Muzey 1967-ci ildə yaradılmışdır. Bakıdadır. Muzeyin fondunda 35 mindən çox eksponat toplanmışdır.
Eksponatlar içərisində milli musiqi alətlərindən tar, kamança, saz, dəf, qoşanağara, həmçinin qədim qrammofon
və patefonlar, Azərbaycan peşəkar musiqi sənətinin yaradıcısı
Üzeyir Hacıbəyovun, milli professional vokal
sənətinin banisi Bülbülün, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun,
Süleyman Ələsgərovun, Cövdət Hacıyevin müəllif not əlyazmaları,
əsərlərindən seçmələr, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, konsert
proqramları, musiqi sənətinə həsr olunmuş kitablar və başqa materiallar
diqqəti cəlb edir.
Muzeyin filiallarından olan "Xalq Çalğı Alətlərinin daimi sərgisi" öz
rəngarəngliyi ilə ifaçılıq sənəti haqqında məlumatları tamaşaçıların nəzərinə
çatdırır.
Niyazinin (1912-1984) xatirə-muzeyi bu dahi bəstəkar və dirijorun
xatirəsinə həsr edilib. Mənzilin bəzi otaqları maestronun sağlığında olduğu
kimi saxlanılıb, yəni 1958-ci ildən onun vəfatına qədər. Eləcədə Vaqif
Mustafazadənin (1940-1978) xatirə-muzeyi öz musiqisində Amerikan cazının,
Azərbaycan muğamının və Avropa pianoçuluq ənənələrinin sintezini istedadla
yaradan dahi musiqiçinin həyat və yaradıcılığını əks etdirir.
Muzeyin nəzdində Qədim milli musiqi alətləri ansamblı fəaliyyət göstərir. Ansamblın bənzərsiz cəhəti
ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və sonradan bərpa olunmuş musiqi
alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər.
Muzeyin ünvanı: Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 5 Telefon :498-69-72