BİLMƏDİM
Abdal mənə əbəd camın verəli,
Məscid hansı, mehrab hansı, bilmədim.
Ol güdazda can əriyib yanalı,
Abad hansı, xarab hansı, bilmədim.
Bir kədərə tab etmədim, toz oldum,
Torpaq oldum, atəş oldum, suz oldum,
Dışdan bişdim, içdən yandım, köz oldum,
Od hansıdır, kabab hansı, bilmədim.
Güzər etdim bir məkansız məkana,
Seyran etdim bir meydansız meydana,
Heyran qaldım bir cahansız cahana,
Beyt hansıdır, həm bab hansı, bilmədim.
Nəfsə uydum, özün bilməz hirs oldum,
Aqil işin doğru sandım, tərs bildim,
Hər əşyadan yar sifətin dərs aldım,
Quran hansı, kitap hansı, bilmədim.
Məxdumqulu ol məkanda səs etdi,
Şıxlar durdu, igidlər tək rəqs etdi,
Hər əşyadan yar camalı əks etdi,
Ab hansıdır, şərab hansı, bilmədim.
DƏYMƏZ
Baylar vardır, qəriblərə rəhm eylər,
Vardır baylar, dünya malına dəyməz.
Gözəl vardır, dünya malın xərc etsən,
Vardır gözəl, yeyən nanına dəyməz.
Dünyada xəsisin üzünü görmə,
Aş ilə nanını nə al, nə vermə,
Qul deyib, igidin əslinı sorma,
Xocası var, bəlkə, quluna dəyməz!
Dünya malın versən, yiyəsi satmaz,
Şah istəsə, onun diləyi bitməz,
At var ki, pul versən, bahası yetməz,
At var ki, beldəki çuluna dəyməz.
At gərəkdir ərə savaşda sərxoş,
Yad ilə barışsan, olar qarındaş,
Yaxşı oğul, yaxşı əyal, qız, qardaş —
Bu dövlət hər kəsin əlinə dəyməz.
Məxdumqulu, bu dünyanın işrəti —
Yemək, içmək, minmək, qucmaq, söhbəti,
Bir neçələr müdam qılar taəti,
Neçənin səccadə alnına dəyməz.
QİYLÜ-QAL OLAR
Bir kişinin iki olsa əyalı,
Gecə-gündüz işi qiylü-qal olar.
Hər birinin vardır yüz min xəyalı,
Ovqat sürüb, görəcəyi hal olar.
Birin söyüb, birin eyləsə naçar,
Elə rüsvay olub, öz aybın açar,
Ağlı heyran olub, varından keçər,
Tən tutmasa yarın, bikamal olar.
Gahi bülbül kimi oxur dilləri,
Tamaşaya hazır edər elləri,
Gahi yer yumruqlar, gahi külləri,
Ərin görə bilsə, dilsiz lal olar.
Qəhr eyləyib, gəlməz olsa yanına,
Söz deməsə hər birinin şanına,
Belə ər qoşulmaz adam sanına,
İki xatın, bir ər – üç əyal olar.
Məxdumqulu, kimsə bilməz batini,
Evlənsəniz, baxıb alın zatını,
Yiyəm görkəzməsin yaman xatını,
Adam özün bilməz, xam xəyal olar.
GEDİB, GEDƏCƏK
Dostlar, bu dünyaya yoxdur ixtiyar,
Kim gəlibsə, hamı gedib, gedəcək.
Xoş keçir kimiyə, kimi ahü zar,
Qara yer hamını udub gedəcək.
Kimilər qocadır, kimilər yaşdır,
Kimilər varlıdır, kimi qəllacdır,
Məhşərə üz tutan bir ulu köçdür,
Hamımıza əcəl yetib gedəcək.
Fələk bir baqqaldır, dünya bir bazar,
Kimi yaxşı yolda, kimilər azar,
Kimilər Allahdan qılmazlar həzər,
Kimi haqq buyruğun tutub gedəcək.
Kimilər baxşıdır, kimi molladır,
Kiminin dilində ismi-Allahdır,
Hamısına ulu tanrı mövladır,
Kimi şeytan sözün bitib gedəcək.
Məxdumqulu, ümid etmək xudadan,
Yalvarmaq gədadan, əfv etmək şahdan,
Xeyir yoxdur sənə masəvalladan,
Kimi oyaq, kimi yatıb gedəcək.
HALIMA MƏNİM
Kərəm eylə, ya rəb, qüdrətli sübhan,
Qərib, qəmgin keçən halıma mənim.
Ağlım heyrandadır, olmuşam peşman,
Bilməzlikdə keçən salıma mənim.
Məhşərdə olmasan sən mənə dalda,
Ya rəb, necə olar işim o halda,
İmanım mətahın aparan yolda,
Rəhzənlər qoymagil yoluma mənim.
Din qılıncı vurum, təndə zorum yox,
Möhtaca nan verim, əldə zərim yox,
Bir fəqirəm, səndən ayrı yerim yox,
Bir təsəlli vergil könlümə mənim.
İstəsə tay-tuşlar başa altın tac,
Fəqirlik mülkündən mənə verən bac,
Ya yaradan, etmə namərdə möhtac,
Diləyim, tuş etmə zalıma mənim.
Aciz mənəm, səndən özgə kimim var,
Öz verən canına cəbr etmə, cabbar,
Məxdumqulu deyər, kərəmli qaffar,
Baxma əməlimə, felimə mənim.
HİCRAN HANSI, BİLMƏDİM
Fələk mənə qəm badəsin verəli,
Vüsal hansı, hicran hansı, bilmədim.
Haqq işinə tən vermişəm, görəli,
Arzu hansı, ərman hansı, bilmədim.
Bəndə olsan, gözlə haqqın rizasın,
Cəbr eyləsə, çəkməlisən cəzasın,
Əcəl atar bir gün tiri-qəzasın,
Kiriş hansı, kaman hansı, bilmədim.
Bir surətəm, baxman, bu gün özümə,
Arif olsan, qulaq vergil sözümə,
Dünya dibi yox görünər gözümə,
Dövr hansı, dövran hansı, bilmədim.
Az ömrümü çox sevdaya satmışam,
Bu canımı ol dəryaya atmışam,
Nə ümmandır, nə dənizdir, batmışam,
Zəmin hansı, zaman hansı, bilmədim.
Hər kim girsə ol dənizə-ümmana,
Başın alıb çıxa bilməz bir yana,
Qədəm qoydum ol səhraya, meydana,
Can hansıdır, cahan hansı, bilmədim.
Mən dünyanı asmandakı rəng bildim,
İsti-isti anlamadım, son bildim,
İndi onun varın-yoxun mən bildim,
Xeyir hansı, ziyan hansı, bilmədim.
Məxdumqulu, yolun önü, ardı var,
Çəkər yükün, hər kişinin mərdi var,
Ürəyimdə pünhan eşqin dərdi var,
Dərd hansıdır, dərman hansı, bilmədim.
QALMIŞAM
Cahilliyin coşu çıxdı başımdan,
Mən ol coşdan xali olub qalmışam.
Bir qəmə tuş oldum, getdim huşumdan,
Bu dərd ilə dolu olub qalmışam.
Başım yüz həvəsdə, könlüm coşğunda,
Girdaba düşmüşəm dəli daşqında,
Nəcd dağında gəzən Məcnun eşqində,
Yanar odlu Leyli olub qalmışam.
İgidlik fəslinı qışa yetirdim,
Kamillik gəmisin suda batırdım,
Böyük fikrə qaldım, ağlım itirdim,
El içində dəli olub qalmışam.
Bu dünyanı köçüb varan köç bildim,
İşini bəd sandım, özüm puç bildim,
Önün oyun gördüm, sonun heç bildim,
Diri ikən, ölü olub qalmışam.
Məxdumqulu, faş eyləgil sözünü,
Fələk müşti-xak etməyən gözünü,
Bu vaxtacan gənc bilərdin özünü,
İndi gör, bax, ulu olub qalmışam.
QIZMALI OLDUM
Eşq dəryası doldu, daşdı, qaynadı,
Təzə xüruc edib qızmalı oldum.
Könül taxtı dalğa üstə oynadı,
Onda qəvvas olub üzməli oldum.
Yatırdım düş gördüm, diksindim, durdum,
Eşq bir müşkül işdir, oxudım, gördüm,
Şövqün şirin gördüm, bu yola girdim,
İndi çarə yoxdur, dözməli oldum.
Yarın yeli əsdi, özü gizləndi,
Ümid əlin gərdi, bunca gözləndi,
Hicran qüvvətləndi, eşq ekizləndi,
Ol mətbəxdə qaynar, qızmalı oldum.
Bu fikirdən, bu xəyaldan dış olub,
Nəfsi-hava, kibr, kindən boş olub,
Ol bazarda eşq talana tuş olub,
Bəlli, candan ümid üzməli oldum.
Qana-qana içdim dostun zəhrini,
Zəhrin şəfa sansam, salmaz mehrini,
Bu gövdədə duran könül şəhrini
Eşqə nökər olub pozmalı oldum.
Məxdumqulu, ol mənzilə, diyara,
Girən bir də çıxa bilməz kənara,
Ey yaranlar, varmı bu dərdə çarə,
Alışıb, tutuşub gəzməli oldum.
NEYLƏYİM
Könlüm istər gəzə dünya-aləmi,
Qanadım yox, uça bilməm, neyləyim?!
Oxuyub görürəm feyzi-kəlamı,
Mənasını saça bilməm, neyləyim?!
Çoxlar onda qəvvas olub üzərlər,
Mənə zahir, xalqdan pünhan gəzərlər,
Gül badəyə gülgün şərab süzərlər,
El uzadıb içə bilməm, neyləyim?!
Öy dışında şərab içib nuş qıldım,
Getdi ağlım, özüm bilməz, coş qıldım,
Mey-məst oldum, bir qapıya tuş oldum,
Rüxsət olmaz, aça bilməm, neyləyim?!
İtdi yolum, dağ hansıdır, düz hansı,
Anmaz könlüm nəğmə hansı, söz hansı,
Fəhm eyləməm, yol hansıdır, iz hansı,
Ümid üzüb qaça bilməm, neyləyim?!
Məxdumqulu, bu dünyanın hamısın,
Yığıb, dürüb, yelə verdim namusun,
Fikir dəryasına ağlım gəmisin,
Batırmışam, kecə bilməm, neyləyim?!
TAPMAZSAN
Neçə işi ağıl ilə cəm etsən,
Fələk çaşır, bir gün hesab tapmazsan.
Bu can sağlığında xeyir qazangil,
Yer altına girsən, səvab tapmazsan.
Burda nə iş etsən, orda soraqlı,
Yaxşıdan daim al öyüdü, ağlı,
Ucal pillə-pillə, ey adəm oğlu,
Alimlər azalsa, ədəb tapmazsan.
İyirmi yaşında ərin nə qəmi,
Yıxar dağı, daşı, əridər dəmi,
Bir gün ötər igidliyin mövsümü,
Yüz ağla, yüz ara, cavab tapmazsan.
İgid olsan, gəzgil yaxşı ad ilən,
Köhlən minib, gəzgil pərizad ilən,
Ömrünü ötürgil cəmaət ilən,
Məscidi yıxılsa, mehrab tapmazsan.
Məxdumqulu, deyər əcəb coş etdi,
Ərənlər söhbətdə bir gün tuş etdi,
Bir kasa mey verib gülgün, nuş etdi,
Hər gün kasa dolu şərab tapmazsan.
ANLAMAZ
Bədəsilə bəylik yetsə bir gündə,
Alar ovun, salar quşun anlamaz,
Yarlığı yürüyən mürvətsiz bəylər,
Füqəra gözündə yaşın anlamaz.
Bələd başlar doğru yola çın ilə,
Aqil igid söz başlamaz «mən» ilə,
Namərd adam gənəşər zənən ilə,
Qoç igidlər zənən işin anlamaz.
Mərddən dilək etsən deyər: «Xub olar»,
Bir bəxşişdən yetmiş bəla dəf olar,
Müxənnəs gənəşi evdə çox olar,
Düşmən görsə, bu vərdişin anlamaz.
Haq yolunda kim xeyrat, ehsan qılar,
Qiyamətdə bir yerinə on gələr,
Namərd düşmən görsə, qüssədən ölər,
Qoç igidlər dördün, beşin anlamaz.
Məxdumqulu, bəy yanında dil başlar,
Qılıncı, qeyrəti olan el başlar,
Mərddən qardaş yığın görsə, yol başlar,
Namərd oğlu tayın-tuşun anlamaz.
SİRR GEDƏR
Çox namərdə mal veribsən, dun dünya,
Gözü göydə, qayğısı yox, sirr gedər.
Hanı ağlın, oda düşüb yan, dünya,
Nə mərdlər var, yoxsulluqda xor gedər.
Az ömrünü sürsən əlvan işrətdə,
Şirin canın qalar uzun həsrətdə,
Axmaqlar bu yerdə qalar qəflətdə,
Aqil olan öz qəmini yer gedər.
Nə doğru gələnə mehrin endirdin,
Nə də gəlməyənə salam göndərdin,
Heç fərqi yox səndə mərdin, namərdin,
Aslan ötər, tülkü keçər, şir gedər.
Gələn fayda dilər dünya şəhrindən,
Canın verib, quru qalar qəhrindən,
Dünya mardır, ol ilanın zəhrindən,
Tük tökülər, qanad sınar, pər gedər.
Dünya zənən, çox oynaşlı, əri bir,
Bir öpüşdə ətin, qanın sorub yer,
O dünyada şahla gəda, hamı bir,
Burda kimin nəyi varsa, qor gedər.
Adəm oğlu, çox düynanın yalanı,
Doğru sanma əyri baxıb güləni.
Fikirləşmə az verib çox alanı –
Borc malıdır, aldın, geri ver, gedər.
Məxdumqulu, güclü ilə dalaşma,
Xeyri qoyub şər işlərlə uğraşma,
Yaxşı-yaman sözüm çoxdur, qarışma,
Çünki hər kəs bildiyincə der gedər.
İRAQ EYLƏ ÖZÜNÜ
Dəli könlüm, məhəbbətsiz kişidən
Dış eyləyib, iraq eylə özünü.
Sevəni sev, sən sevənə ol rəfıq,
Sevməyəndən iraq eylə özünü.
Gidi namərd, getsə xidmət bitirməz,
Qədir bilməz, mərd bəhasın yetirməz,
Bir sirri söyləsən, içdə yatırmaz,
Sirdaş olma, iraq eylə özünü.
Xain kişi zər versə də xas olmaz,
Haqdan xofu yoxdur, onda rast olmaz,
Boynun burub, ərzin desən dost olmaz,
Sərxoş olma, iraq eylə özünü.
Sən inanma bu namərdin dilinə,
Altın-gümüş, xərac vermə əlinə,
Çöldə başın alıb gedər yoluna,
Yoldaş olma, iraq eylə özünü.
Məxdumqulu deyər, dava et dərdə,
Canım qurban olsun tanıyan mərdə,
Ağzı gülüb, qəlbi xain namərdə,
Qardaş olma, iraq eylə özünü.
YAĞIDIR-YAĞI
Dünya düşmən dürur, qafil adəmzad,
Mal ilə övladı yağıdır-yağı.
On səkkiz min derlər külli aləmi,
Günahı, fəsadı yağıdır-yağı.
Qul-qarabaş, malın, atın-eşşəyin,
At-yaraq, əsbabın, donun, quşağın,
Sevgili xatının, oğlun-uşağın −
Dünyanın hər zadı yağıdır-yağı.
Bəradərlər, başım qurban etsələr,
Cömərdlər aç olub, gözdən itsələr,
Malsız-halsız quru adı tutsalar,
İgidin şol adı yağıdır-yağı.
Dünya bir saraydır, saz ilə söhbət,
Sipahiyə − dəstgah, şahlara − şövkət,
Şahlardan dolansa ərkana dövlət,
Gələn varidatı yağıdır-yağı.
At qocalsa, qalar yemdən, qaçmaqdan,
Böri dişdən qalar, qartal dırnaqdan,
Baylar pis görünər quldan-qırnaqdan,
Bəndisi, azadı yağıdır-yağı.
Qaragöz balalar, evin uşağı,
Canına bəladır xəstəsi-sağı.
İgidlik gülşəni açılan çağı,
Dəysə xəzan badı, yağıdır-yağı.
Məxdumqulu, həqiqətdən süz sözün,
Bu gözün görəni görməz ol gözün.
Hər şeyin yığaraq, qoygil məcazın,
Bir haqdan özgəsi yağıdır-yağı.
TUT
Dünya görməz, tutqun qalsan bir küncdə,
Badi-pa tək yer üzünə gəldim tut.
Çin-Maçində, Rumda, hinddə, həbəşdə
Olan-olmuş hünərləri bildim tut.
Ac da olsan, varma yada diləyə,
De: «Köşkdəyəm, başım çatmış fələyə»,
Çöldə qalsan, heç tapmasan bir sayə,
İrəm bağı içrə sayə buldum tut.
Aş görəndə, özün atma irəli,
Gərçi ac olsan da, tez çəkil geri,
Zər tökübən, bəslə gerçək ərləri,
Tez ölsən də Nuh yaşına gəldim tut.
Möhtaclığın haqdan özgə bilməsə,
Ol ruzigar heç üzünə gülməsə,
Hindi kimin əynin-başın olmasa,
Sən şahların xələtini geydim tut.
Suya, yelə hökmü keçən Süleyman,
Baxsan, ondan nə nam qaldı, nə nişan,
Təşnə qalsan, yerin olsa çölüstan,
Dərya içrə mən İskəndər oldum tut.
Yoldaş olsan dilə düşməz mur ilə,
Fərş tapmayıb yerdə yatsan mar ilə,
İyirmi altı kərə yüz min ər ilə
Qarun xəzinəsin ələ aldım tut.
Məxdumqulu, çəksən cəfa, cəbr, bil,
Xudaya xoş gələr, şükr, səbr, bil,
Bu qıl cana qızıl təni qəbr bil,
Qızıl dilin sözlər ikən öldüm tut.
YAR EYLƏR
Ağlın olsa, yaxşılara həmdəm ol,
Axmaq özün nadan ilə yar eylər.
Haqq aşiqi nazlı yarın camalın
Görmək üçün gecə-gündüz zar eylər.
Əgər sirrim olsa, deyərəm mərdə,
Karvan yata bilməz qorxulu yerdə,
Qoy tanrı salmasın çəkilməz dərdə,
Namərdə dərd versə, çəkməz ar eylər.
Namərd öz öyündə mərdə söz atar,
Haqq ona kar etməz, özünü dartar,
Qoç igid mal tapsa, himməti artar,
Namərd varlandıqca könlün dar eylər.
Məxdumqulu, indi özünü gözlə,
Xeyir işin artır, yamanı düzlə,
Ağlın olsa, mərəkədə az sözlə,
Çox söz səni el içində xar eylər.
YETƏRSƏN
Gələn keçər, qonan köçər, adəmzad,
Yürü, sən də bir mənzilə yetərsən,
Bu dünyada yeydir qalsa yaxşı ad,
Bu dünyaya gəlmiş olsan, ötərsən.
Qafil adam yada salsın əslini,
Unutmasın gəlib keçən nəslini,
Fələk bilir əkən-biçən fəslini,
Orta yerdə sən nə işlər tutarsan.
Cəfa qoyma, qayıtmaz ki bu canın,
Bataqlıqdır hər tərəfi cahanın,
Tərpəndikcə bataqlığı dünyanın,
Qədəm qoysan, gövdən ilə batarsan.
Coşğun gəldi, həddin keçdi, söz açdı,
Doğru yoldan doğru gedən düz aşdı,
Bihudə deyildir ömrün güzəşti,
Hər çeştinə bir gününü satarsan.
Aldığı nə - al qumaşdır, simu zər,
Satdığı nə - dərdü əzab, qəm-kədər,
Dünya bazar, fələk, sən bir sövdəgər,
Məlumdur ki, bu alverdə udarsan.
Məxdumqulu, başında yüz köy vardır,
Ayrı mənzil, ayrı məkan, cay vardır,
Məzar adlı dar, döşəksiz öy vardır,
Ol öy içrə məhşərəcən yatarsan.
YEL İLƏ
Göz, könül, dil, ağıl − qaldı bu dördü,
Can vətən arzular, durdu yel ilə.
Xahişim var, gəl, tərk etmə bu yurdu,
İşrət sürgil, söhbət qurgil gül ilə.
Bir əcəb mənzildir, ümidin üzmə,
Könlünü soyutma, vətəndir, qızma,
Dükanın dağıtma, bazarın pozma,
Tən mülkündə bir neçə gün qal ilə.
Mehman oldun bu dünyanın öyünə,
Könül verib getmə onun küyünə,
Başın bağlar, məşğul edər oyuna,
Getsən verməz, aldadar yüz dil ilə.
Burda qul ol, var ol cahan sənindir,
Əlvan nemət, tazə büryan sənindir,
Behişt, Buraq, huri-rizvan sənindir,
Asi adam, doğru getsən yol ilə.
Fələk qoymaz bu gəzdiyin sarayda,
Qurdla qoyun müdar etməz bir öydə,
Dünya dolu xəznə yığsan nə fayda,
Düz mal oldur – sərf edəsən el ilə.
Göyü büküb yazsa yerin üzünü,
Qurd qanrılıb qapa bilməz guzunu,
Mübarizlər tuta bilməz özünü,
Fil də durar, bağlasalar qıl ilə.
Məxdumqulu haq qulluğun bitirsə,
Ər ol olar – əmrin bərcay gətirsə,
Mövlam özü divan üçün otursa,
Milçək durub dava edər fil ilə.
EHSAN HANSI, BİLİNMƏZ
Dərdim çoxdur diyarımdan, dövrümdən,
Xeyir hansı, ehsan hansı, bilinməz.
Zalımların cəfasından, cəbrindən
İslam hansı, iman hansı, bilinməz.
Söhbətlərdə haq kəlamı söylənməz,
Məclislərdə bir nəsihət eylənməz,
Halal hansı, haram hansı, söylənməz,
Xeyir hansı, ziyan hansı, bilinməz.
Xəlaiqdə görənək yox, görüm yox,
Baylarında səxavət yox, verim yox,
Əyallarda həya, qızda şərim yox,
Ədəb hansı, ərkan hansı, bilinməz.
Başqasının mal-mülkünü aldırar,
Təəssüblə qəlbinə kin doldurar,
Bir-birini nahaq yerə öldürər,
İnsaf hansı, aman hansı, bilinməz.
Məxdumqulu, can mehmandır, gövdə leş,
Yaxşıya dost çoxdur, pisə - yox qardaş,
Bu əyyamda baş ayaqdır, ayaq - baş,
Yaxşı hansı, yaman hansı bilinməz.
BƏYLƏR
Mərd ilə namərdin işi tən gəlməz,
Namərdlər savaşda ziyandır, bəylər,
Namərd qoç igidin qədrinı bilməz,
Namərdin hər işi virandır, bəylər.
Kamil qoç igidin haqqını yeməz,
Dünya malın versən, namərdlər doymaz,
Namərd məsləhətə, gənəşə uymaz,
Namərdin hər işi əyandır, bəylər.
Bir atada altı ata soyu var,
Bir nadanın yüz xəyallıq suyu var.
Qoç igidlər harda varsa öyü var,
Namərdin öz öyü zindandır, bəylər.
Dövlət başa gəlsə, dost-yarın görməz,
Qəza gəlsə, bağrın yerdən götürməz,
Haqdan deyər, ancaq iman gətirməz,
Məxdumqulu, böylə zamandır, bəylər.
ÖTƏNDƏ
Gəl güvənmə bu dünyanın malına,
Malın burda qalar, özün ötəndə.
Varın keçər varislərin əlinə,
Paylaşarlar əcəl yaxan tutanda.
Hamı getdi, burda tayın-tuşun yox,
Məscid ilə, mehrab ilə işin yox,
Rövzə ilə, namaz ilə xoşun yox,
Nə deyərsən ol mənzilə yetəndə.
Diş tökülüb, artıq tutmaz dizlərin,
Oğluna-qızına keçməz sözlərin,
Dünya həvəsindən doymaz gözlərin,
Gözün doyar ayın-günün batanda.
Ey adəmzad, bir gün odda yanarsan,
Bir şüşəsən, bu gün-sabah sınarsan,
Bir gün olar ağac ata minərsən,
Durammazsan qum altında yatanda.
Qüvvə qalmaz, bel bükülər, huş gedər,
Kimi naxoş gedər, kimi xoş gedər,
Məxdumqulu iki əlin boş gedər,
El yığılıb tabutunu tutanda.
SEVMƏK İLƏNİ
Eşqin odu xüruc alıb badlanır,
Heç sönməyir, yarım, sevmək iləni.
Yeni başdan dərd atına atlanır,
Heç getməz qapımdan qovmaq iləni.
Bədəsildə ağıl olmaz, dərd olmaz,
Min tülkü yığilsa, bircə qurd olmaz,
Namərd kişi ta ölüncə mərd olmaz
Tərif edib onu öymək iləni.
Yaxşı ər qədrini öz eli bilməz,
Başına iş gəlsə, yanına gəlməz,
Ol mərd igid zarlar, dərdi əskilməz,
Dad edib «Ya elim» demək iləni.
Balıqçı der: salım var da, suyum yox,
Namərd mehman görsə deyər: öyüm yox,
Bil, insan oğluna maldan doyum yox,
Yaxşı geyib yenə yemək iləni.
Dostlar, deyin, zəmin haçan qanarmış,
Pis niyyətdən, pis feldən dönərmiş,
Adəm oğlu bircə onda dinərmiş,
Ol amanat canın vermək iləni.
Dünya, heç bilməzdim belə basarsan,
Sən əlsiz tutarsan, ipsiz asarsan,
Fəraqi, dilin yığ, dilin kəsərsən,
Ağ don geyib yerə girmək iləni.
RÜSVA CAHANDAN
Könüllər köşkündə biqəm oturan,
On iki kişi var rüsva cahandan.
Arif olub dünyaya söz yetirən,
Gap edərmiş yetmiş iki zəbandan.
Yalavac oturmuş haqqı zarlayıb,
Fələk onu dan-səhərlər varlayıb,
Gündüzü uçarmış göyə parlayıb,
Çox lənət tökərmiş yerə asmandan.
Zəbərdəst pirlərə olmuş xəlifə,
Gündə beş vəqt uçub gedər məğribə,
Zəmindən əzm edər ol afitaba,
Ağlın yetsə soruş bunu Qurandan.
Doqquz il su içməz, nə də aş yeməz,
İyirmi beş il gəzər, cahana enməz,
Əlli il yaş tökər, gecələr dinməz,
Tökən yaşın, varıb sorar ümmandan.
Səksən dörd qulu var, yetmiş əyalı,
Yenə yüz beşində qalmış xəyalı,
Dünyaya sığmayır dövləti-malı,
Ot yeməz heyvan tək doymayır nandan.
On beş ağ öy qurub, taxtın saldırmış,
Yeddi minarəni başdan qaldırmış,
Nərə çəkib aləmə od doldurmuş,
Onca sorub, gözü doymayır qandan.
Gözündə od yanar, ağzında tütün,
Gecələr yeyərmiş özü öz ətin.
Qoparıb sağ gözün, sağala çətin,
Üstünə gələndə keçər imandan.
Məxdumqulu, ağlı olan söz kəsər,
Başqası söz desə, ol nəcis əsər,
Kim bilir, ol nərsə dünyanı basar,
Çoxu naümiddir cəsəddə candan.
İL İLƏ
Başına gələndir qocalıq qışı,
Heç ayrılmaz aylar ilə, il ilə,
Töküldü dəhandan haq verən dişi,
Yoxdur xoşum şirin sözlü dil ilə.
Nurlu cahan gözlərimə zindandır,
Gecə-gündüz qanlı yaşım rəvandır,
Ürəyim taqətsız, qəlbim ərmandır,
Həvəsim yox, dostlar, qızıl gül ilə.
Ötdü məndən ol igidlik qeyrəti,
Qocaldı, ayrıldı ilxıdan atı,
Fələk başa saldı çıxmaz afəti,
Dizdə qüvvət yoxdur, əyri bel ilə.
Dolandı başıma baqi gərdişi,
Yatsam-dursam çıxmaz dünyanın işi,
Dad edib çəkərəm onca xahişi,
Ömrüm keçib varar altmış sal ilə.
Fəraqi der, yox dünyada həvəsim,
Bircə dində olub qaldı ixlasım,
Zar edib ağlasam, dinlənməz səsim,
Heç arzum qalmadı gözəl il ilə.
MƏRDAN HANSI, BİLMƏDİM
Mərd gözləyib öz elimdən çıxmışam,
Eyya dostlar, mərdan hansı, bilmədim.
Qürbətdən ayrılıb, laya çökmüşəm,
Suya girib, ümman hansı, bilmədim.
Qanadsız uçmuşam qarçqay quş olub,
İndi biqədirəm, qara daş olub,
Kitab açıb, neçə dinə tuş olub,
İslam hansı, Quran hansı, bilmədim.
Bir gapa duşmüşəm, aça bilməzəm,
Qanadsızam, göyə uça bilməzəm,
Taqətsizəm, yurddan köçə bilməzəm,
Cəfa hansı, dövran hansı, bilmədim.
Məğlub oldum fələklə ox atışıb,
Ayaqlara düşdüm, yaxa tutuşub,
Səhər çağı bir mehraba sataşıb,
Namaz hansı, əzan hansı, bilmədim.
Qaplana uğrayıb, tuş oldum qurda,
Özüm bilməm, nə edirəm mən burda?
Çox sözləyib, düşdüm çarəsiz dərdə,
Loğman hansı, dərman hansı, bilmədim.
Ürəyimdə qalar oldu ərmanım,
İsa, Mehdi, Loğman bilməz dərmanım,
Məxdumqulu deyər, dostum-yaranım,
Kəlam hansı, dastan hansı, bilmədim.
GÖRÜNMƏZ
Durgil, Cəbrayıldan xəbər sorayım,
Nə səbəbdən gözəl yarım görünməz?
Dolanıb qapına gündə varayım,
Əhdi-peyman − ol iqrarım görünməz.
Fələk, çərxi-dövran biqərar gəlmiş,
Namusdan dış düşüb, haqdan utanmış,
Çox gənclərlər qocalıb, qoca gənc olmuş,
Çırağım sönübdir, narım görünməz.
Xəsislər mərd olub, gəda şah olub,
Mərdlər namərd olub, pir dindən qalıb,
Əzanlar kəsilıb, məscid yapılıb,
Haqdan özgə bir azarım görünməz.
Məxdumqulu deyər, bu nə hekayət,
El varı alimdır, tutmaz nəsihət,
Asmandan enibdir zəminə afət,
İsa, Mehdi, Məlik Əjdər görünməz.
Dostları ilə paylaş: |