Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007,
“B ədii daşyonma sənəti” məqaləsi, səh.788-790.
82
Zərgərlik
Azərbaycan zərgərlik sənəti qədim tarixə və zəngin bədii-texniki ənənələrə malikdir. Elə bu səbəbdən
Azərbaycan zərgərlərinin yaratdıqları sənət nümunələri haqlı olaraq geniş şöhrət qazanıb. Onların yüksək bədii
məziyyətlərinə görə dünyanın müxtəlif ölkələrinə yayılması, məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəməsi
də elə bunun təsdiqidir.
Arxeoloji tapıntılara əsaslansaq, deməliyik ki, bizim dövrə gəlib çatan ən qədim zərgərlik nümunələri
eramızdan əvvəl I minilliyə aiddir. Həmin dövrə aid edilən qəbirlərdə silah, alət və məişət əşyaları ilə yanaşı
qızıl, tunc, dəmir və sümükdən hazırlanmış çoxlu bəzək əşyalarına da rast
gəlinir. Mum qəliblərdən istifadə edilərək yaradılan sırğa, bilərzik və
boyunbağılar çox vaxt rəmzi məna daşıyan ilan və şir şəklində hazırlanar,
həm də şər qüvvələrdən qorunmağa xidmət edərdi. Qədim bəzək əşyalarının
bədii tərtibatında əqiq, yaşma və s. minerallardan ustalıqla işlədilməklə, həm
də müxtəlif formalardan, heyvan təsvirlərindən və həndəsi naxışlardan
istifadə edilib.
Mingəçevir, Xocalı, Yoloylutəpə, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə
və s. yerlərdən arxeoloji qazıntılar zamanı tapılmış qızıl sırğa, tunc kəmər,
gümüş bilərzik, qızıl cam və digər əşyalar yüksək sənətkarlıq nümunəsi kimi
qəbul olunur. Bu cür zərgərlik əşyalarının hazırlanmasında müxtəlif texniki
üsullardan istifadə olunurdu. Basma, qarasavad, döymə, minasazlıq, oyma,
pardaqlama, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. Azərbaycan zərgərliyində geniş yayılmış texniki
üsullardır.
Kəmər, qozalı qolbaq, düymə və s. zinət şeylərinin hazırlanmasında döymə üsulu əvəzsizdi. Əsasən
gümüş üzərində tətbiq olunan qarasavad üsulundan isə silahların qını, dəstəyi, qundağı, eyni zamanda, bir sıra
ev avadanlığının hazırlanmasında istifadə edilirdi. Sırğa, üzük, medalyon, bilərzik və s. bəzək əşyalarının
yaradılmasında zərifliyi ilə seçilən şəbəkə üsulu tətbiq olunurdu. Xatəmkarlıq üsulu ilə xəncər, qılınc qını və
dəstəyi, habelə müxtəlif avadanlıq bəzədilirdi. Minasazlıq üsulu ilə əşyanın üzərində həkk olunmuş rəsm,
yaxud naxışın içi rəngli mina maddəsi ilə doldurulurdu. Bu texnikadan daha çox xəncər və qılınc qınlarının,
sırğa, bilərzik və s. zinətlərin bəzəklərində istifadə edilirdi.
Çağdaş dövrümüzdə zərgərlik keçmiş ənənələri davam etdirən forma və
məzmunca zənginləşmişdir. Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa,
Şəki, Təbriz, Quba tarixən Azərbaycanın məşhur zərgərlik guşələri sayılır.
Parisin Luvr, Sankt-Peterburqun Dövlət Ermitajı muzeylərində və
Moskvanın Silah Palatasında, Türkiyənin Topqapı saray-muzeyində, Bakıdakı
Azərbaycan tarixi, Azərbaycan Dövlət incəsənət muzeylərində, Lətif Kərimov
adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində Azərbaycan
zərgərlərinin nadir bəzək örnəkləri saxlanılır.
Bütün dövrlərdə milli zərgərliyin inkişaf etdirilməsində qadın bəzəkləri əsas yer tutub. Başlıca olaraq dörd
hissəyə bölünən, boyun, qol və barmaq, baş və libasların bəzədilməsində istifadə olunan əşyalar ilk növbədə
icrasının nəfisliyi, forma və naxışlarının orijinallığı ilə diqqət çəkir. Keçmişdə qiymətli metallardan hazırlanmış
milli kəmərlər qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsi sayılırdı. Adətə görə, qadınlar enli, kişilər isə
nazik, ensiz kəmər taxardılar. Qızıldan, gümüşdən, bürünc və misdən hazırlanan bu kəmərlər müasir və
dəyişkən moda dünyasının təsirinə məruz qalsa da, elə bilirik ki, öz
|