Aydın Balayevin əsərlərindən
Hələ 30-cu illərin sonlarında Ankara bir çox Azərbaycan mühacirinə, o cümlədən M.Ə.Rəsulzadənin yaxın silahdaşlarından Mirzə Bala Məmmədzadəyə Türkiyəyə dönmək üçün icazə versə də, Məhəmməd Əmin bəyin bu istiqamətdə göstərdiyi cəhdlər uğursuzluğa düçar oldu. Bunun səbəbi Ankara Moskva ilə münasibətlərdə özünə əlavə problemlər yaratmaq istəmirdi.
Yalnız 1945-ci ilin əvvəlindən etibarən sovet-türk münasibətlərində yaşanan gərginlik, Kremlin Türkiyəyə qarşı ərazi iddiaları bu sahədə vəziyyətin dəyişməsinə gətirib çıxardı. Nəhayət, Türkiyə hökuməti 1947-ci ilin sentyabrında M.Ə.Rəsulzadə ilə bağlı müsbət qərar qəbul etdi və bu da ona elə həmin ilin sonunda Türkiyəyə qayıtmaq imkanı verdi.
Nizami Gəncəvi haqqında yazdığı monoqrafiyanı nəşr edərkən M.Ə.Rəsulzadənin üzləşdiyi problemlər də onun Türkiyədə hansı məhdudiyyətlər içərisində fəaliyyət göstərdiyini nümayiş etdirir. Həmin əsərin çapı Türkiyə Təhsil Nazirliyinin məmurları tərəfindən illərlə süründürülmüşdü. Səbəb – Nizaminin «İsgəndərnamə» poemasında rusların ünvanına işlətdiyi bəzi sərt ifadələrin M.Ə.Rəsulzadə tərəfindən kitaba salınması idi. Nazirliyin rusyanlı məmurları inadla həmin ifadələrin kitabdan çıxarılmasını tələb edirdilər. Rəsulzadənin isə onlara cavabı qısa olmuşdu: «Bunları mən yox, dahi Nizami yazmışdır. Buna görə də, nə mənim, nə başqa kimsənin dahi şairin yazdıqlarına düzəliş etmək hüququ var». Bu səbəbdən, artıq 40-cı illərin sonunda hazır olan monoqrafiyanı M.Ə.Rəsulzadə yalnız 1951-ci ildə nəşr etdirə bildi.
20-30-cu illərlə müqayisədə II Dünya müharibəsindən sonrakı dövrdə siyasi mühacirət daxilindəki qarşıdurmalar, heç şübhəsiz, xeyli səngimişdi. Məsələn, mühacirət daxilində Məmməd Əmin bəyin ən barışmaz tənqidçilərindən olmuş Nağı bəy Şeyxzamanlı və Fuad Əmircan illər ötdükdən sonra M.Ə.Rəsulzadənin haqlı olduğunu və ona qarşı hücumların əsassızlığını etiraf etmişdilər.
Mühacirət daxilində müəyyən məsələlərdə fikir ayrılıqları II Dünya müharibəsindən sonrakı dövrdə də özünü büruzə verməkdə davam edirdi. Belə ki, həmin illərdə «vahid və bölünməz Rusiya» mövqeyindən çıxış edən rus mühacirəti qeyri-rus mühacir təşkilatlarından da həmin prinsipi tanımağı tələb edirdi.
SSRİ-dən olan mühacir təşkilatların 1951-ci ilin noyabrında Visbadendə keçirilən konfransında qəbul olunmuş bir sənəd xüsusi maraq kəsb edir. Tarixə «Visbaden bəyannaməsi» kimi düşmüş həmin sənəd yalnız Polşa və Baltik ölkələri xalqlarının öz müqəddəratını təyin etmək hüququnu tanıyır, SSRİ-nin digər məhkum xalqlarına isə vahid Rusiya dövləti tərkibində milli-mədəni muxtariyyətlə kifayətlənməyi tövsiyə edirdi. C.Hacıbəyli, Ə.Şeyxülislamov və İ.Əkbərin savadsızlıq göstərərək Azərbaycan mühacirəti adından həmin sənədi imzalaması M.Ə.Rəsulzadənin və mühacirlərin böyük əksəriyyətinin ciddi etirazı ilə qarşılanmışdı. Visbaden Bəyannaməsini imzalamış Azərbaycan mühacirləri bu tənqidlərə əvvəlcə etinasızlıq göstərsələr də, hadisələrin sonrakı inkişafı M.Ə.Rəsulzadənin haqlı olduğunu təsdiqlədi.
M.Ə.Rəsulzadənin təşəbbüsü ilə Türkiyədə 1949-cu ildə Azərbaycan Kültür Dərnəyi yaradılmışdı.
Həmin dönəmdə onun siyasi fəaliyyətini, əsasən, Türkiyənin hüdudlarından kənarda görürük. Məsələn, 1952-ci il dekabrın 11-dən 16-dək Münhendə keçirilmiş Ümumqafqaz Konfransının təşəbbüskarlarından və rəhbərlərindən biri məhz M.Ə.Rəsulzadə olub.
1951-ci il yanvarında SSRİ-dən olan siyasi mühacirlərə dəstək məqsədilə yaradılmış Amerika Komitəsinin qeyri-rus siyasi mühacirlərə açıq-aşkar etinasız münasibətinin aradan qaldırılmasında da M.Ə.Rəsulzadənin də əvəzsiz xidmətləri olmuşdur.
Məmməd Əmin bəyin gənclik dostlarından biri, sonralar İran parlamentinin sədri olmuş Seyid Həsən Tağızadə onun məhz bu keyfiyyətlərini nəzərdə tutaraq yazırdı ki, «nə Bakı hökumətində tacsız bir Sultan mövqeyində olanda, nə də İstanbulda ayda bir lirəyə yaşadığı günlərdə M.Ə.Rəsulzadə öz əqidəsindən əsla dönməmiş, inadla öz idealları uğrunda mücadiləsini davam etdirmişdir...».
Məhəmməd Əmin bəy öz doğma və yaxınları ilə sonuncu dəfə 1920-ci il noyabrın ortalarında, Stalinlə birgə Moskvaya qatarla yola düşərkən görüşmüşdü. O vaxt ailənin böyük uşağı – Lətifənin cəmi 8 yaşı vardı, evin kiçiyi olan Azərsə ikiaylıq idi. Məmməd Əmin bəy öz xatirələrində yazır ki, evə daxil olarkən onun həbsdə olduğu vaxt anadan olmuş iki aylıq kiçik oğlu şirin-şirin yatırmış. Oğlunu qucağına götürərək bərk-bərk öpməyə başlayır və bu öpüşlərdən oyanan uşaq ağlayır. Bu, Məhəmməd Əmin bəyin kiçik oğluyla ilk və son görüşü olur... Kiçik oğluna Əliheydər adının qoyulmasına etiraz edən Əmin bəy ailə üzvlərinə bildirir ki, uşağın adı Azər olacaq!
Bu, cəmi bir neçə dəqiqə davam etmiş ayaqüstü bir görüş olub. Az sonra isə, ailə üzvlərinin və həmin anda evə toplaşan yaxın qohumlarının üzüntüləri və xeyir-duası içində vidalaşır, qapıda gözləyən maşına minərək, vağzala gedir. Oradan da Moskvaya yola düşür...
Bundan sonra onun təxminən ilyarım davam edən Moskva həyatı başlayır. Həmin müddət ərzində Stalin dəfələrlə ona müxtəlif şirnikləndirici təkliflərlə müraciət edərək, onu sovet rejimi ilə əməkdaşlığa sövq etməyə çalışır. Lakin M.Ə.Rəsulzadəni «yola gətirmək cəhdləri» uğursuzluqla nəticələnir. 1920-ci ilin noyabrından 1922-ci ilin yayınadək – Moskvada yaşadığı dövrdə Rəsulzadə yalnız Şərq dilləri institutunda (keçmiş Lazarev İnstitutu) fars və rus dillərindən dərs deməklə kifayətlənir, eyni zamanda elmi araşdırmalarla məşğul olur.
1922-ci ilin yayında kitabxanalarda işləmək bəhanəsilə Petroqrada elmi ezamiyyətə yollanan M.Ə.Rəsulzadə öz dostlarının, xüsusən tatar filosofu və maarifçisi Musa Biqiyevin vasitəsilə Fin körfəzi üzərindən Finlandiyaya keçir.
15 gün ərzində Teriokidə karantində qaldıqdan sonra təxminən bir ay Helsinkidəki tatar koloniyasında qonaq qismində yaşayır. 1922-ci il sentyabrın 16-da o, Helsinkini tərk edərək Berlinə gedir. Rəsulzadə məhz Berlində olarkən Ceyhun Hacıbəyliyə ünvanladığı 1922-ci il 12 oktyabr tarixli məktubundan belə məlum olur ki, o, həmin ayın 13-dək buradakı bütün işlərini yekunlaşdırıb, oktyabrın 14-də Almaniya paytaxtından Parisə yola düşəcək.
Məhəmməd Əmin bəy 1922-ci il oktyabrın ortalarından dekabrın ortalarınadək Parisdə yaşayıb. Həmin il dekabrın 2—nə yaxın isə Məmməd Əmin bəy artıq İstanbulda idi.
Ailəsi haqqında olduqca qısa məlumatlara yalnız onun ən yaxın dostlarına yazdığı şəxsi məktublarda rast gəlmək mümkündür. Həmin şəxslərdən biri də o zaman Parisdə yaşayan Ceyhun bəy Hacıbəyli idi. Həmin məktublara əsaslanaraq demək olar ki, Rəsulzadə İstanbula gəldiyi ilk günlərdən ailəsini Türkiyəyə gətirmək üçün aramsız səy göstərirdi.
Məsələn, 16.01.1924-cü ildə göndərdiyi məktubda M.Ə.Rəsulzadə Ceyhun bəyin İstanbula köçmək istəyini təqdir edərək yazır: «Buraya köçməniz haqqındakı qərarınız, xüsusi ilə uşaqların tərbiyəsi nöqteyi-nəzərindən, çox əhəmiyyətlidir. Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər, əcnəbi də olsa, barı mədəni bir tərbiyə görürlər. Bizimkilər nə təlim-tərbiyə alırlar...».
Əmin bəyin C.Hacıbəyliyə göndərdiyi 06.03.1924-cü il tarixli məktubunda oxuyuruq: «Əzizim, ailəmi gətirəcəyəmmi deyə soruşursan. İlk imkanda görəcəyim işlərdən birisi də budur».
Həmin ilin 24 noyabrında yenə bu məsələyə toxunan M.Ə.Rəsulzadə yazır: «Ailəni buraya gətirtmək istəyirdim. Bir-iki dəfə də təşəbbüs eləmişlər. Fəqət hələlik, buna müvəffəq olmamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam».
Məhəmməd Əmin bəyin 19.07.1925-ci il tarixli məktubunda oxuyuruq: «Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, müsaidə istəmiş, verməmişdilər. Daha artıq olaraq gözləməni artırmışdılar. Buna görə də qərarları da çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə müraciət edirəm».
1929-cu ilə, yəni SSRİ-də yazışmalara sərt poçt senzurasının tətbiqinədək Məhəmməd Əmin bəy vaxtaşırı Bakıdakı doğmaları ilə məktublaşır, ailəsində baş verənlər haqqında məlumat alır, imkanı daxilində onlara maddi yardım göstərirdi. Onun bu mövzudakı sonuncu məktublardan biri 1929-cu ilin 15 iyununa təsadüf edir. Həmin məktubda o yazır: «Mən də ailənin buraya köçürülməsi üçün çalışıram. Uşaqların tərbiyəsi məni düşündürür».
Həmin məktublardan həm də belə anlaşılır ki, mühacirətdə üzləşdiyi maddi sıxıntılara baxmayaraq, Məmməd Əmin bəy 20-ci illərdə müntəzəm olaraq ailəsinə yardım edirdi. Belə məktublardan birində göstərir: «Qızımdan məktub aldım. Vəziyyətlərini çox fəna bir surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, dərhal oraya göndərdim». Bu məktub 10 avqust 1928-ci il tarixində yazılıb.
Təəssüf ki, ailəsinə qovuşmaq üçün Məhəmməd Əmin bəyin göstərdiyi bütün cəhdlər nəticəsiz qaldı. Bu da təsadüfi deyildi, çünki sovet rejimi onun ailəsini «siyasi girov» kimi saxlayırdı.
Rəsulzadə atası Axund Hacı Ələkbərin vəfatı haqqında nekroloq «Yeni Kafkasya» dərgisinin 15 mart 1927-ci il tarixli sayında yer alıb. Yazıda göstərilir ki, Novxanı sakinləri böyük ehtiramla Hacı Ələkbəri son mənzilə yola salıblar. Bir çoxları dəfn mərasimində iştirak etmək üçün həmin gün hətta dükanlarını da qapadıb. Baxmayaraq ki, sovet xüsusi xidmət orqanlarının nümayəndələri kənd sakinlərinə nəinki Axund Hacı Ələkbərin dəfninə qatılmağı, hətta onun ailəsinə başsağlığı belə verməyi qadağan etmişdilər.
M.Ə.Rəsulzadə İstanbuldan Parisə – Ceyhun bəy Hacıbəyliyə ünvanladığı 12 aprel 1927-ci il tarixli məktubunda atasının vəfatı haqqında bunları yazır: «Əzizim! 30 mart tarixli başsağlığı məktubunuzu aldım. Ata baxmayaraq ki, yaşlı idi, lakin hicran içində bu dünyadan köçməsi məni çox təəssüfləndirdi. Zavallı son anında belə bu hicrandan bəhs edə-edə gözünü dünyaya qapamışdır. Söylədiyiniz kimi, bizə qalan yeganə təsəlli bu ola bilər ki, onun rahatlıq və hüzur tapmadığı Vətəni düşməndən xilasa doğru fəaliyyətlə məşğul olaq. Cənabi-həqq ölənlərinizə rəhmət eləyə. Çox təşəkkür edirəm, əzizim. Dostunuz Məhəmməd Əmin».
Məhəmməd Əminin Ummulbanu ilə nikahından 4 uşağı – 2 qız (Lətifə və Xalidə) və 2 oğul (Rəsul və Azər) övladı dünyaya gəlmişdi. Rəsulzadənin ailəsinə qarşı repressiyalar 1937-ci ilin yayında, onun böyük oğlu Rəsulun həbsi ilə başladı. NKVD zindanlarında aylarla çəkən iztirab və işgəncələrdən sonra Rəsul güllələnmə cəzasına məhkum olundu və hökm 1938-ci il martın 1-də yerinə yetirildi. O zaman Rəsulun 19 yaşı yenicə tamam olmuşdu... Elə 1937-ci ildə M.Ə.Rəsulzadənin həyat yoldaşı Ummulbanu, qızı Xalidə, kiçik oğlu Azər və hətta analığı Maral xanım da həbs edildilər.
Məhəmməd Əmin hələ uşaq yaşlarında doğma anası Zinyət xanımı itirmiş və atası ikinci dəfə Maral xanımla ailə həyatı qurmuşdu. Məhəmməd Əmini və bacısı Şəhrəbanunu Maral xanım böyüdüb boya-başa çatdırmışdı.
Şahidlərin söylədiyinə görə, Maral xanım Stalini nəzərdə tutaraq onu həbs edən NKVD əməkdaşlarına tənə ilə demişdi: «Gedin o bığlı oğlana deyin ki, Maral arvadı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən».
Uzun müddət müxtəlif həbsxanalarında saxlandıqdan sonra M.Ə.Rəsulzadənin ailəsi Qazaxıstana sürgün edilir və az keçməmiş Maral xanım orada acından vəfat edir. Ummulbanu xanım böyük oğlu Rəsulun itkisinə dözməyərək 1940-cı ildə dünyasını dəyişir. Kiçik qızı Xalidə anasını Qazaxıstan çöllərində dəfn etdikdən sonra gizli şəkildə Bakıya dönməyə qərar verir. O, buna nail olsa da, Bakıya qayıtdıqdan sonra naməlum şəraitdə itkin düşür. Beləliklə, 30-cu illərin repressiyalarından M.Ə.Rəsulzadənin böyük ailəsindən yalnız bir nəfər – kiçik oğlu Azər sağ çıxa bilir... Onun da taleyinə Qazaxıstan çöllərinin sərt və çətin şəraitində, demək olar, tək-tənha sürgün həyatı yaşamaq düşür. O, əslində, bütün şüurlu həyatını vətəndən uzaqlarda, Qazaxıstanda keçirməli olur.
Repressiyalar Əmin bəlin böyük qızı Lətifədən də yan ötmür. Əvvəlcə həyat yoldaşı həbs olunur, az sonra özü və üç qızının ardınca gəlirlər. Həbs zamanı uşaq sanatoriyasında olan kiçik qızı – Sonanı ordan götürməyə belə Lətifə xanıma icazə vermirlər. Balaca Sonanın sonrakı taleyi haqqında indiyədək heç bir məlumat yoxdur. İki qızı ilə birlikdə Qazaxıstana sürgün olunan Lətifə xanım 1944-cü ilin şaxtalı yanvar gecələrindən birində ortancıl qızı Evşənlə birlikdə donaraq dünyasını dəyişir. Lətifə xanımın ailəsindən yalnız böyük qızı Firuzə sağ qalır ki, ona da yalnız uzun illərdən sonra vətənə dönmək nəsib olur...
Rəsulzadəni, həyat yoldaşı sağ ola-ola ikinci dəfə evlənməkdə də ittiham edirlər...
Təqribən 100 il əvvəl «Üç mədəniyyət» əsərində Əhməd bəy Ağaoğlu yazırdı ki, müsəlman cəmiyyətlərində əxlaq yalnız qurşaqdan aşağı məsələlərlə məhdudlaşır: qadının ərinə xəyanəti ən böyük cinayət sayılır. Halbuki, cəmiyyət üçün qadın xəyanətindən qat-qat təhlükəli olan rüşvətxorluq və vəzifədən sui-istifadə kimi hallara qarşı insanlar nəinki eyni təpkini göstərmir, əksinə, həmin cinayətləri törətməkdə olan məmurların əlini sıxmağı, onların qarşısında təzim etməyi və məclislərdə onları yuxarı başda əyləşdirməyi özlərinə şərəf bilirlər. Ə.Ağaoğlunun fikrincə, bütün bunlar müsəlman cəmiyyətində «ictimai əxlaq» deyilən bir anlayışın olmamasından xəbər verir. Üstündən 100 il keçsə də, razılaşın ki, bu mənada Azərbaycan cəmiyyətində heç nə dəyişməyib.
M.Ə.Rəsulzadənin ikinci həyat yoldaşı Vanda (Leyla) xanım haqqında bu gün əldə olan bilgilərin böyük əksəriyyəti tarixi sənədlərə deyil, ayrı-ayrı insanların xatirələrinə əsaslanır. Bəzi faktlara əsaslanaraq güman etmək olar ki, bu hadisə 30-cu illərin II yarısından tez baş verməmişdir.
Belə ki, ötən əsrin 70-ci illərində Vanda xanımla Ankarada qonşu olmuş türk yazarı Bülent Danışoğlu onun bir sıra xatirələrini qələmə almışdır. Əslən polyak olan Vanda xanım ömrünün son anlarına kimi öz həyat yoldaşına sadiq qalmış, mühacirət həyatının bütün ağrı-acılarına Məhəmməd Əmin bəylə birlikdə mətanətlə sinə gərmişdir. M.Ə.Rəsulzadə Vandaya «Leyla» deyə müraciət edərmiş.
Bülent Danışoğlu onun haqqında yazır: «Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona «madam» deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası «Leyli və Məcnun» əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmməd Əmin Rəsulzadə...».
Leyla xanım Polşanın Rusiya imperiyasının işğalı altında olan hissəsində dünyaya gəlmişdi. Həmin torpaqlarda təhsil ancaq rus dilində aparılır, polyak dilində danışmağa belə imkan verilmirdi. Təsadüfi deyil ki, ömrünün sonlarında Ankarada tənha və maddi sıxıntılar içərisində yaşayan Leyla xanım universitetin coğrafiya fakültəsində rus dili və ədəbiyyatından dərs demək təklifini qətiyyətlə rədd etmişdi.
Leyla xanım Varşava universitetinin fransız filologiyası fakültəsini bitirmişdi. Tələbəlik illərində öz dediyinə görə «inqilabçı» imiş. Leyla (Vanda) xanım 1974-cü ildə Ankarada vəfat etmiş və elə orada da dəfn olunmuşdur...
Məhəmməd Əmin bəy irsinin Türkiyədə ən dəyərli tədqiqatçılarından olan Yavuz bəy Akpınarın məlumatına görə, ömrünün son illərində Rəsulzadə yeni tarixi əsər üzərində işləyirmiş. Həmin əsərin şərti adı – «Azerbaycan Tarihinin Gelişimi»dir. Təəssüflər olsun ki, bu əsərin əlyazması indiyədək aşkar olunmayıb.
Türkiyəyə 1947-ci ildə ikinci dönüşündən bəri, ömrünün sonunadək üzərində çalışdığı «Azərbaycan biblioqrafiyası»nın mətni də aşkarlanmayıb. Həmin biblioqrafiyada dünyanın ən müxtəlif ölkələrində Azərbaycan dilində nəşr olunmuş kitabların tam siyahısı yer alıbmış.
Bütövlükdə isə, ömrünün sonlarında Məhəmməd Əmin bəy, əsasən, elmi araşdırmalarla məşğul olmağa üstünlük verirdi. Həmin araşdırmalarda Azərbaycanın azadlıq mücadiləsinin artıq keçilmiş mərhələləri təhlil olunur, nəzəri ümumiləşdirmələr edilir, hərəkatın gələcək inkişaf perspektivləri müəyyənləşdirilirdi.
M.Ə.Rəsulzadə uzun illər ərzində şəkər xəstəliyindən əziyyət çəkib. Və məhz qanda şəkərin kəskin artması ucbatından 1955-ci ilin martında xəstəxanaya yerləşdirilib. O da faktdır ki, ömrünün son günlərində və bu dünyanı tərk edərkən, Məhəmməd Əmin bəy koma vəziyyətində olub. Belə bir vəziyyətdə insanın nəsə deməsi mümkünsüzdür.
Dostları ilə paylaş: |