Dialoji nitq iki və daha artıq adamın sual-cavab şəklində həyata keçirdiyi nitqdir. Dialoji nitqin özünəməxsus xüsusiyyətləri vardır. Psixoloji ədəbiyyatda həmin xüsusiyyətlərə aşağıdakıları aid edirlər.
Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir. Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir.
Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan adamların emosional-ekspressiv rabitəsi şəraitində baş verməsidir. Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirir lər.
Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən şəraitlə və yaobyektlə bağlı olmasıdır. Bu mənada o situativ səciyyə daşıyır, söhbətin obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri də dəyişir.
Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, başqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun olaraq ifadə etdiyi fikri sərbəst akt qaydasında qurmağı bacarmalıdır. Monoloji nitq tamamilə mütəşəkkil nitq növü hesab olunur. Bu baxımdan müəllimin mühazirəsini monoloji nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu monoloqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s. monoloqlara diqqət yetirdikdə onun fasiləsiz, əlaqəli, ardıcıl və məntiqli olduğunu görürük.
Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, zəngin söz ehtiyatına malik olması, nitqin təsirlilik, emosionallıq xüsusiyyətlərinə, danışdığı dilin qayda-qanun larına mükəmməl yiyələnməsi zəruridir.
İstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola bilir. Hər iki termin şərti xarakter daşımaqla danışanın və ya dinləyənin fəaliyyətini səciyyələndirir. Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın, başqa sözlə kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv formada cərəyan edir. Belə ki, biz başqasını dinləyən zaman bir növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edirik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti burada özünü göstərir.
Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, uşaqlarda nitqin aktiv və passiv formaları eyni vaxtda baş vermir. Belə ki, uşaqlar birinci növbədə passiv nitqə yiyələnirlər. Onlar böyüklərin danışığını başa düşür, onların dedikləri sözlərə reaksiya verirlər. Tədricən uşaqlarda aktiv nitq formalaşır və onlar da sözlərdən bilavasitə fəal şəkildə istifadə etməklə ünsiyyətə girirlər. Xarici dillərin öyrənilməsi zamanı bu hal daha aydın təzahür edir. Xarici dilin öyrənilməsinin ilkin mərhələsində passiv nitq üstünlük təşkil edir. Xarici dili öyrənən adam həmin mərhələdə xeyli sözü aydın başa düşdüyü halda onlardan öz fəal nitqində istifadə etməkdə çətinlik çəkir. Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən sonra aktiv nitq formasından istifadədə də çətinlik çəkmir.