Hirkan milli parkı
Hirkan qoruğu üçüncü dövrün relikt hirkan florasını və burada məskunlaşan faunanı qorumaq məqsədilə
1936-cı ildə yaradılmışdır. Qoruq Lənkəran və Astara rayonları ərazisində şərqdə Xəzər dənizi yaxınlığında
22m-dən başlayıb, qərbdə 980m-ə qədərki yüksəklikləri əhatə edir. Qoruq 2 hissədən ibarətdir: dağ yamacların-
dakı meşəliklər (2815ha)və Lənkəran ovalığındakı «Moskva meşəsi» sahəsi (91ha). Qoruğun düzən və dağətəyi
hissəsində şabalıdyarpaq palıd, dəmirağac və vələsin üstünlük təşkil etdiyi meşəliklər yayılmışdır, onlara ipək
akasiyası, Xəzər lələyi, Hirkan ənciri, qafqaz xurması, azatağac, yalanqoz və s. qarışır, yüksəkliyə qalxdıqca bu
meşələr tədricən fıstıq ağacları ilə əvəz olunur.
Qoruq ərazisində fıstıq meşələri meşə ilə örtülü sahənin 52%-ni, şabalıdyarpaq palıd, 25%-ni, vələs isə 14%-
ni təşkil edir. Dəmirağac, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, xəzər lələyi, ipəkakasiyası, Qafqaz
xurması, ürəkyarpaq qızılağac, Hirkan bigəvəri Azərbaycanın Qırmızı kitabına salınmışdır.
Rütubətli şəraitdə palıd, fıstıq və vələs meşələri altında qonur dağ-meşə torpaqlarının podzollaşmış yarımtipi inki-
şaf etmişdir. Dəniz səviyyəsindən 100-600 (700)m yüksəklikdə dəmirağac və palıd meşələri altında sarı dağ-meşə
torpaqları yayılmışdır. Ərazidə bu torpaqların tipik və podzollaşmış yarımtipləri mövcuddur.
Hirkan qoruğunda vaxtilə çoxlu pələngə, bəbirə, Qafqaz maralına, cüyürə, tülküyə, yüzlərlə quş növlərinə
rast gəlinirdi. Hazırda isə onların sayı xeyli azalmış, bəzilərinin nəsli kəsilmişdir. Respublikanın Qırmızı kitabı-
na adı düşən Talış qırqovulu, Hirkan arıquşu qorunur. Adları qırmızı kitaba yazılan toğlugötürən, qıvrımlələk,
qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, laçın, turac kimi quşlara da təsadüf olunur.
2004-cü ildə Hirkan qoruğu ərazisində 21min ha sahədə Hirkan milli parkı yaradıldı.
Dostları ilə paylaş: |