Vergi sistemi. Vergi dövlət tərəfindən müəssisələrdən, təsərrüfatlarından, təşkilatlardan və vətəndaşlardan tutulan məcburi ödəmələrdir. Vergilər dövlətin iqtisadi rolu ilə üzvi surətdə bağlıdır və onun iqtisadi fəallığını artırmağın başlıca vəzifələrindən biridir.
Vergi sistemi tədricən formalaşır. Vergi sistemi müəyyən ünsürlərin məcmusudur. Bu mənada vergi sistemi adı altında hər hansı bir dövlətdə toplanan vergilər, rüsumlar və s. məcburi ödəmələrin məcmuu, eləcə də onların təşkili, quruluşu, toplanmasının forma və üsulları başa düşülür. Vergi sistemi adi iş deyildir, kortəbii yaranmır, o bir qrup qanunverici normalara əsaslanır. Mövcud qanunverici aktları isə vergi, rüsum və s. necə toplanmasının yollarını müəyyənləşdirir. Vergi sistemi vergilərin toplusu, dövlət qurumlarının vergiləri nizamlanması ilə əlaqədar malik olduqları səlahiyyətləri, vergitutma qaydalarını, hətta vergilərə nəzarəti və s. əhatə edir.
İqtisadiyyatın bazar yönümlü yenidən qurulması, onun tədricən formalaşması və səmərəli iqtisadi sistemə çevrilməsi normal vergi sisteminin mövcud olması şəraitində mümkündür. ən vacib odur ki, gərək vergi qaydaları real şəraitə uyğun qurulsun, ədalətlilik prinsipi əsas götürülsün.
Bazar infrastrukturunun vacib ünsürlərindən biri də sığorta şirkətləridir. Onlar ölkənin iqtisadi sistemində mühüm yer tutan bazarlardan birinin – maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarının təşkilati forması kimi çıxış edirlər.
Sığorta bazarı maliyyə-pul münasibətlərinin xüsusi bir bölməsidir, çünki burada bazar münasibətlərinin obyekti kimi spesifik bir əmtəə: alqı-satqı əməliyyatlarının iştirakçılarına göstərilən sığorta xidməti çıxış edir. Bazar ölkələrində dövlət, səhmdar və ya özəl sığorta şirkətləri tərəfindən göstərilən bu xidmətlər öz müştərilərinin sığorta müdafiəsini təmin etməyə yönəlmişdir.
Sığorta şirkətləri bazar iqtisadiyyatının norməl fəaliyyətini təmin edən əsas amillərdən biridir. Belə ki, iqtisadiyyatın müxtəlif sahələrinə qəfil baş verən hadisələr nəticəsində bu və ya digər dərəcədə ziyanlar dəyir. Bu halda sığorta şirkətlərinin əsas vəzifəsi sığorta fondundan ayrılan vəsait hesabına təsərrüfat subyektlərinin müdafiəsini həyata keçirməkdən, ziyan dəyən tərəfə dəymiş zərəri ya qismən, ya da tam ödəməkdən, beləliklə də iqtisadiyyatın normal fəaliyyəti göstərməsi üçün tələb olunan sabitliyi təmin etməkdən ibarətdir.
Bildiyimiz kimi sahibkarlıq fəaliyyətinin ayrılmaz funksiyalarından biri sahibkarlıq riski ilə bağlıdır. Sahibkarlar öz məqsədlərinə nail olmaq üçün yeni-yeni vasitələr və metodlar axtarır, müxtəlif yeniliklər tətbiq edir, nəticəsi əvvəlcədən məlum olmayan iqtisadi qərarlar qəbul edirlər. Bu qərarlar nəticəsində sahibkarlıq fəaliyyəti ya inkişaf edərək yuxarı pilləyə qalxır, ya da əksinə, hətta əvvəlki vəziyyətindən də pis vəziyyətə düşür, mənfəətin ya bir hissəsindən,ya da hamısından məhrum olur. Belə bir şəraitdə sığorta şirkətlərinin fəaliyyəti sahibkarlıqla bağlı iqtisadi qərarların həm son nəticələrinin, həm də qarşıya qoyulmuş məqsədə çatmağa xidmət edən müxtəlif amillərin müdafiəsinə yönəlmişdir. Başqa sözlə ifadə etmiş olsaq, sahibkarlığın sığortalanması sayəsində gözlənilməz hadisələrdən qorunmaq üçün zəmanət yaranır.
Bazar iqtisadiyyatının müasir infrastrukturunda müxtəlif xidmətlər göstərən kampaniyaların rolu çox əhəmiyyətlidir. Bunlardan biri lizinq xidməti göstərən kampaniyalardır. Lizinq xidməti, maşınların, avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal qurğularının uzun müddətə icarəyə götürülməsini özündə birləşdirir. Lizinq şirkətləri avadanlıq alıb 5-8 il və daha çox müddətdə icarədar firmaya icarəyə verir. İcarədar firma əmlakdan istifadə etdikcə tədricən borcları ödəyir. Lizinq müqaviləsinin müddəti başa çatdıqdan sonra icarədar qalıq məbləğlər dəyəri ilə avadanlıq almaq, müqavilənin vaxtını uzatmaq, yeni saziş bağlamaq, maddi sərvətləri lizinq şirkətlərinə qaytarmaq hüququ qazanır.
Lizinq kampaniyalarının köməyi ilə mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yenisi ilə əvəz edilməsi lizinq xidmətindən istifadə edən istehlakçılara avadanlıq almaqdan ucuz başa gəlir. Nəticədə istehlakçı kampaniyalar üçün təkcə istehsal aparatının modernləşdirilməsi xərclərinin azalması deyil, və eyni zamanda bazarda vəziyyətin dəyişilməsi, resursların hərəkətlərinin düzgün təmin edilməsi üçün lazımi şərait yaranır. İşgüzar xidmətlərlə məşğul olan müəssisələr və xüsusi olaraq məsləhət və marketinq kampaniyaları istehsalın ixtisaslaşması və istehsalın idarə edilməsindən səmərəli istifadəyə, anbarlarda mal ehtiyatlarının azaldılması və məhsulların saxlanma xərclərinin azaldılmasına müsbət təsir göstərir.
Bazar iqtisadiyyatı şəraitində, elmi-texniki tərəqqinin imkanlarının genişlənməsi şəraitində istehsalata yeni texnika və texnologiyanı tətbiq etmək məqsədi ilə kampaniyalar arasında mübadiləni təşkil etmək üçün xarici təcrübəni öyrənməkdən ötrü ezamiyyətə göndərilənlərin sayı get-gedə artır.
Lizinq kompaniyaları öz işlərini idarə rəhbərliyinin psixologiyanın yenidən qurulması, idarəetmə və texniki heyətin bütün səylərinin istehsalın səmərəli şəkildə təşkil edilməsinə yönəldirlər. Lizinq kompaniyaları elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsaslanmaqla müştərilərə imkan verir ki, onlar istehsal aparatını təkmilləşdirsin və texnologiyanı daimi yenisi ilə əvəz etsinlər.
Lizinq xidməti bu prosesdə iştirak edən bütün tərəflər üçün: istehsalçılar, lizinq kompaniyaları və istehlakçılar üçün çox sərfəlidir. İstehsal vasitələrinin istehsalçıları üçün öz məhsullarını lizinq kompaniyalarına verilməsinin aşağıdakı müsbət cəhətləri vardır: reklam, bazarın təhlili, alıcının tapılmsı ilə bağlı xərclərinin azaldılması, qənaət edilmiş vəsaitin istehsal vəzifələrinin həllinə yönəldilməsi, istehsal edilmiş məhsulun möhkəm satış bazarının olması və s.
Lizinq kompaniyasının mənfəətinə daxildir: əmlakın icarəçiyə verilməsi ilə bağlı xidmətlər üçün verilən haqq, istehsalçıdan onun məhsulunu iri həcmdə aldığı üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın satılmasından götürülən gəlir və s.
İstehlakçının – icarəçinin mənfəəti isə aşağıdakılardan ibarətdir: avadanlığın icarəsinin onun birdəfəlik alınmasından ucuz başa gəlməsi, istehsal vasitəsinin bütün iş müddəti ərzində ona müəyyən formada yüksək keyfiyyətli xidmətin göstərilməsi. Bundan əlavə bir çox hallarda işə başlamaq istəyən şəxsin bankdan kredit götürülməsi üçün heç bir təminatı olmasa və buna görə də bank ona kredit verməzsə, avadanlığın icarəyə götürülməsi öz şəxsi işini başlamağın və genişləndirməyin yeganə vasitəsi olur.
Hal-hazırda lizinq xidmətinin bir çox aşağıdakı növləri vardır: əməli lizinq, procekt-liz, vendor-liz, liz-bek, beynəlxalq lizinq və s.