Bütövlükdə infrastrukturunun məzmunu haqqında deyilənləri bazar iqtisadiyyatının müstəqil quruluşu kimi fəaliyyət göstərən bazar infrastrukturu anlayışına da aid edilir. Belə ki, bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissəsi başa düşülür.
Məlumdur ki, inkişaf etmiş bazar sistemi çox mürəkkəb və zəngin quruluşa malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın ən vacib quruluşlarından biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi nəticəsində yaranır. Bazar iqtisadiyyatı şəraitində bazarların hər birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların səmərəli qarşılıqlı əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud olur və onun vasitəsilə həyata keçirilir.
Nəzərə almaq lazımdır ki, bazar ayrı-ayrı ixtisaslaşmış təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlərdə öz spesifik infrastrukturunu formalaşdırır. Belə ki, professor A.Qritsenko və dosent V.Sobolev (8, səh.12 ) bazar infrastrukturunu xarakterizə edərək, onun bir neçə müxtəlif elementlərini ayırırlar. Bu elementlər onlara xas olan spesifik funksiyalarını yerinə yetirərək, öz aralarında qarşılıqlı təsirdə olurlar. Belə bir mövqeyə əsasanlanaraq, onlar yazır ki, “hər hansı sosial-iqtisadi sistemdə infrastruktur – ilk növbədə mövcud sistemin obyekt və subyektlərinin qarşılıqlı əlaqələrinin fasiləsiz fəaliyyətini təmin edən elementlərin məcmusudur.
Bu tərifdən belə bir nəticə çıxır ki, infrastruktur sistemin tərkib hissəsi kimi, onun obyekt və subyektləri də daxil olmaq şərti ilə, sistemin öz elementləri arasındakı qarşılıqlı əlaqələrin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuşdur.
Həmin tərifdə bazar infrastrukturunun 2 əsas funksiyası ayrılmışdır:
1. bazar iqtisadiyyatının subyektlərinin təsərrüfat əlaqələrinin və qarşılıqlı təsirlərinin fasiləsiz fəaliyyətinin təmin olunması;
2. əmtəə-pul axınlarının hərəkətinin tənzimlənməsi.
Digər bir ədəbiyyatda isə (4, səh.85) bazar infrastrukturlarının funksiyası aşağıdakılarla xarakterizə oluna bilər:
1.Bazar münasibətləri iştirakçılarının mənafelərinin reallaşdırılmasının yüngülləşdirilməsi ilə.
2.İqtisadiyyatın ayrı-ayrı subyektlərinin və fəaliyyətlərinin növləri əsasında bazar subyektlərinin işlərinin operativliyinin və effektlivliyinin yüksəldilməsi ilə.
3.Bazar münasibətlərinin təşkilati tərtibatına nail olunması ilə.
4.İşgüzarlıq praktikasının dövlət və ictimai tənzimlənməsi; hüquqi və iqtisadi nəzarət formalarının yüngülləşdirilməsi ilə.
Bazar infrastrukturu bütün iqtisadiyyatının tərkib hissəsi kimi, iqtisadi funksiyaları yerinə yetirmək üçün imkan və şərait yaradır. Öz mənşəyi və ya təbiəti nöqteyi-nəzərindən, bazar infrastrukturu canlı orqanizm kimi iqtisadi sistemə nüfuz etmiş və onun fəaliyyətini təmin edən institutların bütöv bir kompleksidir. Onun spesifik məzmunu. sərhədləri daxilində fəaliyyət göstərdiyi bazarların xüsusiyyətləri ilə müəyyən olunur. Məsələn, əmtəə və xidmətlər bazarının tərkib hissəsinə əmtəə birjaları, yarmarkalar, çoxsaylı firmalar, marketinq və digər təşkilatlar daxildir. Maliyyə bazarı pul, kredit və qiymətli kağızlar bazarından ibarətdir.
Bazar iqtisadiyyatının əsasını özəl mülkiyyətin, xüsusi sahibkarlıq və biznes fəaliyyətinin, infrastruktur komponentlərinin daim geniş meydan alması təşkil edir. Real bazar iqtisadiyyatı üçün ölkənin mümkün çox çeşidli bazar infrastrukturlarının yaradılması və inkişafı da obyektiv zərurət təşkil edir.
Beləliklə, təsdiq etmək olar ki, bazar infrastrukturu ən müxtəlif meyarlar əsasında bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən sərbəst bazarlardan ibarətdir.
Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar iqtisadi sisteminin normal fəaliyyəti təmin edilir.