VI Mövzu
Şəxsiyyətin strukturu.
Plan
Şəxsiyyətin psixoloji strukturunu təşkil edən əsas komponentlər:
Şəxsiyyətin istiqaməti;
Şəxsiyyətin hazırlıq səviyyəsi;
Şəxsiyyətin nadangəlmə imkanları ilə bağlı olan qabiliyyətləri;
Şəxsiyyətin həyatda qazandığı davranış forması - xarakteri;
Şəxsiyyətin mənliyi;
Şəxsiyyətin «şüursuzluq» və «şüurun» istiqaməti.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Bakı, 2003,
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. – Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. – Bakı, 2000.
Şəxsiyyətin psixoloji strukturunu təşkil edən əsas komponentlər:
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas – ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji strukturunun əsasında birinci növbədə onun idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olur. Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca yarımstrukturları, komponentləri qeyd olunur:
Şəxsiyyətin istiqaməti.
Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir.
Dünyagörüşü – insanın həyatının özünəməxsus yolgöstəricisi, şəxsiyyətin həyat mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanın gerçəkli-yə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial – mənəvi, elmi, siyasi prinsip və baxışların məcmusudur.
İnsan həqiqi elmi – materialist dünyagörüşünə yiyələndikdə hansı amal uğrunda mübarizə etdiyini daha dərindən dərk edir, qarşısına daha real məsələlər qoyur, daha yaradıcı və fəal olur. Belə insan sosial həyatda düzgün mövqe seçə, azad fəaliyyət göstərə bilir.
Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqqında müəyyən baxışlar sistemi insanın dünyagörüşünü təşkil edir. Dünyagörüşünün formalaşması insanın ona müvafiq davranış tərzini həyata keçirməsinə təkan verir. Dünyagörüşü tarixi xarakter daşıyır. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və s. dünyagörüşünə malik ola bilirlər.
İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu zaman şəxsiyyətin tamlığını təmin edir.
Dostları ilə paylaş: |