Quba-Xaçmaz turizm bölgəsi Azərbaycanın şimal-şərqində, Bakı-Xaçmaz turist marşrutunun üstündədir. Turizmin ixtisaslaşması
istirahət-əyləncə, dərketmə və idman istiqamətindədir. Landşaftın rəngarəngliyi, iqlimin saflığı, mineral suları
və qumlu dəniz sahilləri bölgənin səciyyəvi xüsusiyyətidir. Böyük Qafqazın yüksək dağlarından Bazar-düzü,
Şahdağ, Tufandağ və b. bu bölgədədir. Bölgənin Bakıya yaxın olması, aqroiqlim şəraiti turizmin inkişafına
geniş imkanlar açır. Şahdağ MP, Təngə-altı dərəsi,
Afurca şəlaləsi, "Quba" istirahət mərkəzi, "Balbulaq",
"Cənnət bağı" istirahət zonaları (Quba), Yalama və
Nabranın qumlu çimərlikləri təbiət-sevərləri istirahətə
cəlb edir. Beşbarmaq qayası və müdafiə səddinin
qalıqları, türbələr (Siyəzən), Şabran, Gilgilçay
istehkamlar kompleksi, Çıraqqala (Dəvəçi), Cümə
məscidi (Quba) və başqa maraqlı tarixi-memarlıq
abidələridir.
Bölgədə turizm istirahət müəssisələrinin şəbəkəsi
genişləndirilir. "Xəzər", "Dostluq", "Palermo", "Şəms"
turist bazaları, "Malibu", "Atlant", "Qreen-vill", "Palma"
istirahət mərkəzləri (Yalama-Nabran sahil zonası), Suvar
dağ-turizm istirahət zonası (Qusar), Qalaaltı sanatoriyası
və müalicə pansionatı (Dəvəçi) fəaliyyət göstərir. Nabranda beynəlxalq əhəmiyyətli turizm mərkəzi
yaradılmışdır. Bu bölgəyə istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı ildən-ilə artır. Bölgənin turizm
ehtiyatları zəngin və perspektivlidir. Xəzər sahili boyu dağlıq ərazilərdə turizm inkişaf etdirilir.