“Məktəblilərin funksional imkanlarının inkişaf etdirilməsində fiziki tərbiyə metodlarının təsirinin tədqiqi” mövzusunda tərtib etdiyi” mövzusunda Magistr Dissertasiyası
Mövzunun aktuallığı. Uşaq və yeniyetmələrin fiziki inkişafının və sağlamlığının formalaşmasının aparıcı amilləri sırasında hərəkət aktivliyi əsas yeri tutur [40, 528 s; 61, s.169 - 326]. Məlum olduğu kimi, fiziki hərəki tapşırıqlar, əzələ fəaliyyəti uşaqların morfofunksional göstəricilərinə xoş təsir göstərir, onların sağlamlığının möhkəmləndirilməsində, fiziki və zehni iş qabiliyyətinin yüksəldilməsində real vasitələrdən hesab olunur [62, s.153 - 157].
Uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığının fiziki tərbiyə vasitələrinin köməyi ilə möhkəmləndirilməsi problemi müasir dövrün ən aktual problemlərindəndir.
İnkişafda olan uşaqların sağlam inkişafı onların fiziki, zehni, funksional inkişafının müxtəlif yaş dövrlərində vəziyyəti, inkişafla əlaqədar olaraq gedən adaptasiya – uyğunlaşma reaksiyalarının halından, qeyri – spesifik rezistenliyindən, immun sisteminin səviyyəsindən asılı olur. Uşaq və yeniyetmələrin yaş dövrü ontogenezinin gedişində morfofunksional dəyişikliklər nöqteyi – nəzərdən çox yüksək gərgin dövr hesab olunur, bunun da fiziki tərbiyə vasitələrinin tətbiqi zamanı hökmən nəzərə alınması tələb olunur. Bununla yanaşı, bu dövrdə sosial amillərin təsir dairəsi də xeyli genişlənmiş olur, bioloji və sosial amillərin mürəkkəb qarşılıqlı təsiri uşaq və yeniyetmələrin sağlamlığının formalaşmasına təsir edir [42, s.53 - 57].
Uşaq və yeniyetmələrin fiziki inkişafına, sağlam böyüməsinə bədən tərbiyəsi və idman məşğələləri stimullaşdırıcı təsir göstərdiyi halda, 50% - dən çox məktəbli bu vasitələrdən kənarda qalır, 70% - də hərəkət fəaliyyəti kifayətedici halda deyildir. Onu da qeyd etmək lazımdır ki, fiziki tərbiyə məşğələləri hərəkət fəallığının yüksəldilməsinin əsas vasitəsi hesab olunmaqla, uşaqların funksional imkanlarına müsbət təsir göstərməklə, onlarda tənəffüs, qan dövranı, dayaq – hərəkət sistemlərində xəstəliklərin azalmasına, zədələnmə və sınıqların baş vermə ehtimallarını minimallaşmasına kömək edir. Qeyd etmək lazımdır ki, təhsil prosesi uzun müddət oturaq həyat tərzi ilə sıx bağlı olduğundan gövdə və ətraf əzələlərində statik gərginlik yaradır (“statik stress”) və hərəkət fəallığını azaldır. Bununla da qan dövranı sistemində durğunluq halı yaradır [39, s.14 – 16; 40, 528 s; 43, s.57 – 64; 52, s.63 – 65; 55, s.66 - 68].
Hərəkət fəallığının orqanizmə təsiri ilə əlaqədar fiziologiyada və pedaqoqikada çoxlu sayda tədqiqatlar aparılsa da, onlar məhdud çərçivədədir, yalnız müəyyən yaş dövrünü əhatə edir, müxtəlif yaşlı məktəbliləri əhatə etmir. Bütün bu sadalananlar mövzunun aktuallığını daha da artırır, tədqiqatın məqsədini, vəzifələrini və problemini müəyyən edir.
Tədqiqatın problemi. Müasir şəraitdə uşaq və yeniyetmələrin sağlamlığını möhkəmləndirməklə, onların fiziki inkişafının funksional imkanlarının yüksəldilməsi problemi mürəkkəbdir, aktualdır. Qeyd etmək lazımdır ki, fiziki fəallıq uşaq və yeniyetmələrin fiziki inkişafının formalaşdırılmasında və funksional imkanlarının yüksəldilməsində əsas amildir. Məlum olduğu kimi, fiziki hərəkətlər uşaqların və yeniyetmələrin oranizminin morfofunksional göstəricilərinə stimullaşdırıcı təsir göstərməklə, onlarda sağlamlığın, fiziki və zehni iş qabiliyyətinin yüksəldilməsində real bir mexanizm rolunu oynayır. Lakin, bütün bunlar yalnız çox ciddi pedaqoji və tibbi – bioloji cəhətdən əsaslandırdıqda daha səmərəli nəticə verir. Ona görə də, ayrı – ayrı yaş qrupuna daxil edilən məktəblilərdə fiziki tərbiyə məşğələlərindən əvvəl və sonra uzun bir müddət ərzində dinamikada öyrənmək tədqiqatın əsas problemi həllini gözləyən məsələlərdən hesab oluna bilər.
Tədqiqatın obyekti. Məktəblilərin funksional imkanlarının inkişaf etdirilməsində fiziki tərbiyə metodlarından istifadə olunması prosesi təşkil etmişdir.
Tədqiqatın məqsədi. Fiziki tərbiyə və idman məşğələlərinin ayrı – ayrı yaş qrupundan olan məktəblilərin fiziki inkişafına, funksional imkanlarına və sağlamlığının formalaşmasına təsirinin öyrənilməsi olmuşdur.
Tədqiqatın vəzifələri. Tədqiqatın məqsədinə və probleminə müvafiq olaraq aşağıdakı vəzifələrin həlli planlaşdırılmışdır: 1. Məktəblilərin funksional imkanlarının inkişaf səviyyəsinin öyrənilməsi;2. Məktəblilərdə funksional imkanlarının qiymətləndirilməsi; 3. Məktəblilərin yüklərə adaptasiyada funksional imkanların xüsusiyyətlərinin müəyyən olunması; 4. Məktəblilərdə sağlamlığın formalaşmasına fiziki tərbiyə və idman məşğələlərin təsirinin təhlili.
Tədqiqatın metodları. Tədqiqat işinin aktuallığı, məqsədi və vəzifələrində əksini tapmış məsələlərin həlli üçün aşağıdakı tədqiqat metodlarından istifadə nəzərdə tutulur: 1. Mövzu ilə bağlı elmi – tədqiqat və metodiki ədəbiyyatların təhlili və ümumiləşdirilməsi; 2. Pedaqoji müşahidələrin və eksperimentlərin aparılması; 3. Funksional diaqnostikanın metodları (pulsometriya, sfiqmomonometriya, spirometriya, dinamometriya və s.); 4. Funksional yük nümunələrindən istifadə və onların orqanizmin funksional imkanlarına təsirinin tədqiqi (bədən kütləsi indeksinin, həyat indeksinin, adaptasiya potensialının, qan dövranının qənaətlilik sabitinin, dözümlülük əmsalının, Robinson indeksinin, fiziki iş qabiliyyətinin və oksigenin maksimal sərfinin (OMS) təyini.
Dostları ilə paylaş: |