Buraxılış işiııin müdafiəsi, qiymətləndirilməsi və
müdafiə olunmuş işlərin saxlanması
Buraxılış işinin müdafiəsi “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavriat pilləsində dövlət attestasiyası haqqında əsasnamə”yə uyğun keçirilir.
Tamamlanmış buraxılış işi titul səhifəsində müəllif və elmi rəhbər tərəfindən imzalanaraq müdafiə günündən ən azı 10 gün əvvəl elmi rəhbərin rəyi və kənar mütəxəssisin rəyi ilə birlikdə kafedraya təqdim olunur.
Elmi rəhbərin ətraflı rəyində buraxılış işinin nə dərəcədə mövzunu əhatə etməsi, yeniliyi, işin səciyyəvi cəhətləri və onun müdafiə mərhələsinə hazır olması qeyd edilməlidir. Rəyin sonunda buraxılış işi hazırlanması və tərtibinə görə aşağıdakı əsas meyarlara uyğun olaraq maksimum 50 balla qiymətləndirilməlidir:
tədqiqatın aktuallığı və onun əsaslandırılması;
aparılmış tədqiqatların sonunda əldə olunmuş nəticələrin elmi yeniliyi;
işin struktur bölmələrinin məntiqi ardıcıllığı;
irəli sürülmüş fikir və mülahizələrin praktik və illüstrativ təsviri;
işin yerinə yetirilməsi zamanı istifadə edilmiş mənbələrin həcmi və uyğunluğu.
Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbəyə bütövlükdə 100 bal verilməsi müəyyənləşdirilmişdir. Bu balların yarısı buraxılış işinin hazırlanması və tərtibinə, digər yarısı isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə görə verilir.
Kənar rəyçilər işin yerinə yetirildiyi kafedranın, digər kafedraların müəllimləri, yaxud müvafiq sahənin yüksək ixtisaslı mütəxəssisləri ola bilər. Kənar rəyçi buraxılış işi barəsində ətraflı yazılı rəy hazırlayır, bütün fəsillər və bölmələr haqqında rəyini, işlə bağlı irad və təkliflərini bildirir. Burada əksini tapmalı olan məsələlər əsasən seçilmiş mövzunun aktuallığının əsaslandırılma dərəcəsinin qiymətləndirilməsi, göstərilmiş məqsəd və vəzifələrin düzgünlüyü, planın mövzuya və məqsədə uyğunluğu, tələbənin yararlandığı mənbə və ədəbiyyatların işin məzmun-mündəricəsini nə dərəcədə əhatə etməsindən ibarətdir. Sonda işin müdafiəyə hazır olub-olmadığı qeyd edilməlidir.
Buraxılış işi rəylərsiz müdafiəyə buraxılmır. İşə verilən rəylər əsasında kafedra işin müdafiəyə buraxılıb-buraxılmaması haqqında qərar qəbul edir.
Tələbə müdafiə üçün aşağıdakıları hazırlamalıdır:
1) seçilmiş mövzunun aktuallığı və praktiki əhəmiyyəti haqqında və işdən irəli gələn əsas nəticə və təklifləri ehtiva edən qısa (5-7 dəqiqəlik) məruzə. Məruzə məntiqli və ardıcıl məzmuna malik olmalıdır və buraya ən maraqlı nümunələrin, ən vacib istinad və sitatların əlavə edilməsi daha məqsədəuyğundur;
2) microsoft office power point proqramında buraxılış işinin illüstrativ xülasəsini əks edtirən prezentasiya hazırlamaq;
3) elmi rəhbərin və rəyçinin iradlarına cavablar hazırlamaq. Tələbə iradlarla razılaşa, gələcək işlərində onları nəzərə alacağını qeyd edə, və ya onları əsaslandırılmış surətdə qəbul etməyə bilər.
Buraxılış işlərinin müdafiəsi “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə”yə uyğun yaradılmış komissiya (Dövlət İmtahan Komissiyası) tərəfindən təşkil edilir. Buraxılış işlərinin hazırlanması, rəhbərlik və müdafiəsini keçirmək üçün vaxt bölgüsü professor-müəllim heyətinin tədris ili üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodiki və digər işlərin əsas növləri barədə sənəddə diplom işləri üçün nəzərdə tutulanlara uyğun müəyyənləşdirilir.
Müdafiə zamanı verilən suallara cavablar qısa, konkret, aydın və inandırıcı olmalıdır. Komissiya buraxılış işinin tələblərə nə dərəcədə uyğun şəkildə yerinə yetirildiyini və müdafiənin nəticələrini (tələbənin suallara düzgün cavab verməsini, öz mövqeyini müdafiə etmək və elmi müzakirə aparmaq qabiliyyətini) nəzərə alaraq müzakirələr aparır və yekun qərar çıxarır. Komissiya qiymətləndirmə zamanı aşağıdakı meyarları əsas götürməlidir:
mövzu ilə bağlı tələbənin kompetentliyi, elmi dialoq və diskussiya aparma bacarığı;
irəli sürülmüş fikir və mülahizələrin, əldə edilmiş nəticələrin əsaslandırılması;
tələbənin müdafiə ərzində sualları cavablandırmaq və fikrini sərbəst və aydın ifadə etmək bacarığı;
tələbənin ixtisas üzrə biliyi.
Müdafiədən sonra tələbənin müdafiəyə qədərki və müdafiədə aldığı qiymətlər
toplanaraq yekun bal çıxarılır. Buraxılış işinin yazılması və müdafiəsinə görə balların hesablanması meyarları ADU-nun Elmi şurası tərəfindən təsdiq edilir.
Buraxılış işləri müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılır.
Dostları ilə paylaş: |