Bakı Slavyan Universitetinin kitabxanası
http://www.bsu-az.org/library_az.html
Azərbaycan Universitetinin kitabxanası
http://www.au.edu.az
Xəzər Universitetinin kitabxanası
http://www.khazar.org/sservices/index.shtml
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK)
www.azlic.aznet.org
İqtisadi İslahatlar Mərkəzinin kitabxanası
http://www.cer.az/kitabxana.htm
Qafqaz Universitetinin kitabxanası
http://www.qafqaz.edu.az/index.php?z=31
Tibb Universitetinin kitabxanası
http://www.medlib.aznet.org/
149
Muzeylər
Ümumi məlumat
Azərbaycanda müasir tipli muzeylər XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlsə də, onun
sələfi olan kolleksiyaçılıq ənənələrinin tarixi çox qədimdir. E.ə. son, eləcə də eramızın ilk əsrlərində Atropatena
və Albaniyanın hökmdar saraylarında, məbəd və kilsələrdə qiymətli əşyaların, nadir sənət əsərlərinin, dünyəvi
və dini məzmunlu zəngin kitabların, əlyazmaların qorunub saxlanıldığı məlumdur. Azərbaycan hökmdarları
Cavanşir (VII əsr), Məhəmməd Cahan Pəhləvan (XII əsr), Qızıl Arslan (XII əsr) və bir çox başqaları
mədrəsələr, məscidlər, rəsədxanalar, karvansaralar, ovdanlar, xəstəxanalar tikdirməklə yanaşı, zəngin
kitabxanalar yaratmış, öz saraylarında poeziya, musiqi, rəsm məclisləri yaratmış, alimlərə, şairlərə, sənətkarlara
hamilik etmişlər.
Elxanilər və Eldənizlər dövründə Azərbaycanda mədəniyyət daha da inkişaf etmişdi. Görkəmli dövlət
xadimi, alim və şair Fəzlullah Rəşidəddinin (1247-1318) təşəbbüsü ilə XIII əsrdə salınan Rəşidiyyə
şəhərciyində (Təbrizin şimal-şərqində yerləşirdi; hazırda xarabalıqları qalmışdır) digər tikililərlə yanaşı, 60
mindən artıq kitab fondu olan iki böyük kitabxana da fəaliyyət göstərirdi. Öz dövrünün bu böyük elm
mərkəzində qiymətli sənət əsərləri, nadir əlyazmalar mühafizə olunur, tanınmış alimlər, həkimlər, şairlər,
rəssamlar çalışırdılar.
Görkəmli dövlət xadimlərindən Uzun Həsən (1468-1478) Təbrizdə Nəsriyyə və Məqsudiyyə
mədrəsələrini (XV əsrin ikinci yarısı; burada elm və sənət inciləri mühafizə olunurdu), Ağqoyunlu hökmdarı
Sultan Yaqub (1478-1490) isə zəngin kitab-xəstəxanası olan, dünya memarlığının şah əsərlərindən sayılan Həşt
behişt (Səkkiz cənnət) saray kompleksini (1483) inşa etdirmişdi. Bu sarayda dövrün tanınmış dövlət xadimləri,
ziyalılar, şair və rəssamlar toplaşardılar. Səfəvilər dövründə müasir muzeyçilik fəaliyyətinin prototipi olan
kolleksiyaçılıq ənənələri daha da inkişaf etdi. Həmin dövrdə qiymətli əşyalar, əsasən, xəzinələrdə və saray
kitabxanalarında qorunub saxlanılırdı. Saray kitabxanası sadəcə kitabxana olmayıb, həm də böyük elm və
incəsənət mərkəzi, təhsil ocağı, muzey əşyalarının qorunduğu böyük bir dövlət müəssisəsi rolunu oynayırdı. I
Şah İsmayılın, I Təhmasibin dövrlərində Təbriz və Qəzvinin saray kitabxanaları öz əhəmiyyəti və zənginliyi ilə
daha çox şöhrət qazanmışdı. Bu kitabxanalarda qiymətli, nəfis miniatürlər toplanmışdı. Həmin dövrdə saray
kitabxanasının rəisi görkəmli Azərbaycan rəssamı Sultan Məhəmməd idi. Təbriz və Qəzvinin saray
kitabxanalarında və rəssamlıq emalatxanalarında dövrünün tanınmış azərbaycanlı rəssamları Mir Müsəvvir, Mir
Seyid Əli, Mirzə Əli Təbrizi, Müzəffər Əli və b. yaradıcılıqla məşğul olurdu. XVI əsrin sonlarında Məhəmmədi,
Sadıq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi kimi Azərbaycan sənətkarları Qəzvində və İsfahanda
saray kitabxanalarında işləmiş, bu kitabxanalarda qorunub saxlanılan qiymətli əşyalar fondunu gözəl rəsm
əsərləri ilə zənginləşdirmiş, İsfahan miniatür məktəbinin meydana gəlməsində və inkişaf etməsində həlledici rol
oynamışlar.
XIX əsrdə Azərbaycandakı ictimai-siyasi pərakəndəlik bütövlükdə mədəniyyətə, o cümlədən muzey və
kolleksiyaçılıq ənənələrinə ciddi ziyan vurdu. Ara çəkişmələri, müharibələr nəticəsində bir çox qiymətli maddi-
mədəniyyət abidələri məhv edildi, qalanları isə yad ölkələrə aparıldı. XIX əsrin əvvəllərində Azərbaycana
Rusiya imperiyasının təcavüzü nəticəsində Gəncə, Qarabağ, İrəvan, Talış xanlıqlarının xəzinələri qarət olundu,
buradakı qiymətli əşyalar, nadir kitab nüsxələri talan edildi.
1826-1828-ci illər Rusiya-İran müharibəsinin sonunda rus generalları Şeyx Səfi kompleksinə məxsus
zəngin, qiymətli əşyaları apardılar. Çarizm dövründə Azərbaycanda muzeylərin təşkili işi məqsədyönlü şəkildə
ləngidilir, bu ərazidə aşkar edilən qiymətli arxeoloji abidələr Tiflis, Moskva, Peterburq muzeylərinə
göndərilirdi.
Azərbaycanda müasir tipli muzeylərin təşkili tarixi XIX əsrdən başlayır. Həmin əsrin axırlarında,
Naxçıvanın Nehrəm kənd məktəbində C.Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə muzey
yaradılması faktı məlumdur. XX əsrin əvvəllərində Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji
Muzey, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzey olmuşdur. Bu
muzeylər (Nehrəm kəndindəki muzey istisna olunmaqla) çar üsuli-idarəsinə xidmət etdiklərindən Azərbaycanın
mədəni dəyərlərini zəif işıqlandırırdı.
Azərbaycanda dövlət səviyyəsində ilk rəsmi muzey Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
dövründə yaradılmış İstiqlal Muzeyidir. 1919-cu ilin dekabrında Bakıda təşkil edilmiş bu muzey Cümhuriyyət
Parlamentinin binasında (indiki Əlyazmalar İnstitutu) yerləşirdi. Muzeydə Quranın nadir nüsxələri, müxtəlif
əlyazmaları, dekorativ-tətbiqi sənət nümunələri saxlanılırdı. Muzey beş aya yaxın fəaliyyət göstərmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci il iyunun 15-də Azərbaycan SSR Xalq
Maarifi Komissarlığında muzey-ekskursiya şöbəsi açılmış və onun ilk iclasında xüsusi tədris muzeylərinin təşkil
edilməsi qərara alınmışdı. 1920-ci ilin oktyabrında Azərbaycan SSR Dövlət Muzeyi yaradıldı.
150
XX əsrin 20-ci illərində Bakıda İnqilab və Əmək Muzeyi, Kənd Təsərrüfatı Muzeyi, həmçinin Gəncə,
Naxçıvan, Şəki, Lənkəran və başqa şəhərlərdə tarix-diyarşünaslıq muzeyləri təşkil olunmuşdu. Sonralar
Azərbaycan SSR Dövlət Muzeyinin müvafiq şöbələri əsasında Azərbaycan Təbiət Tarixi Muzeyi (1930),
Azərbaycan Dövlət Teatr Muzeyi (1934) və Azərbaycan Dövlət İncəsənət Muzeyi (1936) yaradıldı. Dövlət
Muzeyi 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi adlanır.
1935-ci ildə SSRİ EA-nın Azərbaycan filialı nəzdində Din Tarixi və Ateizm Muzeyi təşkil olundu.
1939-cu ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə Bakıda Nizami Gəncəvi adına
Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılması qərara alındı. Həmin muzey 1945-ci ilin may ayından fəaliyyət
göstərir. 1940-cı ildə Azərbaycan Xalq Maarifi Muzeyi yaradıldı. 1945-ci ildə Azərbaycanda 22, 1969-cu ildə
isə 29 muzey var idi. 50-60-cı illərdə Azərbaycanda xeyli yeni muzeylər yaradıldı.
Respublikada görkəmli ictimai-siyasi, dövlət və mədəniyyət xadimlərinin, tanınmış yazıçı, alim,
bəstəkar və rəssamların ev-muzeylərinin, həmçinin xatirə-memorial komplekslərinin geniş şəbəkəsi
yaradılmışdır. Azərbaycanda ilk xatirə muzeyi Mirzə Fətəli Axundzadənin (Axundov) 1938-ci ildə Şəkidə
açılmış ev-muzeyidir. Sonralar Şamaxıda Mirzə Ələkbər Sabirin, Ordubadda Məmməd Səid Ordubadinin,
Qazaxda Səməd Vurğunun, Xızıda Cəfər Cabbarlının, Şəkidə Sabit Rəhmanın, eləcə də Bakıda Nəriman
Nərimanov, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Cəfər Cabbarlı, Bülbül, Məmməd Səid Ordubadi, Əzim
Əzimzadə, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Niyazi, Vaqif Mustafazadə, Səttar Bəhlulzadə, Hüseyn Cavid
və başqalarının ev-muzeyləri təşkil edilmişdir.
Respublikanın əksər rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Bakı, Gəncə, Naxçıvan,
Quba. Şəki, Şamaxı, Lənkəran və b. şəhərlərdə, müxtəlif rayonların ərazisində tarixi-memarlıq abidələri bərpa
edilmiş, bu abidələrdə maraqlı ekspozisiyalar qurulmuşdur. Həmin muzeylərdə, əsasən, regional əhəmiyyət
daşıyan arxeoloji materiallar, maddi mədəniyyət nümunələri, incəsənət əsərləri, müxtəlif əşyalar, fotoşəkillər,
sənədlər, dekorativ-tətbiqi sənət məmulatları və s. saxlanılır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin Muzeylər İdarəsində, Muzey işi üzrə Respublika Elmi-Metodiki Mərkəzində, AMEA-nın Memarlıq
və İncəsənət İnstitutunda, Milli Azərbaycan Tarixi Muzeyində, digər institut və təşkilatlarda muzeylərin tarixi
və nəzəri məsələləri, həmçinin muzeyşünaslıq elminin ümumi problemləri öyrənilir. Bir çox əsaslı muzeylərdə
elmi şöbələr, mərkəzlər, metodiki kabinetlər fəaliyyət göstərir.
Ermənistanın təcavüzkar ordusu tərəfindən işğal olunmuş və hərbi əməliyyatlar getmiş Azərbaycan
ərazilərində tarixi-memarlıq abidələri, xatirə-memorial kompleksləri və muzey-qoruqlar tamamilə dağıdılmışdır.
Şuşa şəhərində Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev-
muzeyləri məhv edilmiş, rəsm qalereyası, Şuşa şəhərinin Tarixi Muzeyi, Xocalıdakı Tunc dövrünə aid
kurqanlar, Ağdam Çörək Muzeyi (keçmiş SSRİ-də yeganə olmuşdur), bir çox başqa muzeylər dağıdılmışdır.
Azərbaycanda muzey şəbəkəsi XX əsrin 70-ci illərindən başlayaraq daha intensiv inkişaf etdirilmişdir.
Respublikada 1969-2006-cı illər arasında 100-dən artıq yeni muzey yaradılmışdır. Mədəniyyət və Turizm
Nazirliyi sistemində 170 muzey fəaliyyət göstərir (2006). Onlardan 75-i tarix və tarix-diyarşünaslıq muzeyi, 66-
sı elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev muzeyi, 20-si ədəbiyyat və incəsənət muzeyi, 5-i hərbi-
vətənpərvərlik və döyüş şöhrəti muzeyi, 4-ü qoruq-muzeydir.
|