Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir



Yüklə 280,81 Kb.
səhifə5/13
tarix02.01.2022
ölçüsü280,81 Kb.
#45251
1   2   3   4   5   6   7   8   9   ...   13
uçurumun bir addımlığında dəyişiklik haamısı

Nə yəni nazirlərin ya da imkanlı şəxslərin övladları qala-qala mən-Kürşad sadəcə universitet və magistr bitirdiyimə görə onların yerini tutacağam? Məncə absurd bir düşüncədir.

Bu düşüncələrimdən qəfil ayrılıb gözlərim ani olaraq bayırda qurulmuş rəflərin lap aşağı küncündəki yerdə bir kitaba gözüm sataşdı. Bu ki o idi dedim: uzun zamandır axtardığım kitab-“Serenad”. Cəld əyilib kitabı götürdüm və niyə belə dəyərsiz qaldığını, lap aşağılarda özünə istənilmədən bir yuva seçildiyini düşündüm. Və ani olaraq qəhər məni boğdu. Ayağa qalxıb satıcı xanıma yaxınlaşdım. Hələ də Mələklə qızğın bir söhbət etdiyini görürdüm.

-Nə edirsən həyatım? Yenə bir kitab tapdın?

-İnanmayacaqsan amma çoxdandır axtarırdım. Nəhayət tapdım.

-“Serenad”. Biz də o kitab haradadır deyə hər yeri ələk vələk eləmişdik-deyə satıcı sevinclə bildirdi.

-Tapa bilmərsiniz əlbəttə ki, çünki onu ən aşağıda toz basmış bir vəziyyət də tapdım.

Xanımın siması pərtlik ya da qəzəbdənmi bilmirəm qırmızıya döndü və əslində hər an partlamağa hazır olan bir vulkanı xatırladırdı. Lakin heç nə demədən elə belə də olmalı imiş kimi sadəcə çevrilib getdi. Kitabı qeyd edib digər kitabın yanına paketə qoyaraq bizə təhvil verdi.

-Nə qədər tutdu?

-29.90.

Rəqəmi duyanda gözüm doğrudan da kəllə-çarxa çıxdı. Üzərimdə bu qədər pul yox idi və neyləcəyimi bilmirdim ki...

-Bunlardan birini mən sənə hədiyyə edəcəyəm, qoy birini özüm ödəyim-dedi-Sevdiyim qadın-Mələyim.

Sadəcə təəccübdən donub qalmışdım, ancaq indiki vəziyyətdə bundan yaxşı edəcək bir təklifim olmadığından məhz elə razılaşıb pulları ödəyib çıxdıq.

Yolda uzun müddət ölü səssizlik içində bir-birimizlə danışmadan gedirdik. Bir yandan utanmağım, digər bir yandan hansı sözləri seçib deməyimdəki qərarsızlığım məni sanki çıxılmaz bir labirintə sürükləyirdi. Nəhayət ölü sükut pozuldu.

-Çoxdandır sənə hədiyyə almaq istəyirdim doğum gününə görə. O zaman alınmamışdı, amma bax indi oldu. Artıq bu qədər düşünmə. Həm kitabı görüncə bu qədər sevinirdin yoxsa durduq yerdə satıcıya əsəbləşməzdin elə deyil?

-Durduq yerdə deyildi. Sadəcə kitablara niyə bu qədər laqeyd davrandıqlarını bilmirəm. Onlar bizim, bizim həyatımızı yazanlardan bir parçadırlar, əmanətdirlər. Nə olsun ki, danışmayır, yeməyir, içməyirlər, ancaq bütün bunların hamısını öyrədirlər. Axı bundan gözəl bir şey nə var ki dünyada?

Həddindən artıq əsəbimin korlandığını hiss etsəm də nədənsə özlüyümdə bunun qarşısını almaq istəmirdim və bu haqsızlığı bütün dünyaya yaymaq istəyirdim, ancaq bəlkə də yanlış bir kişinin qarşısında.

-Sənin üstünə səsimi qaldırdığıma görə bağışla, sadəcə olaraq bir az əsəbləşdim.

-Bir az?


-Yaxşı, qəbul edirəm. Çox əsəbləşdim, çünki kitablarla elə rəftar edilməsini sevmirəm və kimdə görsəm eyni şey baş verə bilər. Ancaq bunu sənin yanında sənin heç bir günahın olmadan sənin üstünə səsimi qaldırmağım düzgün deyildi və buna görə doğrudan məni bağışla.

-Heç nə olmaz. Mən ki, səni tanıyıram və necə bir insan olduğunu da bilirəm.

-Bir də az qalsın bu qarmaqarışıqlıqda yadımdan çıxmışdı. Kitaba görə sənə necə təşəkkür edəcəyimi bilmirəm.

-Sadəcə tez bir zamanda oxuyub bitirdikdən sonra mənə ver.

İkimizdə bir-birimizə baxıb güldük və bu gülüşün altında məhəbbət, xoşbəxtlik, hörmət və dəyər yatırdı. Biz-insanoğlunun yoxluğundan şikayət etdiyi ən çox şeylər...

XII


-Hər şey necə də gözəldir. Lap qibtə elədim Kürşad.

-Hər şey göründüyü kimi deyil amma.

-Məsələn nə?

Yenə susdum. Nələrisə aydın izah etmək istəyən zaman onu necə edəcəyimi heç bilmirəm. Sadəcə susuram. Bəlkə qarşımdakı insan bu susqunluğumu anlar deyə düşünürəm. Amma düşünürəm də mən nələrisə danışan zaman belə anlayan birilərini keç dinləyən biriləri olmadıqdan sonra susan zaman məni kimlərinsə anlamağı xəyaldan başqa bir şey deyildir.

-Hər bir cütlüyün arasında olan şeylər-deyə bildim ancaq

-Mübahisələr anladım. Amma daha da açmalısan mənə Kürşad.

Daha aydın açsam əgər o zaman öz sirrimi də paylaşmış olacağam. Amma buna hazıram mı bilmirəm. Ən yaxşısı zamana buraxmaq idi. Bəlkə o zaman bir şeylər düşünüb bir çıxış yolu taparamdır.

-Mətanət xanım, bəlkə bu haqda söhbətimiz gələn görüşə qalsın?

-Düzü seansın vaxtından keçib ancaq səndən sonra pasientim olmadığı üçün düşündüm ki danışa bilərik.

-Yorğunam bir az. Əgər mümkünsə gələn seans zamanı danışarıq. Həm hələ bir neçə seans daha var elə deyil? İstəsəm də tərk eliyə bilmərəm sizi-dedim gülümsəyərək. Bütün ikna qabiliyyətimdən istifadə elədim və deyəsən uğurlu da oldu.

-Yaxşı əgər elə deyirsənsə, səni də yormaq istəmirəm. Anlayıram çətindir. O zaman gələn seans görüşəndə danışarıq. Bilirsən nə zaman gələcəyini?

-Həftənin ilk günü, yanlış xatırlamıramsa.

-Bazar ertəsi burada olmayacağam onun üçün çərşənbə axşamına qeyd eləmişəm. Uyğundur sənə də?

-Uyğundur.

-Yaxşı onda Kürşad. Gələn seansadək deyim. Özünə yaxşı bax.

-Çox sağ olun. Siz də.

Klinikadan çıxan zaman düşündüyüm yeganə şey növbəti görüş barəsində idi. Özüm haqqında gerçəyi söyləmək bunu necə bacaracaqdım. Bu dünyada yalnız Mələk bunu bilirdi. İndi isə başqa bir yad adam biləcəkdi. Başıma gələnləri həyatımın müəyyən hissəsini danışdığım üçün mənə doğma sayılmalı deyildi. Xeyr. Bir-birini tanımaq bir-birinə güvənib sirdaş olmaq bu deyildi. Mən uzun illər dostluq etdiyim insanların da bir göz qırpımında necə sildiklərini də görmüşəm. Onun üçün artıq belə şeylərə inanmaq mənə absurd bir şey kimi gəlirdi. Ən mühüm olanı da bütün bunları dedikdən sonra mənə qarşı yaranan müsbət rəyin silinə bilməsi idi. Ən azından mən onun yerində olsaydım elə edərdim.

Bilmirəm, bilmirəm ki hansı seçimi edim. Bir yandan yalan söyləyib buradan çıxış biletimi riskə atmamaq digər yandan isə hər şeyi danışmışkən bunu da danışıb nə olacaqsa olsun deyib hər şeyi danışmaqdır. Birinci yolu seçmək ən rahat yoldur nə risk var nə bir şey. Ancaq bununla özümə yalan söyləmiş olacağam və digər yandan mənə hər hansı bir məsləhət bir seçim yolu göstərən birindən məhrum olacağam. Yenə iki yol və yenə qərarsızlıq. İndi bunları düşünəcək nə halım var nə də ağlım. Yorğunam sadəcə. Yaxşıca yatıb dincəlməliyəm. Üstəlik qarşıda üç gün var. Hələ ki zaman var demək ki hələ ki şans var.

Qərar vermək üçün zamanımın olduğunu düşünürdüm amma əslində beynimdə elə ilk andaca qərarımı verdiyimi xatırladım. Hər şeyi sona saxlayacaqdım, bunu nə qədər bacara biləcəkdim bir fikrim yox idi ancaq çalışacaqdım. Hələlik növbəti seans zamanı uşaqlığımdan bir az danışaram tək qalmağımdan danışaram nə etmişəm nə iş görmüşəm. Zaman qazanaram özüm üçün. Gələn həftəyə üç seans daha desək bu etsə altı. Bitər yəqin ki razı salaram onu. Sonra da azad olaram. O zamana qədər yenə gizlədərəm bir şeylər demərəm. Bacardığım qədəri ilə. İndidən dərd eləməyim gərək. Hələ bir neçə gün qarşımda var. Həmən gün gələr bax onda fikirləşərəm. Tələsmədən fikir etmədən.

Ən yaxşısı bu müddət ərzində bir az dincəlim. Bəlkə şəhərdən kənara çıxım? Yox ona da izin vermirlər. Evdə oturum onda. Həm ən yaxşısı öz evindir. Rahat olursan sıxılmırsan xoşbəxt olursan həm də. Nə qədər bacara bilirəmsə. Heç bacarmadığımı xatırladım. Üzüldüm. Bundan sonra olaram dedim öz-özümə. Necə olacağını bilmədən. Xəyallara daldım. Yenidən. Orada xoşbəxt ola biləcəkdim çünki. Bu günləri məhz orada qalım. Öz xəyal dünyamla baş-başa.

Gecədən bir xeyli keçmiş yanan tək lampanın işığı altında qara-qara düşünərkən həyatı sorğulamağa başlayıram. Əslində sorğulamaqdan daha çox heç nəyi bilməyən gördüyü hər şeyə bu nədir deyən uşaq ikən yanaşıram. Tək fərqi cavabların olmamasıdır. Bir şeyləri söyləyəcək bir şeyləri açıqlayacaq insanların olmaması. Mən isə həmən körpə tək durmadan suallar yağdırıram beynimdə gah o yana gah bu yana. Anlamı olmadığını bilirəm çünki bunların cavabını bilmədən bir işə yarayacaqlarını düşünmürəm. Amma digər yandan da bir şeyləri dərk etmək üçün belə bir şeyləri sorğulamaq qabiliyyətimin olması ya da ən qaba halı ilə beynimin isbat olunduğunu bilərək düşünmək bacarığımın olması məncə təqdirə layiq bir şeydir. Digərlərindən fərqli olaraq kor-koranə inanmıram ən azından deyə düşündüm. Eşitdiyim hər şeyə gördüklərimə görməmi istədikləri şeylərə.

Amma zamanında inandım. Çünki zamanında hər kəsi özüm kimi gördüm. Dürüst sadiq və saf. Ancaq onlar elə olmağı bacarmadılar. Onlar fərqli olmağı seçdilər. Əslində digər milyonlar kimi olmağı seçdilər. Fərqliliklər içində yaşadıqları eynilik. İndi düşünürəm də zamanında belə olmağıma səbəb nə olmuşdu ki? Yaradılışım? Xarakterim? Axı nə? Bir insan necə mənim kimi ola bilər və bir insan necə mənim kimi birinə qarşı belə edər? Çox mu mən dedim? Amma məsələ mən deyiləm. Məsələ bizik. Bizim hamımız. Həmişə qibtə etdiyim o keçmiş günlər. Niyə o günlərdəki kimi olmuruq? Çox mu dəyişildik? Çox mu üzüldük yoxsa? Hamımızı eyni bir adam mı üzdü? İndiki bu kinimiz bu əsəbimiz kimə? Yenə özümüzə deyil mi? Yetmədi isə demək hələ də davam etdiririk. Məncə keçmişi bu qədər düşünməyim keçmişdə indikindən daha çox xoşbəxt olmağımın nəticəsidir. Gerçəkdə də xoşbəxt olmağıma çox səbəb var idi.

Yalnızlığı sevirəm mi sevirəm ancaq xoşbəxt olmağı daha çox. Mənim axtardığım əslində bu deyil mənim axtardığım həyatımın geri qalan zamanında sevdiyim insanlarla birgə yaşlanmaq idi. Ola bilər ki yemək almaq üçün pulumuz olmasın ola bilər ki heç zaman bir yerlərə getməyək amma birlikdə olaq. Məsələ sevgi deyil məsələ hörmət də deyil. Məsələ yaşamdır. Yaşamaq. Boş-boşuna nəfəs alıb verməklə tanımlanmayan bir anlam. Həmən insanların yanında olduğun müddətcə yaşadığını anlarsan. Yoxsa bu qədər hay-küyün bütün bunların nə kimi bir mənası var? Heç bir. Məhz ona görə mən indi yaşamıram. Sadəcə hava alıram. Həyətə çıxmış məni irəlidə bir yerlərdə özüm bacarmasam əgər bir gün öldürəcəyini bildiyim siqaretimlə baş-başa eşq yaşarkən. Bu yaşamaq deyildir. Bu nəfəs almaqdır. Öləcəyin günü bilmədən o ana doğru getməkdir. Heç bir istək arzu məqsəd və ümidin olmadan. Sona doğru addımlamaq. Əslində özün də bilmədən uçurumun düz bir addımlığındasan. Zamanında buralara qədər düşünmədiyin kimi indi buradan geriyə də getməyi yenidən bir şeylərə cəhd edib nələrisə dəyişərək həyatını başdan qurmağı qurmasan belə yaşanıla biləcək bir hala gətirəcəyini xəyal belə etmirsən. Çünki edə bilmirsən. Edəcək nə gücün var nə bir həvəsin. Həvəsdən daha çox istəyin. Çünki burada bu yerdə uçurumdan aşağı baxan zaman onun səni necə çəkdiyini necə istədiyini görürsən. Gördükcə anlayırsan hər şeyin mütləq son tapacağını hər şeyin mütləq bir gün bitəcəyini. Məhz buna görə yenidən savaşmağın yenidən var gücünlə bir şeylər uğrunda mübarizə aparmağın mənasız olacağını.

Günlərdən şənbə mən yenə qara-qara düşünürəm. Gecədən bir xeyli keçib. Ölü səssizlik qaranlıq və bir az da yalqızlıq qoxur ev. Ayaqüstə yenə həmişəki tək xəyalımda canlandırdığım ssenarilər üzrə dialoqlar qurur danışır və idarə edirəm. Bir irəli, bir geri. Bir keçmiş, bir gələcək. Sonra geri dönürəm masanın arxasına keçirəm. Oturacağı çəkib əyləşirəm. Masanın üstü dağınıq kağızlarla dolu.

Bəziləri yerə dağılmış. Bir-birilərindən xəbərsiz, bir-birilərindən ayrı kişilərə bənzəyir sanki. Bəzilərində yazacaq bir sətir tapmaq mümkün olmur. Bəziləri isə bir iki cümlə ilə boynu bükülmüş kənara atılıb. Amma hamısının ortaq bir cəhəti vardır əlbət. Eyni bir kişinin beynindən onun xəyal dünyasından çıxıblar. Çox qarışıq çox üzlüdürlər amma hamısı bir amala xidmət edir desək yanılmarıq. Azad olmağa çalışmaq. Yaşadığı hər saniyə onu əsir alan fikirləri xəyalları problemləri beynindən azad edərək bir yerlərə yazmaq lazımdır çünki. Əgər bunlar olmasaydı nə olacağını düşünmək belə istəmirəm bəzən. Yaraşdırmıram çünki. Yaraşmaz ona.

Yenə bir şeylər qaralayır durur yuxarı tavana doğru baxır az öncə ağlında olan amma indi unutduğu şeyi xatırlamaq istəyir. Həmişə etdiyi hərəkəti edir. Əlini yumruq şəklində sıxır. Sağ əlini. Gözlərini bərk-bərk yumur. Yadına salmağa çalışır gəzinir bütün beynin hissələrində. Bunu da ondan öyrənmişdi. Bir çox şeyi öyrətmişdi ona. Ən önəmlisini bilirdi amma unutmaq istəyirdi. Yox istəmirdi. Sadəcə unutmasa əzab verəcəkdi. Yox əzabdan da qorxmurdu. Onu yenidən yanında görmək istəyirdi sadəcə. Ona görə unutmaq ən ideal fikir idi amma çarəsiz idi. Çünki bunu edəcək gücü yox idi.

Və oldu. Xatırladı. Yenidən kağızların içinə gömülür. Bəzi yazdığı amma yarım qalan kağızları tapır nəzərdən keçirir. Axtardığını tapmayanları bu səfər daha da uzağa tullayır. Sonunda tapır istədiyini. Öncəki yazdıqlarının üstündən xətlər çəkir bəzilərinin. Qaralayır. Sonra yenilərini əlavə edir. Durur yenidən davam edir. Ən son əlinə götürərək oturacağın arxasına yaslanır və uzaqdan üzündə qəribə bir gülümsəmə ilə izləyir. Və ilk dəfə bəlkə də həyatında bax indi istədiyim kimi oldu deyir.

Qələmi kağızın üzərinə qoyub ayağa durur. Mətbəxə keçir qazın altını açır və yandırır. Çaydanı üzərinə qoyub geriyə pəncərənin yanına çəkilir. Sanki oralarda gördüyü bir şey varmış kimi diqqətlə pəncərədən kənara baxır. Geri dönür çaydanın altına uzanır paçkadan götürdüyü siqaret ağzında uzadaraq yandırır. Ən sevdiyi şeylərdən hər zaman bir örnək götürərdi çünki. Bunu da mütləq sevdiyi bir yerdə görmüşdür.

Və həmən gün ilk dəfə sevincdən keyif ilə bir siqaret çəkir. Çünki artıq tamamlanmışdı. Ssenari hazır idi. Geriyə sadəcə içini doldurmaq qalırdı.

Ayağa durdum yataq otağıma keçib kitab rəfinin qarşısına gəldim. Yazdığım məktublar gözümə sataşdı. Orada kitab rəfimin ən üst yerində idi. Digər kağızlar sənədlərin bir kənarında qatlanmış qalaq-qalaq yığılmış. Ancaq üç dənəsi ayrı yığılmışdı o zamanlar bunu görməmişdim heç. Götürdüm həmən məktubları gecənin üçündə əlimdə yandıran. Çıxdım həyətə öncəsində bir siqaret yandırıb tüstüsünü içimə çəkdim dərindən nəfəs aldım. Açdım ilk məktubu oxumağa başladım. Yarısına çatanda gözlərim doldu bükdüm geri qoydum digərlərinin yanına. Sonra bir tüstü daha bir tüstü daha siqaret bitdi. Arxa-arxaya çox çəkən deyiləmdir. Ya da gündə bir-iki paçka bitirənlərdən deyiləmdir. Amma ürəyim sözümə baxmırdı. Eynilə uzun zaman öncə səninlə tanış olan zaman və bu günədək sənə olan hislərimdə ağlımdan ayrı sərbəst düşünüb məni bu hala saldığı kimi.

İndi isə böyük bir hicran və cəfanın yaratdığı çovğunu toplamışdı içinə. Bir o yana, bir bu yana gedirdi. Məhv edirdi içdən-içə məni yeyirdi bütün qəlbimi hislərimi beynimi həyatımı və ən əsas da səni. Yox edirdi məhvə sürükləyirdi. İstəyirdi bitsin hər şey orada istəyirdi yox olasan həyatımdan qəlbimdən beynimdən. Amma bir yandan da unutduğu bir şey vardı. Həm də məni məhv edirdi. Bir siqaret daha yandırdım. İstədim digərlərini oxuyub bəlkə gücüm çatar deyə amma halsız idim ayaqda dura bilməyə belə gücüm yox idi. Yenidən oxusam yıxılardım oturub ağlardım bir uşaq kimi. Sonra bir daha kim məni əlimdən tutub qaldıracaq ki, kim məni həyata qarşı olan bu mübarizəmdə dəstək çıxıb yanımda olacaq ki deyə düşündüm. Oxumadım. Hamısını topladım. Nar ağacının altında. Yandırdım alışqanı və hamısını külə çevirdim. Bütün yaşanmışlar bütün hislərim bütün arzularım xəyallarım planlarım. Ona dair nəyim var idisə hamısı orada idi. Hər şeyi yazmışdım ona dair. İlk gündən ta ki bunları hədiyyə olaraq sürpriz kimi verəcəyim günə qədər. Gəl gör ki həmən günü tərk etməsəydi məni.

Günlərdən bazar mən isə yalnızlığın başı ucunda oturmuş həmişə olduğu kimi düşüncəli bir şəkildə həyatımın geri qalanının necə olacağını fikirləşirdim.

Yenidən eyni şeyləri düşünmək və eyni şeylərdən əzab duymağın verdiyi acı bir hiss ilə qəlbimə bir ağırlıq çökdü. Nə etsəm nə söyləsəm ata bilərəm deyə düşünməyə başladım.

Əlim qələmə getdi çünki yazmaqdan başqa bunu həll edəcək bir yolun olmadığını çox yaxşı bilirdim.

Əslində dərdimi anlata biləcək biri olsa söyləsəm ona içimdən gələn hər şeyi anlatsam hamının bixəbər olduğu  məni bu hallara salan içimdəki o səssiz boranları sonra yaslasam başımı sinəsinə heç bir şey söyləmədən sussam gözlərimlə ayın həyatıma bənzəyən bu qaranlığa işıq saçdığını izləsəm. Qalsaq bir müddət eləcə. Sakitlik və qaranlıqda yox olsaq hər şeydən kaş görünməz olsaq. Sonra gözlərimi yumsam dərindən nəfəs alıb hər şeyi bir göz qırpımında heçə sayıb içimdən gəldiyi qədər doyunca ağlasam. Gözyaşlarım sel olsa amma səssiz heç kimin duymayacağı kimi heç kimi narahat etməyəcək qədər. Tək sənin yanında ağlaya bilərəm çünki başqa yerlər mənə yad başqa yerlər mənə əzab.

Ah bir bilsən nə yaşadığımı nələr çəkdiyimi ağlımı itirəcək qədər yalnız olduğumu. Öləcəyəm deyə düşünürəm bəzən bu yalnızlıqdan gələcəklər məni boğacaqlar nəfəssiz saxlayacaqlar deyə hiss edirəm. Onsuzda boğuluram sənsiz keçən hər anımda amma bu sənsizlik bu qədər əzab vermişkən məni öldürən şey yenidən bir ümidin olduğuna özümü inandırmağımdı.

Sənə əsla yalan söyləməzdim bax yenə doğruları söylərəm amma özümə özü-özümə nə yalanlar deyirəm həyatım bahasına. Aldadaraq yaşamağa çalışıram bu həyatı amma bir yandan bu yalanların məni öldürəcəyini bilmədən həm də.

Onsuzda məni gördüklərini sanmam ki birilərinin. Onsuzda kim bu dünyada kimi görər ki? Baxar ancaq bir daha baxar bəlkə şansın varsa sonra keçib gedər. Həyat kimi. Yaşam kimi eynilə bir dəfə doğulanda baxar sənə bir də öləndə sənin arxandan ayıb olmasın deyə baxar məncə.

Düzü hələ ölməmişəm bəlkə heç mən ölüncə arxamdan belə baxmaz amma bir ümid yenə də. Bəlkə bu dəfə digər bütün insanlar kimi bir şeyi tam olar həyatımda. Ya da qoy ölümümdə fərqli olsun hər kəsdən. Nə həyat baxsın arxamca nə də heç kim. Sən baxmadıqdan sonra həyatın da bir anlamı yox insanların da.

Hər şeyi bir kənara qoyuram. Qələmi kağızları qəlbimi və beynimi. Onsuzda bunları yazıram onsuzda kimsə nə zamansa bunları görəcək oxuyacaq və biləcək mənə dair hər şeyi. Ona görə artıq bir qorxum yoxdur. Hər şeyimi rahatlıqla ona söyləyəcəyəm. Nə olacağını necə olacağını düşünmədən dərd etmədən. Bir səfərində də həyatımdakı hər hansı bir şeyi nələr baş verər ki etsəm deyə düşünmədən keçirmək istəyirəm. Və bilirəm bunu edəcəyəm. Həmən günün gəlməyini dörd-gözlə gözləyirəm.

XIII
-Yenidən buraya gəlməyin necə bir hisdir?

-Doğma-dedim gülərək. Eyni səmimiyyətlə qarşılıq verdi.

-Belə düşünməyin məni sevindirdi. O zaman artıq heç nəyi gizlətməyəcəksən məndən.

Durdum. Qəfil belə söyləməsi qəribə təəssürat yaratdı məndə.

-Sizdən bir şey gizlətməmişəm.

-O mənada demirəm Kürşad. İnanıram sənə təbii ki. Hekayəmiz bitməyib axı onun üçün söylədim-dedi-kağızlara gömüldü. Bir şeylər axtarırdı. Tapdı. Əlinə aldı baxdı.

-Kürşad sən indi haradasa oxuyurdun?

-Bəli. Baxdığınız o kağızda yazılmayıb ki?

-Ad, soy ad, doğum tarixi. Sadəcə yaşına görə sual bu sualı verdim.

-Anladım Mətanət xanım. Bəli tələbəyəm. Artıq ilk ilimdir magistrda.

-Sağ salamat bitirmən diləyi ilə.

-Çox sağ olun.

-Bilmirəm nəyə görədi amma ən çox tələbəlik illərinin həsrətindəyəm. Başlıqda elə bilirsən ki bu dörd il çox uzun gələcək sənə, amma bir də gözünü açıb görürsən ki artıq bitirmisən. Sonra geriyə yalnızca xatirələr qalır. Sən zamanı geri qaytarmaq istəsən belə bunu bacara bilmirsən. Məhz həmən zaman anlayırsan dəyərini.

-İtirdiyimiz hər şey kimi-dedim-bir anlıq keçmişə qayıdıb əvvəlki günləri düşünərək mən ki dəyər verirdim mən ki qiymətini bilirdim ancaq yenə də itirdim. Bu haqsızlıq idi. Bu mənə edilməli deyildi. Buna layiq deyildim. Ətrafımdakı sevdiyim insanlara verdiyim dəyər yüksəkdə olmasına rəğmən əksinə onların mənə qarşı laqeyd davrandıqlarını düşünürdüm. Bunu düşünməyimə səbəb məni anlamaq istəməməkləri məni dinləmək istəməməkləri idi. Mən isə hər vəchlə bunları etməyə çalışırdım. İndi düşünürəm də bunları edərək və düşünərək əslində ən başlarda məğlub olmuşdum artıq. Həmişə ən çox sevən həmişə ən çox dəyər verən tərəf kim idisə o birinci tərk edilər o birinci üzülərdi. Mən də onların sırasıda ən başlarda idim.

-Kimi düşünürsən qara-qara?

-Heç kimi.

-Sənin mənə danışdığın o qız. Tələbə ikən tanış olmuşdunuz?

Ürəyim sürətlə döyünməyə başladı. Əllərim ayaqlarım tərləməyə başım gicillənməyə başladı. Oturduğuma rəğmən üzərimdə elə bir halsızlıq var idi ki hər an yıxıla bilərdim.

-Kürşad? Yaxşısan? Su gətirim sənə?

-Yaxşıyam Mətanət xanım, narahat olmayın. İsti oldusa bir az. Ondandır.

-İstəyirsən bir az özünə gəl sonar davam edək?

-Yox yaxşıyam. Davam edək.

-Yaxşı o zaman. Tələbə ikən tanış olmuşdunuz?

-Bəli. Eyni universitetdə oxuyurduq.

-Danışdıqlarından gördüyüm qədəri ilə ikiniz də bir-birinizi sevirdiniz. Keçən səfər danışmışdıq ki aranızda olan mübahisələrdən danışacayıq elə deyil?

-Elədir. Danışmışıqsa əməl edəcəyəm.

-Onda səni dinləyirəm. Buyur.

Artıq geri dönüşü yox idi. Özümdə qərar verdiyim kimi etməliydim danışmalı idim. Nə olacaqsa olacaqdır.

XIV

4 Noyabr 2017


Soyuq. Qaranlıq. Külək özünü hər vəchlə büruzə verməkdən çəkinmir şıltaqcasına elədiyi hər hərəkətində ədasıyla, nazıyla oynanılmaq istəyir. Şəhər bu oyunları oynayacaq kimi hazırdır küləklər var gücü ilə vıyıldayır, yağış buludlardan sanki topa-topa yerə sərir, ağaclar utanğaclıq hissi ilə soyunaraq küləyə tab gətirməyib üzərindəki bütün ağırlığı atarmışcasına yarpaqlarını yerə tökür. Baş verənlər içərisində ən dəhşət doğuran isə zülmət bir qaranlığın mövcudluğudur. Hansı ki öz istəyimizlə bunu aydınlatmağa qadir olsaq da, bəzən yorğun, bəzən isə bezgin olmağımız səy göstərməyimizə maneə törədir.

İndi qəlbimdə yaşananlar əslində bunların heç biri deyildi sadəcə öhdəsindən qalib gəldiyimi düşündüyüm boşluq idi. Yenidən və yenidən məni özünə çəkirdi. Eynən xatirələr kimi.

Saatın gecəyə doğru irəliləməsinə baxmayaraq həm qaranlıq üzərimə hücum çəkir, həm də insanlar topluluğu məni sıxmağa başlayırdı. Hamı gəzir, hamı danışır, hamı yaşadığı anın keyfini çıxarırdı. Yanında balaca uşaqlarla gəzən cavan ailələr, əl-ələ, qol-qola gəzən sevgililər, səs küyləri rəng qatan çılğın uşaqlar və sakitliyi, hüzuru, sevgini tam anlamıyla yaşayan yaşlılar.

Hamı eyni havanı ciyərlərinə çəkir, hamı eyni torpaqda gəzişir, eyni ulduzun altında addımlayırdı. Mən isə hər kəsdən fərqli bir halda beynim darmadağın bir vəziyyətdə, içərisi qan gölünə dönmüş bir şəkildə müharibədən çıxmış əsgərə bənzəyirdim.

Hələ də nələrin baş verdiyinin tam fərqində deyildim, tək bildiyim yaşamımın dəyişəcəyinə bəslədiyim bütün ümidlərin yenidən məhvə doğru getməsi idi. Və deyəsən indiyə qədər özümü aldadırmışam, indiyə qədər hər şeyin yaxşı olacağına ümid bəsləməyim əbəs yerə imiş. Heç nə qurduğum xəyalların gözəllikləri kimi gerçək olmayacaq, heç bir şey yolunda getməyərək həyatımı yenidən uçuruma doğru sürükləyəcəkdir. Mən isə orada–uçurumun bir addımlığında durub birinin əlimdən tutaraq oradan çəkəcəyini ümid etmişəm, anacaq boşuna imiş. O gün həyatımı sonlandırmaq barəsində qəti qərar verdiyim gün, bir anda yaşamımı dəyişəcək hislərin baş verməsi ümidləndirsə də, yenə də qəlbimin içində olan yalnızlıq hissinin verdiyi acı ilə həm ruhum, həm də beynim yorulur artıq. Yenidən məni öz ağuşuna almaqda təslim etməyə zorlamaqda idi.

Ah kaş ki, Mələyi gördüyüm ilk andakı kimi hər şeyi silib geridə buraxaraq yenidən savaşa biləcək güc və istəyi əldə edə bilsəm. Kaş indi bütün bunları yazmağın əvəzinə olan şeyləri dəyişə biləcək bir şeylər etsəm. Ancaq gücüm getdikcə tükənməkdə, səbrim azalmaqda, mən isə təslim olmaq yolunda addımlamaqdayam.

Mələyin gəlişi ilə yoluna düşən həyat düzənim, təkcə təhsil, iş, dostluqlar deyil də, önəmli olan qəlbimin, ruhumun sakitliyi, beynimin daha absurd, məni sadəcə saatlarla düşünməyə zorlayan heç bir xeyir vermədiyini düşündüyüm bütün həyatım ilə bağlı fikir və planlarımı həyata keçirməyə maneə olan bu xəstəliyi aradan qaldırmışdı. Amma indi nə oldu Kürşad? Yenidən onun təsiri altına düşdün, yenidən ona tabe olmaq məcburiyyətində qaldın? Yoxsa özümmü istədim bunu? Bilərəkdən uçuruma doğru addımlamağım şəxsi iradəmləmi oldu, yoxsa bu da beynimdə hər zaman düşündüyüm olmalı imişlərin içində idimi? Təslim olmaq və geri qalan həyatımı bununla, bunlarla keçirmək mənim qismətimmi? Bundan qaçmaq mümkün deyilmi? Qaçmaq istədin, Kürşad, uzaqda bir işıq yolu tapdın çox zəif işartı olsa belə. Tutdun ondan və o işığın səni olduğun qaranlıqdan azad edəcəyini diləyərək addımladın. Ümid etdin, səbr elədin, inandın, savaşdın. Amma bax, sonda nə oldu? O işıq səni yarı yolda qoymadı və Mələk indiyə qədər sənin yanında durdu. Bundan sonra da duracağını bilirsən. Bütün səbəbkar sənsən. Sən özün. Ruhun, mənliyin, qəlbin ya da beynin deyil. Sənin içində olan Kürşaddır bütün bunları edən. Səni sən olmaqdan çıxarıb məhvə doğru sürükləyən ikinci Kürşad.

Görəsən, əgər qorxmasam, söyləsəm bütün bunları ona anlayarmı yenə də, məni mən olduğum üçün qəbul edərmi? Onu necə sevdiyimi, ona necə inandığımı, güvəndiyimi, hörmət bəslədiyimi, dəyər verdiyimi bildiyi təqdirdə yanımda qalarmı? Tərk etməyə ən böyük bir səbəb olduğu təqdirdə onu sevməsinə rəğmən beynində və daxilində olan bir dəli ilə geri qalan ömrünü birgə keçirərmi? Yenə cavabını bilmədiyim, bəlkə də heç zaman bilməyəcəyim sualları verməklə əldə edəcəyim bir şeyin olmamasını bildiyim təqdirdə bu inad niyə, bu əzab niyə axı? Çoxmu sevirəm özümü acındırmaqdan, çox mu sevirəm özümə əzab verməkdən, özümə dünyanın ən yalnız, ən tənha insanı hissi verməkdən? Bilərək mi edirəm Kürşad? Axı, sən bilirsən bunları istəyərək etmədiyimi, bunun qarşısını almaq üçün əlimdən gələni etdiyimi, həyatımı sonlandırmaqdan vazgeçib yenidən bu dünyaya tutunacaq bir səbəbi axtarıb tapdığımı. Bu qədər insafsız, bu qədər vicdansız olmaq nəyinə yarayır axı?

Mən də hər kəs kimi olsam. Bəli hər kəs kimi. Onlar kimi hamılaşsam elə davransam. Hər şeyi hər kəsin vecinə olmadığını bildiyim təqdirdə gözlərinə soxsam, olmayan yaşamımı, çəkmədiyim həyat təamlarını daddığıma inandırsam, show, göstəriş arxasınca qaçsam yorulmadan, bəhanələr axtarsam məğlub olduğum hər bir savaşda və heç vaxt məğlub olmadığımı sadəcə mənim qalib olmaq istəmədiyim yalanını söyləsəm. Yalanlar, bolca, saysız-hesabsız yalanlar söyləsəm. Gördüyüm hər insan haqqında danışsam boş-boş, öz həyatımı yoluna qoymazkən öz həyatlarını yaşayanlara paxıllıq etsəm, min cür yalan, min cür bəhanələr gətirərək pisləsəm onları. Aldatsam, xəyanət etsəm dəfələrlə. Biri yetməz deyib acgözlük etsəm, müqəddəs hesab edilən dəyər və hisləri heçə sayıb öz mənafeyimi əks etdirdiyi üçün istədiyim şəklə soxsam, gerçəkləri söyləməkdən çəkinib hər şeyə bir don geyindirib öz xeyrimə, öz egom uğruna davransam insanlara.

Bunları etsəm, edə bilsəm əgər, o zaman mənim arxamca düşməkdən əl çəkəcəksənmi? Söylə bunu mənə. Həmən saniyə hamılaşacağam, həmən saniyə öz varlığımı unudub onlar kimi geyinməyə, onlar kimi danışıb davranmağa başlayacağam. Bunumu istəyirsən həqiqətən də? İndi sıra səndə, gerçəkləri söyləməyin vaxtıdır artıq. İndiyə qədər söyləmədiyin gerçəkləri söylə, heç olmasa həyatında ilk dəfə bunu et və mənə əzab verməkdən çəkin.

Bir cavab verməyini nə qədər istəsəm də, sənin bunu etməyəcəyini bildiyim üçün zamanında həyatıma son vermək istədim. Və o zaman nə sənin planlaşdırdığın, nə də mənim ağlımın ucundan keçməyən hadisə baş verdi.

Üzərindən bir il kimi bir zaman keçməsinə rəğmən hələ də həmən gün barədə gerçəkləri Mələyə söyləmədiyim hər an necə əzab çəkdiyimi bilirsənmi? Vicdanım sızıldayır. Hər dəfəsində gözlərinin içinə baxan zaman orada özümü gördüyüm təqdirdə, onun həyatıma girdiyi andakı gerçəkləri söyləməməyin verdiyi acıyı təxmin belə edə bilməzsən. Axı necə söyləyə bilərdim ki ona? Atamı ziyarət etdiyim xaricində heç bir şeyi bilmir. Geri döndükdən sonra ağlımda nə olduğu ilə bağlı, nələri etməyi düşündüyümü bilmir. Ona bunları necə söyləyim? Necə deyim ki, Mələk, mən beynimdə və qəlbimdə yaşayan bir dəli ilə indiyə qədər hökm sürmüşəm. Necə deyim ki, bütün bu dəliliyə səbəb mən uşaq ikən bir yaşım belə olmadan anamın məni tərk etməsi, sonrasında atamın ölümü səbəb olmuşdur. Necə deyim ki, bütün bunlara rəğmən nə anama, nə atama əsəbləşə bilirəm, nə də küsə bilirəm. Necə söyləyim ki, sənə Mələk, mən artıq yorulmuşdum, çəkdiyim həsrətlərdən, kədərlərdən, yalnızlıqdan, vurduymazlıqlardan və diqqətsizliklərdən. Bunca il heç kimlə yaranan bir dərdimi bölüşə bilmirdim, heç kimlə fərəhləndiyim anı yaşaya bilmirdim çünki, heç kimi yaxın buraxmırdım. Onlar olmadıqdan sonra heç kim onsuzda mənə yaxın durmur, hər kəs bir kənarda öz həyatlarına davam edirdi. Onlar da haqlı niyə yaxın dursunlar ki.

Universitetə qəbul olduğum zaman belə tək-tənha bir küncdə oturub içki içərək qeyd etmişdim. Əslində tənhalığımı və bədbəxtliyimi qeyd etmişdim desəm daha doğru olar. Mənim heç zaman sol yanım tam olmadı, buna imkan vermədi Tanrım. Həmişə bir parçam əskik gəzdim, dolandım və yaşadım.

Sən söylə, indi bütün bunlardan sonra həyatda tutunmağa bir səbəbi belə olmayan mən, nə etməli idim? Yenə gerçəkləşməyən xəyallarmı qurmalı idim? Yoxsa duamı etməli idim? Bunların heç birinin gerçəkləşməyəcəyini ikimiz də bildiyimiz təqdirdə bu yalan-dolan niyə? Bu aldatmaca niyə?

Əlbəttə haqlısandır, bəlkə də son çarə bu deyildi, ancaq ən yaxşı çarə bu idi. Bu zamana qədər necə dözüb tab gətirdiyimə belə heyrətlənmişkən indidən sonra hər şeyin düzələcəyini düşünmək mənim üçün sadəcə axmaqlıq olardı.

İlk öncələr bunlardan qurtulmaq üçün içki və siqaretə başladım. Gündəlik məvacibimdən qalan pulla bir list siqaret və 12 lik pivələr almağa başladım. Kiçik soyuducuma yerləşdirib hər gün 1 ya da 2 dənə içirdim. 1 həftədən bir isə siqaret paçkalarını qurtarmağa başladım. Zamanla bu 5, 3 və nəhayət 2 günə düşdü. Pivələrin günlük sayı isə gündə 3 ə qalxırdı.

İmtahanların başlaması da bu gedişatı dəyişdirmədi, qaldığı yerdən dibə doğru çoküşüm gedirdi. Heç kimlə əlaqə saxlamaq istəmir, yalnızlığın bu dünyadakı ən böyük tablosunu öz həyatımda canlı olaraq çəkirdim. Bunu təsvir etməm gərəkirsə əgər: ağ rəng ilə boyanmış tabloda ətrafda isə ağlınıza gələ biləcək büün rənglər var idi. Sağ küncdə isə gözlə güclə görünə biləcək dərəcədə balca bir kölgə vardı. Bax həmən kölgə mən idim əslində başımı soxacaq bir tavanımın olmasına rəğmən, həyatımı rəngləndirəcək ya da öz axarına salacaq bir məkandan yoxsul idim. Necə ki hər şeydən olduğum kimi.

Hələ də uçuruma yuvarlanmaq üçün etdiyim cəhdlərdən bir nəticə əldə etməmişdim. Dərslərə girmirdim, ancaq qayıblarım limitə dayanan zaman istəksizcə dərslərə girir, müəllimlərin səylərinə rəğmən böyük ehtimal yazıqları gəldiyi üçün belə edirdilər heç bir dərs danışmamağıma rəğmən qiymət yazıb bir təhər imtahanlara girməyimə şərait yaradırdılar. İmtahanlar ərəfəsində də ssenari dəyişmir son günün gecəsi yalnızca 2-3 saat ordan burdan tapdığım materiallara göz gəzdirib girirdim. Ancaq nə hikmətsə həmişə keçməyi bacarırdım.

Dərsdən çıxdıqdan sonra yenə eyni qayda da sahil boyunca gəzişir əlimdəki içki şüşəsi və siqaret paçkası ilə boşluğun dibinə doğru yuvarlanırdım. Əlimdən nə gəlirsə edirdim, ancaq sonluğu gətirməyi bacarmırdım ki, bacarmırdım.

Bütün davam edən bu sıradanlığın sistemin çarxına mənim də düşdüyüm fikirlərini ağlımdan hər keçirəndə ürəyimdən bolca küfürlər edir, sonra Tanrıya qarşı üsyana qalxırdım. Bir müddətdən sonra Tanrımdan üzr istəyib əlimdə qalan tək qorxunun ona aid olduğunu və bunu itirməklə həyatımı itirəcəyimi düşünüb özümü sakitləşdirməyə başlayırdım.

Zaman durmadan keçir, fəsillər öz yerlərini digərlərinə təhvil verir, gah gecələr qısalır gündüzlər uzanır, gah da tərsinə olurdu. Hər zaman bir yerlərdə şən, xoşbəxtlik sədaları əks səda versə də, mənim qəlbimdə ölü bir ruhun yaşamı höküm sürürdü. Hər nə etsəm belə qəlbimdən söküb ata bilməyəcəyim bir ruh. Ancaq bütün bu olanların bir gün son tapacağını ya hər şeyin bir anda məhv olması ya da tunelin ucundakı işığı görəcəyim düşüncəsi həmişə mənimlə idi. Məni tərk etməyən əl ilə sayılan şeylərdən biri idi.

İndi həmən anları düşünürəm də heç bir şeyin dəyişmədiyi daha da bərbadlaşdığı bir durumdayam. Hərçənd ki, mənim yanımda olan, mənə dəyər verən bir insanın varlığı ilə həyatım rənglənməyə başlasa da, zaman keçdikcə mənim ruhumu əsir alan bu düşmənin hələ də savaşı bitirmədiyini və məni təslim olmağa zorladığını hiss etməyə başladım.

Sanki mən ondan qaçmaq istəsəm də, heç cür bunu bacarmır daha da ona qarşı bağlılıq duymağa başlayırdım. Ancaq hər şeyə rəğmən bir seçim etməli idim və bu seçimin nəticəsinin nə olmasından asılı olmayaraq hür iradəm ilə sona qədər savaşmaq olduğuna inanmalı idim.

Saatın əqrəbləri gecəyə doğru yaxınlaşarkən, mən isə evimdən uzaqda bir yerlərdə bütün bunları düşünərəkdən bir şeylər etməliyəm düşüncəsi ilə gəzməkdə idim.

Əlimi cibimə atıb yenidən bir siqaret çəkməyi istədiyimdə qutunun boş olduğunu gördükdə, bir daha öz halımın necə acınacaqlı olduğuna qərar verdim. Artıq hər şey yenidən köhnə zamandakı kimi olmağa başlamışdı. Buna görə tez bir zamanda qərar verməli və bir şeylər etməli idim.

Ən yaxın dayanacağa gedib tanımadığım bir yerlərdə olduğum üçün orada duran taksi şoferlərinin birindən hansı avtobusun hər hansı bir metro stansiyasına gedib-getməyəcəyini soruşdum. Daha sonra avtobusa minib öncə metroya, oradan isə çıxıb avtobusla evə getmək üçün dayanacaqda gözləməyə başladım. Gecəni keçdiyindən artıq heç bir avtobus işləmədiyi üçün yenə piyada getmək məcburiyyətində idim. Və bildiyim yeganə şey tək qalan zaman, xüsusilə bir yerlərə piyada gedən zaman həmən xəstəliyə daha çox tutulmağım idi.

Uzun bir yürüyüşdən sonra nəhayət evimin olduğu məhləyə gəlib çatmağı bacardım. Yolda gələrkən artıq nə edəcəyim ilə bağlı hər şeyi qərarlaşdırmış, tez bir zamanda bunu həyata keçirmək istəyi vardı.

Qapının kilidini açıb içəri daxil oldum. Öncə dəhlizdən otaqlara gedən yoldakı işıqları yandırıb yataq otağına keçərək tez-tələsik əynimi dəyişməyə başladım. Saatın artıq gec olduğunu, bu vaxtı kimisə narahat etməyin doğru olmadığını bildiyim təqdirdə edəcəklərim üçün bu zəngin önəmi vardı. Geriyə zaldan keçib mətbəxə qayıdaraq öncə çaydanı su ilə doldurub qazın altını yandırıb qaza qoydum. Saatın gec olduğu üçün məhlədə bağlanan marketlərdən siqaret ala bilmədiyim üçün ayrıca lənət oxudum. Sonra zala keçib divanda əyləşərək sönülü olan telefonumu cibimdən çıxardıb beynimdə qərarlaşdırdığım qərar üzrə yaddaşıma həkk olan nömrəni yığdım.

Telefonun qudoku ard-arda 6 dəfə çağırsa da açılmırdı. Zəng etməyimə rəğmən bir yandan hər şeyi qərarlaşdırmışkən danışmaq, digər yandan isə telefonu açmaması üçün şans diləyirdim, çünki danışmağa nə bir halım, nə də bir istəyim var idi. Artıq bir neçə gün idi bir-birimizlə danışmır, daha doğrusu zənglərinə və mesajlarına cavab vermirdim. Telefonu sönülü saxlayıb, universitetdən və evdən kənarlaşmağım onun məni tapa bilməyəcəyi bir yerlərə gedərək beynimin içini boşaltmağıma yardımçı olmaqda idi. Nə qədər bacara bilirdimsə daha.

Nəhayət telefonun o biri başında saatın neçə olduğunu nəzərə alaraq yuxulu bir şəkildə dəstəyi götürdüyünü anlamaq çətin deyildi. Nə olacağını bilmədən, heç bir şey düşünmədən, danışmağa bir kəlmə belə tapmadan sadəcə etməyi qərarlaşdırdığım şeyi etməli idim.

-Gecənin bu vaxtı səni narahat etdiyim üçün üzrlü say. Ancaq danışmalıyıq.

-Kürşad? Saat neçədir?

-Mənəm Mələk. Gecə olub artıq bilirəm amma danışmalıyıq.

-Neçə gündür zənglərimə niyə cavab vermirsən? Evə gəldim qapı bağlı, dərslərə də girib eləmirsən. Nəsə bir şey olub? Hardasan indi?

-Heç nə olmayıb Mələk. Sadəcə danışmalıyıq.

-Evdəsən indi? Sabah görüşüb danışarıq əgər o qədər önəmli deyilsə. İndi gecdir daha.

-Vacibdir-dedim. İndi danışmalıyıq.

-Yaxşısan sən? Nə baş verib? Pis bir şey olmayıb ki?

Həyatımı bilərəkdən bataqlığa apardığımın fərqində idim. Bunun pis bir əməl olduğunun da. Ancaq hansısa mənə belə məlum olmayan səbəbdən sadəcə bataqlığa doğru gedirdim addım-addım heç bir geri çəkilmə düşünmədən. Bu bir növ zamanında söylədiyim məndən, bizdən, iradəmizdən və etdiyimizi düşündüyümüz seçimdən asılı olmayan bir şey idi.

-Alo, Kürşad oradasan? Nə olub axı sənə? Neçə gündür zənglərimə də cavab vermirsən heç. Nə baş verir? Nəsə bir söz de.

-Bitdi Mələk.

-Nə bitdi? Nə danışırsan axı?

-Münasibətimiz artıq bitdi. Davam edə bilməyəcəyəm.

Dediklərimin nə mənaya gəldiyini, məni, onu bitdi deməsinə rəğmən hələ də bizi necə bir hala sürüklədiyini çox yaxşı bilirdim. Bunun qarşısını ala bilməyəcəyimi, amma bunu heç cür ona söyləyə bilməyəcəyimi, söyləsəm də anlamayacağını da bilirdim. Sadəcə susmağı seçirdim. Telefonun digər ucunda nələrin olduğunu necə bir ab-havanın mövcudluğunu, üzüldüyünü bəlkə də ağladığını hiss edirdim. Ən azından hiss etməli idim çünki, bitdi deməyimə baxmayaraq hələ də ona aşiq idim. Necə ki bir saniyə sonra, bu andan bir gün sonra, bir ay sonra, bir il sonra ya da əbədiyən qəlbimdəki hislərin bu qədər dərinliyə nüfuz etməsi silinə bilməzdi. Bax elə. İzi qalardı həmişə.

-Heç cür anlamıram səni Kürşad. Məni sevdiyini bilirəm, səni sevdiyimi bilirsən. Amma yenə də bitdi deməyə necə ürəyin əl verir? Hər şey bu qədər sadə ola bilməz sənin üçün. Məni buraxmayacağın haqqında söz vermisən. Verdiyin sözə görə olmasa da, Kürşad olduğuna görə, aramızda olan hislərə görə sözünü tutmalısan. Zamanında sənə inanmağıma və güvənməyimə səbəb olacaq şeyləri indi bir anda silib ata bilməzsən. Ancaq hələ də nə üçün belə bir şey dediyini anlamış deyiləm. Bəlkə də düşündüyün səninlə eyni acıları çəkməməyimiz, eyni hadisələri yaşamamağımızdadır, ancaq bu ayrılmağımıza səbəb ola bilməz. Kürşad, bir şeylər de, susma.

Deməyə bir sözüm yox idi. Haqlı idi çünki, yaşadıqlarımın verdiyi hisləri anlamaqda özüm güclük çəkərkən birinin məni anlamasını düşünmək mənə qəribə gəlirdi. Özüm o anları yenidən və yenidən sanki gerçəkləşmiş kimi yaşamaq, hiss etmək istəyirdim. Tək başına bunlarla mübarizə aparmaq və qalib gəlmək istəyirdim. Məncə ən önəmlisi bunların hansı səbəbdən həyatımda baş verməsini dərk etməyim idi. Bütün bunları tək-tənha olarkən istəyirdim. Öz tənhalığımla, öz yalnızlığımla birlikdə olarkən düşünmək, hər kəsdən uzaqda bir yerlərdə olarkən anlamağa çalışmaq.

Mələyin mənimlə birlikdə yanımda olmasına rəğmən, hər zaman necə olmasından asılı olmayaraq hər vəziyyətdə əlimi tutmasına rəğmən içimdəki boşluq hissini doldura bilmirdim. Bəlkə o da içdən-içə bunu bilirdi, ancaq heç vaxt büruzə vermirdi ya da mənə elə gəlirdi. Məncə dediyi sondakı cümlələr də buna işarə idi.

Görəsən, bütün bunları hiss edib, ağlından keçiribsə, hər şeyi ona söyləmək bir çıxış yolu olmazmı ki? Nəticədə bir-birimizdən gizlin saxlın şeylərin tamamilə olmadığını nəzərə alsaq, bunu edə bilərdim. Amma verəcəyi reaksiyanı heç vaxt xəyal belə edə bilmirdim. Buna görə risk edib lazım olanı etməli idim.

Son zamanlar nəyin gerçək, nəyin xəyaldan ibarət olduğunu ayırd edə bilmirdim. Öz qurduğu yalanları dəfələrlə təkrar edən sonradan bunun bir gerçək olduğuna özünü inandıran şizofrenlər kimi hiss edirdim. Gerçək olduğunu bilmək üçün edəcəyim tək şey sadəcə güzgüyə baxmaq idi. Niyə bunu seçdiyimi də bilmirdim, ancaq xəyal dünyasında hər şeyin gözəl olduğunu düşünüb insanların güzgüyə ehtiyac olmadığı fikrinə gəlmişdim. Bir az ifrat dərəcədə bir şey idi bu. Məncə.

Digər yandan, hər şeyin çökərək məhvə doğru gedəcəyi bir anda baş verən bu şeydən sonra tarazlığım pozulmağa başlamışdı. Bir yandan məhvə doğru özümü hər yolla sürükləməyə çalışarkən, digər yandan ona özümü sevdirmək və tez bir zamanda münasibət qurmaq üçün çabalayırdım. Hər ikisinin bir-birinə zidd olmasına rəğmən idarə etdiyimi düşünürdüm. Ancaq zaman keçdikcə bütün gücümü ikiyə ayırdığımı və artıq nə edəcəyimi hansı yolu seçəcəyimi bilmədiyimin fərqinə vardım. Artıq yolayrıcına gəlmişdim, amma heç də zaman baxımdan uğurlu bir vaxt deyildi. Sanki zaman ya da məkan olaraq nə yerində getmişdi ki, deyə düşünüb qismətimlə razılaşdım. Və ona görə indi bunu etməliyəm Mələk, deməyi hər şeyi ayrıntısına qədər açıqlamağı elə istərdim ki, amma bacarmıram, edə bilmərəm bunu sənə. Nə qədər də bu yaşadığım mənim həyatım da olsa, müəyyən zaman kəsimində sən də bunları mənimlə paylaşdığın üçün bunu sənə etməməli idim. Mənə heç bir haqq vermirdi ki, sənin-bu dünyada yaşayıb məni sevən birinin- qəlbini qırım, ona haqsızlıq edim. Hərçənd indi etdiyim hərəkətin heç də adil olmadığının və səni çox üzdüyünün fərqindəyəm, lakin bunu etməliyəm. Bunları düşünə-düşünə digər yandan da bir qulağım telefonun dəstəyində ondan hər hansı bir səs, hər hansı bir söz gələcək deyə həyəcanla gözləməkdəyəm. Bununla belə mənə bildirməmək üçün əlindən gəldiyi qədər hıçqırıqlarını boğmağa çalışaraq ağlaması içimi elə bir parçalayırdı ki, vicdanımın artıq bundan sonra məni tərk edib özünə daha insaflı bir vücud tapacağını düşünürdüm. Həyatım boyunca birinə belə davrandığım olmamışdı heç. Məni bağışla sevgilim.

-Hər şeyi bu qədər asan bir şəkildə bitirmən, bitirəcəyini düşünmən, bir anda bütün baş verənləri heçə sayman...

Səsindən artıq mənim eşitməyimlə bağlı bir çəkingəsinin olmamasından dolayı rahatlıqla ağlamağını eşitməyimlə qalmayıb, gözyaşlarının yanaqlarından necə süzüldüyünü hiss edirdim. Və bunun üçün onu görmək lazım deyildi. Çünki, onu bütün qəlbimlə sevirdim. Buna rəğmən hələ də danışmaqda, bir şeyləri söyləyərək məni fikrimdən daşındırmaqda israr edirdi. Həmişəki inadçılığı deyə düşünürdüm.

-Ağlından nələr keçdiyini bilmirəm, amma buna rəğmən yanında qalmaq istəyirəm. Səndən ayrılmaq bir kənara sənsiz bir saniyəmin mənə necə acı verəcəyini bir düşün, Kürşad. Bunun sənin üçün də eyni olduğunu hesab edirəm. Ümid eləyirəm ki, yanılmıram.

-Mən hər şeyi götür-qoy etmişəm Mələk. Sadəcə bir az zaman ver mənə. Yaxşı mı? Sadəcə bir az zaman.

-Yaxşı Kürşad. Daha nə deyim ki sənə. Heç bir şey deməyəcəyəm. Gecənin bir vaxtı səni günlərdir axtarmağıma rəğmən zəng eləyib bir xəbər verərsən, narahat olma Mələk, yaxşıyam deyərsən deyə düşündüyüm halda, sən gör nələri deyirsən. Hələ də inana bilmirəm. Amma yox, günah məndədir. Zamanında ilk dəfə birlikdə oturub danışan zaman o günün sonunda sənin fərqli biri olduğunu düşünmüşdüm. Aldanmışam, amma xəbərim yox imiş. Sən də, Kürşad, sən də, hər kəs kimisənmiş. Artıq indi anlayıram səni də bir qadını əldə etmək üçün xərclədiyin o qədər zaman, enerjidən sonra yorulmusan təbii ki. Özünə yeni macəralar, yeni həyatlar axtarırsan. Heç nə olmamış kimi həyatına davam etmək istəyirsən. Et. Amma özünü uçurumun kənarına itələyirsən. Bunu unutma. Məni əsl üzən məhz budu.

Bir müddət yenə susqunluq araya girdi soyuq bir söhbətin hələ nə qədər davam edəcəyini düşünürdüm, güman ki, deyəcəyi sözləri dəqiqləşdirib davam elədi.

-Bu qədər zaman kəsimində hər zaman yan-yana olmadıqmı? Yaxşı, pis günlərimizdə bir gülüb, bir ağlamadıqmı? İndi bütün bu qırıcı sözləri deməyə nə gərək var? Məndən gizlətdiyin bir şey varsa, bir problemin varsa niyə demirsən ki? Hər zaman bir-birimizə dayaq olub, dinləməyi, bir çıxış yolu tapmağa söz vermədikmi? Susma, bir şeylər de.

Deyəcək söz buraxmışmı idi ki bəyəm? Söylədiklərimin az-çox onda yaratdığı təsiri bilirdim, ancaq belə sərt reaksiya verməsi, hətta bəzi qisimlərdə məni günahlandırması nə dərəcədə düzgündür axı? Bəlkə də haqlı idi, demək istəyib demədiyi bir fikirdə haqlı idi. Ona layiq deyildim, özümə layiq deyildim, ruhuma, beynimə, insanlığa, ümumiyyətlə heç bir şeyə layiq deyildim.

-Heç bir gizlətdiyim şey yoxdur. Söylədiyim kimi sadəcə bir az zaman istəyirəm səndən.

-Buna görə mi bitdi deyirsən? Yaxşı, zaman istəyirsən anlayıram. Buna da razıyam Kürşad, amma nə qədər müddətlik deyirsən? Nə zamana kimi Kürşad? 1 gün? 10 gün? 1 ay? Axı nə qədər Kürşad?

Son həmlələrini oynayırdı nə olursa olsun qalib gəlmək, ən azından məğlub olmaqdan qurtulmaq üçün. Ancaq bilmədiyi bir şey arada qalmağın ən böyük səfalətə sürüklədiyi şey olması idi.

-Bəlkə də sən dediyin müddətlərdən biri, bəlkə də daha çox. Bunu indidən sənə deyə bilmərəm. Bu qədər şeydən sonra səni bunlara qatmaq istəmirəm. Sadəcə səndən tək istəyim anlamağındır. Hər zaman yanımda olmusan, mən də hər zaman bundan böyük xoşbəxtlik duymuşam və yenidən hər şeyin keçmişdəki kimi olması üçün sadəcə mənə bir az zaman verməyini istəyirəm. Ümid eləyirəm hər şeyi anlayırsan. Xüsusilə də nə hiss etdiyimi.

Elədiklərimin nə dərəcədə bərbad bir şey olduğunu anlayırdım və bəlkə də buna görə sevdiyim qadını üzməkdən az da olsa əl çəkib hər şeyin yoluna düşəcəyini söylədim.

-Mən səni sevirəm Kürşad və hər zaman da yanındayam. Nə qədər zaman istəsən məndən gözlərəm və heç vaxt gözləməkdən yorulmaram.

-Hər şeyə görə çox sağ ol Mələk, ən çox da məni anladığın üçün.

Daha artığını söyləmək gəlirdi içimdən. Səni sevirəm Mələk, hər zaman sevəcəyəm, səni üzmək istəmirəm, heç vaxt ağlımdan belə keçməyib. Ancaq indi özümü toparlamaq üçün öz kimliyimə, öz yalnızlığıma ehityacım var. Nə olar məni bağışla.

-Amma indi dəstəyi asmalıyam. Bir daha anlayığın üçün çox sağ ol-deyə bildim ancaq. Qarşı tərəfdən heç bir səs gəlmədən dəstəyin asıldığını duydum.
***
Nə deyəcəyini bilmirdim amma təxmin etmək çətin bir şey deyildi. İntihar mövzusu ilk dəfə idi danışılırdı. Amma ilk cəhd olmadığını öyrənmişdi. Heç bir şey demədən qarşımdakının hansı manevrlər edəcəyini gözləyirdim. Yalnız bundan sonra mən də müdafiə yoxsa hücüm həmlələri edəcəyimə qərar verəcəydim.

Susurdu. Bir şeylər demək istəyirdi ancaq səbəbini bilmədiyim bir şeydən ötrü susmağı tərcih edirdi. Bəlkə də qarşısındakını-məni ürkütməmək üçün seçəcəyi sözlərə diqqət yetirirdi. Ağlının ucundan belə keçmirdi bu halın öncədən də yaşandığını. Səbəbini aydınlaşdırmaq istəyirdi. Ən önəmlisi məhz bu idi ki heç bura gəlməyinə səbəb olan hadisə zamanı haqqında belə kəlmə kəsməmişdilər. Problemin ən dərininə nüfuz etmək üçün keçmişə qayıtmaq orada baş verən hadisələrlə əlaqələndirərək öyrənmək istəyirdi. Ancaq indi artıq başlamaq lazım idi.

-Nə zaman söyləməyi düşünürdün?-birbaşa məsələyə daxil olmağı seçərək soruşdu.

-Hekayənin bu qisminə gələn zaman-dedim-soyuqqanlıqla.

-Və yenidən eyni hərəkəti etməyi düşündün. Niyə?

-Bunu etməyimə səbəb olacaq şeylər əslində iki yerə bölünür. İki müxtəlif zamanda iki müxtəlif ruh halında ikən. İlkini bilirsiniz. İkincisi isə o hekayənin sonundadır.

-İlkində söylədiyin ananın tərk etməsi və atanın ölümü. Bir az aça bilərsən bunu?

-Nəyi öyrənmək istəyirdiniz?

-Hər şeyi-dedi-sadəcə. Başımla təsdiqləyərək danışacağımı bildirdim.

-İlk öncə mən hələ 1 yaşımda olmadan atamın dediyinə görə anam bir gecə bizi tək başına buraxmış və getmişdi. Bu gerçəyi öyrənməyim soruşduğum suallar üzərinə mənə sadəcə öldüyü ilə bağlı fikirlərdən sonra üzərindən 10 il sonra atamın avtomobil qəzasında öldüyündən sonra dayımın-bir insan atası ölən zaman deyil anası ölən zaman yetim qalar. Və sən Kürşad anan ölməyib. Ancaq harada olduğunu da bilmirik. O sadəcə gedib sizi bizi hamımızı buraxıb gedib. Niyə və haraya getməsini isə heç birimiz bilmirik-deməsi ilə öyrəndim.

-Bütün bu baş vərənlərə rəğmən heç də ümidsiz olmamışamdır. Hər zaman kədərli və bəxtsiz olduğumu düşündüyüm zamanlarda belə bir ümid işığı hər zaman var idi. Bu işığın heç zaman sönməməsinə çalışır var gücümlə onu qoruyurdum. Bəzən hər şeyini itirən bir insanın yalnızca əlində ümidləri qaldıqdan sonra onun əlindən ümidlərini almağa çalışmaq bu dünyadakı ən təhlükəli və qorxunc şey halına girərdi. Çünki ümidini itirmiş biri bu dünyada hər şeyi edəcək və heç nədən qorxmayacaq birinə çevriləcəkdi. Mənim isə hələ o zamanlardan etibarən qorxularım var idi və hələ də mənlə birlikdə idi.

-Qorxuların əslində biz anadan olduqdan sonra tədricən zamanla gördüklərimiz və yaşadıqlarımız ilə yarandığı gerçəyini qəbul etmişəmdir. Ancaq bu qorxuların nə zaman yox olması ilə bağlı isə heç bir fikrim yox idi. Qorxuları yalnız onun üzərinə gedən zaman yenə bilərsən tipli motivasiya sözlərindən daha gerçək olan bir həyat yaşamış və bizzat bunu öz həyatımda gördükdən sonra heç də hər şeyin kitablardakı kimi getmədiyini həyatın gerçəkliklərinin əslində acıdan daha artıq bir acı verdiyini anlamışdım.



-Bəzən baş verən hər şeyin bir anda qarışıqlıq şəklində bir-birinə cərəyan etməsi isə anlamadığımız dünyanın anladığımızı düşündüyümüz bir məqamında sanki bizə bir hədə və təhdid kimi göstərməsini anlamış oluruq.

-Atamın vəfatının üzərindən 9 il keçmişdi. Bir yandan hər şeyin məhv olması, digər yandan hər şeyin yenidən gözəl olmasına bir ümid yaranmışdı. Ancaq fələk yenə öz oyununu oynadı. Hər şey məhvə doğru getmişkən bir anlığa bundan sonra olacaqların yaxşı olacağına ümid etməmə səbəb olacaq şeyi etdi. Daha sonra onu əlimdən alaraq, yenidən uçurumun bir addımlığına məni sürüklədi.

Qəfil susdum. Yanlış zamanda doğru bir şey söyləmişdim. Ümid etdiyim şey onun bunu anlamamağı idi. Deyəsən də anlamadı. Ya da mənə elə oyun oynayırdı. Bilmirəm. Bildiyim şey zamanın durması mənim əleyhimə idi. Amma hələ ki beynimin içində düşüncələrə qapılıb qalmışdım.

-Həyatım boyunca heç kəsi zərrə qədər üzmək istəməmiş özümə qarşı olan üzüntü və kədəri isə həyatımda öncədən baş verənlərlə müqayisə edib sadəcə keçdi getdi deyərək qəbul etmişəmdir. Bəzən insanların sadəcə iki saniyə sonra bu dünyada ola bilməyəcəkləri gerçəyini anlamamağını heç cür başa düşə bilmirdim. Bir anda bütün sevdiklərini itirə bildiyin bir həyatda onları üzmək ya da onlara qarşı laqeyd davranmağın nə dərəcədə doğru olduğunu düşünürdüm. Ancaq biz insanoğlu baş verənləri yalnız sonradan anlamaqla kifayətlənirik hətta bununla da qalmır daha sonra eyni şeyləri bir daha etməyək deyib də yenidən edənlərdənik. Biz düzəlməyənlər sinfinin düzəlməsi mümkün olub da onu istəməyənlər qrupuna daxilik. Hamımız bir-birimiz, hamımız tən.

Danışdıqlarımdan sonra yaranan sükunət üstünə bir də beynimin içindəki savaş sırasında olan sakitlik qarşılıq vermək üçün sıranın ona gəlməsi demək idi. O isə tələsmir sakitcə məni dinlədikdən sonra yaranan fasilədə nəyi soruşub-soruşmayacağını fikirləşirdi. Buna əmin idim.

-Bunlar barəsində heç bir məlumatım yox idi, bəs bundan sonra yəni atan rəhmətə getdikdən sonra nəylədin tək başına? Kimlə qaldın kim sənə əl tutdu?

-Atamın vəfatıından sonra bir müddət əmimgilin himayəsində qalıb onlarla yaşadım. Orada məktəbə gedib dostluqlarımı, həyatımı orada davam etdirdim. Ata evimizə isə bir az böyüdükdən sonra sadəcə ara-sıra xatirələri yenidən canlandırmaq üçün geri gəlirdim. Hər şeydən bir anda vazgeçmək mümkün deyildi. Bir ara əmimin təkidi ilə həmən evin satılması ilə mənimlə razılığa gəlməyə çalışdılar. Nə də olsa evin tək övladı və hər şey mənim üzərimə qalmışdı. İlk dəfə mənə dediklərində sadəcə bunu keçişdirmişdim ancaq daha sonradan davamlı hal aldıqdan sonra öz evimizə getməyi sıxlaşdırmağa başlamışdım.

Ara verib davam elədim.

-Burada siqaret çəkməyə izin vermirlər elədi?

-Xeyr.


Aludəçisi olduğumdan deyil də sadəcə bəzi zamanlarda insan danışmağı istəyən zaman buna ehtiyacı olan zaman bir yudum içki ya da bir ədəd siqaret hər şeyi açıq aydın şəkildə təsvir etməyə yardımçı ola bilər. Kim bilir bəlkə də mən bunları yazan istifadə etmişəmdir.

-Buna rəğmən mən də evin satılmasını istəyirdim. Daha nə qədər başqalarına yük olaraq yaşayacam ki deyə düşünməyə başladım. Digər yandan məktəbimi bitirməyə hələ bir il var idi və mən universitetə hazırlaşmalı olduğumdan hər hansı bir işdə işləyə bilməyəcəyimi düşünərək pul məsələsini ancaq bu yolla həll eləmək olardı. Amma bunun da qarşısını alan bir problem var idi. 18 yaşım hələ tamam deyildi buna görə nə evi satmaq, nə də yeni bir ev almaq ixtiyarımda deyildim. Əmimə heç zaman güvənə bilməyəcəyimdən tək çarə gözləmək qalırdı. Gözləyə-gözləyə bir şeylər etmək də lazım idi.

-Evə geri dönmüş artıq orada yaşamağa başlamışdım. Əlimdə sadəcə bir həftə məni idarə edəcək imkan var idi. O zamanlar artıq məktəb qeydiyyatımı da dəyişmiş ilk getdiyim yerə qeyd eləmişdim. Yenidən köhnə dostluqlarımı bərpa eləyib öz yaşamıma davam elədim çünki, məcbur idim, etməli idim.

Bəzən nələrin baş verməyindən asılı olmayaraq heç kim sizin nələri yaşamanızı vecinə almadan sadəcə necə görsənməyinizə baxar, necə yaşamağınıza çünki, həmən insanlar üçün bu həyatda üzücü və kədərli olan şeylər onlar üçün yalnızca bir söz yığımından ibarət olub sanki heç vaxt onların başlarına gəlməyəcək bir təəssürat yaradırmışcasına mövcuddur. Əgər buna mövcudluq demək olarsa.

-Məktəbin son ili ərzində həm məktəbə getdim həm də məktəbdən çıxıb öz başımı dolandırmaq üçün müxtəlif işlərdə işlədim. Ətrafımızdakı qonum qonşu tanışların yardımı ilə hər zaman qazanacağım bir çörək pulum olurdu. Bəzən günün 8 saatını məktəblə əlaqədar bəzən isə heç məktəbə belə getmədən 15 saata yaxın işləyib gələcəyimi qurmağa çalışırdım. Ofisiant, satıcı bunlardan sadəcə bir neçəsi idi. Zamanla həyatın mənə verdiyi bu yaşamdan özümə pay çıxarmış və bunun belə davam edəcəyini qəbullənmişdim.

Bir qədər fasilə verib xatirələrimi gözümün önünə gətirdim. Çəkdiyim çətinliklərlə necə başa çıxağacağımı bilmədən həyatın bu üzücü yanını anlamadan bir andaca onunla qarşı-qarşıya gəlmişdim.

-Tək başına gələcəyimi düşünüb ona görə bir şeylər etməli olduğumu mütləq bilirdim. Var gücümlə oxumağa başlayıb həm də universitet imtahanı ərəfələrində çalışmağa başladım. Və nəhayət nail oldum. Arzularımdakı universitetə qəbul olmağın sevincini yaşadığım üçün Yaradanıma dəfələrlə şükür elədim.

-Bəs indi nəcə işləyirsən haradasa?

-Bəli kuryer olaraq.

-Dərslərlə çətin olmur ki?

-Olur əlbəttə. Ancaq başqa çıxış yolum yoxdu. O qədər də yorucu deyil əksinə sevərək edirəm.

-Bax bu məni sevindirdi. Amma bir az açmağını istəyəcəyəm.

-Əlbəttə ki. Sonuncu ildən öncəki yay boyunca əlimi bir işə ilişdirərək heç olmasa vaxtımı bekar yerə sərf etməkdən çəkinmək, həm də qazanc toplamaq lazım idi. Çünki əlimdəki pullar artıq bitmək üzrə idi.

Bir tələbənin işləyə biləcəyi hər şeyi düşündüm amma maaşı o qədər də yükək olmayan bir iş tapdım. Kuryerlik özü də kitab satışı ilə bağlı. Bax burada şanslı idim.

Maraq dairəmdə olduğundan müraciət elədim və standart olaraq cv-i istədilər onsuzda heç harda təcrübəm yoxdu deyib bir anlıq fikrimdən vazgeçtim amma sonra nə olar olar düşüncəsi ilə cv imi hazırlayıb göndərdim. Ad, soyad, ata adı, ünvan, doğum tarixindən başqa gözə çarpacaq bir məlumat verə bilmədim. Çünki öncəki iş yerlərim həmən işə uyğun deyildi. Onun üçün də yazmağa ehtiyac duymadım. İngilis və rus dillərində səlis danışa bilmədiyim üçün onları da qeyd edə bilmədim amma buna baxmayaraq yenə də bəxtimi sınadım.

Qeyd olunan mail adresinə göndərib əlaqə nömrəmi qeyd elədim daha sonra onsuzda buna bir ümid yoxdu deyib şəhəri gəzib iş axtarmağa davam elədim.

Üzərindən 2 gün keçdikdən sonra mən kafe çayxanaları restoranları gəzib iş axtararkən telefonum zəng çaldı. Səhərisi gün üçün gəlib-gələ bilməyəcəyim soruşuldu, düşünmədən bəli dedim. Və getdim. Bundan on gün öncə artıq işdən çıxdım.

-Niyə nəsə xoşagəlməz hadisə baş vermişdi?

-Xeyr. Əksinə hər şey yaxşı gedirdi. Günün müəyyən saatlarında iki dəfə olmaq şərti ilə qeyd olunan metro stansiyalarına gedib sifariş verilən kitabları təxmin edirdim. Bəzən gündə ortalama beş sifarişi ünvana çatdırırdım. Aylıq maaşdan əlavə gündəlik üç manata yaxın pul da qalırdı. Nahar yeməyini özüm qarşılamalı olduğumdan nə zaman çox ac olsam o zaman istifadə edirdim həmən puldan. Ancaq çoxu zaman geri atmaq üçün saxlayırdım. İşdən çıxmağıma səbəb isə...

Dayandım. Bu səfər doğru sözü yanlış zamanda deməyəcəkdim. Sakitcə susdum.

-Səbəbi nə idi?

Səbəbini söyləsəm əgər buradan azad olduqdan sonra nəyi edəcəyim nəyi planlaşdırdığım aydın olacaqdı. Ona görə bəlkə də onun dediyi kimi yeganə sirr bu olacaqdı.

-Səbəbi çox bəsit. Yorulmuşdum və bir az ara vermək istəyirdim. 2 ilə yaxındır işləyirdim. Həm bundan sonra maaşı yüksək bir iş tapmağı da düşünürdüm.

-Anladım.

-Bir şey deməyəcəksiniz?

-Nə barədə?

-Siz ki məndən daha yaxşı bilirsiniz.

Heç bir şey demədi. Sakitcə ayağa durdu-artıq vaxt dolub, gələn səfər danışarıq-dedi. İlk dəfə idi ki gözlərimin içinə, üzümə baxmadan danışmışdı. Bir şeylərin tərs getdiyinin fərqində idim ancaq tam olaraq nə olduğunu bilmirdim. Olsun zamanı gələndə biləcəkdim. Bir az gec bir az tez. Mühüm olan o an baş verdiyində hazır olmaqdır.

-Görüşərik-dedim-sadəcə. Sağollaşıb bayıra çıxdım. İlk dəfə idi bura gələndən bəri rahat idim. Demək olar ki məni narahat edən hər şeyi açıb söyləmişdim sanki quş kimi azad idim. qanad çırpıb rahatlıqla istədiyim yerə gedə bilərdim. Kimsə heç bir şey mənə maneə ola bilməzdi. Geriyə sadəcə sirr saxladığım səbəb və həmən hadisə baş verən gecə qalırdı. Ancaq bütün bunları söylədikdən sonra indiki anımda yaşadığım hislərimi yaşayacağam yoxsa tamamilə fərqli bir duyğular mı bax ondan o qədər əmin deyildim. Nigaranlığım buna idi. Bununla belə artıq geriyə yol yox idi. Zamanı gələndə canlı şahidi olaraq hər bir sualın cavabını tapacaqdım. Məndə yaratdığı hissiyatın necə olmasından asılı olmayaraq.

Yolda gedərkən ağlıma ilişən suallardan biri də gələn görüşün nə zaman olduğunu söyləməməsi idi. Bir gündən bir dediyi kimi olacaqdır mı? Olmasa xəbər eliyərdi mi? Əlaqə telefonu da vermədiyim üçün. Ən son görüşməyimiz dörd gün öncə idi. Özü tarixi söyləmişdi və ona uyğun görüşdük. İndi isə sağollaşdıqdan nə həmən öncə nə də sonra bir şey deməmişdi. Bəlkə geriyə qayıdıb soruşum yoxsa yoluma davam edim. Əgər bildirmək istəsə bir şəkildə bildirər elə deyil? Məncə bu hər mövzuda hər kəsə aid olmalıdır. Çünki əgər istəsək edə bilərik deyə düşünürəm. İstəsəydim bəlkə getməsinə maneə olardım elə deyil? İndi onsuz tək qalmazdım. Yox. Bu mümkün deyildi. Bunu heç zaman edə bilməzdim. Bəlkə tək getməsinə izin verməsəydim o zaman fərqli ola bilərdi hər şey. Bilmirəm. Yenidən yaşamaq imkanı olsaydı deyəcəyəm də məncə həmən vəziyyətin fərqli bir versiyasını yaşadım və o zaman səhv eləmişdim. Yenə elədim. Amma haradan bilə-bilərdim ki elə deyil. Bilməsəydim belə gərək olacağını təxmin edib öncədən önləmimi alardım. Amma olmadı. Həyatımdakı digər şeylər kimi.

XV

27 Yanvar 2018


-Alo, Mələk?

-Axşamın xeyir, Kürşad, necəsən? Narahat eləmirəm ki səni?

Heç zaman dəyişməyən bu dialoqlar həyatımın geri qalan zamanında yaşananlar kimi standart adət halını almışdı. Bütün eynilikdən uzaqlaşmağa çalışdıqca sanki üzərimə çəkirdim əksinə olaraq.

-Yaxşıyam, yox, buyur nəsə olub?

-Səsini eşitdim rahatladım. O gündən bəri səninlə danışmaq istəyirdim, amma əlaqə saxlaya bilmirdim daha doğrusu bunu etməklə etməmək arasında qalmışdım. Ancaq yenə də qəlbim əl vermədi onun üçün sənə yığdım.

Səni düşünən və dinləyən bir insanın varlığının boşuna sevirəm sözlərini istifadə edən insanların varlığından qat-qat dəyərlidir fikrini həmişə müdafiə etmişəmdir. Və Mələk sanki bunlarla bataqlıqda batıb qalmış həyatımın gedişatını dəyişə biləcək əlində sehirli bir çubuğu olan tam anlamıyla bir mələkdir. Əskik olan sadəcə qanadlarıdır.

-Hər şey yaxşıdır inan mənə, sadəcə dediyim kimi özümə bir az zaman ayırmaq istədim. Sən də bilirsən arada təkliklə baş-başa qalmağı xoşlayıram.

-Sən tək deyilsən, Kürşad, bunu bilməyini istəyirəm. Hər zaman yanında qalacağıma, hər zaman birlikdə olacağımıza dair sözümüz var unutmusan? Amma yox əgər səni rahat buraxmağımı istəyirsənsə o zaman sənə başqa bir söz deyə bilmərəm.

-Mələk sadəcə mən...

Ah kaş ürəyimdəkiləri söyləyə bilsəm sənə, ciyərim sökülən zaman necə yardım etdiyini desəm sənə, həyatımı yenidən geri qaytardığını, bir anda sonsuz kədərlə dolu dəryadan xoşbəxtlik və sevinc dolu bir yaşamın içinə atdığını, etdiyim günahlardan, tükəndiyim həyatdan bir anlığa hər şeyin, etdiyim hər hərəkətin başda özüm olmaqla ətrafımdakı hər kəsə, hər yerə günəş kimi işıq saçdığını desəm, deyə bilsəm çiyinlərimdə ağırlığın verdiyi təzyiqlə tab gətirməkdə çətinlik çəkdiyim yüklərdən necə azad olacağımı təsəvvür belə edə bilməzsən. Ürəyim elə dolu, elə coşğundur ki, bir qığılcım içimdəki sevgi hissini alovlandırmağa həyatımda mövcud olan səhralığı ormanlığa çevirməyə qadirdir.

-Mələk sadəcə mən özündə bilirsən arada hər şeydən uzaqlaşmaq istəyirəm, hər şey üst-üstə gəldiyi zaman onlardan qaçaraq rahatlıq tapacağımı düşünürəm. Elə fikirləşmə ki, bu səninlə bağlıdır əlbəttə ki, yox. Səndən öncə də həyatım sanki bunun üzərinə qurulmuş bir şəkildə davam edirdi, doğru ya yanlış bilmirəm, ancaq bunu dəyişə biləcəyimi düşünmürəm çünki, artıq yaşam tərzinə çevrilmiş bir hal alıb. Və sözün düzü, həyatımın hər hansı gələcək bir qismində bunu dəyişdirə biləcək bir şeylərin baş verəcəyini düşünmürəm artıq. Bəlkə də getdikcə bir fərqlilik vardır, amma bütün bunlardan azad olacaq qədər olduğunu düşünmürəm. Ümid eləyirəm anlayırsan məni çünki, məni anlamağına ehtiyacım var.

-Bəlkə də uzaqda bir yerlərdə deyil düz önündə, gözünün qarşısındadır və sən ona baxmağına rəğmən görə bilmirsən. Kürşad, rəsmə bir az geri çəkilib baxsan məncə görəcəksən hər şeyi.

-Hər şeyi çox aydın görürəm Mələk, həyatımda olan keçənləri bilmədən rahatlıqla mühakimə etmənə razı ola bilmərəm. Bunları yaşayan mənəm, başqa biri deyil.

Bir anlıq niyə belə elədiyimi əslində heç bir günahı belə olmayan, məni düşünən, mənə hətta özümdən belə çox dəyər verən birinə niyə belə sərt reaksiya verdiyimi özüm də bilmirəm. Bəlkə o haqlıdır? Bəlkə də görməkdən qorxuram? Yoxsa onsuzda məni məhv edən qorxularımın sırasına birinin də daxil olmasını istəmirəm? Beynim yenə suallarla dolmağa başladı. Cavabını bilmədiyim, bilmək istəmədiyim, yoxsa cavablandırmaqdan çəkindiyimmi?

-Kürşad səni üzmək ya da əsəbləşdirmək istəmirdim bağışla məni, səni narahat etdiyim üçün. Ümid edirəm etdiyin şeylər, ağlından keçən hər nə isə sonda səni məndən uzaqlaşdırmaz.

Qəlbimin səsinə qulaq asıb təslimmi olmalı idim, yoxsa əksinə özümü tapmaq üçün qarşımda olan, məni bu dünyada ən çox sevən birini üzməyə davammı etməli idim? Həm də heç bir günahı yox ikən. Hər şeyi ona söyləmək istəyimə rəğmən bu söylədiklərimdən sonra hələ də mənim yanımda olacağına əmin idimmi? Onun yerinə özümü qoyduğumda bu suala dəqiq cavab tapa bilməzkən necə risk ala bilərdim ki? Artıq zaman keçdikcə yalnızlığım bu dünyada məni hər şeydən təcrid edib özümlə baş-başa qalmağa vadar edirdi. Mübarizə aparmağa gücümün çatmayacağı anlarda nə qədər səni düşünsəm də sevgilim, daha dözə bilməyəcəyimi anlayıram. Bunun üçün yalnız qalmalı və bu savaşı özüm bitirməliyəm, nə olursa olsun. Ən azından sənə verdiyim sözə görə bunu etməliyəm. Məğlub da olsam. Ah bir bilsən necə yorğunam. Ah bir bilsən beynim dumanla dolmuş bir şəkildə heç nəyi görməzkən belə, xəyalımda səni canlandırıb savaşacaq gücümü toplayıram. Bir bilsən xəstəliyimi, bir bilsən əslində kim olduğumu.

-Səndən, sadəcə zaman istədim səndən. bunu anlayışla qarşılayacağını düşünürəm.

Bunları deyən zaman belə içimdən hayqırıb gerçəkləri söyləmək istəyi, amma bu istəyin amansızca basdırılması. Lənət olsun. Hər şeyə. Heçliyə. Və həyatıma.

-Yaxşı Kürşad, üzərinə gəlmirəm daha. Bil ki, bunu səni düşündüyüm üçün, səni...-durdu, səsinin titrəməsinin eşidilməsini istəmirdi, dərindən nəfəs aldı və-səni sevdiyim üçün edirəm. Özünə yaxşı bax. Görüşərik.

-Görüşərik Mələk.

Dəstəyi asıb özümü həmən an xəzərin buzlu sularına atıb heç kimin məni əlsa tapa bilməyəcəyi bir dərinlikdə orada üzən balıqların yanında belə olmağa layiq olmayan ən dərində batmaq istəyirdim. Eyni ilə beynimin dərinliklərində fikirlərimin batıb qaldığı kimi. Artıq oradan azad olmaq zamanın gəldiyini bilirdim. Kukla olmaqdan çıxıb, ipləri qıraraq baş rolda özüm olmaq istəyirdim. Öz həyatıma özüm yön vermək, sərbəst düşünmək, dilimin, düşüncələrimin zəncirlənməsini istəmirdim daha. Azad və hür bir şəkildə bu dünyanın, bu yaşamın içində olan azda olsa belə mövcud gözəlliklərini görmək, dadmaq, hiss etmək istəyirdim. Yorulsam belə savaşmaq, təslim olmamaq, sona qədər mübarizə aparmaq istəyirdim. Bu uğurda ölsəm belə, ən azından azad bir şəkildə savaşaraq ölməyin sevinci həkk olacaqdı ölən zaman simamda yaranan gülümsəməmdə.

Varlığımla bu günə kimi yaşadığım həyatı anlamağı seçmək, sorğulamaq, düşünmək və fikir əldə etmək istəyirəm. Çoxmu şey istəyirəm? Yoxsa yenidənmi bu sualı verirəm? Yenə, yenidən beynim işğal olunmaqda, ağır top atəşlərinə rəğmən müdafiə bürcləri nə qədər qorumağa çalışsalar da, aldıqları ziyandan daha taqətləri qalmamışdır. Amma son dəfə yenidən bu qalanı müdafiə edib, açarı düşmənə təslim etməyəcək bir qəhrəmanı gözləməkdədir. Və o qəhrəman sadəcə özünə inanıb irəli atılaraq var gücü ilə savaşmalıdır. O qəhrəman ki, daxilimdəki gerçəyi yansıdan Kürşaddan başqa biri deyildir.

Doğruları söyləmək bu qədər çətin olmalı deyildi məncə, içimdən hayqırmaq, çığırmaq keçir, ancaq sənin dodaqların bir kilidə dolaşıb qalır, nə o kilidi aça bilirsən, nə də o kilidi sındıra bilirsən, nə cəsarətin var, nə də ki gücün.

İlk dəfə artıq yorğunluq özünü büruzə verməyə başladı. Hər şeyin bir anda bir bəla tək bir yerə toplaşması azmış kimi gecə baş verənlərdən sonra gücümü itirmiş kimi hiss edirdim. Bunlardan yaxa qurtarmaq üçün sadəcə bir çıxış yolu var idi: savaşmaq. Başqa bir seçimim yox idi və söhbət belə gedə bilməzdi.

Seçimlər deyə düşünməyə başladım bir an. Hər hansı iki seçim arasında qaldığımız zaman seçdiyimizin əslində bizim azad, müstəqil fikirlərimiz doğrultusunda olduğumuzu düşünsək də, amma bizə dayatılan sadəcə iki seçimin əsiri olmuş oluruq. Digər ehtimalların nə olduğunu heç zaman bilmədən.

Bir növ gördüklərimiz deyil baxdıqlarımız qarşısında bizə dayatılan A-nı ya da B-ni seçməliyik. Prezident, millət vəkilləri, şəhər, bələdiyyə rəhbərləri. Zamanında tanrılar, peyğəmbərlər, din xadimləri, şahlar, sultanlar, komandirlər, gladiatorlar. Bəs seçə bilmədiyimiz yeganə şey nədir? Ailə? Dostların? Sevdiyin qadınlar? Bürcün ya doğum tarixin? Yoxsa yaşamın? Bəlkə qismətin?

Hamımız xırda bir zərrəciyin ən kiçik parçalarıyıq. Nələrisə, kimlərisə seçməyimizin bir önəminin olmadığının, yaşamımızın davam edən zaman kəsiyində bir-biriləri ilə sıx bir şəkildə bağlantı olduğu zaman anlayacayıq. Əgər təbii ki, bunu görüb qəbullənmək iradəsi olduğu təqdirdə. Bütün bu zərrəciklərin hər bir insanın doğumundan-var oluşundan ölümünə-yox oluşuna qədər olan gedişatında qarşısına çıxdığı hər şeyin onun davam etdiyi həyatında olacaqlara və sonunun necə olmasına birbaşa müdaxilə edərkən, seçimlərimizin gerçək iradə olduğuna necə inana bilərik? Bütün bunların öncədən planlaşdırılmış və yerləşdirilmiş kodlarla hərəkət etməyimizə, ağlımızın, iradəmizin nə qədər inkişaf etməsinə rəğmən buna təslim olacağına inanmağımız gərəkməzmi? Düşündükdə hər şeyi öz ağlımız və hür iradəmizlə etmədiyimizi rahatca gördüyümüz təqdirdə niyə digər seçimlərin də belə olduğuna inanmırıq? Ruhumuz və mənliyimiz bir insanın bədənindən, onun davranışlarından, zəkasından, fikirlərindən daha üstün bir qüvvə ilə hər zaman bizə təsir etməsinə rəğmən bu gerçəkləri söyləməkdən qaçıb niyə başqa şeylərdə cavab axtarmağı vacib görürük?

Əslində yaşadığımız hər şeyin öncədən planlaşdırılması, zaman keçdikcə həyatımızda etdiyimiz seçim deyə adlandırdıqlarımızın təməlində bizi öncədən bəlli olan sona doğru aparan bir istiqamət olduğunu bilirikmi? Sadəcə müəyyən yönləndirmələr və insan beyninin bunları düşünərək dəlilik deyə adlandırılan, əslində isə bütün düşünə bilən insanların bu sinfə daxil olduğu anlayışına qapılmaması üçündürmü? Bir insanın bunu qəbullənməsi buna uyğun öz davranışlarını, düşüncələrini, yaşamını dəyişdirməsinə, sadəcə anı yaşa deyimi ilə hərəkət etməsinəmi səbəb olacaq, yoxsa yuxarıda dediyimiz bir çoxlarının qorxunc deyə adlandırdıqları, ancaq əslində özümün ən rahat və azad insan olaraq dəyərləndirdiyim anlayışın içinə mi sıxılıb qapılacaq?

Görəsən hər şeyi düşünməyə çalışaraq beynimin içindəki “düşmənlər” mənə xeyir verərək daha da zəkamı artırmağamı çalışırlar, yoxsa insanların ən böyük, ən təhlükəli zərbəni endirib dəliliyə tutulmağımı istəyirlər? Amma unutduqları şey zəkaya sahib olmaq üçün dənizə girməyə çalışarkən, dəlilik-ucu-bucağı bilinməyən bir dəryaya girməyi seçərəm. Yenə və yenidən dayatılan iki seçimdən birini seçmək məcburiyyətində qalaraq. Hür iradəm ilə mi seçdim yoxsa öncədən ruhuma işlənən müəyyən olunmuş sonuma doğru getməmə yardımçı olan qüvvə ilə mi?
***
-Mələk, mən aşağıdayam gələ bilərsən?

-Kürşad aşağıda? Məhlədəsən? Gecənin bu vaxtı? Axı niyə? Bir az öncə danışmışdıq.

-Hə buradayam, amma məhlənin içində deyiləm kimsə görər deyə, gəlirsən?

-Yaxşı kürşad, gözlə 5 dəqiqəyə oradayam.

Sakit yağan qar dənələri altında etdiyim seçimin nə qədər doğru olduğunu düşünməməyə çalışırdım. İstəmirdim beynimdə olan bu fikirlər dünya turu vurarkən bədənim soyuqdan donmuş şəkildə məhv olsun. Bildiyim bir şey var idi: bunu etməli idim, ancaq özümə görə yox, Mələyimə görə.

Əqrəblər saniyələri dəqiqələrə çevirərkən elə asta, aramla hərəkət edirdi ki, gözlədiyim və sonunda çata biləcəyimi düşündüyüm bu xoşbəxtliyin buna dəyməsini sanki sübut edirdi. Çünki bilirdilər ki, hər bir xoşbəxtlik heç bir əzab çəkilmədən əldə edilə bilməz.

Beş dəqiqə on dəqiqə olur o isə özlüyündə artıq yarım saata təhvil verir, amma hələ də tək başına qar dənələri altında əllərim cibimdə sakitcə tək bir nöqtəyə gözlərimi zilləyərək oradan gələn hər hansı bir addımın gəlməsini gözləyirdim. Səbrsizliklə və sevinclə.

Bəlkə də gəlməz? Mən olsam onun yerində gələrdimmi? Etdiyim qaba hərəkətin nəticəsində qarşılığını bu cür verərdimmi görəsən? Verməyə haqqı var idi və buna görə əsla onu mühakimə edə bilməzdim, ancaq etməməsini bütün qəlbimlə diləyirdim. Məsələ soyuğun artıq yavaş-yavaş bütün bədənimi əsir alıb öz cənginə çəkməsi deyildi çünki, burada onun gələcəyini hər hansı bir zamana hətta üzərindən günlər keçməsinə rəğmən gözlərdim. Önəmli olan ümidlərimin bir daha məni yarı yolda buraxmasını istəmirdim bu qədər vəfasız və öz sahibini düşünməyən, hər zaman yarı yolda qoyan bir ümidlə həyatımı necə davam edə bilərdim ki?

Artıq gecənin 3-ü idi, amma hələ də bir xəbər-ətər yox idi. Gəlməyəcəkdi. Amma bəlkə gələr niyə də yox? Yəni düşünürəm də gəlməyəcək biri niyə gəlirəm desin ki? Sevməyən biri niyə sevirəm desin ki? Ya da sonunda tərk edəcək biri niyə hər zaman yanındayam desin ki? Yaşadıqlarım bir daha gözümün önündən keçərək gəlməyəcəyini düşünməmdə mənimlə razılaşdı. Ah bu insanlar edə biləcəkləri şeyi söyləməz, bacara bilmədikləri şeylər üçün isə dəfələrlə söz verib and içərlər. Ortada bundan sonra nə inam, nə güvən, nə də bir hörmət qalmadıqdan sonra bütün hər şeyin günahını qismətdə görərlər. Və sonra deyərlər: xeyirlisi.

Zaman keçmək bilmir ki, bilmir insan oğlunun yaşadığı acı və kədər dolu anların buraxdığı təsir kimidir sanki. Halbuki sevincli və xoşbəxt olduğumuz anlar elə tez bir zamanda bir göz qırpımında keçib gedir ki, onun təsirinə düşüb həyatlarımızı onun timsalında biçimləndirə bilmirik. Ya da tam tərsi hər hansı bir xoşbəxt anın mövcud olacağı zaman vaxt bir türlü gəlib o ana çatmır ki, rahatca onu yaşayıb həyatın bizə verdiyi ənamdan faydalanaq, amma bədbəxtlikdə isə bunun tam tərsi olur bir anda baş verir, amma səni elə ağuşuna alır ki, onun təsirini bir ömür boyu unuda bilmirsən yaşadığın onca gözəlliklərin üzərini örtən bir bulud kimi qaralayır.

Artıq burada saatlarca qalacağımı qət etdikdən sonra heç olmasa ürküdücü soyuğa təslim olmamalı idim, heç olmasa sonluq belə bitməsin deyə düşünməyə çalışırdım. Əlimi paltomun döş cibinə atıb yarıladığım siqaret qutusunu çıxardıb içindən bir siqaret götürürəm, qutunun yarılanması şərəfinə onun yanına qoyduğum alışqanı da götürüb yandırıram. Gecənin və tənhalığın məni ağuşuna aldığı bu anda siqaretdən çıxan ilk duman hər yanı yarıb irəli getməyə başladı. Düşüncələrimin də eyni ilə həmən duman kimi gecənin qaranlığını yarıb getməsini diləyirdim. Ancaq dilədiyim şeylərin hamısının həyata keçmədiyi kimi bunun da həyata keçməməsini təbii qarşıladım.

Bəzən bir sıra insanların qarşındakının birbaşa xasiyyəti, mənliyi, mənəvi dəyərlərinə baxmadan onun zahiri ilə əlaqəli olacaq şeylərə önəm verib dəyərləndirməsi həmən insanların düşünməklə bağlı problemlərinin olmasına hətta düşünmədiklərini çünki, düşünmək üçün belə beyin sahib olmaları lazım olarkən onların bundan yoxsul olduqlarını düşünürəmdir. Söylədiyim fikirlərin gerçəkliyinin hansı dərəcədə olması ya da neçə faiz həqiqəti əks etdirməsini bilmək üçün sadəcə kənardan insanları on dəqiqə müşahidə etməyiniz kafidir. Onların nəzərlərinin hansı yöndə olduqlarını çox asan bir şəkildə ayırd etmək mümkün olacaqdır. Yenə çoxmu düşünürəm bu insanoğlunu? Yoxsa bu da mı təkrardır?

Qar dənələri heç nəyə aldırmadan sanki belə də olacaqmış kimi yağmağa davam edir bununla biz insanların bu dünyada doğulub, yaşayıb sonra öləcəkləri kimi bəsit görünən, ancaq əslində çox azımızın həyatın bundan ibarət olmadığı bir gerçəkliklə öz çarxlarının, daxil olduqları sistemin o nəhəng çarxının dişlərinə taxılıb onun yönləndirdiyi üzrə yağmağa davam edirdi. Mən isə işıq sürəti ilə dayanmadan bir-birinin ardınca axıb gedən saniyələr içində hər şeyi ilə təslim olub sadəcə olacaqların olmasını gözləməkdə idim. Bu səfər asılılığım var idi, amma. Yaşadığım digər xatirələrdən, yaşanmışlardan fərqli olaraq. Zaman. Öncələri heç fikir vermədən yaşar hər hansı bir çəkilmiş yolda gedərdim orada qarşılaşacağım heç nəyə fikir verməz sadəcə gedərdim. Qarşıma çıxan nə olursa olsun əsas dayanmamağım önəmli idi. Daima zamanın axışına özümü buraxaraq buna davam edirdim. Baş verəcəklərin onsuzda başqa bir istiqamətə yönəlsəm belə yenidən ən sonunda məni eyni sona gətirəcəyini düşünürdüm. Ki əslində hələ də eyni qərardayam desəm yanılmaram.

Qarşımıza çıxacaq şansların əslində bir dəfə olub da onu düzgün dəyərləndirməyən zaman heç vaxt tapa bilməyəcəyimizi düşünmürəm. Az öncə söylədiyim kimi nə olursa olsun seçdiyimiz yolların bizi fərqli yola götürməsini düşünsək də, sonluğun bu ana qədər ki, seçdiyin bütün müxtəlif saysız sayda yollara rəğmən eyni olacağına əminəm. Şansın bir dəfə çıxan zaman dəyərləndirməməyimiz onun bir daha çıxmaması demək deyil əslində, müəyyən müddət keçdikdən sonra hər bir insan üçün olan bütün sonluq ehtimalların eyni olacağından sadəcə bəlkə də həmən sona yaxınlaşmağın fərqli zamanlarda və fərqli imkanlarla olmasıdır. Sizin zəngin olmaq ehtimalınız 25 yaşınızda ikən bu şansdan istifadə etməməyiniz onun bir daha olmayacağı anlamına gəlmir. Sadəcə sonda əgər zəngin olacaqsınızsa bu 25 yaşda olmasa da, ölümünüzə saniyələr qalanda belə gerçəkləşə bilər. Nəyi edəcəyimizdən, hansı seçimləri seçəcəyimizdən asılı olmayaraq sonluq hər zaman eyni qalacaqdır. Çünki, başlanğıc nə olursa olsun hər zaman eynidir.

Ayın işığı və ulduzların parıltısı yaşadığım bu həyatda içində olduğum tənhalığımda, bu yalnızlıq qəfəsində varlığı ilə ümid gətirən yeganə şey kimi dururdu. Qaranlığıma aydınlıq gətirən kövrək qəlbimi incitməyən ondan yalnızlığımı özümdən uzaqlaşdırmağa yardımçı olan bir fənər. Mələk kimi sanki.

Birdən uzaqdan bir qaraltının olduğum yerə yaxınlaşdığını gördüm. Ya da artıq gözlərim məni yanıldıb bədənimin yorğunluqla mübarizəsində məğlub olmasını səbəb bilərək mənə qarşı bir oyun oynayırdı. Küləyin sərt təsiri ilə işıq dirəkləri öz işartılarını küçə boyunca sabit saxlamayaraq gah sağa, gah sola bir irəli, bir geri hərəkət edərək buraya doğru gələnin kim ya da nə olduğunu ayırd etməyimə çətinlik yaradırdı. Heç olmasa gələcəyimiz ilə bağlı işığın qarşısını almısınız, barı yolları doğru-düzgün işıqlandıra bilsəniz deyə düşünmədən dura bilmədim.

Heç nəyi düşünmədən gələnin Mələk olması diləyi ilə qəlbim bir anda sürətlə döyünməyə başlayıb soyuğun olmasına rəğmən, alnımdan xıncım-xıncım tərlər axmağa başlayırdı. Eşqin bir insanda hansı hislər yaradacağını və necə təsir edəcəyini keçmişdə görəsən belə təsvir edən var idi mi?

Saniyələr dəqiqələrə, dəqiqələr də saatlara çevrildikcə ötən hər an ümidsizliyə qapılırdım. Ondan bir xəbər gəlməməsi mövcud olan vəziyyəti daha da betər edirdi. Günəşin şüaları təzə-təzə axşamdan diz boyu qədər yağmış qarın üzərinə utanaraq bir az ürkək, sanki bir uşaqmışcasına şəfəqlərini saçırdı. Mən isə nəhayət dayana bilməyib Mələyin qaldığı bloka girib elə pilləkanlardaca bardaş qurub yarı yorğun, yarı ümidsiz, yarı solğun vəziyyətdə bütün üst-başım su içində dayanıb gözləyirdim. Və birdən kiminsə barmaqlarının saçımı oxşadığını duydum. Elə zərif, elə mehribancasına oxşayırdı ki, sanki ana nəvazişinə bənzəyirdi. Ancaq bir anlıq bu hisləri yaşamadığımı düşünüb qəhərə boğuldum. Bütün yaşadıqlarımdan sonra, görəsən, yenidən özümə hər bir şeydə məni kədərləndirəcək olanları axtarıb tapırammı deyəcəyəm? Bu səfər məncə yox. Kaş həmişə belə olsa.

Həmən saflıq, həmən sevgi, həmən qayğı ilə. Bir anda o ana qədər yaşadığım hər şeyi unutdum: soyuğun təsiri ilə tir-tir titrəməyimi, başımın ağrımasını, ayaqüstə durmaqdan ayaqlarımın topuqdan başlayaraq davam edən iztirabını, gözlərimin yuxusuzluqdan bərələ qalmasını və daha nələr nələr...

Bunun röyamda gördüyüm bir xəyal deyil də hal-hazırda baş verənlərin həqiqət olmasını diləyirdim. Nə qədər inamım az olsa da, buna rəğmən gerçəkliyə dönüşdüyünü düşünmək belə özü böyük bir sevinc idi.

Xəyallar aləmindən geri qaytmaq üçün qəlbimdən keçməsə də əlimi saçıma doğru uzatdım. Sanki indi həmən xəyallarımdakı sığal çəkən o əlin orada olmasını və əlllərimizin bir anda qovuşmasını təsvir etdim. Düşüncəsi belə gözəl olarkən, gerçək olarsa, hansı hisləri keçirəcəyimi mən belə təxmin edə bilmirəm. Gerçək olsa belə onu təsvir edəcək kəlimələrdən yoxsulluğum məni kədərləndirmiş olardı.

Sonralar mənim orada həmən günü Mələyi bu qədər gözləməyimin tək bir səbəbi olacağını anlamışdım. Artıq bütün həyatımı, varlığımı, ümidlərimi, arzularımı və gələcəkdə baş verəcək hər bir şeyi onunla yaşamaq, onunla paylaşmaq istədiyimi anlamışdım. Və ən önəmlisi isə çarəsiz tənhalığıma nəhayət bir yoldaş tapdığımı. Bununla məni ağuşuna alan tənhalığımdan artıq ayrılmağın zamanı gəlmişdi. Çünki, ona olan hislərim hər şeydən amma hər şeydən üstün idi.


***
Yataqdan qalxmağa nə taqətim, nə də bir həvəsim vardı. Əslində yenidən bu hala düşəcəyimi gözləməsəm də dünən olanlardan sonra artıq xəyal qırıqlığı məni üzməyə başladı. Digər tərəfdən də yoğun qar gecə soyuqlamağıma, xəstələnməyimə səbəb oldu. Üzərim yorğan və adyallar ilə dolu olsa da hələ də üşüməyə davam edirdim. Bir tərəfdən boğazımdakı ağrı udqunmağıma maneə törədir, digər yandan isə temperaturumun getdikcə qalxması bədənimin gücdən düşməsinə və taqətsiz olmağıma səbəb olurdu. Yataqdan qalxmağa ərinərək baş ucumdakı dolabın üzərindəki telefonu götürdüm. Sönülü olduğunu görüb şansıma lənət oxudum, amma bir yandan da yandırmağa cəhd edərək bəlkə batareyanın bitməsi deyil də bilincli olaraq söndürdüyüm fikrini düşünməyə başladım. Amma əbəs yerə.

Kaş sönülü olmasaydı da Mələkdən bir zəng, bir mesaj gəldiyini görsəydim. Sözün düzü, dünənki hadisədən sonra bunun baş verməsini mümkün görmürdüm, ancaq ümidim hər zaman mənimlə idi. Necə olmasından asılı olmadan.

Ya da ən azından bunca zamandır məndən səs-soraq gəlmədiyini düşünüb bir xəbər ala bilərdi. Görərdi ki, zəng çatmır ya da mesajına cavab gəlməyib narahat olardı ən azından. Gələrdi baş çəkərdi maraqlanardı elə deyilmi.

Bəzən şansın ya da taleyin mənim yaşamımdakı oynadığı oyunu anlamağa çalışıram, ancaq bir anda gözlənilməz o qədər şey baş verir ki, sadəcə bütün bunları qəbullənib sanki belə də olmalı imiş kimi yoluma davam edirəm. Bax indi az öncə dediklərimin gerçək olması ehtimal daxilinə belə girilməməli idi çünki, bu mənəm, mənim şanssızlığım var. Ancaq bəzən belə olmurmuş.

Bir an özüm ilə danışdığım bunca zaman kəsiyində necə bunu eşitməmişəm deyə düşündüm. Qapı elə bir şiddətlə döyülürdü ki, sanki bir dişi aslandan öz balasını qoparmağa çalışmaq kimi, sanki zəlzələ ya da təbii bir fəlakətin eşiyində övladının canını qurtarmaq üçün öz canı bahasına belə olsa da bədənini sipər edən ana kimi. Niyə məhz ana və övladı timsalı? Yenə mi eyni şeylər? Ax bu varlığım, yaşadığım həyatda bütün bunları haqq edəcək nə kimi böyük günah işlədi ki.

-Kürşad? Kürşad.

Ağlımdakı hər şeyi kənarlaşdırıb var gücümü toplayaraq yataqdan qalxmağa çalışdım. Qapıya doğru irəliləyib qlazokdan baxıb geri çəkildim, sonra yenə baxdım inanmadığımdan çünki, az öncə dediyim kimi ehtimal daxilində belə deyildi və yenidən geri çəkildim indi baş verənləri dərk etməkdən ötrü.

-Kürşad qapını açasan bəlkə? Kürşad oradasan?

Yox yəni niyə gəlsin ki, çünki, gəlməsinə bir səbəb yoxdur və mən niyə qapını açmalıyam dünən olanlardan sonra.

-Kürşad bax artıq polisə xəbər verəcəyəm sənə nəsə olub deyə. Kürşad?

Artıq təslim olmağın vaxtı idi. Cəftəni çəkib qapını yavaşca açdım. Heç üzümə belə baxmadan içəri daxil olub-qızdırman var yenə, soyuq deyil ki? Bir də yadımdan çıxmamışkən stulun üzərində fincanda zoğallı çay vardı içdin onu?

Qızdırmam, üşüməyim? Axı bunları haradan bilirdi? Və çay? Onu mən niyə görməmişəm.

-Çayı ki stulun üzərinə qoymazlar birdən üzərimə dağıldı.

Kürşad özünə gəl verəcəyin reaksiya bu olmamalıdı fikirlərini topla.

-Bir saniyə, sən bunları haradan bilirsən axı?

-Nədir yoxsa dünən gecə olanları unutmusan?

-Çox yaxşı yadımdadır, amma sən necə bilirsən?

-İmkan ver əlimdəkiləri içəri mətbəxə qoyum, sonra əynimi dəyişim rahatlaşım danışarıq hər şeyi. Bu arada sən də yenidən get yatağa gir, yəqin ki tərləmisən, soyutma bədənini indi gəlib əynini dəyişərik.

Nə edəcəyimi bilmədən verilən bütün təlimatlara əməl edən şəkildə özümü tapdım.

İçəri keçib əynini dəyişdikdən sonra geri dönüb başucumda stulda oturaraq əlindəki fincanı mənə sarı uzadıb-bax soyutmusan bunu heç olmasa mənə deyil bir özünə yazığın gəlsin. Gözlə sən, gedim çaydanın altını yandırım yenisini hazır edim gətirim, sən də o zamana dək burada yorğanla, adyala bürün ki, tərin soyumasın.

Halsızlıqdanmı, qızdırmadanmı bilmirəm nələrin olduğunu tam olaraq dərk edə bilmirdim. Amma bir şəkildə danışacağımız anı gözləyirdim çünki, cavabını tapmaq istədiyim suallarım vardı.

-Anam mən uşaq ikən soyuqlayan zaman həmişə zoğallı çay verərdi. İki fincan qaynar-qaynar içirsən onu sonra da yatağına uzanıb üstünü əməlli başlı örtüb tərləməyi gözləyirsən. Bir də görürsən ki heç nəyin qalmayıb. Çaydan indi qaynayır gözlə gətirirəm Kürşad.

Mətbəxdə gördüyü işlərə görə gələn səslərə rəğmən bütün diqqətimlə onu dinləməyə çalışırdım.

-Axı mən ki uşaq deyiləm-deyib görə, bilməyəcəyinə rəğmən gülümsədim.

O anda Mələyin mətbəxdən salona boylanaraq-hər neçə yaşında olursan ol qəlbində hələ bə bir uşaq yaşayır Kürşad, onun heç vaxt böyüməyinə icazə vermə-deyərək gülümsədi qarşılıqlı olduğunu bilmədən. Məhz o zaman, o anda həyatımda ilk dəfə əgər həyatımın sonuna qədər mənimlə birgə yaşlanacaq bir qadın varsa, o da Mələkdir dedim. Söylədiyimin duymasını nə qədər istəsəm də, digər yandan belə bir ciddi məsələ haqqında hələ də oturub bir şeylər danışdığımız olmamışdı. Özü də son baş verənlərdən sonra artıq bu barədə danışmaq lazım olduğunu düşünürdüm.

-Çayın da gəldi. Sən tez bunu iç isti-isti, mən də içəridən əynin dəyişmək üçün paltar gətirim.

-Bu ki qaynardır.

-Balaca uşaq kimi mızmızlanma, Kürşad–dedi yataq otağından səslənərək.

-Sən deyildinmi mənim uşaq olmağımı sevən? Yoxsa mənmi səni yanlış anladım?

Əks həmlə ilə hücuma keçən idmançılar kimi sevincdən gülümsəyirdim. Digər yandan qaynar olmasına rəğmən bu çayı içməli idim, yoxsa dünən olanlar barəsində söhbətimiz heç vaxt başlamayacaqdı.

-Sənin uşaq olmağını yox, qəlbindəki uşağı sevirəm. Hələ də bitirməmisən çayını? Tez elə, iki dəqiqə vaxtın var. Mən mətbəxə gedim nahara nə hazırlayım deyə baxım, sən də mən gələnə qədər onu bitir, sonra da adyala bərk-bərk bürün uzan.

-Başqa bir əmriniz varsa onu da deyin komandir, hazır ikən edim.




Yüklə 280,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin