M. 8. FƏLSƏFƏDƏ VARLIQ VƏ MATERİYA PROBLEMİ.
ŞÜUR, ONUN MƏNŞƏYİ VƏ MAHİYYƏTİ
I.
8.1. “Varlıq” anlayışı, onun əsas formaları və dialektikası
Materiyanın elmi-fəlsəfi anlayışı
Hərəkət materiyanın mövcudluq formasıdır
8.4. Məkan və zaman
II.
8.5. Fəlsəfədə şüur probleminin qoyuluşu
8.6. Şüurun mənşəyi. İnikasın formaları və səviyyələri
8.7. Şüurun ictimai təbiəti və mənbələri
8.8. Mənlik şüuru
8.9. Şüur və kibernetika
8.1. “Varlıq” anlayışı, onun əsas formaları və dialektikası
Varlıq fəlsəfi dünyagörüşünün əsasında duran mühüm anlayışlardandır. Bu onunla izah edilir ki, birincisi, bütöv bir tam kimi dünyanın və insanın varlığının öyrənilməsi fəlsəfənin predmetidir. İkincisi, varlıq haqqında təlim (ontologiya) fəlsəfənin mühüm tərkib hissəsidir.
İnsana dünyanın proseslərindən baş çıxarmağa imkan verən anlayışlar sistemində "varlıq" kateqoriyası və ona sinonim olan "gerçəkli" və "reallıq" anlayışları xüsusi yer tutur. Ontologiyanın ən geniş anlayışı olan varlıq kateqoriyasının mahiyyətini dərk etmək və onu fəlsəfi kateqoriya kimi səciyyələndirmək üçün gerçəklik və reallıq anlayışlarına nəzər salmalıyıq. Ona görə ki, varlıq kateqoriyasının məzmunu məhz gerçəklik və reallıq anlayışları vasitəsilə açılıb konkretləşdirilir.
Gerçəklik keçmişdə, indi mövcud olan və gələcəkdə mövcud olacaq bütün şeylərin, proseslərin, sistemlərin, hadisələrin, halların məcmusudur. Təbiətdə mövcud olan şeylər, hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, dövlət sistemləri, şəxsi həyəcanları, fikirləri, ideyaları və s. gerçəkliyin ayrı-ayrı fraqmentləridir. Gerçəkliyə daxil olan hadisələrin sürəkliliyi olduqca müxtəlifdir: bə'ziləri uzun ömürlüdür, bə'ziləri isə ani baş verir. Buna görə də gerçəklikdə daim yeni-yeni cisimlər və hadisələr meydana gəlir, qərarlaşır, mövcud olur, sonra isə yenilərinə çevrilirlər.
Gerçəklik anlayışına sinonim olan reallıq anlayışıdır. Reallıq çox geniş olub obyektiv və subyektiv reallıqların cəmi, məcmusu kimi qəbul edilir. İnsan şüurundan kənarda mövcud olan gerçəklik obyektiv reallıq adlanır. Kvarklar, elementar hissəciklər, nüvə, atom, molekul, cisimlər, qalaktika, metaqalaktika, fiziki sahənin müxtəlif növləri, ictimai proseslər və s. obyektiv reallığın ayrı-ayrı elementləridir. İnsan şüurunda, insan təfəkküründə, insan təxəyyülündə mövcud olan gerçəklik isə subyektiv reallıqdır. Subyektiv reallıq insanın zehni fəaliyyətinin, daha doğrusu, onun beyninin məhsuludur. Beynin fəaliyyətinin məhsulu olan fikirlər, anlayışlar, mülahizələr, obrazlar, elmi və qeyri-elmi biliklər də reallıq olub, fəlsəfədə deyildiyi kimi, subyektiv reallıq anlayışını təşkil edirlər. Şifahi xalq ədəbiyyatında geniş işlənən cin, şeytan, pəri, əjdaha, yaxud elmi fantastik əsərlərdə təsvir olunan müəyyən hadisələr subyektiv reallıqdır. İnsan şüurundan xaricdə mövcud olan obyektiv reallıq və onun in'ikası kimi ancaq insan şüurunda mövcud olan subyektiv reallıq ciddi surətdə fərqlənsələr də möhkəm vəhdətdə və əlaqədə olub bir-birinə qarşılıqlı tə'sir göstərirlər. Obyektiv və subyektiv reallığın bu vəhdət və əlaqəsi öz ifadəsini fəlsəfənin "varlıq" kateqoriyasında tapır. İnsan obyektiv reallığın məhsulu, subyektiv reallığın: xülyalar, kəşflər, ixtiralar, fantaziyalar aləminin yaradıcısıdır. Deməli, o, obyektiv və subyektiv reallığın kəsişdiyi nöqtə və bu mə'nada varlığın mərkəzidir. İnsan yalnız bioloji varlıq deyil, o həm də sosial varlıq olduğuna görə informasiyaları, xüsusilə də onun yüksək forması olan biliyi yaratmaq, toplamaq, hifz etmək və sonrakı nəsillərə ötürmək qabiliyyətinə malikdir. Bu isə bəşəriyyətin yaşaması üçün olduqca vacibdir.
Varlıq kateqoriyasını təhlil edərkən, onun maddi və mə"nəvi varlıqdan ibarət olmasını xüsusi qeyd etmək lazımdır. Maddi varlıq anlayışı materiya kateqoriyasına yaxındır.
Varlıq kateqoriyası universal əlaqəni a predmetlərin, hadisələrin, ideyaların və s. mövcudluğunu özündə ifadə edir. Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı olmayan gerçəkliyi bildirən ən ümumi fəlsəfi kateqoriyadır. Varlıq - dünyanın real mövcudluğunun məcmusu, təbiət və cəmiyyətin, maddi və mənəvi aləmin vəhdətinin ən ümumi ifadəsini bildirən mənəvi aləmin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqoriyadır. Maddi predmetlər, proseslər, xassələr, əlaqə və münasibətlər, miflər, nağıl və əfsanələr, ictimai-siyasi, elmi və s. ideyalar-bütün bunlar hamısı varlığın müxtəlif növləridir. Göründüyü kimi, varlıq kateqoriyası özündə həm maddi, həm də mənəvi, ideal olanı əhatə edir.
Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:
a) təbii və ya maddi varlıq. Buraya insanı əhatə edən maddi gerçəklik daxildir ki, onun da iki aspektini qeyd etmək olar: təbii mühit və insan əməyi ilə yaradılmış "süni mühit" və ya "ikinci təbiət". Bunu insan şüurundan asılı olmayan təbii-mövcudluq da adlandırmaq olar;
b) mənəvi və ya ideal varlıq. Buraya insanı əhatə edən mənəvi aləm, ideal mövcudluq: mədəniyyət, elm, incəsənət, adət-ənənələr, ideoloji formalar və s. məcmusu daxildir; Mənəvi varlığın özü də iki yerə ayrılır:subyektiv mənəvi varlıq və obyektivləşdirilmiş mənəvi varlıq.Birinciyə insanın daxili psixiki dünyası daxildir.İkinciyə isə bütövlükdə insanlar arasındakı münasibətlərdə təzahür edən mənəvi hadisələri ifadə edir.
c) əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin, sosial-siyasi strukturların durduğu sosial-siyasi varlıq. Buraya cəmiyyətin bütün sosial-siyasi strukturların, ictimai, siyasi, sinfi, milli və i.a. proseslərin idarə edilməsi və s. bağlı
insan fəaliyyəti sahələri daxildir;
ç) insanın obyektiv real mövcudluğu və ya insan varlığı. Bunu da iki qismə ayırmaq olar: ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi.
Varlıq kateqoriyası öz mahiyyəti etibarilə dərin dialektik təbiətə malikdir.
Dostları ilə paylaş: |