Qrammatik norma və əsas elementləri
Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Qrammatik norma nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulmasını tənzimləyir. Ədəbi dilimizin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir və onun əsasında qurulmuşdur. Sözlər və cümlələr arasındakı əlaqə düzgün qurulmadıqda qrammatik səhvlər meydana çıxır ki, məhz bu tipli səhvləri aşkara çıxarılır və onların aradan qaldırılmasına xidmət göstərilir. Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:
1) Azərbaycan dilində müəyyən miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki əsgər, üç karandaş, dörd tələbə, yüz qoyun və s. Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus, ingilis, fransız, alman və s. dilləri öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir. "İki əsgərlər", "Beş müxtəlif idman köynəkləri" işlətmək qrammatik normanın pozulması deməkdir.
2) Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+ lər+imiz +in+dir, balıq+çı+lar+ımız+dan+sınız və s. Bu ardıcıllıq pozulduqda qrammatik norma pozulmuş hesab edilir.
3) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının elementləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz, çantası və s. Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir. Dilimizdə I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək mümkündür: Bizim məktəb, sizin ev. Lakin birinci tərəfin işlənmədiyi hallarda mənsubiyyət şəkilçisinin işlənməsi artıq labüd olur: məktəbimiz, eviniz. Dilimizin özünəməxsus xüsusiyyəti burada da özünü göstərir. Mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Əgər deyilərsə, qrammatik norma pozulmuş hesab olunur. Deməli, nitqdə lll növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf isə ixtisar oluna bilir: "mənim anam" əvəzinə anam, "sənin adın" əvəzinə adın, onun (onların) atası" əvəzinə atası işlədilir və bu zaman əsas məna nəinki dəyişmir, həm də üslubi məqam kimi cümlədə səlislik, ahəngdarlıq, yığcamlıq yaranır. Elə bu qayda ilə mənsubiyyət şəkilçili getdiyim, gəldiyiniz, oyunçularımız, içdikləri tipli sözləri də ayrılıqda işlətmək və cümləni daha yığcam şəklə salmaq olur. Canlı danışıq dilində, sual-cavab şəklində gedən dialoq-müsahibələrdə mənsubiyyət kateqoriyasının ikinci tərəfi ixtisara düşür. Məsələn: - Bu kimin topudur? - Mənim. - Bəs dedilər ki, onundur. - Yox, onun deyil, mənimdir. Bu , qrammatik norma pozuntusu hesab olunmur.
4) Feilin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs - xəbər əlaməti (şəkilçisi) artırılır: don+dur+ ul+malı+dır. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta -mı4 sual ədatını da artırmaq mümkündür: don+dur+ul+malı+dır+mı?, (gərək) gör+üş+mə+yə+siniz. Tək-tək hallarda qrammatik normanın pozulmasına rast gəlirik: “Uşaqlar hər zaman oxuyarlardı ”,“Onlar dərslərini gecələr öyrənirlərmiş” cümlələrində qrammatik norma pozulmuşdur, çünki -idi və -imiş hissəciyi –lar, -lər cəmlik şəkilçisindən əvvəl işlənməli idi.
5) Azərbaycan dilçiliyində belə bir qayda var ki, nə inkar bağlayıcısından sonra gələn feil təsdiqdə olmalıdır. Feilin inkarlıq kateqoriyası təsdiq formada olan feilə - ma/-mə şəkilçisini artırmaqla düzəlir. Məs: o yazır-o yazmır, sən oxuyursan-sən oxumursan. Amma inkarlığı -ma/mə şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənəndə feilin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: O nə yazır, nə (də) oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək, dilimizin qrammatik norması pozulmuş olacaqdır. Nə, nə də ədatları feilin qarşısında deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məs: “Nə topladığı yüksək kredit balı, nə də bütün imtahanlarda əla nəticə göstərməsi onun sonuncu davranışına haqq qazandıra bilməz”. Cümlədə inkarlıq bağlayıcılarının işlənməsinə baxmayaraq xəbərin yenidən inkarlıq şəkilçisini qəbul etməsi düzgün deyildir. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da danışıq dilində bu qayda tez-tez pozulur.
6) Dilimizdə Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə də kəmiyyətə görə uzlaşmalıdır: Məsələn : Biz oxuyuruq, Onlar işləyirlər.
“Tələbələr-oğlanlı, qızlı hamı universitetə gedirlər”. “Bir neçə tələbə futbol toplarını torda stadiona aparırlar”. İlk baxışda cümlələr düzgündür. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır. “Tələbələr gedirdilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma “hamı” əvəzliyində cəmlik anlayışı olsa da, “hamı gedirdilər” deyilməz. “Bir neçə tələbə” anlayışı cəmlik bildirsə də, şəxs kimi təkdədir, buna görə də “aparır” deyilməlidir. Yaxud “Səndən ötrü ayaqlarım evə getmirdilər” cümləsi düzgün qurulmamışdır. “Ayaqlar” sözü cəmdə olsa da, məntiqi cəhətdən “getmirdilər” demək olmaz, uzlaşma yanlışdır.
Eyni zamanda, belə bir qayda var ki, mübtəda cansız əşyalarla ifadə olunduqda, mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma pozulur. Məsələn : Otlar ( mübtada) tərpənir ( xəbər). Əgər bu cümlə ” Otlar tərpənirlər” şəklində işlənsə idi, qrammatik şərt pozulardı – qrammatik şərtə görə cəmdə olan mübtəda cansız əşyanı bildirdikdə xəbər təkdə işlənməlidir. Deməli, bu tipli cümlələrdə uzlaşma əlaqəsi kəmiyyətə görə pozulsa da, qrammatika norma pozulmur.
7) Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına tabedir. Cümlə üzvlərinin sırası normativ nitqdə pozulmur. Cümlədə əvvəl mübtəda, sonra tamamlıq. daha sonra xəbər gəlir. Təyin aid olduğu isimlə ifadə olunan hər bir cümlə üzvündən əvvəl işlədilməlidir. Zərflik isə, əsasən, feildən əvvəl işlənir Məsələn : Qardaşı Həsəni məktəbin həyətinə çağırdım. Əgər biz “Mən həvəslə futbol matçlarını izləyirəm” desək, çoxları cümlənin düzgün qurulduğunu təsdiqləyəcək. Amma “həvəslə” zərfliyi qrammatik normaya görə “izləyirəm” xəbərinin qarşısında gəlməlidir. Müəyyən üslubi məqsəd və situasiyaları nəzərə almasaq, bu hal gözlənilmədikdə qrammatik norma pozulur. Bədii əsərlərdə, xüsusilə, şeirlərdə cümlə üzvlərinin sırasının pozulması qrammatik normanı pozur. Məsələn :
Doymayır, ayrılmayıb bir an Xəzərdən gözlərim,
Zillənir yelkənlərə hər gün səhərdən gözlərim
Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu xəbəri gətirdiyinə görə. Dedilər kəndə gəlir Omaroğlu. -Niyə gəlir bu sağ olmuş, başımızı yerə soxmağamı? (V.Nəsib)
Verilmiş nümunələrdə sintaktik vahidlərin ardıcıllıq qanunu söz sırası ilə tənzimlənməli olduğu halda bədii əsərlərdə bilərəkdən pozulmuşdur ki, bu da şeirlərdə qafiyə və bölgü, nəsrdə isə yerli koloriti və canlı danışıq dilini saxlamaq xatirinə edilmişdir.
8) Sintaktik əlaqələrlə bağlı qaydalarının pozulması fikrin dürüst və kiçik vaxt kəsiyində anlaşılmasını çətinləşdirir və nəticədə qrammatik norma pozulur:
“Bir çox ölkələrin müşahidəçilər seçkidə iştirak etdilər” - idarə əlaqəsi pozulmuşdur
(Burada müşahidəçilər müəyyən təsirlik halda işlədilməlidir)
“Həyətyanı evin sahəsi böyük idi” - yanaşma əlaqəsi düzgün qurulmamışdır (olmalıdır: evin həyətyanı sahəsi)
Dostları ilə paylaş: |