M. V. Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir



Yüklə 53,17 Kb.
səhifə5/5
tarix24.11.2022
ölçüsü53,17 Kb.
#70397
1   2   3   4   5
mvv mpv

Hər şeydən eyləyib qubar ağlarsan!
Vidadi
Oğlan, sən uşaqsan, cavansan hələ,
Yenicə cisminə düşüb vəlvələ,
Təzəcə dəyənək alıbsan ələ,
Qaim tut ki, nagah düşər, ağlarsan.
Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin bir-birinə bağlılığı, etibarı, sədaqəti güclü olmuşdur. Bunun sayəsində onlar bir-birinə müraciətlə şeirlər yazmış, birisinin yazdığı şeirə o birisi şeirlə cavab vermişdir. Məsələn, Molla Pənah Vaqif “Durnalar” rədifli şeirini:
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz bizə, durnalar!
Molla Vəli Vidadinin aşağıdakı qoşmasına cavab yazmışdır:
Qatar-qatar olub qalxıb havaya,
Nə çıxıbsız asimana, durnalar?
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar!
Molla Vəli Vidadi ilə Molla Pənah Vaqifin bir-birinə cavab yazmaları XIX əsrin məşhur şairi Qasım bəy Zakirə də təsir etmişdir. Qasım bəy Zakir Bakıda sürgündə olduğu zaman Molla Vəli Vidadiyə və Molla Pənah Vaqifə cavab olaraq durnalar mövzusunda şeir yazmışdır. Bu da daha bir üçlüyün (Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir) ədəbiyyat tariximizdəki xidmətlərini xarakterizə etməkdə az rol oynamır.
Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif arasında olan dostluğu təsdiq edən faktlardan biri də odur ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra Molla Pənah Vaqif “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” şeirini yazıb Vidadiyə göndərmişdir. Bu şeirdə Molla Pənah Vaqif dostu Molla Vəli Vidadini zəmanədə baş verən hadisələrdən ibrət dərsi almağa çağırır.
Ey Vidadi, gərdişi-devrani-kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padşahi-qadirü qəhharə bax!
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ,
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!
Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,
Peyimal oldu təpiklərdə səri-sərdarə bax!
Mən fəqirə əmr qalmışdı siyasət etməyə,
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax!
Qurtaran əndiqədən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri təbdil olan mişmarə bax!
İbrət et, Ağa Məhəmməd xandan, ey kəmtər gəda,
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax!
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax!
Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!
Azərbaycan ədəbiyyatı tarixində Molla Pənah Vaqifi Molla Vəli Vidadisiz və Molla Vəli Vidadini Molla Pənah Vaqifsiz təsəvvür etmək mümkün deyildir. Bu mənada “Vaqif böyüklüyü bir müstəvidə Vidadi özünəməxsusluğu, bədii estetik düşüncənin sxemləri daxilində açılır, eləcə də əksinə Vidadinin sənətkarlığı, onun həyat fəlsəfəsi Vaqiflə müqayisəsiz birtərəflidir. Bütün deyilənlərə, fərqli baxışlara baxmayaraq, bu, belədir və sırf reallıqdır” fikri yerinə düşür.
Molla Pənah Vaqiflə Molla Vəli Vidadi arasındakı dostluğu yüksək səviyyədə təqdim edən mənbələrdən biri Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsəridir. Əsərdə qeyd olunur ki, Molla Pənah Vaqif yemək süfrəsi arxasında “Mənim qazaxlılarım da köçüb, gəlirlər, – dedi. – Əhməd ağa min beş yüz ailə ilə tərpənib, gəlmək istəyir”. Onun dediklərini Ömər xan təsdiq edir. Deyir ki, Qazax, Şəmşəddin İraklinin sağ əlidir. Onlar köçüb getsə, İraklinin qoşunu olmayacaqdır. Ömər xan onu da deyir ki, qazaxlılar çox igid tayfadır, onlar oddur. Söhbətin bu yerində Molla Pənah Vaqifə xəbər verirlər ki, şair Molla Vəli Vidadi gəlibdir. Əsərdən oxuyuruq: “Vaqif xandan izin alıb, tələsik evə gəldi. Dostu Vidadinin pəncərənin içində oğlu Qasım ağa ilə söhbətdə gördükdə, onu ayağa qalxmağa qoymayıb, özü irəlilədi, öpüşüb-görüşdülər.
Vaqif soruşdu:
Hələ de görüm, toxsan, acsan?
Vidadi mütəvazi bir halda:
İltifatın artıq olsun, xörək verdilər, yedim, – dedi. Vaqif oğlu Qasım ağaya yönələrək:
Bizə qəhvə bişirt! – dedi. – Sonra Vidadi ilə qarşı-qarşıya oturub, çoxdan bəri həsrətində olduğu dostu ilə şirin söhbətə başladı”. Vaqiflə Vidadinin öpüşüb-görüşməsi, Vaqifin “Hələ de görüm, toxsan, acsan?” söyləməsi, qarşı-qarşıya oturub söhbət etmələri – bunların hamısı səmimi dostluqdan, yaxın münasibətdən, bir-birinə olan inamdan irəli gəlir. “İki od arasında” əsəri vasitəsilə Vidadinin necə bir insan olması, Qazaxdan Qarabağa köçməsi haqqında da məlumat əldə edirik. Bu barədə oxuyuruq: “Vidadi ortaboylu, çalsaqqal, arıqvücudlu və nurani sifət bir kişi idi: çox dindar və dünyadan əl üzmüş bir adam idi. Yeddi-səkkiz yaş Vaqifdən böyük, təbiətcə şən və nəşəli Vaqifin əksi olmağına baxmayaraq, aralarında bir dostluq var idi. Daim bir-birilə yazışar və biri digərinə öz şeirini göndərərdi.
Vaqif dərin bir sevgi saçan gözləri ilə dostunu oxşayaraq:
Yaxşı, – dedi, – nə əcəb? Bilərsən ki, səni çoxdan gözləyirdim.
Vidadi əllərini ovxalayaraq:
Köçdüm, mən də köçdüm, – dedi. – Qazaxda yaşamaq çətin olub, dedim, gedim bir Qarabağa bələd olum, sonra, mümkün olsa, arvad-uşağı da yığışdırım.
Yaxşı eləmisən, mənim kimi əvvəl Cavanşir, sonra da “qızılbaş” olarsan! Ha-ha-ha!..
Vaqif şaqqıldayıb, istehza ilə güldü.
Vidadi yumşaq gülümsəmə ilə dostunu süzüb:
Pənah, – dedi, – neçə vaxtdır, səni görmürəm: nə qocalmısan, nə nəşədən düşmüsən”.
Vaqifin nikbinliyi, Vidadinin bədbinliyi, bu dünyanın gəliş-gedişi barədə əsərdən oxuyuruq: “Vaqif təkidlə:
Ay Molla Vəli, – dedi, – bu, insanın özündən asılıdır: insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. İnsana bir yaşayış bağışlanmışdır, doyunca yaşamaq lazımdır. “Öl!” – deyəndə də öləcəyik. Amma bu dur dünyanı gərək elə keçirəsən ki, öləndə arxaya baxıb həsrət çəkməyəsən! Hikmət bundadır.
Vidadi bu fikrə qane olmurdu:
Bu sən deyənlər insanın özündən asılı olmasa?
Necə yəni olmasa? İnsan faili – muxtardır. Hər şeyi özünə tabe etməlidir.
Vidadi Vaqiflə heç razılaşmayaraq dedi:
Ölkədəki bu davaları, nahaq qanları, başkəsmə, gözçıxarmaları görüb də, rahat olmaq olarmı?” Deməli, M.V.Vidadidən fərqli olaraq M.P.Vaqif ömrün nəşəsindən sevinən, əzabını toy-bayram sanan, hər şeydən ləzzət almağı bacaran bir şairdir. M.P.Vaqifin diplomat olması, siyası dünyagörüşü, müxtəlif təbəqənin nümayəndələri ilə olan əlaqəsi imkan verir ki, o, M.V.Vidadidən fərqli olaraq pis, yaxşı gördüklərinin hər birində sabahkı günün xoş müjdəli işartılarını axtarsın. Belə olmasa, o, şair kimi nikbin ruhlu şeirlər yaza bilməz, diplomat, siyasət adamı kimi fəaliyyət göstərməyi bacarmazdı. Axı, Vidadidən fərqli olaraq ona ümid, inam bəsləyənlər, etibar göstərənlər tək saray əhli deyil, həm də bütövlükdə Qarabağ və digər xanlıqların əhlidir.
Y.V.Çəmənzəminli Vaqif və Vidadi obrazını hər birinin özünəməxsusluğunu nəzərə alaraq yaradıb. Bu baxımdan da Y.V.Çəmənzəminlinin “İki od arasında” əsəri mənbədir. Həm də hər bir kəsin oxuyub anlaya biləcəyi mənbədir. Bu mənbədən həm ədəbiyyatşünaslar, həm də oxucular istifadə etməklə Vaqif və Vidadi obrazının özünəməxsusluqları barədə geniş məlumat əldə edə bilərlər. Əsərdəki çoxlu sayda bədii detallardan bəzilərinə müraciət edək: Vidadi deyir:
A Pənah, insan yanı axırda ölməyəcək? Bu beş gün dünyanın cahu-cəlalı üçün bu qədər başağrısı çəkməyə dəyərmi? Şah da, gəda da ölüb, torpağa qoyulacaq. Axırı ki, ölümdür, bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı?
Vaqif dostunun bu tərk-dünyalığına cavab olaraq gülümsədi, Vidadi məsələni anlayıb, cəld:
Bilmirəm, – dedi, – zöhd və təqva işinə gəlmir. Bir az da qocalarsan, ölüm qorxusu canına çökər, onda məsələnə Vaqif olarsan. Hələ Vaqif deyilsən, fəna dünyaya bel bağlayan Pənah oğlansan.
Vaqif güldü:
Ay molla Vəli, – dedi, – axı ölümü də Tanrı yaradıb, eşqi də, nəşəni də, gözəli də. Tanrı axirətdə mənə deməzmi, “Ay yassar, sənə ürək verdim – sevmədin, dodaq verdim – öpmədin, göz verdim – o yaşılbaş sonalara doyunca tamaşa etmədin?” Onda mən Tanrıya nə cavab verərəm?
Vidadi güldü:
Vallah, Pənah, toy-bayramsan! – dedi. – Sənnən danışanda adamın ürəyi açılır”.
Bu bədii detaldan Vaqifin nikbinliyini, Vidadinin bədbinliyini aydın şəkildə görürük və hər iki sənətkarın özünəməxsus keyfiyyətləri barədə dürüst məlumat əldə edirik.
Ədəbiyyat:



  1. S.Quliyeva, L.Əhmədova, K.Tahirov. Molla Pənah Vaqif-300. Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2017

  2. Əhmədov F. XVIII əsr Azərbaycan ədəbi dilinin inkişafında Vidadinin rolu /Elmi red.: Filologiya elmləri doktoru, professor R. Məhərrəmova.- B.: "Nurlan", 2005.

  3. "Molla Vəli Vidadi". H. Araslı. "Azərbaycan Universiteti", "Bakı", 1957.

  4. Qaraxanlı M. Vaqiflə Vidadinin "Deyişməsi"ndə həyatilik //Şəfəq.- 2005.

  5. Журавли:Стихотворения/Пер.с азерб. C.Мамедгулузаде. Б., Гянджлик, 1990.

  6. Nizami Cəfərov. Molla Pənah Vaqif. Bakı: "Renessans-A". 2017.

  7. https://az.wikipedia.org/wiki/Molla_V%C9%99li_Vidadi

  8. https://az.wikipedia.org/wiki/Molla_P%C9%99nah_Vaqif

  9. https://azertag.az/xeber/Molla_Veli_Vidadi_ile_Molla_Penah_Vaqif_arasindaki_dostluq-1116922

Yüklə 53,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin