Qarabağdan məcburi köçürülən muzeylərin vəziyyəti
Müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi onları dünyada mədəni proseslərin fəal iştirakçısına çevrir. Müasir dövrdə muzey qloballaşma və həyatın unifikasiyasının neqativ nəticələrinə qarşı dura bilən, keçmiş haqqında xatirələri öz divarları arasında saxlamağa qadir olan, mədəni irsi qoruyan mədəniyyət ocağı hesab edilir [2., s.311].
Həyatımızda baş verən sosial dəyişikliklər muzeylərin qarşısında yeni vəzifələr qoyur. Azərbaycanda bu sosiomədəni müəssisələrin tarixi şəraitin tələblərinə cavab verməsi onun dünya muzey sisteminə inteqrasiyasının sübutudur. Azərbaycanda muzey işinin tarixi ilə bağlı fikri dəqiqləşdirmək istəsək, ölkəmizdə bu sahənin tarixi ənənələrinin qədim olduğunu müşahidə etmiş olarıq. Müasir tipli muzeylərin sələfi olan sənət dəyərlərinin toplanılması, kolleksiyaçılıq ənənələrinin qədim olduğunu tarixi faktlardan da aydın görmək olar. E.ə. son, eləcə də eramızın ilk əsrlərində Atropatena və Albaniyanın hökmdar saraylarında, məbəd və kilsələrində qiymətli əşyaların, nadir sənət nümunələrinin, dünyəvi və dini məzmunlu zəngin kitabların, əlyazmaların qorunub saxlanıldığı məlumdur. Xüsusilə səfəvilərin hakimiyyəti dövründə müasir muzey fəaliyyətinin sələfi sayıla bilən kolleksiyaçılıq ənənələrinə maraq və onun inkişafına diqqət daha da gücləndi. Bu tarixi dövrdə dövlətin mədəni irsinin tərkib hissəsini təşkil edən qiymətli əşyaların,əsasən xəzinələrdə, saray kitabxanalarında mühafizəsi mühüm yer tutdu. Azərbaycanın ictimai şüur tərzində muzey fəaliyyətinə meyllilik formalaşsa da, kolleksiyaçılıq işində müəyyən təcrübə əldə olunsa da, real olaraq muzey tipli müəssisələrin təşkili tarixi Naxçıvanın Nehrəm kənd məktəbində görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə ilk muzeyin yaradılması faktı ilə (XIXəsrin axırları) bağlıdır. Ötən əsrin əvvəllərində Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji muzey, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeyin yaradılması artıq Azərbaycanda kolleksiyaçılıq ənənələrinin dünya təcrübəsinə müvafiq olaraq təşkilatlanmış formada həyata keçirilməsində tarixi təkan oldu. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd olunan digər muzeylər çar üsuli-idarəsinin maraqlarını ifadə etdiyindən Azərbaycanın mədəni sərvətlərini zəif işıqlandırıldığı da tarixi faktdır. Bu faktın özü muzeylərin cəmiyyətin maraq və ideallarını ifadə etdirdiyinə daha bir sübutdur [3., s.11].
Respublikamızda muzey şəbəkəsinin yaradılması tarixi sovet dövrü ilə bağlıdır. 1920-ci il iyunun 15-də Azərbaycan SSR Xalq Maarifi Komissarlığında muzey-ekskursiya şöbəsi açılmış və onun ilk iclasında xüsusi tədris muzeylərinin təşkili qərara alınmış, elə həmin ilin oktyabrında Azərbaycan SSR Dövlət Muzeyi yaradılmışdı. Artıq 20-30-cu illərdə muzey şəbəkəsi üzrə profilli və diyarşünaslıq muzeyləri,görkəmli ictimai-siyasi, dövlət və mədəniyyət xadimlərinin,tanınmış yazıçı, alim, bəstəkar və rəssamların ev-muzeylərinin,həmçinin xatirə-memorial komplekslərin təşkilində tarixi bir dövr oldu. Bunun nəticəsi olaraq 1945-ci ildə Azərbaycanda 22, 1969-cu ildə isə, 29 muzey fəaliyyət göstərirdi.
1957-ci ildə digər sovet muzey təşkilatları kimi Azərbaycan muzeylərinin də Beynəlxalq Muzey Təşkilatında (İKOM) təmsil olunması faktı mühüm əhəmiyyət kəsb etdi. Respublika muzeyləri cəmiyyətin həyatında fəal iştirak edərək sosial-mədəni həyatın mərkəzləri kimi tanınmağa başladı. Dünyada analoqu olmayan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi (1967), hazırda işğal altında olan və taleyi naməlum qalan Ağdam Çörək Muzeyinin yaradılması da bu tarixi çağlara təsadüf edir.
1980-cı illərdən etibarən dünyada muzeylərin roluna böyük maarifləndirmə imkanları olan mədəniyyət mərkəzləri kimi yanaşıldığından Azərbaycan muzeyləri də bu dünyəvi tendensiyaya fəal şəkildə qoşuldu. Respublikanın muzey işi tarixində fəaliyyəti ilə seçilən aparıcı muzeylərin dünya arenasına inteqrasiyası prosesinə start verildi. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir.Məhz bu muzeyin zəngin maddi və elmi bazası əsasında YUNESKO-nun xəttilə 1983, 1988 və 2003-cü illərdə "Şərq xalçası", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzularında I, II, III Beynəlxalq simpoziumlar keçirilmişdir [10]. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-80-cı illər milli muzey işi tarixinə bu sahənin dinamik inkişafı dövrü kimi daxil oldu. Azərbaycan xalqının milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ümummilli lider Heydər Əliyev, hətta Moskvanın təzyiqindən asılı olduğumuz vəziyyətdə belə respublikada muzey şəbəkəsinin genişləndirilməsi, muzeylərin maddi-texniki bazasının gücləndirilməsi məsələsinə daim qayğı göstərirdi.
1980-cı ildə onun təşəbbüsü ilə respublikada muzey işinin inkişafı məsədilə xüsusi qərar qəbul edilmişdi. Həmin qərara uyğun olaraq, respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi yaradılmış, muzey işi üzrə respublika elmi-metodiki mərkəzi, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdu. Azərbaycan mədəniyyətinin nəhəng simaları Ü.Hacıbəyov,H.Cavid, C.Məmmədquluzadə, M.S.Ordubadi, C.Cabbarlı, N.Nərimanov, Bülbül, Niyazi, S.Vurğunun memorial-xatirə, mənzil muzeylərinin yaradılması, məhz Heydər Əliyevin şəxsi təşəbbüsünün nəticəsi idi.
Ölkəmizdə muzey işinin dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsi ilə bağlı ulu öndərin arzusunun gerçəkləşdirilməsi müstəqilliyin bərpasından sonra həqiqətə çevrildi. Azərbaycan Respublikasının "Muzeylər haqqında" Qanunun qəbul edilməsi (2000-ci il) ölkədə muzey işi istiqamətləri üzrə fəaliyyətə geniş imkanlar açdı.1989-cu ildə Bakıda yaradılmış "Rinay" özəl muzeyindən sonra 2002-ci ildə ikinci -Miniatür kitab özəl muzeyinin təşkili, ölkədə Heydər Əliyev siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir. Mənsubiyyət və profilindən asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən bütün muzeylərə dövlət qayğısı gücləndirildi, maddi-texniki təminatına diqqət artırıldı [10]. Azərbaycan Tarixi Muzeyi, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyləri əsaslı təmirdən sonra yeni və maraqlı ekspozisiyaları ilə ölkəmizin mədəni həyatında fəal rollarını davam etdirirlər.
Ümummilli lider Heydər Əliyevin arzularından biri - Bakıda Neft muzeyinin yaradılması, müasir layihə əsasında və paytaxtımıza xüsusi yaraşıq verəcək Azərbaycan Xalçası və Tətbiqi Sənət Muzeyinin yeni binasının istifadəyə verilməsi sahəsində işlər onun layiqli davamçısı olan Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. 2007-ci ilin martında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" imzalanmış tarixi sərəncamda bu sahənin inkişaf perspektivləri öz əksini tapmışdı.
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatına həsr edilmiş yığıncağında Prezident İlham Əliyevin Təbiət Muzeyinin bərpasının zəruriliyini vurğulaması faktı ölkə rəhbərinin muzey işinə qayğı ilə yanaşdığını bir daha sübut etdi.
Respublikamızda muzey işinin inkişaf dinamikasında təəssüf doğuracaq, "ağrılı" məqam Qarabağın 27 il işğal altında qalmış muzeyləri və onların malik olduqları küllü miqdarda maddi-mənəvi dəyərlərin aqibəti ilə bağlı faktlardır [9]. 1988-93-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə 12 muzey talan edilərək dağıdılmışdır. Bu istiqamətdə fəaliyyətin məqsədyönlü qurulmasında ümummilli lider Heydər Əliyev YUNESKO və onun ixtisaslaşdırılmış təşkilatı olan İKOM-dan bütün zəruri tədbirlərin görülməsinə tələbkarlıqla yanaşırdı. Qarabağ muzeylərinə qarşı erməni vandalizminin dünya ictimaiyyatına çatdırılmasında İKOM-un Milli Komitəsinin 1995-ci ildə beynəlxalq təşkilatlara ünvanlandırdığı məktubda belə deyilirdi: "Cəbrayıl və Füzuli tarixşünaslıq muzeylərinin, Ü.Hacıbəyovun ev muzeyinin,Azərbaycan Xalçası Dövlət Muzeyi Şuşa filialının ən qiymətli əşyaları xilas edilsə də, keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər və Laçın tarix-diyarşünaslıq muzeylərinin qiymətli və nadir əşyaları Ermənistana daşınmışdır. Şuşa şəhərinin tarixi muzeyinin, Dövlət Qarabağ tarixi muzeyinin, Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeylərinin, Ağdam,Qubadlı,Zəngilan tarix-diyarşünaslq muzeylərinin fondları da qarət edilmişdir.Qurban Pirimovun xatirə muzeyi, Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi də dağıdılmışdır."
Qarabağın 27 il işğal altında qalan muzeylərinin aqibəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahə üzrə müəyyənləşdirilmiş prioritetlər Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif layihələrdə öz təzahürünü tapır. Qarabağ muzeyləri və onlara məxsus eksponatlar haqqında məlumatların mötəbər beynəlxalq təşkilatlara çatdırılması istiqamətində hazırlanan hesabat və arayışların, çap olunan kitab-kataloqların, audio-video yazıların çox böyük əhəmiyyəti vardır. 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muzey işi, tarix və mədəniyyət abidələrinin mühafizi" (hazırda həmin ixtisasa "arxivşünaslıq" ixtisası da əlavə edilib) ixtisası üzrə mütəxəssislərin hazırlanmasına başladı. Kulturologiya fakultəsi nəzdində fəaliyyət göstərən "Muzeyşünaslıq" kafedrası nəzəri "laboratoriya" missiyasını da layiqli şəkildə həyata keçirtməkdədir. Güclü elmi potensiala malik olan kafedranın muzey fəaliyyətinin müxtəlif sahələri üzrə tədris proqram və planların, respublikada muzey işi sahəsi üzrə ilk dərslik və dərs vəsaitləri, kataloqları hazırlayaraq çap etdirməsi ölkənin mədəni həyatında mühüm bir hadisə kimi qiymətləndirilməlidir [10].
Fəaliyyətini elmi mərkəz prinsipləri əsasında quran Muzeyşünaslıq kafedrası respublikada muzey işinin vəziyyəti, prioritetləri, digər aktual məsələləri ilə bağlı müəllim və tələbələr arasında elmi yaradıcılıq layihələrinin reallaşdırılmasına üstünlük verir, muzeyşünaslıq problemləri ilə bağlı doktorluq, magistratura üzrə elmi tədqiqat işlərinin müzakirələrini həyata keçirir. Azərbaycanda yenicə təsdiqini tapmış muzeyşünaslıq elminin inkişaf dinamikası götürməsində də kafedranın ümidverici perspektivləri mövcuddur. Sevindirici haldır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey işi üzrə təhsil almış məzunlarının ölkənin şəhər və regionlarında fəaliyyət göstərən muzeylərdə çalışması bu sahədə yaranmış boşluqları aradan qaldırır. Hazırda Azərbaycanda 223 muzey fəaliyyət göstərir. Bu muzeylərin ixtisaslı kadrlarla təmin edilməsi, eləcə də ölkəmizdə muzey işinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə onun milli-nəzəri strategiyasının hazırlanmasında hələ qarşıda mühüm vəzifələr durur.
Azərbaycanın tarixi torpağı olan Qarabağın ermənilər tərəfindən işğalı zamanı ərazidə yerləşən 100 mindən artıq əşyanın toplandığı 22 muzey mənfur düşmən tərəfindən məhv edilmişdir. Azərbaycan milli mədəni irsini özündə ehtiva edən bir çox nadir eksponarlar Ermənistana aparılmış və erməni maddi mədəni irs nümunələri adı altında nümayiş etdirilməkdədir. İşğal zamanı Qarabağda eksponatları ilə birlikdə tamamilə düşmən tərəfindən məhv edilən muzeylərimizdə var. Biz buna misal olaraq SSRİ- də birinci, dünyada isə ikinci olan Ağdam Çörək Muzeyini göstərə bilərik. Laçın, Cəbrayıl, Kəlbəcər tarix- diyarşünaslıq muzeylərinin isə bir qisim eksponatlarını xilas etmək mümkün olmamışdır [8].
Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, alimlərin əsaslı araşdırmaları nəticəsində Azərbaycanın ilk yaşayış məskənlərindən biri olduğu sübut edilmişdir.
Qədim insan yaşayış məskəni olan Azərbaycan torpağında əsrlərdən bəri çox zəngin bir mədəniyyət də yaranaraq formalaşıb. Biz tariximizin bir sıra açılmayan qatlarına arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sərvətlər vasitəsilə bələd oluruq. Eləcə də bu qədər böyük tarixə, qədim keçmişə malik Azərbaycanın keçdiyi yolları, fərqli dövrlərinə aid məlumatları dövlətimizin ərazisində fəaliyyətdə olan müxtəlif təmayüllü muzeylər və abidələr vasitəsilə öyrənirik. Xalqımız əcdadlarımızdan bizə miras qalan bu abidələrə layiqincə sahib çıxır, onun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün əlindən gələni edir.
Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir [9].
Həmçinin, Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər də fəaliyyətdədir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.
Bunlardan əlavə, ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən və həmin bölgənin maddi-mənəvi, mədəni tarixini özündə ehtiva edən muzeylərimiz də az deyil. Ümumi şəkildə Tarix və diyarşünaslıq muzeyləri adlanan bu müəssisələr xalqımızın qədimlərdən üzü bəri formalaşan tarixi mədəniyyətinin qorunduğu, mühafizə edildiyi, təbliğ olunduğu məkanlardır.
Ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması və inkişaf dövrü ötən əsrin 60-70-ci illərinə təsadüf edir. 80-ci illəri isə tarix-diyarşünaslıq muzeylərinin infrastrukturunun inkişafında, habelə eksponatların toplanılmasında zirvə nöqtəsi kimi hesab etmək olar.
Azərbaycanın elə bölgəsi yoxdur ki, orada tariximizin izlərini yaşadan maddi-mənəvi, tarixi-mədəni abidələrimizin qorunduğu tarix və diyarşünaslıq muzeyləri olmasın.
Sözügedən muzeylərin bir qismi də artıq 27 il düşmən tapdağında qalan qədim tarixə malik Qarabağın payına düşür. XX əsrin sonlarında mənfur qonşularımız olan ermənilərin törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə buradakı maddi mədəniyyət abidələrinin taleyini təhlükə altına qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. İnsanlarla bərabər onun tarixi mədəniyyət və memarlıq abidələri də terror qurbanına çevrildi. Maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz işğalçı erməni quldurları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qaldı. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, Azərbaycan qadınının duyğu və düşüncələrinin, göz nurunun əksi olan qədim xalça məmulatları, Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları digər eksponatlar talançıların əlinə keçərək mənimsənildi. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını yoxa çıxarıblar.
1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Təkcə tamamilə məhv edildiyi bildirilən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olub. Zəngilan, Qubadlı, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeylərində də minlərlə abidə talan edilib.
Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılıb. Bir qism muzey əşyalarımız 3-cü ölkələrə də aparılıb. Hətta 2011-ci ildə Londonda Laçın Diyarşünaslıq Muzeyindən götürülmüş gümüş işləmədə bir qadın əl çantasının 16.000 ABŞ dollarına satıldığı da bilinir.
Canlı muzey hesab olunan Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Şuşanın işğalı zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları və Rəsm Qalereyasının eksponatları çıxarılıb. Amma həmin muzeylərin fondu tam xilas edilməyib. 200-dən artıq xalça və xalça məmulatı xilas edilərək Bakıya gətirilib. Hazırda həmin xalçalar Azərbaycan Xalq Tətbiqi Sənəti Xalça Muzeyində saxlanılır və sərgidə nümayiş etdirilir. Şuşa şəhərində Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb.
Dövlət Qarabağ Tarixi Muzeyi, Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin, Mir Mövsün Nəvvabın və başqalarının ev muzeyləri, Qurban Primovun Ağdamdakı xatirə muzeyi, Ağdam, Füzuli, Xocalının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Eyni zamanda Ağdamdakı unikal Çörək muzeyi də digər muzeylərin aqibətini yaşayıb. O dövrdə dünyada analoqu olmayan bu muzey şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub.
4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri - xalçalar, tikmənaxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları və s. yandırılıb, talan-qarət edilib, Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib [8].
Təəssüflər olsun ki, təkcə muzeylərimiz deyil, tarix və mədəniyyət abidələrimiz də erməni vandalizminə məruz qalıb. Təkcə işğal olunan ərazilərimizdə 74 məscid, 23 muzey, 4 şəkil qalereyası, 2550 digər tarix və mədəniyyət abidələrimiz faktiki olaraq yolumuzu gözləyir.
Erməni vandalları İslama qədərki Alban abidələrini də məhv ediblər. Əksər hallarda isə onların üzərində dəyişiklik apararaq, özününküləşdirməyə, bütün dünyaya erməni abidələri kimi təqdim etməyə çalışırlar. Mənfur düşmən rayonlarımızın tarixi mədəni abidələrinin, muzey eksponatlarının şəkillərini "erməni mədəniyyətinin nümunələri" adı altında müxtəlif saytlarda yerləşdirir, kitablarda nəşr etdirməklə abidələrin özlərinə məxsus olması ilə bağlı təbliğatlar aparır. 1700 tarix və mədəniyyət abidəsinin (xristianlığa qədər olan dövr və eləcə də xristianlıq dövrü alban abidələri) üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və sövməsindəki yazı tamamilə məhv edilib. 500 sayda Qafqaz Albaniyası dövrü sövmə, bazilika və digər memarlıq abidələrinə erməni kilsəsi statusu verilib.
İslam abidələri dağıdılıb yer üzərindən silindi. 1600 müsəlman dini abidəmiz (məscid, türbə, qəbirüstü abidələr, at-qoç fiqurları, inanc yerləri və digər ibadətgahlar) dağıdılıb. Məscidlərdən yalnız 3-4-nün bünövrəsi salamatdır. Bunlar Şuşa şəhərində Aşağı, Yuxarı Gövhərağa, Saatlı və Ağdam Cümə məscidləridir. Digər məscidlərimiz isə yerlə yeksan edilərək, hətta daşları da o ərazidən kənara aparılıb.
200 qəbiristanlıq tamamilə, 600 qəbiristanlıq isə qismən dağıdılıb [9]. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığı texnika vasitəsilə darmadağın edilib. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər.
300 monumental abidə və bağ-parklar tamamilə məhv edilib. İşğal dövrü xaraba kəndlərimizdə 15 erməni kilsəsi tikilib [9]. İşğal ərazilərinə Ermənistanda yonulub hazırlanmış 2000 ədəd erməni xaç daşları basdırılıb. İşğal dövrü Azərbaycan ərazilərində 27 arxeoloji qazıntı işləri aparılıb. 128 bədii daş nümunəsi işğal ərazilərindən götürülərək İrəvana aparılıb.
Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.
Azərbaycanın işğal altındakı ərazilərində tarix və mədəniyyət abidələrinə vurulan zərər 177 milyard dollardan çoxdur.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan işğal altındakı ərazilərimizdə qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. İşğal altındakı ərazilərimizdə erməni qəsbkarlarının törətdikləri vandalizm "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev dəfələrlə bildirib ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində orada dağıdılan mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün islam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür.
Ancaq sevindirici haldır ki, 27 il düşmən işğalında qalmış tarixi memarlıq və mədəniyyət abidələrimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan təbliğatlar Azərbaycan dövləti başda olmaqla ictimaiyyətin, diaspora təşkilatlarının, ayrı-ayrı təşkilatların dəstəyi ilə get-gedə daha da genişlənir. Əvvəlki illərlə müqayisədə ölkəmiz Qarabağ abidələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük nailiyyətlər əldə edib. Beynəlxalq tədbirlərdə, konfranslarda ortaya çıxardığımız əsaslı faktlar qarşısında ermənilər aciz qalıblar. Belə ki, abidələrin istər memarlıq üslubu, istərsə də əvvəlki vəziyyəti onların azərbaycanlılara məxsus olduğunu sübut edir.
Qeyd edək ki, Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən, YUNESKO Ermənistana müraciət göndərib. Hələ ki, qarşı tərəfdən bu müraciətə hər hansı cavab verilməyib. Belə ki, Mədəniyyət Nazirliyi və İKOM-un milli komitəsi işğal olunmuş ərazilərdə qalan muzeylərin və onların eksponatlarının taleyi ilə bağlı YUNESKO qarşısında dəfələrlə məsələ qaldırıb. Bu məqsədlə problemin öyrənilməsi üçün YUNESKO-nun Azərbaycana iki missiyası göndərilib (1994, 1995-ci illərdə) və bunun da nəticəsi olaraq YUNESKO baş direktorunun müavini işğal olunmuş ərazilərdə mədəni dəyərlərin müdafiə edilməsinə çağıran müraciət imzalayıb. Həmçinin, YUNESKO-nun yardımı və onun loqosu altında qəsb olunmuş qiymətli muzey əşyalarının bəzilərinin təsvirini və onlar haqda informasiyaları əks etdirən liflər nəşr olunub.
Dostları ilə paylaş: |