Öyrənilmiş davranış forması nəzəriyyəsi: Məişət zorakılığının nə səbəbdən törədilməsi ilə bağlı tədqiqatların çoxu məişət zorakılığının qazanılmış və ya sonradan öyrənilmiş bir davranış forması olduğu fikrini dəstəkləyir. Məişət zorakılığı daxil olmaqla digər zorakılıq baş verən insidentlərin araşdırılması zamanı məlum olub ki, bu halları çox vaxt öz ailəsində zorakılıq görmüş və birbaşa olaraq valideyni tərəfindən şiddətə məruz qalmış şəxslər törədir. Bütün növ zorakılıq halları öz motivləri və törədilmə səbəblərinə görə bir-biri ilə sıx bağlı olduğu üçün bu fikri məişət zorakılığına da aid etmək olar. Belə ki, evdə anasına və eləcə də özünə qarşı şiddət görmüş şəxslər gələcəkdə şiddət törətməyə daha çox meyilli olurlar. Belə insanlar şiddətin norma olaraq qəbul edildiyi ailə və ya sosial mühitdə (məsələn, uşaq bağçası və məktəb) böyüyərək, bunu gündəlik həyat norması kimi qəbul edir. Valideynləri arasında və özünə qarşı şiddət görmüş şəxslərin gələcəkdə zorakılıq törətmədiyi hallar da var. Lakin zorakılığın sonradan öyrənilən bir davranış forması olduğu nəzəriyyəsi üzərində daha çox fikir mübadiləsi aparılmış və bu fikir əsaslandırılmışdır.
Zorakı mühitdə böyüyən qızlara gəlincə, mümkündür ki, ailəsində anasına qarşı törədilən zorakılığa şahid olmuş qızlar öz gələcək ailələrində şiddətlə üzləşməsin, lakin çox zaman vəziyyət bunun əksi olur. Bu, iki səbəbdən baş verir: Birinci səbəb odur ki, öz anasına qarşı şiddətə şahid olmuş və şiddət əsnasında anasının kömək axtarmadığını görmüş qız gələcəkdə ərindən zorakılıq görərsə, kömək axtarmağa meyilli olmayacaq və göstərilən şiddət ona normal hal kimi görünəcək (əksər hallarda). Yaxud da ərindən şiddət görməməsi üçün onun dediyi hər işi yerinə yetirəcək, çünki öz uşaqlıq və yeniyetməlik təcrübəsində anasının da ərinin dediklərini etmədikdə şiddətə məruz qaldığını görüb. Xüsusilə də az təhsilli, dünyagörüşlərinin inkişafına imkan yaradılmamış qadınlar alternativlərlə tanış olmadıqlarından ərlərinin hər istəyinə müsbət qarşılıq verməyi şiddətdən yayınmağın əsas yolu kimi görəcəklər. Lakin bəllidir ki, zorakılıqla təhsilli və dünyagörüşlü qadınlar da üzləşirlər. İkinci səbəbə gəlincə, öz ailəsində şiddət görmüş qadın gələcəkdə şiddətə meyilli partnyorla yaşaya bilər və şiddət bu dəfə ona partnyoru tərəfindən törədilə bilər.
Dostları ilə paylaş: |