Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir


-Səndən tək bir istəyim var, Kürşad–mətbəxə çatmadan çevrilib dedi–yanımda qalman



Yüklə 280,81 Kb.
səhifə6/13
tarix02.01.2022
ölçüsü280,81 Kb.
#45251
1   2   3   4   5   6   7   8   9   ...   13
uçurumun bir addımlığında dəyişiklik haamısı

-Səndən tək bir istəyim var, Kürşad–mətbəxə çatmadan çevrilib dedi–yanımda qalman. (ərgən ola bilər.)

Bunu mən də istəyirdim, ancaq bəzi anlarda mümkünsüz olması haqqında fikirlərim rahat buraxmırdı məni. Ardınca mətbəxə girib bir şeylər axtarmağa başladı. Evdə doğru-düzgün yeməyin olması qalsın bir kənara, hər hansı bir yeməyi hazırlamaq üçün lazımlı olan şeylər belə yox idi.

-Evdə termometr yoxdu gözlə mən aptekə gedib gələcəyəm. Ay sağ ol, elə bürün uzan. Gələn kimi paltarlarını dəyişərik.

Həqiqətən də balaca bir uşaq kimi dediyi hər şeyə əməl edib sonda məni bu bəladan qurtarmağını gözləyirdim. Və deyəsən özümü uşaq kimi hiss etdiyimdəndir ki, buna ümidim belə vardı. Digər yandan dünən orada hər şeyin son olduğunu düşünmüşkən bu gün burada yenə sevdiyim qadınla birlikdə idim. Onu görməyəli neçə həftə, neçə gün olduğunu belə xatırlamırdım. Beynim elə bir donmuşdu ki, deyil həftələr öncəsini, buraya necə gəldiyimi belə xatırlamırdım.

Mələyi son dəfə dərs çıxışında sağollaşarkən görmüşdüm. İndi isə üzərindən xatırlamadığım günlər keçdikdən sonra yenidən qarşımda gördükdə qəribə olmuşdum. Qəlbimin yenə sürətlə döyünməyə başladığını hiss edirdim. Onun kimi bir qadını sevdiyim üçün və ən önəmlisi onun da mənim sevgimə qarşılıq verdiyi üçün yenidən bir daha Tanrıma şükür edib dəli kimi üzümdə yaranan gülüş ilə üzərimdə olan adyalları bir kənara atıb uşaq kimi sevincimdən bir o yana, bir bu yana qaçmaq istəyirdim.

Amma onun söylədiklərini xatırlayıb tez bir zamanda sağaldıqdan sonra bundan daha artığını edəcəyimi fikirləşməyə başladım. İstilik yavaş-yavaş bədənimin hər bir zərrəsini öz cənginə alıb məni sıxmağa başlayaraq həm nəfəsimi kəsir, həm də səbr və iradəmi zorlamağa çalışırdı.

Mələk gələnə qədər ən azından dözməli idim deyə düşünməyə başladım. Sadəcə səbr və səbr. Elə bu anda qapı açıldı və Mələk evə girdi.

-Qapını necə açdın?

-Açarla. Səhər gedəndə unutmuşdum, amma indi götürmüşdüm. Sən yaxşısan? Tərləməmisən ki?

-Hə tərləmişəm. Səni gözləyirdim elə. Yardım edəcəyini demişdin–aramızda olan yaxınlığa rəğmən yenə də utandım istər-istəməz. Xəstə olduğuma görə idi bəlkə də.

-Gözlə gəlirəm.

İki dəqiqə sonra geri qayıdıb yanı başımda oturdu. Üzərimdən adyalları çəkdi, mən də yavaşdan doğrularaq onunla qarşı-qarşıya oturdum. Əllərimi havaya qaldırıb tər qoxan paltarlarımı çıxartdı, sonra çıxartdığı mayka ilə bədənimi silərkən bunu özüm edəcəyəm hərəkəti ilə mən götürdüm. Ardınca bədənimi sildikdən sonra içəridən–yataq otağından gətirdiyi paltarları bir-bir geyindirməyə başladı. Təslim olmuş bir şəkildə gözlərinə baxmaqdan çəkinərək başımı yana çevirib bunun bitməsini istəyirdim. Əynimi dəyişdikdən sonra geriyə yenidən mətbəxə qayıtdı.

-Üzərinə örtdüyün adyalın digər tərəfi ilə üstünə ört uzan, amma bayaqkı kimi sıxma, eləsinə ört sadəcə. Mən yenə bir çay gətirəcəm sənə yavaş-yavaş içərsən onu. Yemək də 30 dəqiqəyə hazır olar. Xəstə adamın sıradakı dərmanı şorbadır. Mən də təbii ki dadlı şorba bişirə bildiyimdən elə onu da eləyəcəyəm. Yedikdən sonra bir şeyin qalmayacaq.

Hər şey yolunda gedirdi, hər şey gözəl idi, amma bəs nə zaman danışacaqdıq deyə düşündüm. Düşünən kimi də gec olmadan, başqa bir söhbətə keçmədən dilə gətirdim.

-Nə zaman danışacayıq bəs?

-Nəyi Kürşad?

-Dünən olanları. Və bizi təbii ki.

-Öncə sən sağalmağına bax, sonra hər şeyi oturub danışarıq. Heç hara qaçmırıq ki.

-Yaxşı, elə deyirsənsə əgər elə də olsun.

Mən divanda oturmuş onun gətirdiyi çayı içərkən o da mətbəxdə yemək hazırlayırdı. Bişirdikdən sonra öncə gəlib süfrəni düzməyə başladı, boşqabları, qaşıqları və stəkanları. Sonra içəridən keçib çörək və duzu gətirdi. Salfetləri də qoyduqdan sonra masaya yemək olan qazanı qoydu. Onun əlindən çay içməyim, bir şeylər yeməyim ilk dəfə olmamasına rəğmən yenə eyni həvəslə dadmağa can atırdım. Kaş anamın varlığı ilə tanışsaydım da, bişirdiyin ən az onun kimi dadlıdır deyə bilsəydim. Yenə keçmişin buraxdığı acı və kədərin həyatıma müdaxilə etməsinə imkan verə bilməzdim çünki, hər şey yoluna girməyə başlayırdı. Dünən olanlar daha sonrasında burada Mələyin bir anda yanımda olması buna bir işarə idi.

-Bir çay daha istəyirsən həyatım?

-Çaya olan düşkünlüyümü bilirsən. İçərəm əlbət.

Süfrəni yığışdardıqdan sonra özünə də birini süzərək əlindəki iki fincanı da masaya qoydu. Artıq hər şeyi danışmağın vaxtı gəldiyini düşünürdüm.

-Başlayacaqsan?

-Sən harada qalmışdın ən son?

-Sizin blokun içində. Birinci mərtəbədə.

-Sonrası bəs? Xatırlamırsan?

-Yox. Heç nə yadımda deyil. Dəhşət soyuq var idi tək onu bilirəm. Donmamaq üçün son çarə girdim bloka. Gözümü açdım başım ağrıdan çatlayırdı. Üstümdə də adyallar. Bir də qapı zəngi.

-Doğrudan niyə açmırdın ki qapını? Üç dəfə ən az zəngi basmışdım. Ciddi söyləyirəm əgər açmasaydın nə etsəm belə o qapını açıb içəri girəcəkdim.

-Eşitsəydim açardım əlbət. Həm sən necə olur ki məni tapdın buraya evimə gətirdin?

-Sualların elə budu, Kürşad bəy? Çoxdu deyə təxmin edirdim.

Bir yandan çayını içir, digər yandan əsas sualları cavablandırmaqdan çəkindiyi üçün vaxt qazandırırdı özünə. Məncə.

-Düz tapdın, amma hələlik bunlarla başlayaq. Məni necə tapdın?

İçdiyi fincanı masaya qoydu sanki öncədən hər şeyi düşünüb nə deyəcəyini qərarlaşdırmışcasına aramla və səlis bir şəkildə danışmağa başladı.

-Burada təəccüblənəcək elə bir şey yoxdu. Sən düz qapının qarşısında idin və mən qapının açıb səni gördüm evə apardım.

-Qapı? Axı mən blokun içində aşağıda idim. Elə xatırlayıram yəni.

-Yox, həyatım. Düz qapımın ağzında idin. Mən də səni elə görəndə şok oldum bir az, amma yaxşı ki, özümü itirməyib cəld hərəkət elədim.

-Bəs içəri salmağın yerinə niyə o boyda yolu gedib məni buraya evimə gətirdin? Həm də necə elədin bunu, şaxtaya rəğmən?

-Evinə? Sənin evinə?

-Hə. Bəyəm bura mənim evim deyil ki?

Başımı qaldırıb öncə oturduğum stol və stullara baxdım. Sonra bilmirəm neçə saatdı orada yatdığım divana. Boylanıb mətbəxə baxdım geriyə yenidən Mələyin simasına baxdım. Bir şeydən narahat olduğu üzündə canlanırdı. Hər şey sanki birdən bulanıqlaşmağa başladı, amma bunu ona bildirməyərək cəld güc toplayıb özümə gəldim.

-Doğrudan axı, bura sənin evindi. Bənzəyir bəzi şeylər ona görə elə dedim.

Gülümsəyərək bu söylədiyimin gerçək olması ilə bağlı heç bir şübhənin qalmamasına çalışırdım. Nə qədər alındısa.

-Yaxşısan sən? Rəngin birdən dəyişdi elə bil. Su gətirim?

-Yox, çayım var, gülüm. Yaxşıyam. Sonra bəs?

Söylədiyimə inanmasa da, belə bir təəssürat verməyərək bir yandan mənim özümü daha rahat hiss etməyimə çalışır, digər yandan isə nəzərlərini hələ də üzərimdə saxlayıb yarana biləcək hər hansı bir problem üçün hazır dayanmışdı.

-Soyuqdan donmuşdun demək olar. Cəld ayıtmağa çalışdım səni, amma bacara bilmədim. Ona görə tək çarə isti su idi.

-Qaynar su mu tökdün mənə?

-Yox, daha nələr. Ayağını suya qoydum sadəcə. Əllərini alnını bədənini istilətməyə çalışdım sonra. Qızdırmadan da yanırdın həm də. Ağlımı itirmişdim bilmirdim nə edim. Sən də heç nə olmamış kimi yatmışdın.

-Mənmi günahkar oldum indi? Həm mənə yatmısan deyirsən də, bəs Mələk xanım sən həmən ana qədər guya evdə isti yatağında yatmırdınmı? Mən şaxtada donmamaqla mübarizə apararkən səni gözləyərək həm də? Niyə gəlmədin?

Susdu. Bir şeyləri söyləməsini istəyirdim. Ən azından bir səbəb. Hətta bəhanəyə belə razı idim bəlkə də. Sadəcə bir şeylər deməli idi deyə düşündüm. Artıq bundan sonra geriyə bir yolun olmadığının onun da anladığını bilirdim. Məhz buna görə bir şeylər söyləməli idi.

-Bağışla məni, Kürşad. Bunu sənə etməməli idim bilirəm, ancaq...

Başını aşağı əydi. Gözlərini qaçırmaq istədiyi aşikar idi. Hər zaman aramızda yaranan bir problemin səbəbkarı olanda belə edirdi. Mən də həmçinin. Ancaq indi məsələ kimin günahkar ya da səbəbkar olması deyil, bütün bunları danışaraq hər şeyin öhtəsindən gəlmək idi.

-Gəlirəm deyəndən sonra durdum fikirləşdim niyə gedim ki, sənin yanına deyə. Məni tərk edən sən idin, bilərək üzən, ağladan. Hələ bir də zaman istədin məndən. İnana bilirsən buna, Kürşad? Bu elədiyin necə bir hərəkət idi?

Bilirdim. Etdiyim hər bir hərəkətin, işlətdiyim hər bir sözün nə olduğunu, necə bir təəssürat yaratdığını bilirdim, amma etməli idim. Bax bunu sən bilmirdin. Deyə bilmədim. Yenə.

-Sonra həmən qəzəblə getməməyi seçdim. Həm sözün düzü, orada olduğunu belə düşünmürdüm. Üstəgəl məni bunca zaman gözləyəcəyini də. Nə qədər inamım olsa da bir gün birləşəcəyimizə həmən an gözləmirdim. Anlayırsan? Hər şeyin birdən köhnə zamanlardakı kimi gözəl olacağını istəyirdim təbii ki, amma həmən an daxilimdəki qəzəb hər şeyə üstün gəldi.

Çayından son yudumu aldı və fincanı kənara bir yerə qoydu. Başını qaldırdı. Gözləri bir az dolmuşdu, amma güclü olduğunu sezə bilirdim. İndi isə sıra məndə idi.

-Səni günahlandırmadım buna görə hətta haqq da vermişdim. Amma gəlsəydin danışacaqdıq. Hətta danışacaq çox şeyimiz vardı.

-İndi bəs? Yoxdu? Sıra səndədi.

-Haradan başlayacağımı bilmirəm ki, Mələk.

-Bir yerlərdən başlamalısan, amma. Sən cəhd etdin gəldin. İstəməsəydin edərdinmi ki?

-İstədim həm də çox. İndi bütün hər şeyi sənə danışmağı da çox istəyirəm ancaq qorxuram. Anlayırsan? Qorxuram.

-Nədən axı? Nədən qorxursan?

Gerçəklik deyə düşündüm. Hər zaman gerçəyi söyləmək istəsək belə onun özü ilə gətirəcəyi nəticələr həmişə yaxşı olmur. Və mən o zamandan bəri həmişə belə düşünürdüm. Ya gedərsə? Ya qalmağı bir kənara qoyaq, anlamaq belə istəməsə və məni dəli hesab etsə? Ki əslində belə hesab etməyə haqlıdır çünki, beynimdə bir dəli ilə yaşayıram.

-Səni itirməkdən.

Deyə biləcəyim iki söz yalnızca bu idi. Lənətə gəlsin. Bu qorxu ilə yaşaya bilmərəm ömrümün sonuna qədər.

-Məni itirmək? Nə danışırsan, Kürşad? Nə baş verib ki məgər? Xahiş eləyirəm səndən, hər şeyi mənə anlat. Əgər içində bir qram mənə qarşı sevgi qalıbsa.

Bir qram? Ona olan sevgimi çəki ilə ölçmək gərəkərsə kainatın kütlə həcminə bərabər olardı. Amma məsələ sevmək ya da sevgi deyildi. Məsələ anlaşılmaq idi. Məncə münasibətdə ən mühüm olan şey məhz bu idi. Tərəflərin bir-birini anlaması. Hər deyilənə razı olmaq yox, hər deyiləni dinləyib qarşındakını anlamaq. Çətin şeyə bənzədiyi aşikardır. Düşünəndəki biz insanoğlu ego və kibir ilə bəslənirik, söylədiyim şeyin bu gün insanların bir-biriləri ilə olan münasibətində yaranacaq hər hansı bir problemində baş rolda oynadığını görə bilərik.

-Səni necə sevdiyimi bilirsən. Sadəcə söylədiklərimdən sonra məni anlamaq istəməsən əgər ya da anlamasan o zaman səni itirmiş olaram. Bu isə həyatım boyunca istəmədiyim bir şeydir.

-Ancaq hər şeyə rəğmən danışacaqsan elə deyil? Çünki bunu mənə deməyərək qəlbinə ataraq nə olacağını heç vaxt bilməməkmi səncə yaxşıdı? Heç vaxt necə bir reaksiya verə biləcəyimi bilmədən yaşamaq? Bununla həm öz həyatını, həm də mənim həyatımı aldatmaq və hər şeyi yalan üzərində davam etdirmək? Səncə bu yaxşı bir şeydi ya da belə deyim ədalətlidirmi? Nə olursa olsun bunu bilməyə, dinləməyə haqqım var, Kürşad.

Artıq başqa çarəmin olmadığını çox yaxşı anlayırdım və əlimdən gələn heç bir şeyin olmadığından ən başından onu ilk gördüyüm gündən hətta daha öncədən danışmalı idim. Dediklərinin hər birində ona haqq qazandırırdım və sanki qəlbimdə son söylədiklərindən həmçinin danışan zaman simasında yaranan təəssüratlardan nə olacağını bilməsəm də, müsbət bir şeylərin olacağına inamım artmışdı. Niyə də olmasın ki? Sevdiyin birini anlamaq çətin deyildir məncə. Ən azından anlamasan aranızda bir anlaşılma olmasa münasibət niyə davam etsin ki? Beynim yenə suallar ilə mühasirə alınmamışkən danışmalı idim. Yoxsa öhtəsindən gələ bilməyəcəyəm.

-Danışacaqsanmı, Kürşad? Buradasan?

-Necə? Hə, danışıram. Hazırsan?

-Hər zaman. Səni dinləməyə hər zaman hazıram, Kürşad.

Aramla birbaşa gözlərinin içinə baxmaqdan çəkinərək danışmağa başladım. Hər bir cümləyə başlayan zaman içindəki sözləri elə diqqətlicə seçməyə çalışırdım ki, Mələk ona anlatmaq istədiyim hər hansı bir fikir barədə anlaşılmazlıq yaşamasın. Qarşındakı insanın səni anlamasını belə səlisliklə həyata keçirən və diqqqət yetirən birini görmüsünüzmü ətrafınızda? Hər kəs əsas öz düşüncəsini çatdırmaqdan ibarət olduğunu düşünsə də, heç kəs bu düşüncələrin qarşı tərəfdən anlaşılmasına fikir verməməkdədir. Mən isə onu gördüyüm ilk gündən bəri hər şeyi onun ürəyincə olmasına diqqət yetirərək etmiş, ən cüzi bir şeydə belə onu incidəcək ya da xətrinə dəyəcək bir şeylərdən uzaq olmağa çalışırdım.

Danışdıqlarımın onda hansı təəssürat yaratdığını bilmirdim çünki, nadir hallarda başımı qaldırıb gözlərinin içinə baxır sonra isə dərhal utanğaclığımdan və çəkingənliyimdən aşağı endirirdim. Xalçanın üzərində xəyali bir şeylər, bir xətlər çəkir onların hərəsinə bir vəzifə verərək fərqli yönlərə istiqamətləndirirdim. Amma diqqətimi də dağıtmamaq üçün buna çox baş qoşmurdum. Əsas diqqətim hər şeyin ard-arda zamana uyğun olaraq heç bir şeyin üzərindən atlamayaraq ona danışmaq idi. Bunun uzun bir zaman çəkəciyini bilirdim ona görə içimdən onun səbrli olmasını diləyir və məni anlamağın ancaq bu yolla olacağını aşılamaq istəyirdim.

Zaman durmadan keçir mən isə artıq yavaş-yavaş ilk dəfə onu gördüyüm zamana gəlib çatmışdım artıq. İndiyə qədər danışdıqlarım uşaqlığımdan həmən həyatımı dəyişdirəcək zamana qədər olan anılarımdan ibarət idi. Başlanğıcı danışmadan birbaşa əgər həmən zamana keçsəydim böyük ehtimal danışdığım yerdə söhbətin düz ortasında sözümü bölüb məni evdən bayıra atardı. Buna görə hər şeyi bütün gerçəkliyi ən başdan danışdım. Daha aydın olsun deyə. Amma düşünürəm də əgər elə bir yanlış etsəydim belə mənə qarşı elə sərt davranmazdı, məncə.

Nə ağlından keçənləri, nə də qəlbində hansı hisləri bəslədiyini bilmirdim. Bu bilinməzliyin verdiyi narahatlığa rəğmən yenə də bir saniyə belə durmadan danışırdım. Əgər ara versəm tərs bir şeylərin gedəcəyindən nigaran idim. Onun üçün ən yaxşısı durmadan danışmaqdır deyirdim özü-özümə.

Məni ən çox heyrətləndirən bu qədər zaman keçməsinə rəğmən heç bir söz demir, heç bir reaksiya belə vermirdi. Onun yerinə əgər mən olsaydım nə edərdim deyə düşündüm. Amma cavabını tapa bilmədim. Bir insanın yerinə özünü qoymaq məgər bu qədər asandırmı? Yaxın birini itirən bir adamın yerinə özünü necə qoya bilərsən ki? Əgər sən də sənə doğma birini itirsən həmən insanın nə çəkdiyini anlarsan deyəcəyəm də, amma həmən insan ilə itirdiyi yaxını arasında olan bağlılığı, yaxınlığı və münasibəti bilib-bilmədən, yaşamadan, hiss etmədən necə əminliklə yaşadığımız şeylərin eyni olacağı fikrinə qapılıb da onun halını anlaya bilərsən? Hər şeyin bu qədər sadə görünüb də mürəkkəb olmasından elə nifrət edirəm ki. Eyni ilə bu danışdıqlarımın onda yarana biləcək hər hansı mənfi bir fikrə qarşı olan reaksiyam da məhz belədi.

Sakitliyi hər zaman sevməyimə rəğmən, ölü bir sükunətə tab gətirmirəm. Xüsusilə qarşında bir insan olduqdan sonra. Özü də sevdiyin qadın. Arada istəyirəm ki, bir şeylər desin, hayqırsın, əsəbləşsin. İndiyə qədər niyə məndən bütün bunları gizləmisən deyə soruşsun. Dağıtsın hər şeyi, hər tərəfi. Hətta qalxsın oturduğu stuldan gəlsin üzərimə bir-iki sillə vursun. Ona da razıyam. Ancaq bir şeylər olsun, bir şeylər etsin. Nə olursa olsun bir şeyler desin, amma. Bu sakitliyin sonunun yaxşı olmayacağı qorxusu mənliyimin üzərini qara buludlar tək örtməkdə idi. Çünki, bilirdim əgər bir qadın susarsa söyləyəcək bir şeylərin qalmamasından deyildir, zamanında söylədiklərinin artıq bir mənasının qalmamasına görədir. Amma digər yandan buna səbəbin mənim söylədiyim hər bir söz, fikir, cümləyə bütün diqqətini ayırmasıdır. Mən belə düşünürdüm. Əks təqdirdə digər bütün hallar heç də ürəkaçan deyildi.

Sonunda onu tərk etdiyim ya da dur tərk etdiyim deməyim də mənə bir az zaman verməsini istədiyim ana gəlmişdim. Burada səhv olaraq söyləyəcəyim hər hansı bir cümlə belə deyil bir sözün onda necə bir təsir yaradacağını söyləməyimə ehtiyac yoxdur yəqin ki. Bütün beynimdəki dəliliyin onunla münasibətdə olduğum zamanlarda bitməsini gözlədiyim halda ki, başlarda çox azalmışdı sonradan yenə irəliləməsi məni tərk etməyib əsarət altına alması, münasibət davam etdikcə daha da böyüməsi və məni çıxılmaz bir vəziyyətdə qoyaraq həm ona qarşı savaşmalı olduğum, həm də bizim münasibətimiz uğrunda savaşmalı olduğumdan gücümün iki yerə ayrılması səbr, inamımı getdikcə itirməyim sonda səni dərindən üzəcək bu hadisəyə səbəb oldu. Elə bilmə ki tək sən üzüldün. Yox əsla. Mən də səninlə eyni taleyi yaşasam da ayağa durub savaşmalı idim. Beynimdəki dəli ilə, həm də sənin, bizim, sevgimiz uğrunda. Çünki, məğlub olsam həm səndən, həm bizdən, həm də özümdən məhrum olacaqdım. Hər dəfəsində səni necə sevdiyimi düşünərək bu savaşda ilham alırdım. Digər yandan yazırdım, eynən yazırdım. Yazmaqla bu dəliyə qalib gəlmək ən təsirli variant idi çünki, beynimdə məni məhv edən bir fikrin belə qalmasına imkan vermirdi.

Ah bir bilsəniz nələr çəkdiyimi içimi parçalayan bu hissin getdikcə daha da dərinə işləyib məni yavaşca ruhən ölümə sürükləməsini. Daxilimdə olanları hər incə ayrıntısına qədər anlatmağa çalışıram, ancaq bir yerdən sonra anlatsam belə məni anlarsınızmı deyə düşünməsəm olmur. Neçə divar yıxdıq? Geriyə neçəsi qaldı? Kaş hər bir divar berlin divarı kimi fiziksəl yıxıla bilsəydi də ruhum da, mənliyim də, düşüncələrim kimi azad və hürr ola bilsəydi. Kaş bunu istəməklə qalmayıb edə bilsəydim.

Nəhayət bu günə daha doğrusu dünən gecəyə gəlib çatdım. Hər şeyi söyləmiş artıq bütün varlığımla özümü ona təslim etmişdim. Qalxanımı endirmiş gələcək son zərbəni gözləməkdə idim. Bütün bu söylədiklərimdən sonra verəcəyi reaksiyanın nə olmasından asılı olmayaraq haqq qazandırırdım. Ən azından bu qədər zaman gizli saxlayıb demədiyim üçün. İndi bu sətirləri yazan zaman düşünürəm də bəlkə sərt reaksiya verməsi hər şeyi bir anda silməsi evdən qovması lazım idi.

Belə olması daha məqbul idi. Gerçəkci olmağı hər zaman sevmişəmdir, ancaq məsələ orasındadır ki, bunu onun hələ də yanımda olduğunu düşünsəm deyə bilərdimmi? Gerçəkliyə obyektiv baxmaq və ola biləcək hər ehtimalı düşünərək qiymətləndirmək lazım ikən sadəcə mövcud situasiyanın verdiyi qərar ilə özümə təsəlli verməli deyildim. Söylədiyim bu şey sadəcə yaşayacağım acının daha da çox olmaması üçün idi. Amma olmadı. Daha çox daha artığını yaşadım.

-Bir şeylər deməyəcəksən?

Hələ də susurdu. Danışdığımın üzərindən yarım saata yaxın bir müddət keçirdi, amma indiyə qədər tək kəlmə belə etmədən bütün fikrini söylədiklərimə verərək diqqətlə dinləyirdi. Bu susqunluğun nə zamana qədər davam edəcəyini düşündüyüm zaman ayağa durdu birdən. Artıq bir şeylərin tərs getdiyini düşünməyə başlarkən masanı keçib yanıma gəldi mən isə hələ də stulda oturmuş onun nə edəcəyinə baxırdım. Yaxınlaşdı düz gözlərimin içinə baxdı əyildi və qəfildən elə bir sarıldı ki, qabırğalarımın bir-birinə dəyməsini hiss etmədim desəm yalan söyləmiş olardım. Neyləyəcəyimi bilmədən yerimdə donub qalmışdım. Heç əllərimlə onu qucaqlamağı belə ağlıma gətirməmişdim gerisini siz düşünün. Bir neçə saniyə belə qaldıqdan sonra nəhayət özümə gəlməyi qət edib mən də əllərimlə qucaqlayaraq bərk-bərk, amma ondan bir az zəif şəkildə sarıldım. Ona sarılan zaman belə incitməkdən çəkinməyi düşünüb bir insanın bu qədər çox verdiyi xoşbəxtlik hissindən gözlərim doldu. Eyni ilə onun da bütün bu söylədiklərimdən sonra hələ də burada onun yanında olduğum üçün gözlərinin dolmasını bilmədən. Bir neçə dəqiqə keçdikdən sonra qollarımız istəmədən də olsa bir-birindən ayrıldı və ikimizin də gözlərində xoşbəxtliyin verdiyi göz yaşları bir-birimizin gözlərinin içinə baxdıqdan sonra üzümüzdə yaranan gülüş ilə qurumağa başlayırdı. Sonra ikimiz də divana keçib yan-yana onun başı sinəmdə durmuş şəkildə oturduq. Hələ də bir kəlmə belə deməməsini qəribsəyirdim buna rəğmən o danışmaq istəmədən hər hansı bir söz deməyimin düzgün olmadığını da bilirdim. Davam edən səssizliyin ardından nəhayət bir şeylər dedi və həmən sözlər bir daha hər şeyin bundan sonra daha yaxşı olacağına işarə idi.

-Yanındayam. İndi və həmişə.

Sadəcə üç kəlmə deyə bildim.

-İndi və həmişə.

Sonun necə olacağını bilmədən ümid etmək bacardığım ən mükəmməl şey idi ya da bacardığımızmı deməliyəm heç bilmirəm. Bir də etdiyimiz ümidlər gerçək olsa. Amma...

XVI

Sondan bir əvvəl


-Amma?

-Amma... bilirsiniz bəzən nəyi düşünürəm. Niyə hər şey yolunda gedən zaman həmişə onu məhv edəcək bir şeylər başıma gəlir? Bu sualı özümə nə qədər versəm də cavabını tapa bilmirəm. Bəlkə düşünürəm də xoşbəxtliyin və bədbəxtliyin həyatımızda paylanma faizləri bərabər olmalıdır. Və biz hər hansısa bir xoşagəlməz hadisə yaşayan zaman ondan öncəki sevincli olduğumuz anları unutmuş oluruq. Bəlkə də unutmağımıza səbəb ya o anların dəyərini bilməməkdən irəli gəlir, ya da hər zaman belə davam edəcəyi xülyasına qapılmış oluruq.

-Yəni bir növ az öncə dediyinə görə tərəzidə ikisi də bərabər şəkildə paylanılıb elə deyil?

-Məncə hə. Sadəcə biz həmən tarazlığı qoruyub saxlaya bilmirik. Qoruyub saxlamaqdan ötrü ilk olaraq anlamağımız lazımdır.

-Və anlamırıq?

-İstəmirik deyək. İstəsək alına bilər. Həm tutalım istədik anladıq da əsas məsələ başqadır. Əsas məsələ qəbullənməkdir. Mən qəbullənmişdim ancaq bir yerə qədər ondan sonra zatən olanlar burada olmağıma sizinlə danışmağıma gətirib çıxardı.

-O zaman ondan sonranı danışaq. Həmən günü həmən gecəni.

-İntihar elədiyim anı?

-İstədiyin desək daha doğru olar.

-Kaş alına bilsəydi.

-Alınsaydı əgər nə sən burada oturub mənə bütün hər şeyi danışardın nə də mən... Nə də mən sənin kimi bir pasientlə qarşılaşmış olardım.

-Mənim kimi deyəndə nəyi nəzərdə tutursunuz?

Yaxşı yoxsa pis bir şeylər haqqımda düşündüyünü bilmirdim. Nə üz çizgilərindən nə də mimikalarından anlamış deyildim. Sakitcə durub nə deyəcəyini gözləyirdim.

-Əsrarənigz bir az qəribə səslənər. Fərqli desəm daha uyğun olar məncə.

-Fərqli? Nəyi əsas göstərərək bu qənaətə gəldiniz ki?

-Kürşad burada əsasən sualları mən soruşmalıyam. Ancaq açıq-aşkar öyrənmək istəyirsənsə söyləyim. Bir insan iki dəfə intihar etmək istəməz. İkisində də ölməmiş biri üçüncü intiharı yenidən heç istəməz. Ölüm qorxusuna qalib gəldi deyək ilk cəhdində. Sonradan bəs ikinci dəfə? Deyək ki bunu da etdi amma olmadı. Bir insan üçüncü dəfə bunu etməyi düşünməz. Düşündüyü şey əgər olmadısa demək ki olmaması üçün bir səbəb vardır. Onu axtarıb tapar və yenidən yaşamağa dair ümidi yaranar. Zatən ümidini itirdiyi üçün bir insan edər bunu. Baxma mənim belə söylədiyimə mən heç zaman intihar edən insanlara haqq qazandırmamışam. Və burada səninlə hər şeyi danışmağımıza səbəb keçən səfər də dediyim kimi bunu etməyə səbəb olaraq söylədiyin şeylərin nə olduğunu araşdırıb tapmaqdır. Ümid edirəm ki keçiriləcək seanslardan sonra intihar ilə bağlı hər hansı bir düşüncəyə daha qapılmayacaqsan.

-Siz məni yanlış anladınız. İntiharın heç bir zaman çıxış yolu olduğunu müdafiə etməmişəmdir. Hər zaman bir acizlik və qorxaqlıqla bağlamışamdır. Bu həyatda yaşamaqdan, mübarizə etməkdən imtina edən insanların seçdiyi yol deyə qiymətləndirmişəmdir. Buna nə qədər yol demək mümkündürsə. Ta ki, başıma gələnə qədər. Bilirsiniz, biz insanların bu dünyadakı düşüncələrində məni ən çox özüm başda olmaqla nə üzür?

-Nə, Kürşad?

-Qərəz. Özümü heç vaxt qərəzli bir insan kimi hesab etmirdim. Digər bütün qərəzli insanların dediyi kimi sadəcə öz doğrularımı önə çıxarıb bəzi şeyləri bəyənir, bəzilərini isə bəyənmirdim. Bəyənmədiklərimin isə, əlavə olaraq qəbul etməməklə bərabər həyatımda olmamasına çalışırdım. Ancaq təbii ki, bu, yaxud o vəziyyətdə olan insanların yerinə özümü qoymurdum, qoymağı rəva bilmirdim. Eynən bayaq dediyim intihar məsələsindəki kimi.

-Sənə qatılıram əlbbəttə ki, qərəzli olmaq heç də düzgün bir şey deyildir, ancaq sənin az öncə dediyin kimi çıxış yolu olaraq intiharı seçmək nə dərəcədə düzgündür axı? Bilirsən, sən buraya bu səbəbdən gələn ilk pasient deyilsən və bu hallar son zamanlarda artıq dərəcədə çoxaldığından bunu yalnızca aciz bir çıxış yolu olaraq qəbul etməkdən başqa seçimimiz yoxdur.

-Hər zaman bir seçim vardır, əgər doğrudan istəyiriksə. Son zamanlar bu halların çoxaldığı ilə bağlı sizinlə razıyam. Buna səbəb daha çox ölkədə baş vərən iqtisadi vəziyyətin heç də ürəkaçan olmaması, işsizlik, korrupsiya hallarının çoxluğu və mənim nə qədər saysam da məni yoran, amma eyni zamanda bitməyən, həll olmayan və deyəsən uzun bir müddətdə həll olunmayacaq ya da açıq söyləsək həll edilməsi istənməyən şeylərdir. Mənim başıma gələnlər heç də bunlarla əlaqədar deyil təbii ki, ancaq bir insan eyni ilə bir şeylərə inanan zaman ona bir səbəbi olduğu kimi, etdiyi şeylərin də mütləq bir səbəbi vardır.

-Ölkədəki iqtisadi və digər hadisələri bir kənara qoyaq hələ ki. Mənə bunu etməyə səbəbin nə olduğunun ilkini söylədin, qaldı biri. Daha doğrusu ikinci dəfə cəhd etməyinə nəyin təkan verdiyi. Ancaq ondan öncə səndən başqa bir şey soruşacağam. Allaha inanırsan?



Bu sualın və ona verəcəyim hansı yönə çəkiləcəyini bilirdim. Ancaq həmən yol üzərindən gedərək müayinə etmək istəməsi açığı məni kədərləndirdi. Məsələ inamla bağlı deyildi çünki.

-İnanmağımın bir önəmi var?

-Necə bəyəm? Anlamadım?

-Yəni nəyə görə qarşımızdakı insanla danışan zaman müəyyən zaman kəsimindən sonra bizə inancımız ilə bağlı sual ünvanlanır? Və bunu edənlər də inananlardı. Hər hansı bir şeyə inanmayan ya da heç bir şeyə inanmayanlar deyil.

-Sadəcə maraqlı gəldiyi üçün ola bilər səncə?

-Bu qədər sadəlövh olduğumu zənn edirsiniz?

-Yox təbii ki. Mən nə düşünürəmsə onu deyirəm. Digər insanlar haqqında bir mülahizə yürüdə bilmərəm.

-Bilirsiniz məni maraqlandıran şey nədir Mətanət xanım? Bizlər nəyə görə yeni tanış olduğumuz insanın hansı dil din irqə aid olduğunu ya da az öncə dediyim kimi nəyə inanıb inanmadığı ilə bağlı suallar veririk ki? Albert Einstein demişkən insanlar sadəcə iki yerə ayrılır: yaxşı və pis insanlar. Geri qalan şeylərin heç bir önəmi yoxdur.

-Yaxşı və pis insan olmadığını söylədiyini xatırlayıram.

-Doğrudur. Ancaq məsələ burasındadır ki, əgər ki az öncə söylədiyim ifadədən irəli gələrək, axmaqların insanları səkkiz fərqli kateqoriyaya böldüyünü düşünərəkdən bu düşüncəni dəstəkləyirəm. Yəni, təkidlə insanları ayırmaq üçün bir kateqoriyaya ehtiyac duyularsa bu yaxşı və pis insan olmalıdır. Və mənim düşüncəmə görə buna əlavə olaraq bunu bilməyin tək yolu vicdandır. Ona görə vicdanım mənim həm dinim, həm də Tanrımdır.

-Yəni heç bir şeyə inanmırsan?

-İnandığım şeylər var təbii ki. Bütün insanların hər hansı bir şeyə inanmaqlarına ehtiyac var. Çünki insanı ayaqda tutan, həyatda saxlayan məhz inandıqlarıdır. Ancaq unutmamalı olduğumuz şey əsas problem inandıqlarımızın ki onları gerçək olaraq qəbul edirik. Bir gün inandıqlarımızın tamamilə yanlış olduğunu qəbullənməkdir. Və nə olursa olsun bir çoxlarımız gerçəyin nə olduğunu görsə də, bu gerçəkliyin onun inandıqlarına tərs düşdüyünü, heç etdiyini görsələr də qəbul etməzlər. Çünki inandığı şeydir onu həyatda tutan. Kiminə görə Tanrı, kiminə görə din, peyğəmbər, pul, güc, saymaqla bitməyən şeylər. Və düşünün biri çıxıb sizə inandığınız şeyin doğru olmadığını, varlığını isbat edilə biləcək bir dəlilin olmadığını irəli sürərək gerçəyin tamamilə başqa olduğunu söyləsə nə baş verər? Təbii ki etiraz edər, tənqid edər, müxtəlif ad qoyar yeri gəlsə təhqir edərik. Amma bir saniyə belə durub düşünmərik ki, bəlkə düz deyir, bəlkə də onun dediyi gerçəkdir və mən uzun zamandır bir yalana inanmışam və həyatım o yalan üzərinə şəkillənib. Bunu etməzlər. Niyə? Çünki fanatikdirlər. Ən bəsit bir örnək verim. Hər hansısa bir Azərbaycan futbol klubunun fanatiki olduğunuzu düşünün. Çıxdığınız hər oyunda qalib gəlməyi istərsiniz təbii olaraq. Amma di gəl ki, məğlub olduğunuz oyunların olması təbii bir haldır. Lakin siz məğlub olan zaman günahı, səhvləri özünüzdə axtarmağın əvəzinə bəhanələr söyləyərək sanki məğlubiyyətin sizin şanınızı zədələyəcəyini düşünəcəksiniz. Halbuki belə bir şey yoxdur. Heç kəs məğlub olmaq istəməz ancaq məğlub olan zaman eyni ilə qalibiyyətdə olduğu kimi sadəcə qəbullənmək lazımdır. Bəhanələr və lazımsız heç bir aiddiyyatı olmayan fikirləri söyləmək nəyi dəyişəcək axı? Siz məğlub oldunuz və bu heç zaman dəyişilməyəcək. Yəni deyəcəyim odur ki, sağlam düşünə bilmək üçün bir şeylərə kor-koranə inanıb, həyatımız bahasına müdafiə etməyə gərək yoxdur. Obyektiv olub, söylənilən hər qarşı fikri qəbul etməməklə bərabər niyə də olmasın deyərək araşdırmaq lazımdır. Onsuzda araşdırdıqca qarşınıza saysız-hesabsız suallar çıxacaqdır. Ola bilsin bu sualların heç birinə cavab tapmadınız, ancaq əslində öyrəndiyiniz ən mühüm şey də bu olacaq. Demək ki, inandığım şey ona ünvanlıdığım suala dəqiq cavab verilə bilməyəcək olduğundan, artıq tamamilə bu doğrudur, bu gerçəkdir deyə bilməyəcəm. Niyə? Çünki artıq obyektiv düşünə bilirəm, analiz edə bilirəm və araşdıra bilirəm. Çox danışdım bir az. Gərək ki, üzrlü sayasınız məni.

-Yox, Kürşad xoşdur. Əksinə sevindirdi bu məni. Çünki ehtiyacımız olan şey əslində elə budur. Danışmaq, bir-birimizi dinləmək və ortaq bir çıxış yolu tapmaq. Ağlından nə keçirsə, nəyi söyləmək istəyirsənsə bu günki kimi rahat danışa bilərsən.

-Bilirəm, Mətanət xanım, çox sağ olun birdə. Məni dinlədiyiniz üçün.

-Bu mənim işimdir, Kürşad. Təki sən hər zaman ünsiyyəti girməyi seçib danış, yoxsa bir-iki kəlmə danışmaqla istədiyimizi əldə edə bilmərik.

Nəyi düşündüyünü bilirdim. Mənim buradan getməyim əslində burada oturub dayanmadan hər şeyi danışmağıma bağlıdır. Digər yandan isə təbii ki onun da. Yəni görəsən o da bezib məndən digərləri kimi? Azadlığa gedən yolda ətrafımdakı hamının həyatında əngəl rolu oynayıram? Deyəsən hə. Çünki belə olmasaydı indi yanımda sevdiyim insanlar oturmuş hər hansı bir mövzudan danışardıq, arada deyib gülərdik. Amma indi yenə gecənin bir yarısında tək başıma oturmuş bu sətirləri yazmaqdayam. Həyatın yaşamımı qoruduğunu düşündüyü tarazlığın əslində mən hələ doğulan zamandan bəri pozulduğu düşüncəsini heç cür ata bilmirəm başımdan. O qədər yorğunam ki daha. Bunları yazan zaman belə dərindən aldığım nəfəsin ağırlığını daşıyıram sanki çiyinlərimdə.

-Kürşad? Kürşad, buradasan?

-Necə? Buradayam, Mətanət xanım, buradayam.

-Davam eləyəcəksən?

-Sıra sizdə idi amma. Yəni bir sual verdiniz mən də cavabladım.

-Yox, sualım yoxdur. Harada qalmışdınsa oradan davam edə bilərsən.

-Yaxşı, siz necə istəyirsinizsə.

Düşündüyüm şey də oldu. Verdiyim cavabdan sonra onun məni intiharın günah olub-olmadığı ilə bağlı verə biləcək və ondan yaranan digər sualların önünü kəsmiş oldum. Sözün düz həmən söhbət ilə onsuzda ağrıyan başımı ağrıtmağı heç istəmirdim də. Belə olması daha yaxşı oldu. İndi isə qaldığımız yerdən davam edək.

XVII

Son dayanacaq



İlk bahar 2018
-Yenə xəyallara daldın?

-Bizi düşünürdüm. Artıq bundan sonra hər şeyin gözəl olacağını.

-O zaman sualıma cavab ver, Kürşad bəy. Kitab məsələsinin əsli nədir?

-Kitab? Hansı kitab?

-Elə bilirsən öyrənə bilməyəcəkdim?

-Hələ də nədən danışdığını bilmirəm-dedim-çox yaxşı bildiyim təqdirdə. Unutduğum şey Mələkdən nəyisə gizlətməyin bir faydası olmayacaqdı. Sürpriz etmək istəsən belə sən onu etməmişdən xeyli əvvəl bunu bilər ya da hiss edər və sən isə sürprizi edib üzərindən bir neçə gün keçdikdən sonra onun sənə deməsi ilə anlarsan öncədən bildiyini. Ancaq bu səfər tələsmişdi.

-Bəzi yazılarını evdə qoymusan. Oradan tapıb gördüm. Bitirmisən barı?

-Sən gizlicə otağıma girmisən?

-Sənin evində yox. Yadında deyil məndə qaldığın günlər ərzində bir diplomat gətirmişdin. Açmaq qalsın bir kənara əlimi uzatmağa belə qoymurdun.

-Deməli gizlincə qarışdırmısan hər şeyi?

-Gizlincə sayılmaz əslində. Sən şirin-şirin yatanda. Ürəyim əl vermədi səni yuxundan oyadıb iznini alım.

-Amma o ki kodda idi?

-İkimizin doğum günlərini kod olaraq qoymaq?

-Məncə romantikdir.

-Məncə saflıq.

Güldü. Üzündəki bu gülüşdə sanki mən bu uşaqla nə edəcəyəm axı, görəsən nə zaman böyüyəcək deyə bir ifadə vardı.

-Danışacaqsan?

-Elə də önəmli bir şey deyil, sadəcə ağlımdan keçən fikirləri yazdığım, bir az da yaşadıqlarımı əlavə etdiyim əslində bir növ gündəlik kimi bir şey. Amma səhifə sayı çox olduğu üçün kitab deyirəm mən də.

-Nə zaman başlamısan yazmağa? Bir də janrı nədir?

-Deyəcəyəm, amma inanmayacaqsan.

-Sən de həm bilirsən mən sənə həmişə inanıram, həyatım.

-Sənin də bu xasiyyətini sevirəm. Məni necə razı salacağını bilirsən.

-Şirin dil ilanı belə yuvasından çıxarır. Eşitməmisən bəyəm?

-İlan mən mi oldum indi burada? Heç gözləməzdim. İndi desinlər görüm Kürşadın nə günahı var?

-Kim desin?

-Heç kim, heç kim.

-Zarafat edirəm. Sən ki, bilirsən bunu.

-Yaxşı elə olsun. Səninlə ilk görüşdüyüm günün axşamı.

-Kafedə ilk çay içdiyimiz gün?

-Eynən. Həmən günün axşamı başladım yazmağa. Amma az qalıb, bitirirəm daha.

-Mənə oxumağa verəcəksən?

-Bu sualı verməyi belə sənə yaraşdırmadım. Sözsüz ki, verəcəyəm. Səndən başqa biri onsuzda nə biləcək, nə də oxumayacaq ki.

-Niyə? Başqaları oxumayacaqsa tək mən oxuyacağamsa niyə yazırsan ki?

-Elə məhz ona görə. Çünki, bu dünyada məni anlayan tək insan sənsən. Həm digər insanlara onlara necə anlata bilərəm ki özümü? Anlatsam da anlamaq istəməzlər. Başa düşürsən məni?

-Həyatım, ola bilər ki, səni tək anlayan mənəm, ancaq dostların var, ətrafında olan insanlar var. Tək deyilsən ki, bu həyatda. Həm insanların səni tanımasına, anlamasına şans versən məncə alınacaq. Çünki, səni ən çox tanıyan mənəm və inan mənə sən bu dünyada tanıdığım ən vicdanlı insanlardan birisən.

-Sənə etdiyim şeydən sonra bunu demək səncə nə qədər doğrudur?

-Məni üzdüyünü düşünürsən, düzdür üzdün də.

Ayaq saxlayıb gözlərini birbaşa gözlərimin içinə zilləyib bütün səyi ilə ona inanmağımı istərmişcəsinə baxaraq davam elədi.

-Amma bunu belə məni daha da üzməmək üçün elədiyini bilirəm. İnan ki, əgər məni sevdiyini bilməsəm nəyin ki, mənə söylədiyin gerçəklərdən sonra, öncədən münasibətimizi bitirdiyin an çıxıb gedərdim. Anlayırsan məni, Kürşad?

Əllərimi tutdu, təmasla qarşındakı insanın sənə inanması və ona qarşı güvən hissini verməsini bilirdi. Ancaq işin əsli o idi ki, qarşımdakı insan Mələk olduğundan buna ehtiyac belə yox idi. Bunu onun da bildiyini bilirdim, həmçinin sırf qəlbindən gəldiyi üçün etdiyini də.

-Anlayıram və bütün qəlbimlə sənə inanıram.

Dənizin sahilində tarixin aprel ayının düz ortasında bir zamanda hər şeyin bundan sonra daha gözəl və daha xoşbəxt keçəcəyi ümidi ilə yaşamağa davam edərkən, bütün qəlbimdəki ona bəslədiyim hislərin daşaraq hər tərəfi sanki bir sel kimi qucağına aldığı bir anda, bədənimi eyni ilə qəlbim, ruhum kimi sevdiyim qadının bədəninə toxunaraq keçirmək hissini verdiyi coşğu ilə var gücümlə ona sarılıb özümə doğru sıxaraq, sanki bundan sonra olanları hiss edirmişcəsinə bir saniyə belə ayrılmadan dəqiqələrcə, saatlarca, günlərcə belə qalmaq istəyirdim.



Sahil boyunca addımlayaraq öncədən danışdığımız kimi birlikdə açılması həmən günə planlaşdırılmış kitab evinə yollanacaqdıq. Həm mən siyahımda olan kitabları elə oradan almaq, həm də daha sonradan bir yerlərdə oturmağı düşünürdük.

Açılışa bir az zaman qaldığı üçün oraya yaxın yerləşən bir kafeyə girib, çay içib danışmağa başladıq. Danışdıqlarımızın əslində hər hansısa bir önəmə sahib olmaması, mühüm olan şey bir-birimizlə keçirdiyimiz zaman olması idi. Hər şey sanki belə də olmalı imiş kimi axarında gedirdi.

Ara-sıra dayanıb gələcəkdən, işlərimizdən, xəyallarımızdan danışır, hətta birgə iş sahəsində addımlamağı istədiyimizi deyirdik. Hər necə olursa həmişə birlikdə olmaq istəyirdik. İkimiz də. Hər dəfəsində danışdıqca diqqətlə dinləyərək onun səsindəki lətafətə vurulurdum, gözlərindəki parlayan həyat sevincinə, əlləri ilə hər dəfəsində gözlərinə düşən saçını geri atmağına elə heyran baxırdım ki, bir uşaq tək bu anların pozulmasını istəmir, əbədiyyata qədər qalmasını diləyirdim.

Dodaqlarından çıxan hər kəlmə qəlbindən çıxan bir arzu, bir istəklə meydana atılırdı və nə olursa olsun bu savaşda qalib gəlmək istəyirdi. O öz istəklərini, xəyallarını, məqsədlərini danışan zaman böyük zövq alır, mən isə ona baxaraq içdən-içə fərəh duyurdum.

Onun bütün davranışlarını, jestlərini, mimikalarını diqqətlə izləyir, yaddaşımın hər bir küncünə hər bir incə ayrıntısını incələyərək yerləşdirir və sonrasında doğum günündə ona yazmış olduğum kitabda bütün bunları oxuyub qurtaran zaman üzündəki ifadəni görmək istəyirəm.

-Nədir üzümdə yazılan bir şey mi var, yoxsa Kürşad bəy?–həmişəki kimi gülümsəməsini üzünə taxaraq söylədi.

-Yox, həyatım, yaxşı bilirsən səni izləməyi sevirəm. Baxmaqdan doya bilmirəm. Həm gələcəkdə bundan istifadə edəcəyəm.

-Necə yəni?–qaşlarını çataraq təəccüb içində soruşdu?

-Kitaba yazacağam təbii ki. Sənə aid olan hər şeyi, daha doğrusu öz gözümdən səni necə gördüyümü yazacağam, sən də əgər istəsən oxuyarsan bitirdiyim zaman.

-Oxuyaram niyə oxumayım. Amma bir şərtlə.

-Nə şərtidi o elə?

-Əgər bəyənsəm ki, sənin mənim haqqımda yazdığını düşündüyüm də bəyənməyəcəyimi söyləmək yalan olardı. O zaman tirajla çapı barəsində danışarıq.

-Axı sənə dedim bunları.

-Bəyənsəm dedim onsuzda. Mən bəyənməsəm həm digər insanlar da bəyənməzlər. Ona görə narahat olma.

-Yenə təslim oldum deyəsən.

-Yüz faiz. Yaxşı yadıma düşmüşkən, sən məndən bunu gizləyirdin hə? Bəs bir-birimizdən gizlin heç nəyimiz yox idi Kürşad bəy? Bax demək ki var imiş. Və gör nə zamandır məndən gizlədirsən. Mənə maraqlı gələn bilirsən nədir? İndiyə qədər niyə mən necə bilməmişəm.

-Gizləmək deyil də, deyəcəkdim onsuzda sənə sadəcə uyğun zamanı deyildi.

-Yaxşı o zaman, mən də sənə bir sirr verim.

-Özün mənə deyirsən ki, sirr saxlamayaq, amma bax sən də saxlamısan.

-Mən də bunu sənən uyğun zamanda deyəcəkdim, həyatım.

-Nə imiş o?

-Sənin verdiyin bütün məktublar ki var...

-Elədi, var. Nə etmisən atmısan hamısını həmən gündən sonra?

-Yox, sən də niyə eləyim elə şeyi? Dedim axı, inanırdım sənə. Həmən məktubların hamısının olduğu bir sandıxca var.

-Nə gözəl. Və?

-Yəni bilməyinin lazım olduğunu düşündüm. Sən mənə qırılmısan?

-Yox, sadəcə özümü bir az yaxşı hiss etmirəm deyə kefim qaçdı.

-İstəyirsən çıxaq gəzək bir az.

-Olar. Qoy ofisiantı çağırım hesabı ödəyim.

Kafedən çıxdıqdan sonra bir az gəzişib özümə gəlməyə çalışırdım. Çünki, bu gün üçün həmən yerə getmək ilə bağlı Mələyə söz vermişdim. Və verdiyim sözləri tutmaq mənim üçün çox önəmli idi.

-Səhv küçəyə girdik. O biri tərəfdən getməli idik.

-Özünü yaxşı hiss etmirsən axı. Həm bu gün olmasın sabah gedərik o biri gün gedərik. Nə biz qaçırıq, nə də onlar elə deyil?

-Elədir, amma söz vermişəm ona görə gedəcəyik.

-Həyatım, inad eləmə. Əsas sənsən. Sonra da gedə bilərik indi vacib deyil.

-Gedəcəyik dedimsə gedəcəyik Mələk. Həm yaxşı hiss edirəm özümü. Hava yaxşı gəldi mənə.

-Yaxşı, əgər sən elə deyirsənsə.

İrəlidəki küçədən geri qayıdıb 5 dəqiqə sonra nəhayət kitab evinə gəlib çatdıq. Çox da insan yox idi, ancaq məhz belə olması əslində daha yaxşıdır deyə düşündüm. Onsuzda sadəcə baxmaq xatirinə gələn insanların yerinə iki-üç nəfər marağında olan şəxslər gəlsə nə gözəl olar.

Yerin sahibi görünüşlü adam qara rəngli kostyum və ağ rəngli köynəyində rəsmi stildə öz nitqini danışırdı. Kitablara hər zaman ehtiyacımız olduğu, onlara verilən pulların heç zaman batmayacağını, bir gün heç düşünmədiyimiz bir zamanda oxuduqlarımızın bizim köməyimizə gələcəyindən uzun, ancaq sıxılmadan mənim belə dinləyə biləcəyim şəkildə danışırdı. Çünki, səbrsizliyim artıq zaman keçdikcə hər hansı bir şeyə dözməyimə belə tab gətirmirdi. Arada bir-iki sorğu-sual qismində orada olan insanlar arasından kitablarla bağlı istək, arzularını soruşur, yenidən onun ətrafında nitqinə davam edirdi.

Natiq öz nitqini bitirdikdən sonra ənənəvi qırmızı lenti kəsdi və daha sonra oraya toplaşanları içəri dəvət elədi.

İçəri girdikdə qarşımda həqiqətəndə indiyə qədər gördüyüm ən böyük kitab evi vardı. Üç mərtəbədən ibarət olan əsl bir cənnət guşəsi. İlk iki mərtəbə məhz rəflərdə olan saysız-hesabsız kitablarla dolu idi. Hər dildə, hər janrda tapa biləcəyim və hətta nəşri tükənmişlərin belə burada olması elə sevindirici idi ki, o zaman ki, təəssüratımı anlatmaq doğrudan çətin idi. Sonuncu-üçüncü mərtəbədə isə məhz kiçik bir kafe şəklində istədiyiniz kitabı götürüb oxumaq imkanınız var idi. Mələk ilə artıq daimi bir yer tapdığımızı ağlımdan keçirdim.

İkinci mərtəbəyə qalxdıqdan sonra buradakı kitablar arasında bir sıra nəşri tükənmiş kitablara gözüm sataşdı və istər-istəməz hansı nəşriyyatın çap elədiyi ilə bağlı maraq məni bürüdü. Buna görə orada işlədiyini düşündüyüm qadından soruşmağa qərar verdim.

-Salam.

-Salam. Buyurun necə yardım edə bilərəm?

-Kitablara baxırdım və burada olan nəşri tükənmiş bəzi kitablara gözüm sataşdı. Əslində elə mən axtardığım kitablardı, sadəcə hansı nəşriyyata aid olduğu barədə məlumat almaq istəyirdim.

-Aydındır. Siz burada gözləyin mən indi Gündüz müəllimin özünü bura çağırım o sizin suallarınıza cavab versin.

Başımla təsdiqlədiyimi bildirib gözləməyə başladım. Bayaqkı natiqlə tanış olmaq, həm də buranı necə yaradılması haqqında suallarım var idi ki, özünün gəlməsi və cavablaması daha yaxşı olardı. Bu sırada isə sevdiyim qadın gözünü ayırmadan kitablarla dolu olan bir rəfə baxırdı.

-Almaq istədiyin bir kitab var?

-Hə, siyahımda olanlardan biridi, amma sonra alacağam. İndi hansıları tapa bilirəm deyə baxıram.

-Yaxşı. Amma almaq istəsən söylə, mən də alacağam onun üçün.

-Yaxşı həyatım.

Biz kitablarla dolu rəfləri gəzərkən bizə tərəf birinin səsləndiyini eşitdik.

-Salam. Mən Gündüz Hüseynli. Məni soruşmusunuz deyəsən. Nəsə bir sualınız, iradınız ya da istəyiniz varsa çəkinmədən deyin.

-Salam, Gündüz bəy. Mən də, Kürşad.

-Şad oldum, Kürşad bəy. Sizə necə kömək göstərə bilərəm?

-Siz buranın sahibisiz ya?

-Hər ikisi deyək.

-Yaxşı o zaman dərhal sualıma gəlim. Burada bəzi kitablar var ki, nəşri tükənib, ancaq hansısa bir nəşriyyat tərəfindən yenidən çapa verilib. Nəşriyyatın adına baxdım, ancaq tanış gəlmədiyi üçün sizdən soruşum dedim.

-Sizə belə bir qısa əhvalat danışım. Əslində ilk öncələr, haradasa on il əvvəl mən və mənim ortağım Emil birlikdə kitab nəşr edilən bir yer açacaqdıq. Hər ikimiz bir neçə dil bilirdik və xaric ilə əlaqələrimiz var idi. Universitetin hər kursunun sonunda yay tətili zamanı xaricə-Avropaya gedir, orada həm təhsilimizlə bağlı təcrübə keçir, həm də bu sahə ilə bağlı maraqlanırdıq. Üç il sonra artıq oradakı tanış olduqlarımız sayəsində bu sahəyə atılmağa qərara aldıq. Ancaq təəssüflər olsun ki...

Boğazını rahatlayıb sözünə davam elədi:

-Həmən o ərəfələrdə Emillə birgə Fransada təcrübə keçirdik. Bəlkə də metroda olan terror hadisəsi yadınıza gələr. Mən həmən günü özümü yaxşı hiss etmədiyimdən dərsə getməmişdim. Ancaq Emil... O getdi və bir daha geri qayıtmadı. Günorta xəbərlərdə metroda iki partlayışın törədildiyini dedilər. Həmən stansiyalar mütəmadi olaraq bizim getdiyimiz stansiyalar olduğundan Allaha ona heç bir şey olmasın deyə yalvarırdım. Əslində bir saata yaxın zamandan bəri ona zəng çatmamağından narahat olmuşdum, ancaq bunun olacağı ağlımın ucundan belə keçmədi.

-Başınız sağ olsun-deyə bildim ancaq.

-Amin çox sağ olun. Emil öldükdən sonra isə artıq heç bir şeyə həvəsim qalmadı. Vətənə dönüb təhsilimi bitirib əsgərliyə yollandım, sonra geri qayıdıb ağlınıza gələcək hər işdə işlədim. Heç harada özümü tapa bilmirdim. Uşaqlığımdan bəri tanıdığım insan ən gözəl çağında canından oldu. Ancaq daha sonra özümü toparlayıb həm gələcəyim üçün, həm də Emillə bağlı xatirələrin əbədi qalması üçün bir nəşriyyat açdım. Nə qədər əzab çəkməyimə, problemlərimin durmadan artmasına baxmayaraq, sonunda istədiyimə nail ola bildim. Bu gördüyünüz nəşriyyatın adı da hələ o zamanlar nə ad qoyacayıq deyə düşünən zaman Emilin ağlına gələn ilk ad idi-Yaşam. Əslində o zamanda maraqlı və mənalı gəlmişdi hər ikimizə, məncə, hər bir kitab bir yazarın öz yaşamından bir parçadır və bizlər də həmən kitabları oxuduqdan sonra onların yaşamlarının ayrılmaz bir hissəsinə çevrilirik.

Özümün, ən çox da Mələyin nə qədər təsirləndiyini görüb başqa bir mövzudan danışmaq üçün söhbətə atıldım.

-Əslində bunu soruşmağımda daha çox istəyim yazacağım kitabın sonda necə və harada çap edilməsi ilə bağlıdır. Əlbəttə ki, güvənilir və tanıdığım bir yer olsa sevə-sevə könül rahatlığı ilə əmin ola bilərəm.

-Siz o barədə narahat olmayın. Nə zaman bitirsəniz mənlə əlaqə saxlayın ürəyinizdən keçən formada necə lazımdırsa çapa verərik. Bu da mənim vizitkartım. Burada həm şəxsi hər zaman açıq olan bir nömrəm var, həmçinin də buranın ofis nömrələri qeyd olunub.

-Aydındır Gündüz müəllim, çox sağ olun. Bir gün mütləq gələcəyəm.

-Siz sağ olun. Allah amanında.

Gündüz müəllimlə sağollaşdıqdan sonra üzümü Mələyə tərəf çevirən zaman mənə bildirməmək üçün gizlicə gözyaşlarını silirdi. Mən də buna görə-çoxdandır axtardığım bir kitab vardı bayaq onu gördüm, gedim alım gəlim sonra bir yerlərə gedərik–dedim.

-Yaxşı canım, gözləyirəm burada.

Mələyin yanından ayrılıb aşağı birinci mərtəbəyə düşüb rəflərin arası ilə getməyə başladım, əslində isə heç seçdiyim bir kitab olmasa belə Mələyə dediyimə görə artıq alıb gəlməli idim.

Rəflərin arası ilə addımlayan zaman qəfildən bir kişi mənə doğru baxmadan qarşıma çıxıb toqquşdu. Üzrxahlıq eliyərək getdi. Mən də heç nə olmamış kimi gəzəndə birdən ayağıma nəyinsə dəydiyinə fikir verdim. Toqquşan zaman yəqin həmən insanın əlindən düşübdür deyə əyildim və yerdə bir kitab olduğunu gördüm. Kitabı götürdüm və adını oxudum:  İohann Volfqanq Höte-Gənc Verterin iztirabları. Düşünmədən kitabı götürüb kassaya doğru yaxınlaşdım və qeyd edildikdən sonra bir paketə qoyub verdilər. Paketi götürüb Mələyimin yanına döndüm.

-Nəhayət kitabı aldım, artıq gedə bilərik.

-Hə. Gedək canım.

-Yaxşısan sən?

-Hə yaxşıyam. Gedək.

XVIII
-Yorulmusan. İstəyirsənsə bir az ara verək?

-Davam edək. Bu gün hər şey bitsin istəyirəm. Ancaq bundan öncə sizə bir sualım olacaq.

-Əlbəttə ki Kürşad, buyur.

-Sizə mənim haqqımda dəqiq olaraq nə söyləyiblər? Sizdə olan yəni onların sizə verdikləri məlumatlar tam olaraq nədən ibarətdir?

-Həmən hadisə olan gecəni soruşursan?

-Bəli.

-Əslində bu haqda səninlə məlumat bölüşə bilmərəm.



-Buna səbəb nədir?

-Gizlilik. Ancaq bu gün hekayənin artıq sonuna gələcəyiksə hər şeyi necə varsa elə deməliyik. Hər ikimiz. Elə deyil?

-Əlbəttə. Haqlısınız.

-Sənin içkili olduğun və şəhərdə olan zaman sərxoşluğuna görə edilən şikayət əsasında oraya gələn polislərə müqavimət göstərməyin şiddət göstərib dalaşmağın daha sonra qəfil polislərin birinin əlindəki silahı alaraq onlara tərəf doğruldub onları ölümlə hədələmək və daha sonra isə qəfildən silahı özünə doğru çevirib özünü öldürmək istəyin. Ancaq xoşbəxtlikdən silahın təhlükəsizlik düyməsi açıq deyilmiş və həyatına son qoymağa nail olmamısan.

Baş verənlərin düzgün olaraq qeyd olunmasını gözləmək təbii ki, sadəcə gülünc olardı. Çünki harada yaşadığımızı çox yaxşı bilirdim. Məni ən çox maraqlandıran bunları söyləyən zaman sanki heç nə olmamış kimi və bir kinonu izah edərmişcəsinə nağıl etməyi idi. Üzündə heç bir ifadə belə olmadan soyuqqanlı və vecsiz bir şəkildə hətta.

Deyilənlərə dözməyib səsli bir şəkildə gülüb–siz doğrudan sizə deyilən bütün bunların hamısına inandınız? Yəni gerçəkdən hadisələrin belə baş verməsinə inandınız?

-Axı burada gülməli nə var ki Kürşad? Hamının başına faicəvi şəkildə hadisələr gəlir. Hamı içkidən sərxoş da ola bilir. Səni az bir müddətdə tanıyıram lakin dərindən tanımadığım üçün bu deyilənlərə inanmaqda məni təqsirli görmə.

-Yox, Mətanət xanım, sadəcə bura Azərbaycandır, burada baş verən hər hansı bir şeyin nə zaman doğru bildirildiyini ümmumiyyətlə hər hansısa bir şeyin tam obyektiv olaraq bildirildiyini görmüsünüz ki? Mətbuat və sərbəst düşüncə azadlığının gerçək olduğunu düşünürsünüz? Məncə yox, siz də mənimlə eyni fikirdəsiniz.

-Siyasəti sevmirəm Kürşad, nə də siyasətə baş qoşmuram, mən sadəcə öz işimi edirəm və insanlara kömək eləmək istəyirəm.

Bəzən insanların etməyəcəkləri və əsla edə bilməyəcəkləri şeyləri onlara məcbur edərək etmək kimi axmaq bir şeyin olmadığını düşünürəm və bu axmaqlıqla hal-hazırda baş-başaydım. Ancaq bunu düzəldə bilərdim.

-O zaman yəqin ki, gerçək hekayəni məndən dinləmək istərsiniz?

Bir az qırınqanlıqla, amma bir az da maraqla:

-Əlbəttə ki, sevə-sevə dinlərəm.

-Yaxşı o zaman. Amma öncə sizə bir sualım olacaq. Siz yəqin ki ailəlisiniz elə deyilmi?

-Bunu niyə soruşduğunu bilmirəm, ancaq bəli ailəliyəm.

-Heç canınızdan çox sevdiyiniz, onun bir tək saçının telinə zərər gəlməməsi üçün bütün dünyanı qarşınıza alacaq qədər sevdiyiniz birini itirməyin nə olduğunu bilirsiniz?

Bir insanın düz gözlərinin içinə baxdığınız zaman orada axtardığınız bütün sualları görə bilərsiniz. Cavabı eşitməyə belə ehtiyac yox idi, artıq məni anlayan ən azından yaşadıqlarımı yaşayıb keçirdiyim hisləri keçirən biri var idi.

-Davam edək. Qaldığımız son yerdən.

XIX

Sonun başlanğıcı


Bir insan nə zaman sevdiyini anlar və bir insan sevdiyini nəcə hiss edər? Məncə bütün aşiqlər bir-birilərinin eynisidir. Sevdikləri başqa ola bilər, sevmək formaları başqa ola bilər. Ancaq onları birləşdirən bir çox cəhət vardır. Məncə əgər bir insan sevirsə ilk öncə sevgisini hər şeydən öndə qoymalıdır. Qürur başda gəlməklə inadından, əsəbindən. Özündən öncə onu düşünüb buna görə davranmalı və bunun nəticəsində də heç vaxt sevdiyini incitməməli, üzməməlidir. Sevdiyi əgər bir şey edərsə, mütləq bir bildiyi vardır deyəcək şəkildə güvənməli onun istənilən bir halda belə sənə xəyanət etməyəcəyini düşünməyəcək qədər özündən çox inanmalıdır. Gələcəkdə bir yoldaşı olacağını düşünüb ona həmin hörməti qoymalı və sayqı göstərməlidir. Və ən əsası da odur ki, sevdiyinin saçınını bir telinə zərər dəyməsin deyə canını vərəcək şəkildə sevmən gərəklidir.

Kənardan baxan bir insanın dediklərimi dinləyən zaman ağlından keçirəcəkləri məni bir don juan olduğum yönündə olacağından heç şübhəm yoxdu. Amma onların bir tək bilmədikləri bir şey varsa, o da əslində bu söylədiklərimi yaşayaraq öyrəndiyim idi. Həyatımı başdan-ayağa dəyişmiş olan sevgimlə və sevdiyimlə yaşayaraq.

Bir müddət yenidən susdum. Bilmədiyim artıq unutduğum bunları özüm ilə danışmağım idi mi yoxsa qarşı tərəfə. Elə bir anda elə bir yerdəydim ki artıq nələrisə qavrayacaq bir halda deyildim. Amma hər-halda qarşımdakına danışsam belə bütün bunları öz iç səsimə ilk öncə söyləyirdim. Sanki ondan bir razılıq alırdım.

Son zamanlarda susqunluğumun adi hal almasından məmnun olsam da, söyləyəcək sözlərimin sadəcə öz iç səsimlə demiş olmam məni üzürdü. Ya da üzəcək şey məni dinləmək istəyən birilərinin doğrudan da mövcud olmaması ya da dinləsələr belə məni anlaya bilməyəcəkləri idi. Ancaq Mətanət xanım sayəsində hər şey dəyişməyə başlamışdı. Verdiyi suallar verdiyim cavablarla maraqlanması diqqətin və anlayışın mənim üzərimdə olduğunu bariz ortaya qoyurdu. Sanki qarşısındakı bundan bir neçə seans öncə məcbur şəkildə buraya gətirilib ağzından bir söz almaq üçün hər şey edən indi isə həyatında baş verənləri danışan biri deyildim. Sanki qarşında oturan öz oğlu imiş də, ona bir-bir onu narahat edən şeyləri soruşub durur və bütün problemlərini həll etmək üçün əlindən gələn hər şeyi etməyə çalışırdı.

Bu dünyada seviləcək biri olduğumu düşünmürdüm. Səssiz, asosyal, maraqları ancaq ədəbiyyat kitab və tarix olan birini kim sevər ki deyə düşünürdüm. Hə bir də rəqəmlər. Bax onu unutmuşdum.

-Biz insanlar həmişə həyatımızda daim yaxşı şeylərin olmasını istəyirik. Bir növ bu yaxşı şeylərə layiq olduğumuzdan gələn bir istəkdir. Ancaq layiq olmaq üçün gərək yaxşı bir şeylər də etmiş olmalıyıq. Məncə sevgi bunun ən gözəl örnəyidir.

Fikirlərimi toplayıb yenidən davam etdim.

-Ancaq sevgi dediyimiz bu məfhumda belə istisna hallar olur təbii ki. Sevdiyimiz insanlar bəzən bizi sevmir bizi sevən insanları bəzən isə biz sevmirik. Bəzən də bir-birini sevən cütlüklər sona qədər birlikdə olmurlar ya da başlıqda birlikdə olmaqları alınmır deyək. Bütün bu nəticələrlə bağlı fikirləri bir kənara qoysaq onu deyə bilərəm ki, inandığım bir şey var ki, o da əgər bir insan birini doğurudan da qəlbən sevərsə və bu sevgisini o insana olduğu kimi göstərərsə sonunda sevdiyi tərəfindən sevilən birinə çevrilib dünyanın ən xoşbəxtlər siyahısına daxil olacaqdır. Bəs mən indi xoşbəxt idim mi?

Susdum. Çünki bu səfər hər hansı bir şeyi düşünməkdən deyil sadəcə deyəcək heç bir sözüm yox idi ona görə susdum. Həmən hadisədən sonra o çıxıb getdikdən sonra onun yoxluğu ilə bağlı heç bir sual verməmişdim öz-özümə. Düzü o gündən sonra bu mövzu ilə bağlı nə hiss etdiyimlə bağlı danışmamışdım. Amma yenə məcbur idim, lənət olsun ki, məcbur idim. Cavab verməyə doğruları nə qədər acı versə də söyləməyə məcbur idim. Həyatım boyunca məcbur olmuşdum və bu əsarətdən qurtula bilmirdim. Yenə əsir idim yenə azadlığım əlimdən alınmışdı. Ancaq bu səfər bu əsirlik yəni sonsuza qədər davam edəcək bir azadlıq üçün idi, ən azından mən belə düşünürdüm.

-O getdi. Onu itirdim. Sonsuzadək.

Başım müharibə zamanı ağır top artileriyasının yaxın mənzillərə hücum etdiyi əlacsız, müdafiəsiz qalmış məsum bütün bu müharibənin dəhşətindən xəbərdarsız insanların yurdu kimi idi. Hər tərəfdə bir top mərmisi, hər tərəfdə bir inilti, hər tərəfdə bir xarabalıq. Bu tam olaraq indiki vəziyyətimin bir xülasəsi idi. Fikirlərim tam orada idi. Top mərmilərinin arasında qalmış hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qalsalar da oradan çıxmağın ölümə səbəb olacağını bilirdilər. Fikirlərim də eynən beynimdən çıxıb da dodaqlarımdan tökülsə bir-bir məhv olmağa məhkum olacaqdılar.

-O, öldü mü?-dedi-uzun fasilədən sonra ilk dəfə sözə başladı. Səsinin titrədiyi açıqca sezilirdi.

Sadəcə başımı tərpətməklə yetindim. Əslində buna gücümün çatıb da etdiyimi dəqiq olaraq xatırlamıram. Daha sonra gözlərimi yerə dikdim. Bu dəfə göz yaşlarım belə qurumuş olan dəryasından damlamağa başladı. Mən bildirməməyə çalışdıqca daha da artmağa başladı.

-Bağışla Kürşad. Nə deyəcəyimi bilmirəm. Onu necə sevdiyini danışan zaman hiss etdim və inan mənə o bu dünyadan köçsə də həyatında səninlə birlikdə keçirdiyi hər saniyə onu yenidən yaşamış kimi hiss etdirmişdi. Allah rəhmət eləsin.

Budur artıq həyatımda olan ən üzücü anları bu dünyada sağ olan yeganə sirdaşıma da dedim. Hərçənd bütün bunları söyləmək mənə necə çətin gəlməsinə baxmayaraq sanki onun şəfqəti və güvən hissi yaratması ilə öz qəlbimin dərinliklərində qalan hislərimi düşüncələrimi onunla bölüşdüm. Atam öldükdən sonra bir ana şəfqətinə ehtiyacım vardı. Bu hissi heç vaxt yaşamadım ya da yaşayanda körpə olduğumdan heç nəyi anlamadığım kimi bunu da anlamırdım.

Həmişə valideynləri olan insanlara həsrətlə baxdığım zamanlar yadıma düşdü. Onların birgə etdikləri ən adi bir şeydə belə özləm hissi duyur bütün bunların niyə məhz mənim başıma gəlməsi ilə bağlı üsyan edərdim. Gecələri tək başına yatağımda onları düşünüb xəyal edib ağlardım. Ağlamağım kəsilənə gözlərimdən yaşlar quruyana qədər ağladıqdan sonra özüm də bilmədən yatar yenidən səhər eyni şeyləri yaşamaq üçün oyanardım. Həyatımın uzun bir hissəsində xüsusilə atam öldükdən sonra yanlızlığım daha da artmağa başlamışdı. Hər kəsdən uzaq durub heç kimlə danışmırdım. İşlədiyim zamanlarda belə səssizliyimi qoruduğumdan insanlarla münasibətim yox dərəcəsində idi.

Bununla belə çəkdiyim həsrət arada gördüklərimlə qəzəb və nifrətə çevrilirdi. Bəzən ətrafımdakı insanlar olmaq üzrə bir çox zaman bəzi övladların öz valideynlərinə etdikləri və sərgilədikləri davranışlara görə onlara qəzəblənir hətta nifrət edirdim. Və özlüyümdə qəlbimdə yaranan şübhə ilə görəsən mən də onlar kimi mi olacaqdımmı sualı həmişə düşünməyimə səbəb olurdu. Bir zamanlar bir düşünürün dediyini həmən zaman yadıma salardım. Həyatımızda baş verən hər şey yaxşılığa doğru gedir. Ancaq anlam vermədiyim bir şey ölümün səbəb olacağı bir yaxşılıqmı yoxsa yaxşılığa qarşı bir ölümmü? Hər ikisini yaşamış biri olaraq bu sualın ölüm yoxsa ayrılıq sualı ilə eyni tərəziyə qoyardım. Mən ikincini seçərdim: çünki nəticəsi nə olursa olsun əlimdə olduğu müddətcə ətrafımdakılara yaxşılıq və xeyir vermək istəyirdim və mükün olduqca bu alınırdı.

Başını yuxarı qaldırıb eynəyini çıxardıb gözlərindəki yaşları masadan götürdüyü salfetlə sildikdən sonra yenidən eynəyi taxıb mənə doğru-Kürşad əgər istəyirsənsə bitirək daha-dedi. Gözlərimdəki yaşlar artıq qurumuşdu əllərimin əsməsi nisbətən kəsilmiş tərləməyib dayanmışdı. Təkcə qəlbimə söz keçirə bilmirdim. Qəlbimin nə istədiyini heç amma heç bilmirdim. Başımı ağır şəkildə yuxarı qaldırıb düz gözlərinə baxıb dedim.

-Davam edək Mətanət xanım. Sabaha ya da hər hansısa bir günə saxlamayaq. Danışmışkən artıq bitirək.

-Yaxşı-deyə bildi ancaq. Bir az özünə gəlmək üçün zaman tanıdıqdan sonra-necə baş verdi?-deyə soruşdu. Sanki bütün gücünü bu üç sözü işlətmək üçün xərcləmişdi.



-Həmən açılış gününün axşamı. Əslində oradan birgə ayrılıb gedəcəkdik, ancaq necə isə ayrılıb tək-tək getdik. Daha doğrusu o tək getməyi istədi. Oradan ayrılıb bir az gəzdikdən sonra telefonuna zəng gəldi. Götürdü, danışdı və cəld getməli olduğunu dedi. Özüm apararam deyəndə ehtiyac yoxdu deyib sağollaşmadan getdi. Oysa ki, heç vaxt belə etməmişdi. Nə olduğunu bilmədən donub qalmışdım yerimdə. Özümə gəlib evə getməyi düşündüm. Metronun girişinə çatana yaxın insanların toplaşmasını gördüm. Mən də fikirləşdim ki, gedim baxım görüm nə baş verib. Və onu gördüm-üzü, gözü qan içində yerdə uzanmış şəkildə. Həmən an şokun təsirindən nəylədiyimi ancaq məni xəstəxanaya gətirəndən sonra öyrənmişdim. Amma ondan öncə hadisənin necə olduğunu soruşanda mənə söylənilən tələsik metroya girmək istəyən zaman yaşıl işıqda yolu keçməyə çalışıb. Sürətlə gələn bir maşın ona yol vərən başqa bir maşının arxasından çıxıb və... Sadəcə niyə öncəsində yolun digər tərəfində olması məni maraqlandırırdı. Bizim getdiyimiz və geri qayıdacağımız yol düz metronun girişi ilə eyni olan səkidə idi, ancaq Mələk yolun qarşısından keçmişdi. Bəlkə də o tərəfə getmək istəməsəydi indi həyatda olacaqdı.

Mənim xəstəxanaya necə düşdüyümü belə xatırlamırdım. Orada deyilənə görə ki, heç nə yadımda deyil, həmən anla bağlı idi. Mələyi elə görən zaman tez yanına qaçmışam, bu zaman həmən arabanın şoferi də orada imiş, mən öncə Mələyin yanına diz çöküb bir neçə dəqiqə elə qalmışam, sonra bunu kim elədiyini soruşub şoferə ağız-burun girişmişəm. Polislər ayırmaq istəyəndə onlara da hücum eləmişəm, birinin silahını götürüb öncə şoferi vurmaq istəmişəm sonra qəfil fikrimdən əl çəkib beynimi havaya uçurmaq üçün tətiyi çəkmişəm. Amma təhlükəsizlik kəməri bağlı olduğundan istəyim alınmayıb. Ardınca polislər yaxşıca məni əzişdirəndən sonra təşəkkür olaraq xəstəxanaya aparıblar.

-Bunu edərək nə əldə edəcəyini düşünürdün? İntiharın heç zaman çıxış yolu olmadığını unutma. Sadəcə acizlər və zəiflər həyatla mübarizə aparmaqdan çəkinib ölümü özlərinə yoldaş seçirlər.

-Bəlkə mən həmən an aciz olmaq istəmişəm, həmən an çox gücsüz olmuşam? Sevdiyim qadın gözlərimin önündə can verdi. Bunu anlaya bilirsiniz? Onun üçün sizdən o sualı soruşmuşdum. Mən ora çatıb onun yanına yaxınlaşıb başımı onun sinəsinə qoyanda o hələ də ancaq mənim hiss edəcəyim şəkildə nəfəs alırdı. Sanki son anlarını sırf mənə görə yaşadı. Bəlkə də niyə olduğunu, buna səbəbin nə olduğunu demək üçün. Ancaq deyə bilmədi, mən öyrənə bilmədim. Və gözlərim qarşısında onu itirdim. Ən dəhşətlisi bilirsiniz nədir? Onu geri qaytarmaq üçün hər şeyi edərmişcəsinə düşünüb də, əlimdən bir iş gəlmədiyi. Tanrım yenə mənə qalib gəldi, yenə bir sevdiyim məndən uzaqlaşıb göylərə qalxdı. Ancaq mən burada sizinlə oturub bəlkə bunları sizlə danışaraq özümü ələ almağım, bütün bunların öhdəsindən gəlməyim istənilir. Çünki həmən an orada elədiyim hərəkətlərə görə məni həbs gözləyə bilər. Ancaq o əclaf şoferin sürət həddinin aşması və heç bir əyləc izinə rast gəlinmədən maşının sürməsi və bir insanı öldürməsi isə sadəcə qıraqdan durulub tamaşa edilə bilər. İndi anlayırsınız məni? Sizin bu xaraba qalmış ofis, işiniz ya da məsləhətləriniz sadəcə olaraq vecimə deyil.

-Bütün bunları əsəbdən və nifrətdən deyirsən. Anlayıram səni, ancaq bir az sakitləş.

-Sakitləşim?

-Ayağa durma lütfən, əyləş Kürşad.

-Onsuzda vaxtımızın sonuna gəlmişdik. Həm artıq seanların bitməsi daha məqbuldur. Bütün hər şeyi danışdım. Geriyə sadəcə heçlik qaldı. Artıq oyun oynamaqdan yoruldum Mətanət xanım.

-Kürşad artıq dərəcədə xahiş edirəm, əyləş və davam edək. Bir az artıq qalmağın heç bir narahatlığı olmaz.

-Danışılacaq bir şey yoxdur daha. Hər şeyi soruşdunuz mən də dedim. İstəyirsiniz o kağıza imza çəkin ya da yox amma bunun daha bir önəmi yoxdur.

-Hara gedirsən? Kürşad. Geri qayıt.

-Seans bitdi Mətanət xanım. Çünki hekayə də bitdi. Bəlkə başqa bir zamanda başqa bir hekayədə görüşəcəyik deyəcəyəm də inanın ki daha hekayə danışacaq nə gücüm var nə də onu yazacaq ümidim.

-Kürşad, yaxşı dayan. Düşün ki imza çəkmədim o zaman necə olacaq hə? Bütün əziyyətin batacaq, burada danışılanların heç bir önəmi qalmayacaq. Onda necə?

-İkimiz də yaxşı bilirik ki, imza atacaqsınız. Çünki bunun sayəsində mən deyil siz də azad olacaqsınız.

XX

1-ci gün
Saat 00:03 mayın 5-dən 6-a keçən gecə. Əslində haradan başlayacağımı bilmirəm. Amma bir yerlərdən mütləq başlamalıyam. Bəlkə də, tarixləri və rəqəmləri sevdiyimdən belə bir başlanğıca start verdim, kim bilir.

Nə qədər yazacağımı, necə yazacağımı bilməsəm də, nə haqqında yazacağımı, nə məqsədlə yazacağımı çox yaxşı blirəm. Digər yandan bildiyim bunca şeyə rəğmən bunların bilmədiklərimin bir faizini belə etməyəcəyi gerçəyindən də xəbərdaram. Amma dediyim kimi yazmalıyam, bunu etməliyəm.

Düzü bunun çoxdan baş verməli bir proses olduğunu düşünürdüm. Sadəcə əllərimi və qollarımı bağlayan şey necə başlayacağım, ilk addımımda nə edəcəyim davamında nələr olacağı sonluğu nə cür gətirəcəyim ilə bağlı olan və həmişəki kimi beynimin məni dəli etməsinə səbəb olan düşüncələrim idi. Təxmin belə edə bilmədiyimdən bir az şübhə bir az tərəddüd içirisində qalaraq bu zamana qədər uzatmağıma səbəb olmuşdur. Oysa ki, kaş daha tez yazmağa başlar kaş daha tez bitirə biləydim. Bəlkə o zaman sən bunu görər bəlkə o zaman yenə həyatda və yanımda olardın.

Son zamanlar bildiyin kimi sənə baş verən bütün olan bitəni danışdığım zaman söylədiyim öz-özlüyümlə səsli danışmalarım xəyala dalmalarım uzaqlara buradan yad bir yerlərə özümü aid etməklərim yenə məni cənginə almağa başladı. Səndən öncə bununla apardığım savaş bir növ soyuq müharibəyə bənzəyirdi. Nə sonu vardı nə də birbaşa bir-birimizə xələl yetirib yekdilliklə qalib gələ bilmirdik. Amma sonra artıq mübarizənin daha da şiddətli hal almasından yoruldum bezdim və nəhayət qərarım təslim olmaq oldu. Sol yanım çökdü məğlub oldu. Bu məğlubiyyət mənim məhvimin bir göstərgəsi idi və bununla artıq savaş bitmiş geriyə sadəcə bir qalib qalmışdı. Ta ki həmən gün həmən ana qədər. Bəzən düşünürəm də olan bitən hər şeyin yenə başlarda olduğu kimi tək məsuliyyətlisi mənəm mənim özüm mənim mənliyim. Kaşla başlayan cümlələr qurmayacağam çünki bir önəminin olduğunu düşünmürəm. Artıq həyatımda önəm verdiyim kim ya da nə qalıb ki deyə düşünmədən də edə bilmirəm. Yenə düşünür ancaq həmişəki kimi bir şeylər etməyərək heç bir şey əldə etməməyə davam edirəm. Etsəm bir şeylər etməyə cəhd etsəm nə olacaq ki sanki deyirəm öz-özümə. Son dəfə mübarizə apardım hər şeyim uğruna son dəfə bir ümid üçün mübarizə apardım amma yenə olmadı. Sıradan bir hal. Sıradan bir yaşam. Sıradan bir insan olaraq.

Bu cümlələri yazan zaman belə beynimdə nələri qeyd etməliyəm nələrə diqqət yetirməli nələri isə qətiyyən yazmamalıyam deyə düşüncələrə dalıram. Bəzi cümlələr bəzən ağlımın bir kənarında özündən belə gizlin bir şəkildə qorunaraq bir anda elə sərt bir şəkildə və gözlənilməz bir anda meydana çıxaraq məni pis bir vəziyyətdə qoyur ki, özlüyümdə taleyimin də mənə belə oyunlar oynamasına artıq təəccüblənmədiyimi düşünürəm. Digər yandan gördüyüm və yaşadığım o qədər hadisələrdən sonra təəccüblənmək kimi bir hisdən məhrum olduğumu, daha acınacaqlı olanı isə artıq hər hansı bir hissi belə keçirib keçirmədiyimi bilmədiyimdir. Vecsiz və hissiz bir şəkildə geri qalan həyatıma davam edirəm. Buna nə qədər davam etmək deyilirsə. Çünki yaşamağın sözün əsl mənasında nə olduğunu hələ də dərk etmədiyimdən həmçinin bu anlayışı sevdiyim bir insanın varlığı ilə bütünləşdirdikdən sonra onun gedişi ilə itirdiyimdən özümü yaşayan bir insan deyil ruhu ölmüş amma sadəcə vücudən mövcud olan birinə bənzədirəm. Yenə qaramsarlıq ya da bədbinlik kimi görüldüyünü anlamaqla həmçinin, bunların gerçək olmasını da yaşadıqlarımla bərabər göz önündə görülməsi danılmaz bir faktdır.


Yüklə 280,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin