Muncuqlu tikmələr, adından də göründüyü kimi, bilavasitə rəngarəng xırda
muncuqların köməyi ilə yaradılır. Pul kisəsinin, daraq qabının, kiçik torbaların, başmaqların
və s. əşyaların üzəri muncuqlardan ibarət nəbati və həndəsi naxışlarla bəzədiləndə çox güclü
estetik təsirə malik olur. Bizim dövrə gəlib çatmış Gəncə xanı Cavad xana məxsus qəlyan
çubuğu, Qarabağ xanı Pənah xana aid edilən əl ağacı, məşhur şairə Xurşud banu Natəvan
tərəfindən bəzədilmiş başmaqlar və fincan örtüyü bu tikmə növünün bədii-estetik dəyərinin
çox yüksək olduğunun göstəricisidir.
Tikmənin qurama növü isə rəngarəng parça hissələrinin ən müxtəlif şəkildə yan-yana
düzülərək tikilməsi yolu ilə yaranır. Taxça başı və örtüklərdə quramadan istifadə olunur. Əsasən həndəsi naxışla
bu tikmələr daha çox Şəki, Abşeron, Qazax və Şamaxıda yayılmışdır.
Həm "qondarma", həm də "oturtma" adlanan tikmə növü hər hansı parçanın ayrıca kəsilib, digər bir
parça üzərinə qoyulub ətrafının tikişlə haşiyələnməsi ilə yaradılır. Çox vaxt naxış rolunu oynayan müxtəlif
formalı parçanın altına pambıq və yaxud yun qoymaqla onun daha da qabarıqlığına nail olunurdu ki, bu da ayrı-
ayrı örtüyün və pərdənin tərtibatmı daha da gözəlləşdirirdi. Bu növ daha çox Abşeron, Naxçıvan, Qərbi
Azərbaycan, Gəncə və Qazaxda geniş yayılıb.
Divar bəzəklərini, rübəndləri və pərdələri bəzəyən doldurma tikmə şəbkülah, araxçın, canamaz,
namazlıq və yorğanların bəzəyində istifadə olunan sırıma tikmə də milli bədii sənətkarlığımızın zənginliyindən
xəbər verir.
Sankt-Peterburqun Dövlət Ermitajı və keçmiş SSRİ xalqlarının etnoqrafiya muzeylərində, Moskvanın
Şərq xalqlarının incəsənəti muzeyində, Budapeşt dekorativ sənət muzeyində, eləcə də Bakı və Şəki
muzeylərində milli tikmələrin ən yaxşı nümunələri saxlanılır.