Mehriban Əliyeva, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESKO-nun xoşməramlı səfiri
Prezident İlham Əliyev: "Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir"
“Bu il Azərbaycanda “Multikulturalizm ili”dir. Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamışlar və biz bununla fəxr edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənmişdir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.
Dövlət başçımızın sözlərinə görə, 2008-ci ildə “Bakı prosesi”nə start verilib və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət edildi. “Bakı prosesi” artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik. Təqribən bir aydan sonra biz BMT-nin təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik. Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasətçilər, ictimai rəyə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük. Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd etdiyim kimi, biz bir-birimizlə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni, məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmağın qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla, bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik. Ötən ay biz müsəlman dünyasının ən müqəddəs məkanlarından olan İmamzadə Dini-Tarixi Kompleksinin yenidənqurma və bərpadan sonra açılışında iştirak etdik. Yeri gəlmişkən, bu kompleks Gəncədə, Nizami Gəncəvinin vətənində yerləşir. Azərbaycan xalqı bu abidəni VIII əsrdən bəri qoruyur. Ərazidə yeni məscid də inşa edilmişdir və mən Azərbaycanın müxtəlif bölgələrindən olan insanları ora dəvət etmişdim. Orada mənimlə yanaşı çıxış edənlərin arasında Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri olmuşlar – Azərbaycan müsəlmanlarının, Azərbaycanın Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın Katolik kilsəsinin rəhbərləri. Onlar bu tədbirdə yalnız iştirak etməmiş, həm çıxış etmiş və həm də yeni inşa edilmiş məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub”.
Prezident İlham Əliyev qeyd edib ki, bu, bizim cəmiyyətimizə, xalqımıza və dünyaya olan mesajımızdır. “Bir neçə ay bundan öncə Azərbaycanın ən böyük məscidində sünni və şiə müsəlmanlar bir yerdə namaz qılmışlar və bunu vəhdət namazı adlandırmışlar. Bu da bir daha real vəziyyəti əks etdirir. Burada nə müsəlman icması daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə fərq qoyulmur. Bu, Azərbaycan reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir və uğurlu inkişafımızın zəmanətidir. Çünki bu konsensus, bu birlik olmadan biz uğur əldə edə bilmərik. Biz daha da böyük nailiyyətlər əldə etməkdə, ölkəmizi müasirləşdirməkdə davam etmək istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm kimi birgə dəyərlərə əsaslanaraq nail ola bilərik. Ötən il Azərbaycan ilk Avropa Oyunlarına, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmişdir. Bakı İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir və gələn il biz İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Azərbaycan Avropa Şurasının və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu, bizim məsuliyyətimizdir. Biz bu rolu ilk öncə öz ölkəmizin uğurlu gələcəyi və regionda sabit proqnozlaşdırıla bilən vəziyyətin yaradılması naminə oynayırıq”-deyə, ölkə başçısı əlavə edib.
Dostları ilə paylaş: |