Mövzu 7. Bazar iqtisadiyyatı subyektlərinin ümumi səciyyəsi. 7.1. Bazar subyektləri: ev təsərrüfatı, firma və dövlət. Bazar iqtisadiyyatının subyektləri dedikdə ev təsərrüfatı, firma və dövlət başa
düşülür.
Ev təsərrüfatı bazar iqtisadiyyatında bir və ya bir neçə şəxsdən ibarət olan,
müstəqil surətdə qərarlar qəbul edən, tələbətlarını maksimal ödəməyə çalışan və
onlar müəyyən üstünlük verən, hər hansı bir istehsal amilinin sahibi olan “İnsan
kapitalı”nın istehsalını və təkraristehsalını təmin edən iqtisadi vahiddir.
Firma istehsal amillərinin planlı kombinasiyası vasitəsilə əmtəə və xidmətlərin
hazırlanması və reallaşdırılması yolu ilə şəxsi maraqlarını həyata keçirən təsərrüfat
vahididir.
Dövlət (hökumət) ictimai məqsədlərə çatmaq üçün təsərrüfat subyektləri və
bazar üzərində lazım olanda nəzarəti təmin etmək üçün hüquqi və siyasi
hakimiyyəti həyata keçirən müxtəlif hökumət idarələri ilə təmsil olunur. Dövlət
digər subyektlər kimi sahibkarlıqlada məşğul olur. Dövlət sahibkarlığı.
7.2. Firma resurslarının istehlakçısı və hazır məhsulun təchizatçısı kimi. Firma dedikdə istehsal amillərinin kombinasiyası vasitəsilə məhsul və
xidmətlərin hazırlanması və reallaşdırılması ilə məşğul olan təsərrüfat vahidi
nəzərdə tutulur. Hər bir firma iqtisadiyyatın ilk quruluş həlqəsidir. O bir tərəfdən
texniki vahiddir, digər tərəfdən sosial vahiddir. Firma texniki vahiddir. Bu o
deməkdir ki, orada müəyyən bir hissənin və ya məhsulun hazırlanması
texnologiyası başa çatmış olur. Firma sosial vahiddir, bu o deməkdir ki, burada
cəmiyyətin müəyyən sayda üzvləri fəaliyyət göstərir. Məhsul və xidmətlərin
istehsalı ilə əlaqədar onlar arasında iqtisadi münasibətlər baş verir. Firmalar
məqsədindən, fəaliyyətindən və davranışından asılı olaraq hər bir milli
təsərrüfatçılığın işgüzar fəallığını əks etdirir. Çünki firmanın məqsədi bilavasitə
onun funksional fəallığını hərəkətə gətirir.