Morfoloji prinsip yazıda sözlərin qrammatik tərkibini əsas götürür, sözün və ya şəkilçinin bir tələffüz forması yazı üçün düzgün sayılır, qalan formalar ona tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məsələn:
degil, dəgil , dəyil, dəgül,döyül – deyil
qızdar – qızlar ; oğlannar-oğlanlar
Göründüyü kimi deyil sözü bir neçə formada , cəm şəkilçiləri isə nar-nər, dar-dər və s. şəkildə tələffüz edilməsinə baxmayaraq morfoloji prinsip üzrə yazıda həmin sözlərin ancaq deyil variantından və şəkilçilərin ahənginə görə -lar –lər formasından istifadə olunur.
Morfoloji prinsipin mahiyyəti ondan ibarətdir ki, bu prinsip müxtəlif morfomlerdə olan səs dəyişmələrinin yazıya keçməsinə yol vermir və vahid qayda yaradır.
Tarixi-ənənəvi prinsip.Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli saxlanılır, əsas götürülür. Bunun nəticəsidir ki, bəzi sözlər ədəbi dildə tələffüz edildiyi şəkildə yazılmır. Buna görə də həmin sözlərin tələffüzü ilə yazılışı bir-birindən az-çox fərqlənir. Məs: əlbətdə, hətda deyil, əlbəttə, hətta yazılır. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan sözlərin müəyyən bir qismi (məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim, növbə, şənbə, vicdan, uşaq, palıd, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə sözlərin vaxtilə ola bilsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətə daha yararlı, asan olan bir şəkil almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası və orfoepiyası arasında uyğunsuzluq yaranmışdır. Lakin bununla belə, bu prinsipi kənara atıb müəyyən sözləri müasir tələffüzə uyğunlaşdırıb yazmaq da mümkün deyildir. Belə dəyişiklik yazıda ümumi bir dolaşıqlığa, savadsızlığa gətirib çıxarar.
Tarixi-ənənəvi prinsip bəzi dillərin orfoqrafiyasında mühüm əhəmiyyətə malik olduğu halda , Azərbaycan orfoqrafiyasında mühüm rol oynamır. Çünki sözün maddi qabığı olan səslərin hərflərlə ifadəsində özünü göstərən mühafizəkarlığı tarixi-ənənəvi prinsip tənzim edir. Azərbaycan dilində isə belə mühafizəkarlıq qabarıq deyil.
Orfoqrafik normalar aşağıdakı sahələri əhatə edir:
1) Azərbaycan mənşəli sözlərin yazılışı; 2) alınma sözlərin yazılışı; 3) qoşasaitli və qoşasamitli sözlərin yazılışı; 4) kök və şəkilçilərin yazılışı ; 5) mürəkkəb sözlərin yazılışı; 6) Köməkçi sözlərin yazılışı; 7) böyük hərfin işlənmə məqamları; 8) ixtisar və qısaltmaların yazılışı; 9) söz hissəsinin sətirdən-sətrə keçirilməsi; 10) bəzi durğu işarələrinin yazılış qaydaları ( müəyyən hallarda durğu işarələrinin yazılışı orfoqrafik norma kimi qəbul edilir).