229
12.9. Səhralaşma – qlobal ekoloji problemdir
Səhralaşma dedikdə Yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlimin
dəyişməsi nəticəsində yerüstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma prosesini və
onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq
ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün
yararlığı azalır və ya çevrilir. Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (de-
zertifikasiya) və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlə-
nir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır.
Antropogen səhralar planetimizin 6, 7%-ni, yəni Avstraliyanın ¼ - dən artıq sahə tutur.
Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaş-
ması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır.
- Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsi
ilə ifadə olunur.
- Orta dərəcədə səhralaşma - mal- qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası
inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.
-
Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri
və kollarla əvəz olu-
nur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu
mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.
-
Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün de-
yil.
Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir. (Vinokurova, 1998)
və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır).
Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır və
onların böyük hissəsi (50 mln-a qədər) səhralaşmanın əlverişsiz təsirinin bilavasitə acısını çəkir.