14.3. «Yaşıl abidələrin» mühafizəsi
Vaxtilə respublikamızın ərazisinin çox hissəsi meşə ilə örtülü olmuşdur. Sonra əkinçiliyin və maldarlığın
sürətlə inkişafı, təbiətdən istifadə edərək, onun sərvətlərinə lazımi qayğının göstərilməməsi meşələrin
azalmasına, bir çox yerlərdə isə tamamilə yoxa çıxmasına səbəb olmuşdur.
Meşəsizləşdirilmiş ərazilərdə hazırda rast gəlinən kolluqlar, kol şəklinə salınmış ağaclar vaxtilə burada
meşənin mövcudluğunu sübut edir. Lakin elə meşəsiz massivlər də var ki, orada meşənin izindən əsər-əlamət
belə qalmamışdır.
Meşəsi yox edilmiş ərazilərdə az-çox təbii şəklini saxlamış ağac qruplarına və kiçik meşə sahələrinə
insanların «müqəddəs» saydıqları yerlərdə- «Pir»lərdə, qəbirstanlıqlarda təsadüf etmək olar. Belə sahələrdə in-
sanlar ağaclara toxunmur, onları kəsməyi «günah» hesab edir, daha doğrusu qorxur. Odur ki, belə yerlərdə
ağaclar neçə-neçə əsrlər yaşayaraq, «abidələşir», qocalaraq quruyur, yıxılır, necə deyərlər, öz əcəli ilə məhv
olur. Belə «abidələrə» ən çox Quba, Dəvəçi və Şamaxı rayonlarında rast gəlmək olar. Onların daha yaxşı
mühafizə olunub saxlanması elmi və tarixi əhəmiyyət kəsb edir.
1. Dəvəçi rayonunun Zöhramlı kəndinin yanında dəniz səthindən 550 metr yüksəklikdə yamacın şərq
cəhətində kiçik sahədə yaşı ötmüş palıd meşəsi vardır. Bu meşəlik «Pirnaxır-Rivanda-piri» adı daşıyır. Ona
görə ağaclar «müqəddəs» hesab edilərək kəsilmir. Burada möhtəşəm palıd ağaclarının yaşı 200-dən çoxdur, orta
hündürlüyü 20 metr, ən böyük ağacın boyu 24 metrdir. Ağaclığın orta diametri 60-80 santimetr, ən yoğun
ağacın diametri isə 120-130 santimetrdir. Meşəlik seyrəkdir. Meşəaltı kollara, cavan və körpə ağaclara rast
gəlinmir, tək-tək yemişan koluna təsadüf olunur. Bunun səbəbi meşəlikdə bütün ilboyu mal-qaranın
288
otarılmasıdır. Meşənin seyrək olması da məhz bununla əlaqədardır. Bu sahədə ağacları kəsib aparan yoxdur.
Lakin müəyyən dövr keçdikdən sonra onlar qocalaraq quruyur, yıxılır və meşə tədricən seyrəlir. Deməli,
meşənin yalnız baltadan qorunması kifayət deyildir. Onu insanın bütün mənfi təsirlərindən mühafizə etmək va-
cibdir.
2. Pirəbədilçayın sol sahilində, dəniz səthindən 620 metr yüksəklikdə «Qarayanlıq piri» yerli əhali
arasında məşhurdur. Bu sahə Pirəbədil kəndindən təxminən 3 kilometr cənubda yerləşir. Burada kiçik sahədə
yaşı 2 əsri keçmiş palıd meşəliyi mövcuddur. Ağaclar nəhəng olub,yoğunluğu 1,0 metrdən artıqdır. Bəzilərinin
döş bərabərində diametri 1,5 metrə çatır. Palıd ağaclarının boyu 30-35 metrə çatır. Təsvir olunan sahədə topa
halında doluluğu 0,8-0,9 olan sıx vələslik də bitir, ona tək-tək göyrüş və palıd da qarışır. Burada ağacların yaşı
80-nə yaxın olub, boyları 30 metrə çatır, bəzən meşəliyin 2-ci yarusunu təşkil edir. Maraqlıdır, yamacın bir
qədər az meylli (cənub-şərq cəhəti) hissəsində diametri 48-52 santimetr olan 2 fıstıq ağacı da bitir. Lakin burada
da mal-qara otarılır. Bu isə gələcəkdə fıstığın tamamilə yoxa çıxmasına səbəb ola bilər.
«Qarayanlıq pir»in yanında kiçik sahədə dikliyi 19-15 dərəcə olan yamacın şimal-qərb cəhətində qoz
meşəsi vardır. Buraya Şıx Daşdəmirin qozluq sahəsi və ya «Qozluq piri» deyilir. Bu qozluq bir əsr qabaq
əkilmişdir. Burada hazırda ağacların bir-birindən arası 10-15 metr, orta diametri 60 santimetrdir, bəzi ağacların
yoğunluğu 86 santimetrə çatır, hazırda ağacların bəziləri qocalaraq quruyur, hər yıxılan ağacın kök boğazından
2-8 pöhrə inkişaf edir və yenidən ağac əmələ gəlir. Pöhrədən yaranmış belə gövdələrin boyu 10-12 metr, diame-
tri 10-16 santimetrə çatır. İndi qozluq təbii meşə şəklini almışdır. Altında qrup halında alça, yemişan, əzgil
kolları bitir. Sıx ot örtüyündə ətirşah, qırtıc, çıtiryarpaq üstünlük təşkil edir, pişikquyruğu və qaymaqçiçəyinə də
rast gəlinir.
3. «Çinar-baba» piri Dəvəçi rayonunda Çinarlar kəndinin yanında, dəniz səthindən 900 metr yüksəklikdə
yerləşir. Bura keçmiş qəbirstanlıq hesab olunur. Burada bir kökdən döş bərabərində yoğunluğu 80, 70 və 80 san-
timetr, boyları 30 metrə çatan 3 nəhəng çinar gövdəsi ucalır. Çinarın yanında boyu 30 metr, diametri 1,5 metrə
çatan tək palıd ağacı, 8 nəhəng göyrüş ağacı, tək ağcaqayın bitir. Bu ağacların yoğunluğu 20-80 santimetr olan 8
qoz ağacı əhatə edir.
«Çinar-baba» adlanan yerin lap yanında sahəsi 3-4 hektar olan qəbirstanlıqda bidominant vələs-göyrüş və
palıd-vələs meşəliyi bitir. Burada palıd ağacları göyrüş, vələs və ağcaqayınlardan nəhəngliyi ilə seçilir, düz
gövdəli boyları 35 metr, yoğunluqları 60-100 santimetrə çatır. Yamacın yuxarı hissəsində, şimala baxan
cəhətində meşənin tərkibinə 5 ədəd fıstıq ağacı daxil olur. Onların yoğunluğu 20-42 santimetr arasında dəyişir.
Bu ağacların yaşı palıddan azdır. Bu onu göstərir ki, fıstıqlar sonralar palıd ağaclarının çətri altında özünə
sığınacaq tapıb inkişaf etmişlər.
4. Qonaqkənddən Utuq kəndinə gedən yolda Utuqçayın qolunun sağ sahilində, dəniz səthindən 1250
metr yüksəklikdə «Pir» adlanan qəbirstanlıqda onlarla palıd ağacı bitir, onların gövdələrinin yoğunluğu 28-32
santimetr təşkil edir, diametri 54 santimetr olan bir ədəd də göyrüş və onlarla çöl ağcaqayını var. Burada
yoğunluğu 32 santimetrə çatan iri yemişan ağacları çox cəlbedicidir.
«Pir»in ətrafındakı yamaclar tamamilə meşədən məhrum edilmiş, güclü eroziyaya məruz qalmışdır, çox
yerdə ana süxur qaya şəklində səthə çıxmışdır. Bu yamaclarda tək-tək və qrup halında ardıc, zirinc, gərməşov,
yemişan kollarına, balta və mal-qara tərəfindən kol şəklinə salınmış palıd və vələsə rast gəlinir.
5. Dəvəçi rayonu Sadan kəndinin yaxınlığında dəniz səthindən 370 metr yüksəklikdə, dikliyi 15 dərəcə
olan yamacın şimal-şərq cəhətində, geniş meşəsiz ərazidə «Pir-Vahid» adlanan yerdə boyu 13-15 metr olan 2
palıd ağacı bitir. Onlardan birinin döş bərabərində diametri 32 santimetrdir, o birisi kök boğazından iki gövdə
əmələ gətirib yoğunluqları 44 və 18 santimetrdir. Bu ağacların yanında diametri 28, 24 və 32 santimetr olan 3
qarağac vardır. Palıd ağacının altında boyu 5-7 metr olan 2 iydəyarpaq armud ağacı bitir.
Sadan kəndinin yanında başqa bir yerdə, tək qəbrin üstündə (dəniz səthindən 400 metr hündürlükdə,
yamacın şimal-qərb cəhətində) yeganə palıd ağacı bitir. Onun boyu 13 metr, diametri 62 santimetrdir.
Yuxarıda göstərilən ağacları əhatə edən yamaclarda bir ədəd də olsa, iri ağaca rast gəlmək çətindir. Bu
meşəsizləşdirilmiş yamaclarda indi dəfələrlə mal-qara ağzından çıxmış kolşəkilli palıdlara, yemişan, qaratikan,
sumax, dovşanalması, doqquzdan və s. kollara təsadüf edilir.
6. Şamaxı rayonu Dədəgünəş kəndinin yaxınlığında, yerli əhali tərəfindən «müqəddəs ocaq» hesab
edilən «Dədəgünəş piri» adlanan yer vardır. Burada dəniz səthindən 1050 metr yüksəklikdə, dikliyi 15-30
dərəcə arasında dəyişən yamacın cənub cəhətində ağcaqayın-vələs-palıd meşəliyi bitir, yaşı 120-200-dür.
Ağaclığın orta diametri 52 santimetr, ən iri palıd ağacının yoğunluğu 1 metrdən artıqdır. Meşəliyin tərkibinə
cəmi 6 ədəd fıstıq ağacları qarışır, onların boyu 25 metr, diametrləri 20-26 santimetr təşkil edir, ən yoğun fıstıq
ağacının diametri 60 sentimetrdir.
7. «Keçdiməzpir» - Şamaxı rayonu Sabirli kəndindən 3 kilometr cənubda Keçdiməz dərəsinin sağ
sahilində dəniz səthindən 600 metr yüksəklikdə yerləşir. Burada meylliyi 30-40 dərəcə olan yamacın şərq
cəhətində 200 ədədə qədər saqqızağac bitir. İri ağacların 300-500 yaşı olub, yoğunluqları 40-96 santimetr
arasında dəyişir, boyları 8-12 metrdir. Pirin yanındakı 40-a qədər möhtəşəm saqqızlar meşəlik yaradır. Pirin
ətraf yamaclarında tək-tək cavan saqqız ağaclarına rast gəlinir. Təsvir olunan sahədə saqqız ağaclarının indiyə
289
qədər qalması onların qəbirstanlıqda olub «müqəddəs» sayılmasıdır. Saqqız ağaclarının altında tək-tək nar, qara-
tikan kolları, kəvər və dəvətikanı bitir.
Hazırda «Keçdiməz pir»ində ağacları kəsən yoxdur, lakin onların altında daim mal-qara otarılır, bürkü yay
günlərində ağacların çətri altında qoyunlar və qaramal kölgələnir, bunun nəticəsində torpaq tapdaq edilir, onun
strukturu pozulur, ot örtüyü inkişaf etmir. Bu səbəbdən leysan yağışları zamanı torpaq qatı şiddətli yuyulmağa
məruz qalır, ağacların kökləri səthə çıxır. Qocaman saqqızlar quruyaraq yıxılır, onları əvəz edəcək nəsil
yaranmır. Bu hal Böyük Qafqazın cənub yamacındakı elmi və tarixi əhəmiyyət daşıyan yeganə saqqız
meşəliyini təhlükə altına alır. Odur ki, bü sahənin ətrafı dəmir torla hasarlanıb qorunmalıdır.
Yuxarıda təsvir olunan ağac qrupları və meşə sahələri meşəsi yox edilmiş massivlərin əhatəsində yerləşir.
Bu sahələrə bitişik olan meşəsiz yamaclarda insan fəaliyyətinin mənfi təsiri davam etdiyi üçün meşə örtüyü
bərpa oluna bilmir. Meşədən məhrum olmuş bu yamaclar bu və ya digər dərəcədə eroziya prosesinə məruz
qalmış, münbit torpaq qatı dağılıb, yarğanlar əmələ gəlmişdir. Bu cür ərazilərdə quraqlaşma prosesi müşahidə
olunur, meşəsiz sahələr bozqıra, hətta yarımsəhraya çevrilir. Burada pöhrədən törəmiş kolşəkilli ağaclara, seyrək
kolluqlara rast gəlmək olar.
Haqqında danışdığımız «yaşıl abidələr» meşə landşaftı və meşə iqlimi yarada bilməsə də tutduğu və ona
bitişik sahənin mikroiqlimini müəyyən qədər yaxşılaşdırır. Geniş meşəsiz ərazilərin fonunda yerləşdiyi üçün
belə kiçik yaşıllıqlarda geniş meşə massivlərinə nisbətən quraqlaşma müşahidə olunur. Yuxarıda təsvir etdiyi-
miz nisbətən böyük sahəli «yaşıl abidələr»də rütubətsevər fıstıq ağacına təsadüf olunur. Bu ağacları keçmiş
fıstıq meşələrinin yadigarları hesab etmək olar. Çox yerdə isə fıstıq cinsi-palıd, ağcaqayın, göyrüş kimi nisbətən
kserofit ağac növləri ilə əvəz olunmuşdur. Deməli, müasir «yaşıl abidələr» keçmişin ilkin bitki örtüyünü həmişə
təmsil edə bilməz. Lakin onlar vaxtilə bu ərazilərin meşəli olduğunu göstərən «canlı şahidlər»dir.
Respublikamızda qoruq rejimi yalnız dövlət qoruqlarında və «yaşıl abidələrdə» deyil, həmçinin bütün meşə
təsərrüfatı meşələrində yaradılmalıdır.
Meşə massivlərində qoruq rejimi təşkil edildikdə ərazidə təbiətin müvazinətdə saxlanmasına imkan yaranır.
Bu eyni zamanda qonşu sahələrdə təbiətin digər sahələrinə də müsbət təsir göstərir, oranın iqlimini yaxşılaşdırır,
bitki örtüyünü və heyvanat aləmini zənginləşdirir, çaylarda su rejimini nizama salır və s.
Hazırda respublikamızın meşə sahələrində qoruq şəbəkələri get-gedə genişləndirilir. Lakin bütün meşələrin
qoruq elan edilməsi iqtisadi cəhətdən düzgün sayıla bilməz. Belə ki, qoruq olmayan ərazilərdə meşə sərvətindən
xalq təsərrüfatının müxtəlif sahələri üçün səmərəli istifadə olunması vacibdir. Lakin bu o demək deyildir ki, qo-
ruqdan kənarda qalan meşələrin mühafizə olunmasına diqqəti azaltmalıdır. Qeyd edək ki, qoruq meşələrimizin
sahəsi 30 min hektar olub respublikada ümumi meşə örtüyünün yalnız 3,3 faizini təşkil edir. Az sahə tutan bu
meşələr Azərbaycanda geniş ərazidə olan rəngarəng meşə örtüyünü bütövlükdə təmsil edə bilməz. Doğma
respublikamızın hər bir ağacı. kolu, meşə sahəsi bizim üçün qiymətlidir, əzizdir və onlar da təbiətin əvəzedilməz
yadigarları kimi yüksək səviyyədə qorunmalıdır. Lakin hazırda meşələrimizin mühafizəsi və ondan səmərəli
istifadə edilməsi işində bir sıra çatışmazlıqlara rast gəlirik, yaşıl sərvətimizi qoruyub onu daha da
zənginləşdirmək işində mövcud imkanlardan lazımi dərəcədə istifadə etmirik.
Dağ və düzən meşələrinin çox yerində ağacların özbaşına kəsilməsi, meşənin mal-qaraya otarılması adi hal
olmuşdur. Yaşayış məntəqələri ətrafında, yolların kənarında ağacların budaqları kəsilir, kötüklərinlə ocaq
qalanır, əksər ağacların gövdələrinə balta yaraları vurulur, onları qurutmaq məqsədilə gövdəsinin aşağı hissəsi
balta ilə kəsilib «halqalanır».
Hazırda aşağı və orta dağ qurşağı meşələri qaramal, yüksək dağ meşələri isə qoyunlar üçün yay otlaqları,
düzən meşələri isə qışlaqlar kimi istifadə olunur. Bunun nəticəsində məhsuldar meşələr kolluqlarla əvəz edilir
və ya təsərrüfat üçün tam yararsızlaşaraq dağlıq ərazidə daşlıqlara, qayalıqlara çevrilir, düzəndə isə meşə yox
edilən yerdə bataqlıqlar, şorlaşmış sahələr və bozqırlar yaranır. Deməli, insan meşəni yox edir, əvəzinə isə
təbiətə heç nə qaytarmır. Əksinə, gələcək nəsli həm qiymətli meşədən, münbit torpaq sahəsindən. həm də təmiz
havadan məhrum etmiş olur. Odur ki, meşələrin mühafizəsi işini yaxşılaşdırmaq günün vacib problemi hesab
edilməlidir.
Təcrübələrin nəticələri göstərdi ki, düzən zonada meşə əkini işləri aparmayıb, sahələri lazımi qaydada
mühafizə etmək və süni suvarmaq yolu ilə də ilkin meşələri bərpa etmək mümkündür. Bu tədbirin müsbət nəticə
verməsini təsdiq edən bir neçə misal göstərək.
Ağdaş rayonu Abad kəndinin yaxınlığında şumlanıb tərəvəz bitkiləri becərilən kiçik meşə talalarında bir
kvadrametr sahədə ağyarpaq qovağın orta hesabla 30 ədəd cücərtisini müşahidə etdik. Sürətlə inkişaf edən bu
cücərtilərin orta boyu ilk ilində 70 sm təşkil edir, bəzi yeniyetmələrin bir yaşında hündürlüyü hətta 140
santimetrə çatır. Deməli, suvarılan sahədə təbii olaraq meşəlik yarana bilir.
Ağstafa meşə təsərrüfatı ərazisində və Sabirabad rayonunda Arazın Kürə qarışdığı yerdən aşağıda subasar
sahələrin hamısında kifayət qədər qovaq və söyüd cücərtiləri müşahidə olunur.
Qarayazı qoruğu ərazisində Kürün sahil hissəsində ayrı-ayrı sahələrdə bir kvadratmetrdə Sosnovski
qovağının və ağyarpaq qovağın orta hesabla 40-60 ədəd biryaşlı şivlərini saydıq.
290
Ağdaş meşə təsərrüfatının «Bıçaxçı» sahəsində və Sabirabad meşəçiliyində Kürün subasar sahilində bir
kvadratmetr sahədə orta hesabla 140 ədəd qovaq və 30 ədəd söyüd cücərtisini hesaba aldıq. Mayın sonunda qo-
vaq şivlərinin boyu 60 santimetrə. söyüdünkü isə 80-100 santimetrə çatır. Təəssüflə qeyd olunmalıdır ki, əmələ
gələn bu körpə ağaclar elə birinci ilin payız-qış aylarında mal-qara tərəfindən məhv edilir. Göründüyü kimi, qo-
vaq və söyüd tez boy atan ağac cinsləri olub ilk yaşında 70-100 sm böyüyür. Bu onu göstərir ki, Kür və Araz
sahillərində sahələr 2-3 il yaxşı mühafizə olunarsa, orada tam mənasında tuqay meşələrini bərpa etmək
mümkündür.
Düzən zonada palıd və saqqız yayılan quraqlıq şəraitində meşənin təbii bərpası zəif gedir. Mal-qaradan qo-
runduqda isə bəzi sahələrdə meşənin bərpası müşahidə olunur. Məsələn, Bərdə rayonunda Tərtər çayının Kürə
töküldüyü yerə yaxın ərazidə olan seyrək palıd-saqqız meşəliyi 2-3 il mal-qaradan qounduğu üçün bir hektarda
7 min ədəd cavan palıd şivləri əmələ gəlmişdir.
Ağstafa meşə təsərrüfatının Soyuqbulaq meşəçiliyində dəmir yolunun yaxınlığında tikanlı məftillə
hasarlanıb mal-qaradan və özbaşına kəsilməkdən mühafizə olunan ərazidə iri gövdəli palıd meşəliyi qalmışdır.
Burada ağacların çətri altında kifayət qədər cavan ağaclar müşahidə olunur. Tikanlı məftilin xaricində qalan
ərazidə isə il boyu mal-qara otarılır, ağaclar qanunsuz kəsilir. Burada keçmişdə məhsuldar palıd meşəsinin
yerində yalnız tək-tək qolbudağı, başı kəsilmiş ağaclara təsadüf etmək mümkündür.
Dağ yamaclarında da mühafizə yolu ilə meşələri bərpa etmək, məhsuldarlığını artırmaq üçün imkanlar
vardır. Məsələn, Laçın rayonunun Mirik kəndindən başlamış Minkəndə qədər çayın sağ sahili boyu ayrı-ayrı
sahələr yaxşı mühafizə olunur. Bunun nəticəsində burada kolluqların yerində sıx cavan meşəlik əmələ gəlmişdir.
Həmin çayın sağ sahilində üç yerdə sahələrin qorunması ilə əlaqədar seyrək kolluqlar meşəyə çevrilmişdir.
1962-ci ildən bəri Laçın meşə təsərrüfatının sərəncamına keçirilmiş 14 min hektara yaxın kolxoz meşələri yaxşı
mühafizə olunduğu üçün məhsuldarlığı artmış, torpaqqoruyucu rolu yüksəlmişdir. Tovuz meşə təsərrüfatında
Şamlıq kəndindən yuxarıda yerləşən ərazidə 1950-ci ildən bəri qoruq rejimi təşkil edilmişdir. İndi burada
yamacın şimal-şərq cəhətində yüksək doluluqlu fıstıq-vələs meşəliyi bərpa olunmuşdur.
Şəki rayonunda Kiş kəndinə yaxın yerləşən yamacın şimal-qərb cəhəti uzaqdan yaşıl meşəsilə adamı özünə
cəlb edir. Bu sahə ciddi nəzarət altında qorunur, burada indi palıd, vələs, göyrüş, ağcaqayın və sairə cinslərdən
ibarət normal meşəlik əmələ gəlmişdir. Bu sahəyə bitişik mühafizə edilməyən qonşu ərazilərdə isə məhsuldar
palıd meşələrini kolluqlar əvəz etmişdir. Ona görə güclü yağışlar zamanı burada şiddətli eroziya prosesi
müşahidə olunur, torpaq qatı yuyulub aparılır, yarğanlar əmələ gəlir.
Subalp zonasında insanın təsərrüfat fəaliyyəti dayandırıldıqda müxtəlif ağac cinslərinin bərpası müşahidə
olunur və meşə tədricən təbii sərhədinə doğru irəliləyir. Belə vəziyyəti biz Göygöl və Zaqatala qoruqları, Laçın
meşə təsərrüfatı ərazisində, Şəki rayonunun Töhrə yaylağında müşahidə etdik. Qax rayonunun «Taxta-qaya»
adlanan sahəsində yamacın şimal cəhətində 30 ildən çoxdur ki, mal-qara otarılmır. Bunun nəticəsində meşənin
müasir sərhədindən 100 metr yuxarıya doğru sıx otlar arasında qrup halında çoxlu körpə fıstıq ağacları əmələ
gəlmişdir, onların vəziyyəti yaxşı olub normal inkişaf edir. Yenə həmin rayonun Sarıbaş kəndinin yanında
dəniz səthindən 1800-2150 metr yüksəklikdə meşənin çəmənə doğru irəliləməsi aydın nəzərə çarpır. Burada
kəndi sel basmasın deyə, onun yuxarı tərəfində yerləşən palıd meşəsi çoxdan bəridir ki, yerli əhali tərəfindən
qorunur, orada mal-qara otarılmasına yol verilmir. Meşənin kənarında 100-200 metr çəmənə tərəf olan sahədə
topa halında və tək-tək 10-20 yaşlı cavan palıd ağacları bitir. Bu qruplar bəzən sıx, keçilməz olur. Qorunan
sahədə eroziya prosesinin qarşısı tamamilə alınmışdır. Bu hal meşənin öz keçmiş sərhədini yenidən tutmasına
nümunəvi bir misaldır. Qorunan sahəyə bitişik yamaclar mal-qaradan lazımi dərəcə mühafizə olunmadığı üçün
orada meşəlik tamamilə sıradan çıxmış və eroziyaya uğrayaraq çox yerdə ot örtüyündən də məhrum olub
çılpaqlaşmışdır.
Düzdür, belə misalların sayını davam etdirmək olar. Lakin bu olduqca kiçik sahələri əhatə edir.
Respublikamızın meşə təsərrüfatlarında isə seyrək meşələrin sahəsi 60 min, kolluqların sahəsi isə 40 min hekta-
ra çatır. Bunların çoxunda heç bir əlavə xərc və ağır zəhmət çəkmədən ciddi qoruq rejimi yaratmaq yolu ilə
meşələri bərpa etmək, onları tədricən öz ilkin vəziyyətinə qaytarmaq olar və vacibdir.
Heç bir başqa nemətlə əvəz oluna bilməyən meşələrimizin bərpa edilməsi kimi məsuliyyətli bir işin həyata
keçirilməsində meşə təsərrüfatlarında ciddi dönüş yaranmalıdır. Bu vacib və mühüm tədbirin yerinə
yetirilməsində meşə işçilərinə təbiəti mühafizə təşkilatları və geniş xalq kütlələri yaxından kömək göstərməlidir.
Yadda saxlamaq lazımdır ki, bəşəriyyətin ən qiymətli sərvəti olan meşə həmişə həyatın əsası olmuş və
olacaqdır.
Babalarımızın qan-təri ilə bizə çatdırılan ana təbiəti, onun torpağını, meşələrini, heyvanat aləmini göz
bəbəyi kimi qorumaq və onu daha da zənginləşdirib gələcək nəslə təhvil vermək borcumuzdur.
Dostları ilə paylaş: |