Slaydda animasiya effektlərindən istifadə edilməsi Slaydın hər bir obyektinin əks olunmasını animasiya ilə müşayiət etmək olar. Bunun üçün ilk öncə obyekti qeyd etmək, lentin Animasiya (Aнимация, Animation) bölməsinin Animasiya(Aнимация, Animation) qrupunun düyməsini sıxmaq və bu zaman açılan siyahıdan animasiya effektlərini seçib sıçanın sol düyməsini iki dəfə sıxmaq lazımdır. Siyahıda verilmiş animasiya effektləri istifadəçini qane etmədikdə o, Giriş üçün əlavə effektlər (Дополнительные эффекты входа, More Entrance Effects), Qeyd edilmənin əlavə effektləri (Дополнительные эффекты, More Emphasis Effects), Çıxış üçün əlavə effektlər (Дополнительные эффекты выхода, More Exit Effects), Fərqli hərəkət trayektoriyası (Другие пути перемещения, More Motion Paths) əmrlərdən birini yerinə yetirib, açılan pəncərədən fərqli animasiya effekti seçə bilər.
Ehtiyac olarsa, animasiya üçün əlavə parametrlər müəyyən etmək olar. Bunun üçün Animasiya oblastı (Область Aнимации, Animation Pane) qrupunun düyməsini sıxmaq və bu zaman açılan dialoq pəncərəsinin (şək.3.3.4.1) Effekt (Эффект, Effect) bölməsində animasiya tənzimləmə parametrlərini, o cümlədən səssiz və ya hansı səslə müşayiət olunması parametrlərini, Vaxt (Время Timing) bölməsində isə animasiyanın sürətini, fasilə vaxtını və təkrar olunma parametrini müəyyən etmək olar. Qeyd edək ki, obyektin tipindən və animasiyanın növündən asılı olaraq, nizamlama parametrləri müxtəlif ola bilər. Obyektin tipindən asılı olaraq, əlavə parametrlərin müəyyən olunması üçün dialoq pəncərəsinin üçüncü bölməsi ola bilər. Məsələn, dialoq pəncərəsində diaqramlar üçün əks olunan üçüncü – Diaqramın animasiyası (Анимация диаграммы, Diagram Animation) bölməsində animasiya üçün əlavə olaraq qruplaşma parametrini müəyyən etmək olar.
Təqdimatda bir slayddan digər slayda animasiyalı keçidin təşkili Adətən, təqdimatın nümayişi zamanı slaydlar siçanın sol düyməsi sıxılmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slaydların animasiyalı keçidini təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar. Bunun üçün təqdimat sahəsində slaydı qeyd etmək, lentin Keçid (Переход, Transition)bölməsinin Bu slayda keçid (Переход к этому слайду, Transition to This slide)qrupunun düyməsini sıxmaq və açılan siyahıdan animasiya effektini seçmək və siçanın sol düyməsini iki dəfə sıxmaq lazımdır. Keçid effekti üçün Vaxt (Время показа слайдов, Timing) qrupunun Sürət (Скорость, Speed) aləti vasitəsilə animasiyanın sürətini, slaydların keçidinin səslə müşayiət olunması üçün Səs (Звук, Sound) açılan siyahısından səs variantlarından birini, slaydın əvəzolunma rejimini – istifadəçi tərəfindən siçanın sol düyməsini sıxmaqla və ya istifadəçi tərəfindən müəyyən olunan zaman intervalından sonra avtomatik olaraq digər slaydla əvəzolunma rejimini seçmək lazımdır. Müəyyən olunan animasiya rejiminin qeyd olunmuş slayda deyil, bütün slaydlara tətbiq etmək üçün Hamısına tətbiq etmək(Применить ко всем слайдам, Apply to All) düyməsini sıxmaq lazımdır.