3. Ümumi mülkiyyət hüququ obyektiv və subyektiv/mənalərda Ümumi mülkiyyət həm obyektiv mənaya, həm də subyektiv mənaya malikdir. Hüquq ədəbiyyatında müəlliflərdən bəzisi belə hesab edir ki, ümumi mülkiyyət hüququ yalnız obyektiv mənada işlədilə bilər. Subyektiv mənada ümumi mülkiyyət hüququnun tətbiq edilməsi istisna edilir, çünki subyektiv ümumi mülkiyyət hüququ mövcud deyil. Subyektiv ümumi mülkiyyət hüququnun mövcud olmaması barədə fikir söyləyən müəlliflərin mövqeyi ilə çətin razılaşmaq olar. Ona görə ki, bu mövqe həqiqətdən uzaqdır. Belə ki, ümumi mülkiyyət hüququ bir neçə şəxsin əmlaka (əşyaya) və ya əmlakın məcmusuna subyektiv hüququdur6. Bundan əlavə, hüququn həm obyektiv, həm də subyektiv mənada işlədilməsi qəbul edilmişdir. Bu bölgü hələ neçə əsr bundan əvvəl Roma hüququna məlum idi. Hüququn iki mənada işlədilməsinə müasir dövrdə Avropa kontinenti və ABŞ hüquq sistemlərində rast gəlmək olur. Bu konsepsiya xüsusən keçən əsrdə alman hüququnda daha geniş şəkildə əsaslandırılmışdır. Inqilabaqədərki rus hüquqşünasları da bu məsələyə toxunmuşdular. Obyektiv mənada ümumi mülkiyyət hüququ ümumi mülkiyyət hüququ institutu ilə əhatə olunur. Bu aspektdən ümumi mülkiyyət hüququ vacib hüquq institutlarından biri kimi, tərkib hissəsi olmaqla mülki hüquqa daxil olur. Obyektiv mənada ümumi mülkiyyət hüququ dedikdə, eyni bir əmlaka iki və ya daha artıq şəxsin sahiblik etməsi, əmlakdan istifadə etməsi və onun üzərində sərəncam verməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən, qaydaya salan və qoruyan hüquq normalarının sistemi başa düşülür. MM-in 213-225-ci maddələrində (10-cu fəsil, §1) ifadə edilən həmin normaların məcmusu ümumi mülkiyyət hüququ institutunu yaradır. Subyektiv mənada ümumi mülkiyyət hüququ subyektiv ümumi mülkiy yət hüququ anlayışı ilə əhatə olunur. Subyektiv ümumi mülkiyyət hüququ dedikdə, iki və ya daha artıq şəxsin onlara məxsus olan eyni ümumi əmlaka (əşyaya) öz istədiyi kimi, öz mülahizəsinə görə sahib olmaq, əmlakdan istifadə etmək və onun üzərində sərəncam verməkdən ibarət olan hüququ başa düşülür. Subyektiv mənada ümumi mülkiyyət hüququ da müəyyən məzmuna malikdir ki, məlum «üçlük» səlahiyyəti bu hüququn məzmununu təşkil edir. Şəxslər ümumi əmlaka qanunda və həmin şəxslər arasında bağlanan müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə mülkiyyət hüququna malik olurlar.