Bu qədər qorxulu, ağır sənətdə Çox zaman yar oldu ona xoşbaxtlıq. Əfsus! Lovğalığı aşıbdır həddən, Çünki xoşbəxt idi hədindən artıq.
La Qarp
I hissə
“A dostlar , üzümə bir baxın mənim! Solğunam, arığam, bir işıq kimi Sönüb fərəh, sevinc, gözümdə sönüb; Çoxdan uçurmuşam öz gəncliyimi Çoxdan, çoxdan itib mənalı günlər, Bir ümid yerinə yoxdur gümanım! Hər şey məhv olubdur!.. Bircə qəm, kədər Yanır ürəyimdə, hələ də yanır.
***
Öz ata-anamı görməmişəm mən, - Başqa bir ailə böyütmüş məni; Yeganə qardaşım pay idi mənə Dünyanın ən ümdə sevinclərindən. Ondan tək bircə yaş mən böyük idim, Fəqət o, özü tək məni sevərdi. Bizim göz yaşımız bir ələnərdi Hamı yuxulayarkən öz yatağında... Qəmi-kədəri biz yarı bölərdik Odlu qəlbimizin qəm otağında! Füsunkar xoşbəxtlik az-maz da olsa Ülfət bağlayardı tək-tək bizimlə. Əfsus! Üstümüzə gələn tufanlı Qara buludları görmürdük hələ.
***
Öldü o qardaşım! Hələ də bütün Gözüm önündədir o dəhşətli an. Oturdum ayağı ucunda o gün, Axdı göz yaşlarım, axdı durmadan Ah! Heç görməmişdim, görməmişdim mən Soyuq əzabını ölümün bu cür: Əlini köksündə çarpazlayaraq Bədbəxt səs-səmirsiz can verib sönür. O söndü, alaraq sanki üzündən Bir son qızartını, son şəfəqləri, Ölüm sükutunu, kədəri hətta, Əbədi gizlədi yasdığı altda. O öldü! Ucaldı dəhşətli nidam, Sarsılıb, uçunub yıxıldım tamam, Qəlbimi, qanımı o gündən bəri Daha isitmədi sevgi hissləri.
***
O gündən aldanmış ürəyimlə mən Hamıya qarşı da inamsız oldum. Ah! Doğma torpağım, doğma elimdən Ayrı yaşayaraq, saralıb soldum. Bir gülər üz ilə o gündən bəri Ürəyim heç şeyi istəməz dedim: İstəməz rişxəndi və nifrətləri... Bir odlu ürəklə sevə bilərdim, Heç özüm özümdən razı deyildim: Azadlıq, sakitlik taparam - deyə Gedib meşələrdə Gəzərdim hərdən; Orada yaşardım ürəyimcə mən. Bəzən də görürdüm bir bulaq üstə Sirli bir nəğməkar ötür ahəstə... Görürdüm ağacdan necə səs yayır, Azadlıq, səadət, şənik paylayır. Səsi gah incəlir, zilə alçalır, Necə cəh-cəh vurur, necə fit çalır... Lacivərd göylərə gah ucalır o, Necə pərvazlanıb qanad çalır o... Mən bu gözəlliyə, bu səsə uydum, Qəlbimdə bir gizli həyəcan duydum. Həmişə tənhalıq sevən bir adam, Səs-küylü dünyaya nifrət eləyən, Mənasız həyatdan doymuşam deyən, İnsanlar qəlbində xəyanət görən Mən qırıb həyatdan ümidlərimi, Fikrə qərq elədim öz ürəyimi. Dolaşdım dolaşıq fikirlər kimi; Nə qədər çırpınıb, dolub-boşaldım... Birdən mən qaçmağı qərara aldım.
***
Gecə düşdü artıq... qalxdım mükəddər, Qalxdım yatağımdan qəm dumanında. Elə bil yuxuya qərq olub evlər. Əlvida nidası gəzdi canımda, Dedim: nəzər salım bu yerlərə bir, Xəbərsiz-ətərsiz ömrüm keçibdir Burda sükunətlə; burda yaşardım Ömrün zülmətilə qarşılaşardım. Mən xəncər götürdüm; iki tapanca Toqqamdan sallanıb zınqıldayırdı, Lal gecə qoynunda ay nuru ancaq Qəlbimə qorxulu bir hiss yayırdı. Fəqət gənc ürəyin dalğası budur Məni ağ qayalı sahilə atır. Bu sərt qayaların arası ilə Dunay da kükrəyib axır gurhagur. Bir daşa söykənib səssiz - səmirsiz, Ayın işığında oturdum təkcə, Ah, o nə yorğundur, solğundur necə... Qızıl şüaları göy yara-yara Axır sahil boyu bu kolluqlara. Baxıram, hər tərəf mənə tanışdır. Hər şey yada salır gəncliyi yenə, Hər şey - səadətin - söyləyir mənə - Burda əbədilik oğurlanmışdır. İstədim qəlbində qəlbim yerləşən Bir doğma məzarla vidalaşam mən; Xəndəyi adladım yavaş-yavaş mən, Yeridim qəbirlərin arası ilə. Sükunət nəfəsi hər bir qəbirdən Elə bil axaraq gəlirdi dilə. Fikirlər içində dayanıb bir dəm Qəbrə, baş daşına səssizcə baxdım. Deyəsən, bu ara soyuq qüssə - qəm. Nəmli bir havayla qəlbimə axdı.
***
Sonrasa... İnamsız addımlar ilə Ordan uzaqlaşdım... dalımca bu vaxt Bir kölgə gəlirdi sanki qaçaraq... Gecəni keçirdim bir lal meşədə; Təpələr dalından qızıl şəfəqlər Artıq görünürdü; başım üstdə də Gecənin zülməti seyrəkləşirdi. Başım ağırlaşmış, yorğun, bir təhər Oturub qalmışdım meşəlikdə mən... Lakin durub getdim Dunaya sarı, Nərəsi düşmüşdü çayın hər yana; Getmək istəyirdim, Yunanıstana, Getmək istəyirdim türk qılıncları Bu acı baxtıma qismət olmasın. Qəlbimdə bir yeni sevinc oyandı, Günəşin nuru tək alışdı, yandı. Yetşim Dunaya, qarşımda budur: Öz gözəlliyilə axıb durulur. O necə qüdrətli, necə gözəldir, Çırpınıb oynayır boz qayalarda Ötən xatirələr, baxdıqca, bir-bir Gəlib varaqlanır önümdə burda. Çay da qürrələnir öz sürətindən. Durub sürətini ölçdüm çayın mən. Sonra da özümü dalğaya atdım, Dalğa burulurdu qollarım altda, Çayın sürətilə yarışaraq mən, Tezliklə yetişdim səssiz sahilə. Fəqət ürəyimdə nə gəldi dilə - Qarışdı Dunayın köpüklərinə; Ani nəzər saldım yurduma yenə: “Bağışla, ey yurdum, qızıl torpağım! - Söylədim - bəlkə də bu dəfə artıq Qəlbimiz əbədi ayrılacaqdır. Sənin o görkəmin, mənim bu çağım Qəlbimdə həmişə yaşayacaqdır!..” Sonra tez ayrılıb getdim sahildən Dostlar, nəql eləmək istəmirəm mən Başıma nə gəldi, nə gəldi sonra. Bir onu deyim ki, getdimsə hara Tənha yetim kimi qəlbim darıxdı, Məni hey aldadan ümidlərimə Daha əvvəlki tək inamım yoxdu. Həyat mənasızdı mənə, dünya yad. Artıq məskənimdi bu Yunanıstan. Lakin mənim bədbaxt könlümə hər an Acı bir zəhərdi hər mənzərəsi. Günlər çox sürətlə keçirdi yaman. Balkan dağlarının zirvələrindən Odlu Şərq günəşi altda görünən Dəniz, mavi dəniz parıldayırdı, Səsi dağ seli tək qəlbimə bəzən Bir şənlik, bir sevinc hissi yayırdı... Lakin kor Taledən qorunmağı mən Bu yerdə öyrəndim! Burda itirdim Mən nəyi sevirdim, nəyi sevirdim.
II HİSSƏ
Ağ saçlı Qellespont1 nərildəyərək Coşan dalğaları sahilə vurur. Qalın bir meşənin arasında tək Afos2 da fikirlər içində durur. Qayadan bir tacdır zirvənin sonu, Elə bil əl çatmaz bir divar onu Dövrəyə alıbdır. Nə sərt dalğalar, Nə də külək səsi onu qorxudar. Qəzaya uğrayar köhnə qayıqla Onun kənarına yan alan adam, Onun əl çatmayan geniş alnını Otlar və mamırlar örtübdür tamam. Dar sahil boyunda kolluqları bir Ağaran dar cığır ortadan kəsir. Şərqdən də cərgəylə dişli qayalar Örtür ətəyini dalğın Afosun, Uzaqdan baxanda məğrur Lemosun3 Qülləsi qəribə bir görkəm alar. Bir zaman burada nə qədər gəmi Sulardan - sulara üzüb keçərdi. Yelkənli gəmilər qu quşu kimi Adadan adaya süzüb keçərdi. ___________ 1. Dardanel boğazının qədim adı. Burada Lermontov Qellespont dedikdə Egey dənizinin şimal hissəsini nəzərdə tutmuşdur. 2. Afos-Afon dağı. 3. Lemos /düzü: Lemnos/ - Egey dənizinin şimalında ada. Afondan Lemnosun qərb sahilindəki Kastron şəhəri (qala) görünür.” Burda xatirələr aləmi bircə Keçən həqiqəti yaşadır elə. Tsarqrad1 yolu da göz işlədikcə Kəsir düzənliyi qara xətt ilə. (Gedirdim özümü unudaraq mən, Qəlbimi almışdı dərin həyəcan, Mən səni görərkən, ey Yunanıstan!) Yabanı kolluqlar uzaqlaşarkən Dalğın qayalıqda çıxırdı yoxa. O qayalıqda ki, kef çəkib bir vaxt, - Cəsur frakyalı məclis qurardı. İndi boşdur o yer. Xatirələrdir Çəkib o günləri gətirən yada, Bu daşlar, torpaqlar tapdandı bir-bir Vəhşilər, barbarlar ayağı altda. O gündən yadigar möhnətdir qalan. Elə ölkədə ki, onu bir zaman Cəsurluq, azadlıq nümunəsi tək Yunanlar hər yerdə tərifləyərək Əsla bilməzdilər bu günə düşər... İndi hər şey dinir köhnə şöhrətlə, Keçmiş dava ilə, keçmiş qüdrətlə.
***
Xalqın kükrədikcə qəzəbi, kini, O qılınc qurşandı bir ordu kimi ____________ 1. Tsarqrad - keçmiş Bizantiya imperiyasının paytaxtı Konstantinopolun /İstanbulun/ qədim rus adı Qaranlıq kahada, qaya dalında; Dağ qartalı kimi, görərdin, bəzən Gecələr türklərə hücum çəkməyə. Vurmağa, tutmağa, qırıb tökməyə Qoçaqlardan dəstə bağlayardılar. Fürsəti gecəyə saxlayardılar, Qaranlıq sahildə duran gəmilər, Güclü dalğaları yaran gəmilər Düşmən alayının zərbələrindən Qaçaraq, aradan çıxardı hərdən...
Həmin mağarada oturaraq tək, Gecənin qoynunda fikrə gedərək, Olub keçənləri salırdım yada; Taleyim bu imiş - acı olsa da. Nə isə, arabir səslər gəlirdi Bu cavan qəlbimin dərinliyindən. Qəlbimə bir yeni hisslər gəlirdi - Dönəydim tufanlı o günlərə mən. Ağır döyüşlərdə mən də olardım, Böyük dənizlərdə lövbər salaydım. (Kimi sevməyimi bilmirdim ancaq), A dostlar, hələ çox cavandım o vaxt. Niyə cavanlığı edirik hədər, Niyə qocaldırıq ürəyimizi. Əbədi əlvida, siz ey sevinclər, Mən heç körpəlikdən görmədim sizi.
***
Tapıb korsarları,1 onlara dedim, Dəniz səfərinə ayaq basım qoy. Məni bu səfərdə qəm-qüssə deyil, Ölüm, müharibə qarşılasın qoy. Artıq vidalaşdım qəmli sahillə, Bələdçi-üzgüçü mavrla budur, Qoca okeanlar üstə bər-bəzək, Gül-çiçək adalar arası ilə Getdiyimiz bu yol /qaçış/ yolumdur, Getdim korsarlarla, taleyim isə Məni görüşdürdü fırtınalarla, Bəxt ataman etdi məni vüqarla, Artıq verilmişdi qərarım o gün, Həyat da, ölüm də - bir məqsəd üçün!!!
***
Dostlar, nə gözəldir suları qucmaq, Necə də gözəldir dənizdə uçmaq. Düzünü etiraf edim ki,dostlar, Verərəm dənizə mənim nəyim var - İllərdən illərə gətirdiyimi, Bir də ki, əbədi itirdiyimi. Kaş mənim olaydı o gözəl sular, Təpələr, meşələr, çöllər, çəmənlər,
___________ 1. Korsar - quldur gəmilərinin kapitanı, dəniz qulduru. Hər şey, təbiətdə gözəl hər nə var... Lakin! İnamsızıq biz özümüzə!!! Yaşayır, axtarır, arzulayırıq. Elə ki, tapırıq, o şeyi artıq Başqa bir şəkildə qavrayırıq biz. Bu sonsuz əzabda, işkəncələrdə İlahi, nə qədər keçir ömrümüz!
***
Gəzməyə çıxardıq sahilə tez-tez, Tez-tez dolanırdıq çölləri də biz, O ərəb cinsindən olan köhlənim, Süzüb bir quş kimi altımda mənim Bir anda o geniş düzdə itərdi, Sahil uzaqlaşıb gözdən itərdi. O quru çöllərdə şən dəstəmizlə Elə bil üzürdüm mavi dənizdə.
***
Bəzən də meşədə zülmət gecənin Qoynunda oturub, - yatanda hamı - Yada gətirərdik olub keçəni. Qaranlıq kahadan aylı axşamı Bəzən seyr edərdik dövrə vuraraq Oturardıq. Gəzib cam əldən-ələ, Birgə içilərdi nəğmələr ilə. Yanar, parıldardı çıtırdayaraq Mavi bir alovla ortada ocaq. Sonra da minərdik öz gəmimizə, Yarıb dalğaları, biz üzə-üzə Gedərdik. Bizdəki məğrur görkəmi Göstərmək istərdi kiməsə gəmi, Bəli biz haqlıydıq: taxtı hər çarın Gücsüzdür önündə bu dalğaların.
***
Quduz fırtınalar önündə bəzən Bir quduz kimi də mərd dayanardım. Körpəlik hissilə yaşadıqca mən Qəlbimdə ümidsiz işıq yanardı. Mən nəysə böyük bir təhlükə gözlər, Qəmə qərq olardım qəlbimdə kədər. Dənizin qoynunda şən dəstəmizin Coşqun nəğməsinə bəzən dalardım. O vaxt ilk gəncliyin xoş çağlarını, Qızıl günlərini yada salardım, Axardı durmadan yenə göz yaşım, Bu uzaq yollarda nə çəkdi başım!.. Yolum uçurumlu, qismətimsə qəm, Tanrı tanımayan gərəksiz küləm; Artıq taleyimlə vuruşsam belə Əzabla, qəzəblə qəlbim doludur. O keçən, o itən arzular ilə Yaşayan ömrümün qisməti budur. Deyirdim daha pis əzab var hələ Ümidsiz, sevincsiz qədəmlərilə Qapımı açacaq, hələ nədir ki... Gələcək qara günlər - göz önündəki Hər şey qaranlıqda qərq oldu nur tək. Dərindən inlədi köksümdə ürək, Ani sakitliyim getdi canımdan; Əsər də qalmadı həyəcanımdan: Gözəl bir məqsədə can atmağımdan - O cəsur, o böyük, o nəcib, yüksək Gənclik hisslərimi oyatmağımdan.
III HİSSƏ
Bir gün gecə yarı doldu buludlar. İldırım sədası gəldi uzaqdan. Coşub, nərildəyib, hayqırıb bir an Dənizə fırtına saldı buludlar. Dalğalar köpürür, dəniz qaynayır, Qaranlıq içində şimşək oynayır. Yox, bizim o cəsur igidlər ancaq Heç nədən, ölümdən qorxmadı hətta. Sanki mavi dəniz zarıldayaraq Susurdu gəminin siqləti altda. Ağ köpük içində ağ görkəm alan Gəmi atılırdı elə bil aya, Qalxan, yırğalanan, sonra qaralan Dalğa qarışırdı yenə dalğaya. Görüb bu dəhşəti sanırdıq ki, biz Dalğanın zərbindən sahil inləyir. Çıxıb yatağından qəzəblə dəniz Göylərlə vuruşur, göylərə dəyir; Dalğalar vuruşur bir-biri ilə Şimşəklər dolaşıb biri-birinə. Dəniz yatağından çıxıbdır yenə İldırım zərbindən yarılan dalğa Qərq olur ildırım şölələrinə Gahdan gəmimizi atırdı dalğa Az qala dəyirdik buludlara biz; Çırpınıb batırdı gah da gəmimiz, Fəqət mən özümü itirməmişdim, Hamıyla birlikdə göyərtədə mən - Təhlükə içində qalmışıq deyə, İşarə gülləsi atırdım hərdən. Biz dardan qurtardıq! Ətrafda elə Hey yağış yağırdı, şimşək çaxırdı, Qəflətən uzaqda açılan güllə Deyəsən köməyə bizi çağırdı. Zülmətdə bir fanar parladı bu an Sanki asılmışdı dor ağacından, Qaranlıq dumanda yox oldu sonra; Göy qopdu dəhşətlə sanki bu ara, İldırım nur saçdı qaranlıqlara. Görcəyin tanıdıq biz yunanları, Gəmi yönəlmişdi düz bizə sarı. Hər şeyi anlamaq çətindi hələ, Onlar çarpışıblar dalğalar ilə, Kömək istəyiblər haray çəkərək. Fəqət səslərini batırıb külək. “Tez olun, onları qurtarın!” - Bu dəm Hardansa yüksələn səs eşidirəm. Gəmi daşa dəyib deyəsən, batır, Səs-küylə suların dibinə yatır.
Biz xilas elədik sağ qalanları, Aldıq gəmimizə bütün onları. Hamısı huşsuzdu, suya batmışdı, Elə bil ölüydü - hamı yatmışdı; Külək də kiriyib sozaldı bir az, İldırım səsi də azaldı bir az; Arabir dalğalar dinirdi yenə, Dağ kimi qalxırdı, enirdi yenə.
***
Hər şey susdu! Birdən gəmini dalğa Atdı sahildəki bir dayazlığa. Xilas elədiyim adamların mən Getdim yanlarına bir səhər çağı; Günəş də qəzəbli bulud içindən Boylanıb süzürdü daşı, torpağı. Ah, gördüm o cavan yunan qızını; Elə bil bihuşdur, rəngi saralıb, Əlini başında daraqlayaraq Nə vaxtdan beləcə oturub qalıb, [Fikrimdən çıxara bilmərəm onu... Öyrəndim, buraya onun bir uzaq Eldən gətirilən qız olduğunu. Ömrün baharını, qızıl yazını Yadına salırdı; gözlər də qara, İşıqdan işıqlı, zülmətdən qara... Baxırdı göylərə gözündə maraq, Orada bir ulduz parıldayaraq Elə bil nədənsə verirdi xəbər, (Qəlbindən keçəni o özü bilər). Birdən qara bulud örtdü ulduzu, O daha çıxmadı. O vaxtdan elə Qəm-qüssə içində görürəm qızı]
O vaxtdan qismətim olubdur ah-zar, Bəxtim qərarını veribdir, dostlar... O vaxtdan elə bil yanıb sönmüşəm, Ölüb xoş duyğular, daşa dönmüşəm!