Kurs iŞİ Fənn: Mülki hüquq Fakültə:İqtisadiyyat və hüquq İxtisas: Hüquqşünaslıq


Mülkiyyət hüququnun formaları və növləri



Yüklə 87,9 Kb.
səhifə2/10
tarix23.04.2023
ölçüsü87,9 Kb.
#101766
1   2   3   4   5   6   7   8   9   10
Ümumi mülkiyyət hüququnun anlayışı

1.Mülkiyyət hüququnun formaları və növləri
Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi rejimini və eyni zamanda mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan maddi ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır. Birincisi, gözlənilməz hadisələrlə zəngin olan dünyada hər bir dövlət öz təhlükəsizliyi haqqında düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil, eyni zamanda ekoloji, sanitar-epidemioloji, aclıq və s. təhlükə nəzərdə tutulur. İkincisi, bu dövlətin yerinə yetirməli olan sosial funksiyasından irəli gəlir. Əhalinin minimum yaşayışını təmin etmək, aztəminatlı ailələrin həyat səviyyəsini qaldırmaq tədbirləri, təqaüdçülərin, tələbələrin və əhalinin sair imkansız təbəqələrinin sosial müdafiəsi məsələlərini dövlət həll etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və maliyyə bazasına malik olmalıdır. Yenidənqurmaya qədər ölkəmizdə əsas istehsal fondlarının 90%-i dövlətin əlində olmuşdur. Dövlət mülkiyyəti bürokratikləşmiş, elmi-texniki inqilabın nailiyyətlərini kifayət qədər əks etdirməyən mülkiyyət olmuşdur.
Vətəndaşların xüsusi mülkiyyət hüququ maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən hüquqi institutdur.Xüsusi mülkiyyət hüququnun anlayışını mülkiyyətçinin əmlak və ondan istifadə olunmasının nəticələri üzərində öz mülahizəsinə görə sahiblik, istifadə və onlar barəsində sərəncam səlahiyyətləri təşkil edir. Onlardan hər biri mülkiyyətçiyə üçüncü şəxslərlə hüquq münasibətlərində konkret imkanları təmin edir.
Bazar iqtisadiyyatı dövründə xüsusi mülkiyyətin obyektləri dairəsinin müəyyənləşməsinə münasibət qanunvericilik tərəfindən əhəmiyyətli dərəcədə dəyişilmişdir. Əvvəllər qüvvədə olan qanunvericiliyə görə vətəndaşların mülkiyyəti özünün istehlak təyinatı ilə, əsasən istehlak məhsullarına şamil edilirdi. O ki, qaldı, istehsal vasitələrinə, onda, vətəndaş yalnız xırda istehsal vasitələrinin sahibi ola bilərdi və bu zaman muzdlu əməkdən istifadə qadağan olunurdu. İndi vəziyyət tamam dəyişmişdir. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanundan başlayaraq digər normativ aktlara qədər xüsusi mülkiyyətin inkişafını ləngidən bütün maneələr aradan qaldırılmışdır.Lakin xüsusi mülkiyyət hüququnun anlayış tutumu nə qədər böyük olsa da onun öz sərhədləri vardır. Bu, mülki-hüquqi tənzimetmənin yol verilən və sərbəstlik prinsiplərindən irəli gəlir.
Birinci prinsip o deməkdir ki, vətəndaş mülkiyyət hüququnu həyata keçirərkən qanunla qadağan olunmayan hər şeyə yol verilir.
Sərbəstlik prinsipi isə vətəndaşın mülkiyyət hüququnu həyata keçirməsi və ya keçirməməsini öz mülahizəsinə görə həll etməsi, hüququn həyata keçirilməsi məqsədini və vasitələrini özünün seçməsi deməkdir.Subyektiv mülkiyyət hüququnun, onun həyata keçirilməsinin məqsəd və vasitələrinin sərhədlərinin genişləndirilməsi, heç də hər şeyə yol verilməsi demək deyildir.
Vətəndaşların mülkiyyət hüququnun obyektlərindən, əsasən istehlak təyinatı üzrə istifadə olunduğu dövrlərdə, mülkiyyət hüququnun həyata keçirilməsində ön plana mülkiyyətçinin sahiblik və istifadə səlahiyyətləri çəkilirdi. Mülkiyyətçi sərəncam hüququnun həyata keçirilməsinə çox nadir hallarda müraciət edirdi. Lakin sonralar bazar iqtisadiyyatına keçidlə əlaqədar mülkiyyətçinin bu vəziyyətində köklü dəyişikliklər baş verdi və o, sərəncam səlahiyyətlərindən daha çox istifadə etməyə başladı. Belə ki, çox vaxt məhsul istehsalı və ya onun əldə edilməsi gəlir əldə etmək məqsədilə bazarda satılmaq üçün nəzərdə tutulur. Mülkiyyət hüququnun obyektlərinin dövriyyə qabiliyyəti bazar iqtisadiyyatına uyğun olaraq daim yüksəlmiş olur.
Mülki qanunvericilik xüsusi mülkiyyət hüququnun obyektləri üçün ümumi və xüsusi rejim müəyyən etmişdir. Əgər qanunda və ya digər normativ aktlarda vətəndaşların xüsusi mülkiyyətində olan obyektlər üçün xüsusi rejim nəzərdə tutulmamışdırsa, belə obyektlər ümumi rejim altına düşmüş olur.
Hər şeydən əvvəl daşınmaz əmlak xüsusi rejimdə olan əmlakdır (torpaq sahələri, yaşayış evləri, çoxillik əkmələr və s.). Göstərilən əmlaka əşya hüquqları, habelə onlar üzərində bağlanan əqdlər dövlət qeydiyyatından keçməlidir.
Torpaq sahələrinin əldə edilməsi üçün də xüsusi qaydalar nəzərdə tutulur. Məsələn, torpaq sahəsinin alınması üçün onun ayrılması qeydiyyatdan keçir. Həmin torpaqda ev tikmək üçün torpağın ayrılması və qeydiyyata alınmasından başqa, evin tikilməsi üçün layihənin təsdiqi, evin tikintisinə razılığın alınması, bir sıra yerquruluşu qaydalarına, sanitar, ekoloji qaydalara və normalara əməl olunması tələb olunur. Qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlak əldə edəndən sonra mülkiyyətçi bir sıra mükəlləfiyyətlər yerinə yetirməli olur.
Onlardan biri əmlaka görə vergidir. Xüsusi hüquqi rejim daşınmaz hesab olunmayan əmlaka da aid oluna bilər. Nəqliyyat vasitələri, odlu silah əldəetmə və s. obyektlər belə xüsusi rejimdə ola bilər. Xüsusi rejim belə obyektlərin qeydiyyatı və saxlanması, təhlükəsizlik qaydalarının gözlənilməsində və s. ifadə olunur.
Mülkiyyət forması kimi bələdiyyə mülkiyyətinin dövlət mülkiyyətindən ayrılması ilk dəfə «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunla müəyyən olunmuşdur. Sonralar Azərbaycan Respublikasının yeni Konstitusiyasında (13-cü maddə) mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti təsbit olunmuşdur.
Bələdiyyə mülkiyyətinin formalaşmasında yuxarıda göstərilən qanunvericilik aktlarından başqa «Bələdiyyələrin statusu haqqında» 2 iyul 1999-cu il tarixli respublika Qanunu, «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında», «Bələdiyyələrin əraziləri və torpaqları haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» 7 dekabr 1999-cu il respublika qanunları, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», 27 dekabr 2001-ci il respublika Qanunu və s. qanunlar, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsi mühüm rol oynamışdır.Mülki Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır:

  • qanunvericiliyə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;

  • bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak;

  • fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak;

  • varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak;

  • bələdiyyələrə vəsiyyət edilən əmlak;

  • qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak.

Bələdiyyələr öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.Bələdiyyələr haqqında respublika qanunvericiliyinə müvafiq olaraq bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
Bələdiyyələr, bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.Qanunvericiliyə əsasən, bələdiyyələr, bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərlə müəyyənləşdirə bilərlər.
Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur.Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsi olub, dövlət büdcəsinin tərkib hissəsi deyil.
Bələdiyyələr haqqında respublika qanunvericiliyinə uyğun olaraq, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; onları ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və respublika vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ehtiyac yarandıqda respublikanın torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onları geri almaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək və respublika qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdirlər.
Bələdiyyələrin mülkiyyətində, həmçinin, su təsərrüfatı obyektləri də ola bilər. Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.
Su təsərrüfatı obyektləri üzərində bələdiyyə mülkiyyəti aşağıdakı şərtlərlə yaradıla bilər:
1) qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə;
2) bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla;
3) hüquqi və fiziki şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini əqdlər əsasında bələdiyyə mülkiyyətinə almaqla;
4) qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərlə.
Bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektlərindən, əsasən əhalinin həyat və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq, onları içməli su ilə təchiz etmək, təsərrüfat-məişət ehtiyaclarını ödəmək, habelə kütləvi istirahət (rekreasiya), müalicə, turizm, idman və başqa məqsədlər üçün istifadə edilir.


Yüklə 87,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin