M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Birinci hərfi böyük yazılan sözlər



Yüklə 499,8 Kb.
səhifə55/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   51   52   53   54   55   56   57   58   ...   76
İAK.Kitab.son

8. Birinci hərfi böyük yazılan sözlər
8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəyoğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Bəxtiyar Vahabzadə və s.
Qeyd. Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s.
8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s.
8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası, Vətən müharibəsi, Yeddiillik müharibə və s. Belə mürəkkəb adlara fərq­lən­di­ri­ci söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s.
8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya, Əhdi-cədid, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
8.6. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti və s.
Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s.
2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.
3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s.
5. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu.
8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.
8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azər­bay­can” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mi­ne­ral suyu və s.
Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s.
8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s.
Qeyd. Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissəsi kimi işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Fatma xanım Kəminə və s.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin