının hazırlanması üzərində nəzarət, burada tikinti-montaj işləri üzərində nəzarət və s. həyata keçirilir.
Bazar infrastrukturunun ən mühüm tərkib hissələrindən biri banklardır. Hər şeydən əvvəl göstərmək lazımdır ki, “bank” ifadəsi italyan sözü olub, hərfi mənası “pul dəyişənin skamyası”, “pul stolu” deməkdir.
Ən ümumi mənada bankların başlıca vəzifəsi ayrı-ayrı azad pul vəsaitlərini toplayıb onları müəyyən faiz almaqla kredit şəklində bu vəsaitlərə ehtiyacı olan subyektlərə: şəxslərə, müəssisələrə, dövlətə vermək, xalq təsərrüfatının bu və ya digər sahələrinin inkişafına yönəltməkdir. Lakin bundan əlavə banklar pul haqq-hesablaşmalarını da aparır, dövriyyəyə pul və qiymətli kağızlar – banknotlar, çeklər, veksellər və s. buraxırlar.
Müasir bazar iqtisadiyyatı şəraitində bankların rolu xeyli artmışdır. Hal-hazırda bankların verdiyi kreditlər təkcə bura cəlb edilmiş azad pul vəsaitləri hesabına yox, həm də özünə məxsus kapital vasitəsilə həyata keçirilir. Bundan əlavə qeyd edilən hər iki mənbə hesabına banklar nəinki iqtisadiyyatın müxtəlif sahələrinə, həm də dövlətin özünə zəruri olan həcmdə xidmətlər göstərməklə əhalinin məşğulluq dərəcəsinə, qiymətlərin səviyyəsinə, ölkənin tədiyyə balansına və beləliklə də, bütövlükdə təkrar istehsal prosesinə təsir etmək, onu sür”ətləndirmək və ya zəiflətmək imkanına malikdir.
Qeyd etmək lazımdır ki, yerinə yetirdiyi vəzifələrin və apardığı əməliyyatların xarakterinə uyğun olaraq bankların – mərkəzi banklar, kommersiya bankları və xüsusi banklar kimi növləri vardır.
Bank sisteminin əsasını Mərkəzi bank təşkil edir. Bir qayda olaraq, mərkəzi bank dövlətə məxsus olmaqla iqtisadiyyatın makroiqtisadi tənzimlənməsinin əsas alətidir. Mərkəzi bank dövriyyəyə nağd pul (banknotlar) buraxmaqla (emissiya), digər kredit idarələrinin kassa ehtiyatlarının, dövlətin valyuta-qızıl ehtiyyatlarının toplanması və saxlanması ilə kommersiya banklarının kreditləşməsi ilə, hökumətin kredit hesablaşma əməliyyatlarının həyata keçirilməsi və digər kredit institutlarının fəaliyyətinə nəzarətlə məşğul olur.
Müasir bank sisteminin ikinci elementi bütün xalq təsərrüfatı miqyasında ödəniş dövriyyəsini təşkil edən və hesablaşmaları, kredit və fond əməliyyatlarını həyata keçirən universal xarakterli kredit idarələri olan kommersiya banklarıdır.
Bank sisteminin üçüncü elementi, müəyyən təsərrüfat sahələrinin kreditləşməsi ilə məşğul olan ixtisaslaşmış maliyyə-kredit institutlarıdır. Onlara investisiya bankları, əmanət idarələri, təqaüd fondları, sığorta və investisiya şirkətləri daxildir.

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin