Bir tacir olur, bunun başqa bir kəndtə bi kasıb dostu olur. Bu dost çox kasıb, ama düzgün bir adam olur, özü də çoban olur, elə aldığı muzdla yarı ac, yarı tox güzəranını keçirir.
Günnərin bi günü tacir alverdən gəlir, yolüstü dostuna baş çəkir, deyir ki:
– Ay dost, bu həyat nədir yaşıyırsan? Bu nə güzarandı?
Dostu deer:
– Qardaş, bu da belə qalmaz.
Günnər keçir, aylar ötür, bu tacirin yenə yolu düşür həmin kətdən. Gələndə deer, gedim dostuma dəyim, görüm günü-güzəranı necədi. O yoldan keçəndə görür ki, çobanın evi dağılıbdı. Soruşur qonşularınnan ki, ay qonşular, bəs burda bir çoban olurdu o, hanı, hara getdi?
Deellər:
– Bəs, bu çoban boyük bir insan olub artığ, onun evi odu ye, orda.
Gəlir qapını döyür, qapıçılar açıllar.
Deer:
– Mənə çoban lazımdı, filankəs.
Deellər:
– Yoo, buraxmaruğ səni.
Deer:
– Mən axı onun dostuyam, çağırun deyün ki, dostun gəlib.
Nəisə xəbər verillər, bunu gətirillər içəri, gəlir. Dostunnan görüşür. Oturullar, ordan, burdan söbət eliyillər, tacir deyir:
– Ay çoban, necə oldu sən birdən birə qalxdun? Belə dölətdəndün?
Çoban deer:
– Qardaş, soruşma, bu da belə qalmaz.
Tacir yenə bir şey başa düşmür, bunun sözünü annamır. Yeyillər-içillər. Bu, çıxır gedir.
Bi müddət keçənnən sora tacirin yenə burdan yolu düşəndə, yenə dostunu yoxlamağ istiyir, deyir gedim ona dəyim, görüm nətərdi.
Gəlir onun evinə, buraxmıllar, deellər:
– Çoban ölüb. İndi burda başqası olur.
Soruşur harda basdırıblar.
Deelər:
– Orda.
Gəlir qəbirsannığa baxır, görür onun başdaşında yazılıb ”Bu da belə qalmaz”. Bu, yenə bir şey başa düşmür. Nəisə, ağlayır, Yasinin oxuyur, gedir.
İllər keçir, yenə yolu düşür həmin məskənnən, yurddan. Deer ki, gedim dostumun məzarını ziyarət eliyim. Gəlir, görür ki, qəbirsannığı su basıb, məzar nə gəzir, zad nə gəzir. Onda başa düşür ki, heç nə əbədi deyil, heç bi şey belə qalmaz.
Dostları ilə paylaş: |