Cəmiyyətin siyasi sahəsi - müxtəlif siyasi və ictimai institutlardan istifadə edərək bir-biri ilə müəyyən münasibətlərə girən ictimai subyektlərin (siniflər, ictimai qruplar, partiyalar) ictimai tarixi praktikalarının bilavasitə həyata keçdiyi sahədir. Cəmiyyətin siyasi sistemi strukturu dövləti, siyasi partiyaları, ictimai təşkilatları, müxtəlif ittifaqları və s. özündə birləşdirir.
Siyasi sitemin əsas funksiyasına hakim sinfin məqsəd və maraqlarına nail olmaq üçün cəmiyyətin bütün qüvvə və vasitələrini səfərbər etmək daxildir.
Siyasət sözün geniş mənasında ictimai subyektin digər subyekt və ya obyektlərə münasibətdə şüurlu həyata keçirilən davranış xəttidir. İctimai subyekt deyərkən ictimai qrupları, sinifləri, millətləri, partiyaları və digər ictimai təşkilatları və nəhayət bu siyahıda ən əsas sayılan dövləti başa düşmək lazımdır. Subyektin davranış istiqamətləri geniş diapazonda dəyişir. Buna görə də siyasətin müxtəlif növləri mövcuddur: iqtisadi, maliyyə, ictimai, mədəniyyət, təhsil sahəsində siyasət, demoqrafik siyasət, gənclər, milli, beynəlxalq siyasət və s. Siyasət yalnız digər ictimai subyektlərə deyil, həm də obyektlərə ünvanlana bilər. Məsələn, ekoloji siyasət - ətraf mühitə münasibətdə dövlətin, son nəticədə həm də dünya dövlətlərinin düşünülmüş yeridilən davranış xəttidir.
Millət və dövlət problemi fəlsəfi təhlilin predmetidir. Millət və dövlətin qarşılıqlı əlaqəsi haqqında müxtəlif baxışlar mövcuddur. Bəzi müəlliflər belə hesab edir ki, dil, ərazi, iqtisadi həyat və milli psixologiya dövlətlə yanaşı miliətin əsas əlamətidir, milli dövlətçilik isə millətin ayrılmaz əlamətlərindən biridir. Digərlərinin fıkrincə, millət və dövlət - ictimai hadisədir və ictimai inkişafın müxtəlif tərəfləridir. Millət – ictimai, dövlət isə - siyasi hadisədir. Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olsalar da bir-birindən ayrı yaşaya bilərlər; - xüsusilə də millət dövlətsiz mövcud ola bilər.
Bundan əlavə millətin özünün aşağıdakı tipologiyası verilir: suveren və qeyri-suveren, əzilən və əzən, böyük dəvlət və asılı olan, işğal olunan və assimilasiya olunan, formalaşmaqda olan və artıq formalaşmış və s. Dövlətlər də öz xarakterlərinə görə müxtəlif olur: - Vatikan tipli dövlətləri millətlə heç cür əlaqələndirmək olmur - bu tip dövlətlərin öz pul vahidləri var və fəal iqtisadi fəaliyyət göstərirlər. Dövlətin müxtəlif formaları - knyazlıq xanlıq, hersoqluq, monarxiya, imperiya, xəlifəlik, respublika və s. mövcuddur.
Siyasi fəlsəfənin vəzifəsi konkret şəraitin real müxtəlifliyi arasında ümumi ictimai normaları, çoxlu təsadüfi variantlar arasından zərurini tapmaqdan ibarətdir.
Siyasətin mahiyyətini siyasi hakimiyyət təşkil edir. Cəmiyyətin siyasi həyatı iqtisadiyyatla sıx şəkildə bağlıdır. Onların bağlılığı çox vaxt siyasət və iqtisadiyyatın qarşılıqlı fəaliyyəti kimi şərh olunur. Siyasət və iqtisadiyyatın qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyəti haqqında məsələ K.Marks və V.İ.Leninin əsərlərində kifayət qədər ətraflı işıqlandırılmışdır.
Cəmiyyətin siyasi həyatına mənəvi dəyərlərin, ideyaların, adətlərin, ənənələrin və adamların davranış normalarının məcmusu kimi başa düşülən mənəvi mədəniyyət də əhəmiyyətli təsir göstərir. Mənəvi mədəniyyətin siyasi institutların bu və ya digər formalarını seçməyə də əhəmiyyətli təsiri var; məsələn, dövlət quruluşu onun işləməsinin xüsusiyyətləri ilə şərtlənir.
Dostları ilə paylaş: |