Respublikamızda tuqay meşələrinin nisbətən geniş sahələri səhra və yarımsəhra rayonlarımızı kəsib keçən Kür
çayının ətrafında yayılmışdır. Tuqay meşələri yayılan Kürboyu ərazidəki rayonların meşə ilə örtülmə dərəcəsi
291
(meşəlik faizi) olduqca aşağıdır. Əgər respublikamızın meşəlik faizi 11%-dirsə, Kür-Araz düzənliyində bu
rəqəm cəmi 0,8%-dir. Odur ki, Kürboyu tuqay meşələrinin mühafizəsi və bərpası böyük təsərrüfat əhəmiyyəti
kəsb edir.
Məlum olduğu kimi, Kür Azərbaycanda və hətta bütün Qafqazda ən böyük çay hesab olunur. Uzunluğu
1515 kilometrdir. Bu çay öz mənbəyini Türkiyədən Çaldır suayrıcından, dəniz səthindən 2741 metr
yüksəklikdən götürür. Kür çayının yalnız 200 kilometr olan hissəsi Türkiyədən axır. Sonra 400 kilometr
Gürcüstan torpağından keçərək respublikamıza daxil olur. Onun Azərbaycan respublikası daxilində uzunluğu
900 kilometrə çataraq həmişə step (çöl) və yarımsəhra ərazilərini kəsib keçir. Orta Asiyada və həmçinin
Mərkəzi Asiyada səhra və yarımsəhraları kəsib keçən belə çaylar çoxdur. Bütün bu çayların sahilləri boyu
meşələrə rast gəlinir. Əgər bu çaylar olmasaydı söz yox ki, səhra və yarımsəhra şəraitində meşə də bitməzdi.
Çaylar öz sahillərində meşənin inkişafı üçün xüsusi əlverişli şərait yaradır. Burada qrunt suyunun səviyyəsi
səthə yaxın yerləşir, torpağın nəmliyi yüksək olur, vaxtaşırı ətraf sahələri daşqın suları basır. Bütün bunlarla
yanaşı, səhra və yarımsəhra zonasında hərarətin də yüksək olması bitki örtüyünün, o cümlədən meşənin güclü
inkişafına səbəb olur. Çay sahili boyu bitən belə meşələrə Cənubi Qafqaz və Orta Asiya xalqları tuqay meşələri
adı vermişlər. Başqa meşələrdən fərqli olaraq tuqay meşələri özünəməxsus qalın, sıx kollu, sarmaşıqlı, çox vaxt
keçilməz olur.
Amu-Dərya və Sır-Dərya çaybasar sahələrin tuqay meşələrində əsas ağac cinsi turanqa (qovaq növü) hesab
olunur. Ona söyüd, çaytikanı qarışır. Münbit allüvial torpaqlarda sıx, sarmaşıqlı meşəlik əmələ gəlir. Ot örtüyü
müxtəlif qamış növləri, kəndir, iri murquz (taxıl fəsiləsindəndir) və s.-dən ibarətdir. Duzlu torpağı olan sahələri
yulğun kolluqları tutur.
Respublikamızda tuqay meşələrinə bir çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş tuqay
meşəsi Kür çayının payına düşür.
Əgər tarixi məlumatlara müraciət etsək, görərik ki, vaxtilə Kür çayı Azərbaycanda bütün uzunluğu boyu,
Xəzər dənizinə kimi tuqay meşələri ilə əhatə olunubmuş. Hazırda isə bu meşələrin yadigarlarına kiçik ləkələr
şəklində rast gəlinir. Son zamanlar isə bu kimi meşə sahələrinin də sırada çıxması təhlükəsi gözlənilir.
Tuqay meşələrinin əsas sahəsi hələ 1920-ci ilə qədər əkin sahələri əldə etmək məqsədilə qırılıb məhv
edilmişdir. Yaxın keçmişdə 20 min hektar Samux meşəsi adı ilə məşhur olan tuqay meşəsi Mingəçevir dənizinin
altında qalmışdır. 10 min hektara qədər tuqay meşəsi Şəmkir və Yenikənd su anbarlarının yaradılması məqsədilə
qırılıb məhv edilmişdir.
Belə vəziyyət Kürqırağında az da olsa qalmış tuqay meşələri qalıqlarının lazımi səviyyədə qorunması və
orada yeni meşəliklərin salınmasının vacibliyini daha da artırır. Təəssüf ki, tuqay meşələrinin orda-burda qalan
kiçik sahələri də insanların təsərrüfatsız fəaliyyəti nəticəsində gözümüzün qabağında yoxa çıxır. Son illər
Kürboyu tuqay meşələrinə insanların mərhəmətsiz münasibəti daha da artımşdır. Ağdaş, Bərdə, Ağcabədi və
Saatlı rayonlarında meşələrin vəziyyəti daha acınacaqlıdır. Burada tuqay meşələri başdan-başa qışlaqlara
çevrilmişdir. Hər il Kürboyu meşə təsərrüfatları ərazilərində fermerlərin və qaçqınların qoyun və qaramal
sürüləri otarılır. bunun nəticəsində təbii və süni salınmış meşələr seyrəlir, kolluqlara çevrilir, qoruyucu
funksiyası zəifləyir və gələcək nəsli kəsilir.
Dostları ilə paylaş: