8.3.Məkan və zaman
Dünyada mövcud olan predmet və hadisələr məkan-zaman göstəricilərinə malikdir. Məkan və zaman maddi obyektlərin əlaqələrini ifadə edən formalardır, ümumi və obyektiv xarakterə malikdirlər. Yəni, dünyada məkan və zamandan kənarda heç nə movcud deyildir. Bunlar hər cür varlığın əsas formalarıdır. Onlar bir-biri ilə və materiyanın hərəkəti ilə sıx vəhdətdədir.
Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır. Gerçəklikdəki bütün cisim və proseslər müəyyən məkan və zaman mövcuddurlar. Məkan-maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir. Zaman isə cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Məkan-zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan-zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluğunun vəhdətindən, məcmusundan yaranır. Gerçəklikdəki bütün cisim, hadisə və proseslər dördölçülü məkan-zaman xassələrinə malikdir. Bu o deməkdir ki, hər bir maddi cismin məkanda üç ölçüsü vardır: uzunluğu, eni, hündürlüyü. Müvafiq surətdə bu cisim bir-birinə perpendikulyar üç istiqamətdə hərəkət edə bilər. Zamanın isə yalnız bir ölçüsü vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru istiqamətdə hərəkət edə bilərlər. Zaman qayıtmazdır, keçmişi qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət edir.
Məkan və zaman sonsuzluq ilə sonluluğun vəhdətidir. Bu o deməkdir ki, ümumilikdə məkan-zaman göstəriciləri hüdudsuzdur. Materiyanın sonsuzluq xassəsi onun mövcudluq formaları olan məkan və zamanda da təzahür edir.Digər tərəfdən hər bir konkret məkan-zaman ölçüləri sonludur və məhduddur.
Məkan izotropluq xassəsinə malikdir. Yəni məkana daxil olan nöqtələrdən və sistemlərdən heç biri digərindən üstün deyildir.
Zamanın çox mühüm xassəsi onun geriyədönməzliyidir. Belə ki, keçmişdə baş verən hadisələr geri qayıtmır, onları yalnız fikrdə bərpa edib canlandırmaq olar.
Fəlsəfi fikir tarixində məkan və zamanın izahı birmənalı olmamışdır.Bunları iki cür qruplaşdırmaq olar. Birincisi substansional, ikincisi isə relyasion yanaşma.
Məkan və zaman haqqındakı təsəvvürlərin təzəcə formalaşmağı ilk dövrlərdə qədim insanın təfəkkürü onları hələ maddi predmet və hadisələrin ayrıca bir tərəfi kimi seçib ayıra bilmirdi. Varlığın məkan və zaman xarakteristikası onunla tam bitişik şəkildə təsəvvür olunurdu. Məkanı maddi predmetlərdən asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış substansional konsepsiya adlanır. Zamana münasibətdə substansional konsepsiya məkanla birlikdə sistematik olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona görə, məkan-zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir.
Substansional konsepsiyanın əksinə olaraq, Leybnits məkan və zamanın relyasion konsepsiyası təlimini irəli sürmüşdür.
Relyasion konsepsiya məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq, müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı xüsusi tip münasibətlərdə görür. Relyasion konsepsiya öz başlanğıcını Aristotelin məkan-zaman təlimindən götürür. Sonralar relyasion konsepsiya dialektik materializmin məkan və zaman təliminin əsasını təşkil etdi.
Məkan və zaman fasiləsizlik ilə fasiləliyin vəhdətidir. Fasiləlilik gündəlik həyatda meşahidə etdiyimiz hadisələrin məkan-zaman göstəricilərinə məxsusdur. Materiyanın mövcudluq formaları kimi götürdükdə məkan və zaman fasiləsizdir.
Məkan və zaman hərəkət ilə ayrılmaz vəhdətdədir. Nisbilik nəzəriyyəsi sübut etdi ki, məkan-zaman göstəriciləri obyektlərin hərəkət sürətindən və qravitasiya qüvvələrinin təsiri səviyyəsindən asılıdır. 1905-ci ildə A.Eynşteynin kəşf etdiyi xüsusi nisbilik nəzəriyyəsi məkan və zaman haqqında köhnə təsəvvürləri alt-üst etdi. Bu nəzəriyyəyə görə hərəkət edən cismin sürəti artdıqca onun məkan göstəricisi hərəkətin istiqaməti boyunca qısalır, zaman göstəricisi isə ləngiyir.
Beləliklə, nisbilik nəzəriyyəsi bir tərəfdən məkan və zamanın materiyadan asılı olmayan, mütləq formalar kimi şərhinin əsassızlığını göstərdi. Digər tərəfdən isə sübut etdi ki, məkan-zaman xassələri maddi sistemlərin hərəkəti və qarşılıqlı təsirindən asılı olaraq dəyişilir.
Dostları ilə paylaş: |