EYLƏR
Xəsis adam mehman alsa,
Var zadını pünhan eylər.
Bir yurdun bazarı qızsa,
Hər bir adam dükan eylər.
Fələkdən çəkdim amanı,
Könlümdən getdi dumanı,
Daim hicran bu vətəni
Özü üçün məkan eylər.
Qaçmaz fanidən utanıb,
Gələrmiş qanadın yayıb,
Mərd igidin ərkin alıb,
Görün, fələk nadan eylər.
Cahanda öyüd verərəm,
Öyüd tutuşun görərəm,
Bihudə ağlar, yürürəm,
Fələk daim güman eylər.
Qəflətdən çıxmadı başım,
Daim fələkdir yoldaşım,
Oturmuşdır yaxın qonşum,
Bu sözümdən giryan eylər.
Çıxmışam zünnar bağlayıb,
Canü ciyərim dağlayıb,
Məxdumqulu, qan ağlayıb,
Bir həsrətli dastan eylər.
CAN İÇİNDƏ
İmanım ərkanıdır
Bu gözəl can içində.
Namərdlər dövranıdır
Axmaq sultan içində.
İqbal atın sürmədim,
Əcəb zaman yürmədim,
Leyli deyər görmədim
Sən tək Məcnun içində.
Ürəyim oda dağlı,
İzim gördüm soraqlı,
Günəşim xuna bağlı,
Ciyərim qan içində.
Deyər kabab ol nara:
-Qoydun sən çox azara.
Dəhan içrə avara
Ağlar dəndan içində.
Daşlar deyər: «Qəllacam»,
Kəmər deyər: «Mən acam»,
Dağ deyər: «Naəlacam,
Başım duman içində».
Heyvan içrə ümmətəm,
Nə əcaib surətəm,
Bədəv deyər: «Qiymətim
Vardır köhlən içində».
Balıq deyər: «Üzərəm,
Dəştdən əlim üzərəm,
Mən ərkana gəzərəm,
Ulu ümman içində».
Gül deyər: «Boyanmışam,
Bülbüldən utanmışam,
İndi, neylim, solmuşam,
Qışda xəzan içində».
Bülbül deyər: «Can-tənim,
Bağ içində hər günüm,
Meyxanadır məskənim,
Ötüb reyhan içində».
Bars deyər: «Tövbə qıldım,
Təbana həmrah oldum,
Daim bəndi mən qaldım,
Mahi-təban içində».
Mey deyər: «Mən içildim»,
Çiçək deyər: «Açıldım»,
Ənbər deyər: «Saçıldım,
Baği-bostan içində».
Kəlam deyər: «Sözlərim,
Yüzləşibdir yüzlərim».
Deyər gördüm: «Gözlərim
Yari-canan içində».
Mal deyər: «Mən iqbalam»,
Röya deyər: «Əhvalam»,
Göftar deyər: «Mən balam,
Şirin zəban içində».
Namərd söyləyər: «Aman»,
Deyər mərd: «Vergil düşman»,
Söyləyər şirin zəban:
«Yerim dəhan içində».
Aşiq deyər: «Pərvanam»,
Eşq söyləyər: «Suzanam»,
Məxdumqulu, heyranam,
Fani cahan içində.
DÜŞMƏZ
Gözlərimin rövşəni
Əcəb nurana düşməz.
Baği-İrəm gülşəni
Fani cahana düşməz.
Boş qoyubsan bu səri,
Vurdu eşqin əsəri,
Can şəhrində bir pəri
Bazar-dükana düşməz.
Sevdiyim şirin candır,
Ol pəriyə qurbandır,
Külli aşiq heyrandır,
Atəş-suzana düşməz.
Mən fəqirəm, neyləyim,
Dərdi-halım söyləyim,
Yarım tərif eyləyim,
Qeyri zəbana düşməz.
Türküstandır xəyalım,
Açgil, tanrım, sən yolum,
Hicran qərq edən salım
Dəli ümmana düşməz.
Siyahdır bitən gülü,
Amma şirindir dili,
Dəşt içrə ərəb eli
Adil fərmana düşməz.
Gözüm görmüş Hindistan,
İran ilə həm Əfqan,
Ümman, Xəzər, Dehistan...
Yürsəm, mizana düşməz.
Mərd igidə ver qeyrət,
Viranı qılgil abad,
İti qılınc, ərəb at
Feli-yamana düşməz.
Qibləyə tutdum üzüm,
Qələt deyildir sözüm,
Məxdumqulu der, gözüm
Qeyri vətənə düşməz.
SÖHBƏT OLMASA
Məclisin avazı olmaz,
İçində söhbət olmasa.
Şahlar gəlib, taxtın almaz,
Bu işdə şövkət olmasa.
Eşqin yaxan odu çıxmaz,
Aşiq yanar, tüstü çıxmaz,
Sultanların adı çıxmaz,
Bir ulu dövlət olmasa.
Çəkdiyim cəbri-həsrətdir,
Qullar məkanı Məşhəddır,
Adəm oğlu daim şaddır,
Könlündə firqət olmasa.
Hara qaçsan fələk yetər,
Gəl, yarışma, səni ötər.
Bir namərddən nə iş bitər,
Qaynar qan, qeyrət olmasa.
Ulu dağlar yerə batmaz,
Əgər batsa, geri çıxmaz,
Mürğ, heyvanın zarı çıxmaz
Dağlarda səyyad olmasa.
Fələk durub qanad yaymaz,
Fağır yoxsul qızıl saymaz,
Çın gözələ ara qoymaz,
Belində kəmənd olmasa.
Dünənki eşq bu gün sönər,
Pərvanalər mürğə dönər,
İgid ər namərdə dönər
Ərəbi səmənd olmasa.
Şirin canlar olsa cüda,
Cismin nə iş qılsın gəda,
Ərz eşitməz qadir xuda,
Ellərdə taət olmasa.
Yansa cəsəd, nara qalmaz,
Güllər solub xara qalmaz,
Dövlətli el xərə qalmaz,
İçində fəsad olmasa.
Fani cahan cana afət,
Qoyar bu sərə qiyamət,
Gözəl eldən gedər dövlət,
Eldə səxavət olmasa.
Canları torpaq eylərsən,
Cəsədə afət eylərsən,
Qara daşı, de, neylərsən,
Elinə hacət olmasa.
Yaxşı yerə fəsad varmaz,
Ariflər adın sorammaz,
Xəsis evdə mehman durmaz,
Neyləsin, hörmət olmasa.
Fələk uçar, heç yürüməz,
Ətrafına dönüb baxmaz,
Qoç igidlər heç qarımaz
Ürəkdə həsrət olmasa.
Günlər ötər, keçər aylar,
İlbəildən artar vaylar,
Miskin olar ulu baylar
Haqdan mürüvvət olmasa.
Derlər: «Yaxınmış axirət»,
Görən varmıdır aqibət,
Məxdumqulu, quru dərəxt ―
Adamda züryət olmasa.
YOL İLƏNİ
Namərd sözə qulaq asmaz,
Desən getməz yol iləni.
Can matahdır, fələk satmaz
Gövhər ilən, zər iləni.
Dərdimi qılmazlar asan,
Çəkməz onu hər bir insan,
Qılar oldu fələk yeksan
Onca canı yer iləni.
Can cismimdə ahəng qıldı,
Fələk ilə çox cəng qıldı,
Bədəv köhləni tən qıldı
İsa minən xər iləni.
Ötən ömrü hesab eylər,
Ötməyənə əzab eylər,
Bu fanini əcəb eylər,
Fələk, baxın, nur iləni.
Mahitabı ol yaşırdı,
Tündə nurunu qaçırdı,
Qansız heyvanı uçurdu
Bircə quru pər iləni.
İqbal atımı sürmədim,
Yaxşı-yamanı görmədim,
Beşcə gün dövran sürmədim
Əcəb türfə yar iləni.
Könül aşna olar oldu,
Zəfəran tək solar oldu,
Məşuqundan qalar oldu
Narlı tütün zar iləni.
İndi növbə bizə yetdi,
Tutan quşum fələk ütdü,
Oncaları aşna etdi
Əcəb camal huri iləni.
Hər kimə ki baxar oldu,
Onun arxı axar oldu,
Pərvanəni yaxar oldu,
Aldadaraq nar iləni.
Adam ağarmaz un ilə,
Can alınmaz zər-xun ilə,
Məxdumqulu, Məcnun ilə,
Oldu həmrah zar iləni.
QALDI
Adəm oğlu, can şəhrində,
Gözlə, izdə xanın qaldı.
Qəllac qalıb sən cahanda,
Fanidə, bax, donun qaldı.
Gül şəhrinə düşdü talan,
Viran oldu köşkün, qalan,
Başın açıq, ayaq yalan,
Fələk əldə gönün qaldı.
Qara dağlar, mən sirdaşın,
Yalnızam de, tökmə yaşın,
Götürgil qocalan başın,
Sərində dumanın qaldı.
Tor qurublar bircə cana,
Düşməgil bavər cahana,
Fel tutarsan dünya-kanə,
Ol ulu süxənin qaldı.
Neylək, bizdən uzaq getdin,
Hansı yerdə məskən tutdun,
Miskinlərə cəbr etdin,
Kafirsən, imanın qaldı.
Adəm oğlu, degil sözün,
Bənddir, açgil iki gözün,
Siyah rəngi oldu üzün,
Məgər sənin canın qaldı.
Fələk deyər: darül-aman,
Əlimdədir gələn zaman,
Taxtın viran, ey Süleyman,
Ol yürür fərmanın qaldı.
Qəflət içrə yatar oldun,
Qəm layına batar oldun,
İndi görgil, ötər oldun,
Nə əcəb dövranın qaldı.
Gedər oldun, önün başla,
Doldu beytin, gözün yaşla,
Məxdumqulu, bağrın daşla,
İzində tabanın qaldı.
KAR İLƏ
Qafil adam, qəm altında yatıbsan,
Ötdü ömrün ufaq-təfək kar ilə.
Dünya mardır, yastılanıb yatıbsan,
Dincələrmi söylə yatan mar ilə?
İman qazan, insafını udmagil,
Görə-görə özün oda atmagil,
Munda bidar-oyaq qalıb yatmagil,
Munca dözüb yatacaqsan gor ilə.
Hara getsən varan yerin gor olar,
Xeyir qazan, yatan yerin nur olar,
Yaxşı olsan, yerin cənnət-hür olar,
Yaman olsan, yandırarlar nar ilə.
Gözün yumdun, səndən ayrılar malın,
Ölərsən, dirilər nə bilər halın,
Yaxşı-yaman, hər nə isə amalın,
Qarşın alıb durar müdam var ilə.
Əsli kafir müsəlmana qatışmaz,
Düz müsəlman haram işə tutuşmaz,
Mənzil kəsməz, heç bir yana yetişməz,
Başçı tutub, yola girən kor ilə.
Ömrünə aldanma, ötənə yanma,
Malına güvənmə, mülkə dayanma,
Munda bəd işləmə, onda utanma,
Hesab günü xeyrin alıb var ilə.
Məxdumqulu, doğru sözə tən vergil,
Səvab mundan ötməz, tapsan, nan vergil,
Könlün tapan dost yolunda can vergil,
İşin nədir, səni deməz yar ilə.
KÖZ İLƏ
Kimim var ki, yara ərzim yetirsin,
Eşq oduna yandım getdim köz ilə.
Gəlib öz əliylə odum söndürsün,
Yoxsa sönməz varan ilə, buz ilə.
Gələn keçdi, gələcəyə yurd qoydu,
Aşnalığı namərd açdı, mərd qoydu.
Yar sinəmdə dağ üstündə dərd qoydu,
Dərd üstünə bürc qoyubdur duz ilə.
Məşuqum tapdırmaz, tapsam, el verməz,
İqbalım oyanmaz, bəxtim həm durmaz,
Ürək həm dincəlməz, könül həm durmaz,
Dost camalın görməyincə göz ilə.
Bir dərdə düşmüşm, heç kimsə bilməz,
İsa anmaz, Loğman çarəsin qılmaz,
Gələr, durmaz, duman başdan sovulmaz,
Hər zaman bir dərd söylərəm söz ilə.
Min eşq ilə mali-dünya yığarsan,
Bir şahıyçün yüz könülə dəyərsən.
Dünya dərya, tən bir saldır, axarsan,
Haçanacan tay gedərsən düz ilə.
Bu dünya malından kim qandı bir zad,
Əvvəli qəm-qayğı, axırı bərbad,
Olacağın budur sənin, adəmzad,
Yox olarsən torpaq ilə, toz ilə.
Məxdumqulu, nə mənzildir, durarsan,
Yurd kimindir, ağır işlər vurarsan,
Qismət olsa, qarış yerə girərsən,
Nəsib etsə, altı arşın bez ilə.
BƏLLİDİR
Eşşək özün əskik saymaz bədəvdən,
Qiymət etsən, at yanında bəllidir,
Bədəv desən, bütün atlar bir olmaz,
Çin bədəvlər meydanında bəllidir.
Uşaqlıqda bilməz idin, bəy idin,
Yamana heç keçməz sözün, öyüdün,
Arif olsan, əslin sorma igidin,
Ədəbində, ərkanında bəllidir.
Bu cahanda bilinməyən sir olmaz,
Hər yolbarsdan qaplan olmaz, şir olmaz,
İgid desən, hər igid də bir olmaz,
Qoç igidlər mehmanında bəllidir.
Dövlət qonsa ucalacaq başın da,
Həmayətin − elin gərək qaşında,
İgid özün məlum edər işində,
Qılıncında, zəbanında bəllidir.
Məxdumqulu, qəriblərin göz yaşı,
Dağları yandırıb, əridər daşı,
Fəqirə zülm edən zalımın işi
Ruzi-məhşər divanında bəllidir.
GƏLSƏ
Dünyada neçə iş vardır, yamandır,
Biri ol kim, yersiz qəhri coş gəlsə,
Aşiqə hər bir gün axır zamandır
Yardan iraq düşüb, ara dış gəlsə.
Dostunu əyləmə, nəfdən qalmasın,
Düşməni saxlama, sirrin bilməsin,
Acda alğın, bəyə vergin olmasın,
İş müşküldür, anlamaza tuş gəlsə.
Zəmin səni diri-diri udarmı,
Aqil böylə yerdə biqəm yatarmı,
Heç bir masqaralıq bundan ötərmi,
Gedən quru getsə, gələn yaş gəlsə.
On qat öyün olsa dəmir qaladan,
Əcəl tapar, əmr olsa Allahdan,
Əsil kişi üz döndərməz bəladan,
Haq rizası ilə başa daş gəlsə.
Sofuyam der, laf vurarlar yalandan,
Mənasını soruş bəlli biləndən,
El gözüncə yüz il taət qılandan,
Yaxşıdır bir səhər gözdən yaş gəlsə.
Məxdumqulu, söylə ağlın yetincə,
Qiyamətin qazan, bekar yatınca,
Tamudadır ta dünyadan ötüncə,
Yaman xatın yaxşı ərə tuş gəlsə.
HƏM OLMASA
Doxsan dürlü təam olsa qarşında,
Nə ləzzət, içində duz həm olmasa.
Nə bilərsən nə iş vardır başında,
Müşkül işdir başda göz həm olmasa.
Ayaq var getməyə, əl var almağa,
Hanı bəndə, sağlıq şükrün qılmağa,
Qulaq vardır eşitməyə, bilməyə,
Kim danışar dildə söz həm olmasa.
Yox yerdən can verib, yetirdi nanı,
Könül bostanında bitər imanı,
Adı bəndə olan, yiyəni tanı,
Gəlib sənlə üzbəüz həm olmasa.
Qismətin haq bilən rizqin azlamaz,
Söz bilənlər bilən sözün gizləməz,
Könül cuşə gəlməz, dil həm sözləməz,
Hər ürəkdə eşqdən köz həm olmasa.
İldən-ilə fəsad artar əyyama,
Haqqın özü gətirməsə əncama,
Dünya sözü bənzər duzsuz təama,
Söz içində gəlin-qız həm olmasa.
Yum gözünü, gəz qısaraq dişini,
Yaza yetsən, unutma sən qışını,
Təvəkkül et, Ona tapşır işini,
Səbr ilə bitər iş tez həm olmasa.
Məxdumqulu, xəyal düşüb özümə,
Çox tamaşa gəlib, keçər gözümə,
Eşidənlər, eyib etməz sözümə,
Ellər kimi sözüm uz həm olmasa.
ƏLDƏ VARI OLMASA
Zamana belədir – gözə dəyməzlər,
Hər igidin əldə varı olmasa.
Yüz tümənlik sözün saya salmazlar,
Bir kişinin ixtiyarı olmasa.
Tən bir dar qəfəsdır, can bir vəhşidir,
Dilə gələn sözlər könül nəqşidir,
Odlu, sulu tamu ondan yaxşıdır,
Hər ölkənin bir bazarı olmasa.
Bəyzadələr qaldı çoban təhrinə,
Gen qaçan tuş gələr ilan zəhrinə,
Bərbad olub, dönər Lutun şəhrinə,
Hər ölkənin hakim əri olmasa.
Dünyada onlardan anlamaz kandır,
Bilməz bir bəladır, bilənlər – candır,
Ol igidlər adam dilli heyvandır,
Söz qanmasa, həm iqrarı olmasa.
İgidə yoxsulluq yaman bəladır,
Sözünü tay-tuşdan arxa saladır,
Pis hərəkət dostu düşmən qıladır,
Quru qalsın el dərkarı olmasa.
Haq hər kəsə bir yaxşı yar verməz ki,
Sözü ahdır, içi qəmdir, gülməz ki,
Yüz yaşasa, beş gün ömür sürməz ki –
Hər kimin münasib yarı olmasa.
Məxdumqulu, haqqa tapşır özünü,
Hər şey üçün gəl saraltma üzünü,
Xahişim var, tərk elə bu sözünü,
Nəyə gərək xiridarı olmasa.
QƏLƏNDƏR İLƏ
Görərəm səfa mən, tanrıya dilkeş,
Divaneyi-dəhrəm qələndər ilə.
Çəkdiyim nalədir, ürəyim qəmkeş,
Xörəyim atəşdir səməndər ilə.
Cəsədim xoşnüma, ciyərim büryan,
Ürəyim pürqəmdır, gözlərim giryan,
Dilim quş dilidir, surətim insan,
Həmzəbanam bütün nəsnələr ilə.
Fələk kin bəsləyər, əyyam and etmiş,
Dövlətim boynuna qıl kəmənd atmış,
İqbalım, işığım, bəxtim bənd etmiş,
Dışın dəmir, için simuzər ilə.
Hacətim ver, ya haqq, eylə tədbirim,
Məqsədim şanına toxuna tirim,
Dərməndə qalmışam, eylə dəstgirim
Xıdır ata, İsa peyğəmbər ilə.
Məxdumqulu deyər, yer üzün üzsən,
Axırı ölümdür dünyanı düzsən,
Üç yüz əlli altı il aləmi gəzsən,
Filkus oğlu şahi-İskəndər ilə.
VARDIR
Gündə yüz min köç olsa ol dünyadan,
Ol miqdar dünyaya gələn də vardır.
Yüz min axmaq olub, getsə rayinə,
Yüz min özün yola salan da vardır.
Yüz min dərviş sinə dağlı oturan,
Riyazətdə beli bağlı oturan,
Neçə yerdə görsən, ağlar oturan,
Neçə yerdə biqəm gülən də vardır.
Seyran etsən bu dünyanın dörd bürcün,
Qarışıbdır halal, haram, ərvah, cin,
Neçələr təmizlər, yol gedərlər çın,
Neçə yüz min gümrah olan da vardır.
Uğursız əyyamlar, anlamaz ərlər,
Kaş soran olaydı, saçaydım dürlər,
Hanı ol Süleyman, Rüstəmlər, şirlər,
Demə, pusub, susub qalan da vardır.
Məxdumqulu, qəlbə qayğı gətirmə,
Bu bir iş vaxtıdır, özün itirmə,
Sözüm anlayan yox deyib oturma,
Cahan gendir, çəndan bilən də vardır.
GƏLMƏZMİ
Fələk, sənin bu dövlətli gərdanın
Bizə sarı çevrilməzmi, gəlməzmi?
Leşin yerə saldın neçə mərdanın,
Zəmin insaf eyləməzmi, dolmazmı?
Dünya, sənin at işləməz gərdişin,
Qızıl qandan qırmız olubdur dişin,
Keçi-qurd dostluğuna bənzər edişin,
Qəmli şad olmazmı, ağlar gülməzmi?
Oraqsız biçərsən, tiğsiz kəsərsən,
Yumruqsuz əzərsən, ipsiz asarsan,
Əl-ayaqsız bir bixəbər basarsan,
Yıxan basar yatar, dönüb gəlməzmi?
Fələk səni udar vuruşsan, söysən,
Gövdəni götürüb, qanadın yaysan,
Bu zülmü bir şəxsin boynuna qoysan,
Qorxusundan saralmazmı, solmazmı?
Məxdumqulu, hər səhərdən, səbadan,
Xali olma bu nalədən, duadan,
Bütpərəstlər bütdən alsa muradın,
Haqdan dilək diləyənlər almazmı?
GEDƏCƏK
Bu dünya fanidır, tutmaz binanı,
Bu dünyaya gələn keçib gedəcək.
Kimdir kainatda tutan cahanı,
Tutanın əllərin açıb gedəcək.
Şirin-şirin salar hesaba dünya,
Acı-acı qoyar əzaba dünya,
Yetilməz, tutulmaz bu qəhbə dünya,
Tutdum-tutdum desən, qaçıb gedəcək.
Dövrlər dolanar, gərdişlər dönər,
Neçələr köçərlər, neçələr qonar,
Neçənin məşəli təzədən yanar,
Neçənin çırağı sönüb gedəcək.
Kimi haqdan qorxub, rəngi saralıb,
Kimi dünya qovar, yüyürüb, yetib,
Kimi yüz həsrətdə, kimisi gülüb,
Kimi gözdə yaşın saçıb gedəcək.
Kimi bəyliyində düşməz eyvandan,
Kimi yoxsulluqda yox olar candan,
Kimi haram bilib, tez qaçar bundan,
Kimi araq, şərab içib gedəcək.
Kiminin həyatı işrətdə keçib,
Kimisi haramı halaldan seçib,
Kimi fərq qoymadan hər işi edib,
Gözü bağlı quş tək uçub gedəcək.
Kim qaçsa düşəcək fələk dalına,
Dodağın həsrətdir dünya malına,
Bir gün orağını alıb əlinə,
Quru-yaş demədən biçib gedəcək.
İki gün xoş olsa, üç günü vaymış,
Neçəsi mənzilmiş, neçəsi caymış,
Bu dünya sanki bir karvansaraymış,
Gələn yük yazdırıb, keçib gedəcək.
Məxdumqulu deyər, tikan yox, gül yox,
Nə igid, nə qoca, nə şah, nə qul yox,
Dilənçi, dərməndə, bay yox, yoxsul yox, –
Hamı yer qoynunu qucub gedəcək.
GƏZƏMƏK İLƏN
Yetmiş yaşlı qardaş, əl vurma yaya,
Oxun dolu keçməz gəzəmək ilən,
Güvənmə kəsəkdən qurulan öyə,
Kəsək bina tutmaz düzəmək ilən.
Adəmzaddan çıxar adamlıq işi,
Qəlp adamın nə qızılı, nə misi,
Möminə azardır adamın pisi,
Dönüb, dava edər duz-çörək ilən.
Uzaq yola bidövləti baş etmə,
Allahın əmrindən könlün dış etmə,
Axmağa sir verib, sirrin faş etmə,
Xəlbirdə su durmaz gözəmək ilən.
Dost tutma qocalmış kosa xəsisi,
Vara yox deyəcək, boşdur kisəsi,
Birivar boş etsə ağlın kasasın,
Nə fayda dışından bəzəmək ilən.
Əvvəl, Məxdumqulu, özünü düzət,
Xalq dünya dersə, sən məhşərə göz et,
Az yegil, az yatgil, sözünü az et,
Nə var mənasız söz uzamaq ilən.
ƏLİF QƏDDİN DAL OLAR
Adəm oğlu, bu dünyada gəzərsən,
Bir gün sənin əlif qəddin dal olar.
Qafil olma, doğru yoldan azarsan,
Bülbül kimi ötən dilin lal olar.
Axır zaman olsa, fitnələr dursa,
Zalımlar yamanlıq məclisin qursa,
Padişahlar rüşvət deyib dəm vursa,
Fəqirlərə gün-nəfəqə hal olar.
Yaxşı-yaman, izzət qılar baylara,
Fəqirlər, yoxsullar qalar vaylara,
Hər igid ki, qərib düşsə caylara,
Həsrət çəkər, hər bir ayı ıl olar.
Hər kimsə şəriət yolun bilməsə,
Alimlərin sözün gözə almasa,
Qırx yaşında kişi tövbə qılmasa,
Onun işi hiylə, məkr, al olar.
Hər igid ki, qərib düşsə vətəndən,
Xəbər sorar hər bir yoldan ötəndən,
Naçar qalıb hacət dilər yetəndən,
Hacəti bitməsə, qeylü-qal olar.
Gəl, ey dostum, çəkmə qayği-qəmi sən,
Axıtma gəl gözlərindən nəmi sən,
Bu dünyada qənimət bil dəmi sən,
Qayğı çəksə, igid başı çal olar.
Məxdumqulu, nəsihətlər düzərsən,
Xəlayiqin ürək-bağrın əzərsən,
Lakin özün doğru yoldan azarsan,
Rüstəm olan bir gün piri-Zal olar.
TÖKÜB GEDƏCƏK
Qəm dumanı basıb qərib könlümü,
Gözüm yaş saxlamaz, töküb gedəcək,
Kimdir rəhm eyləyən, sorub halımı,
Sınıq könlüm görkün yıxıb gedəcək.
Gərçi od yaxsalar aşiq yağından,
Ölüm asan olar dost fərağından,
Hicran məni qovdu səbr dağından,
Fəraq buğum-buğum söküb gedəcək.
Əvvəl dövranımı çərx bulaşdırdı,
Qəm canım qurutdı, od tutuşdırdı,
Eşq məni yandırdı, həddən aşdırdı,
Ürəyim içimdən çıxıb gedəcək.
Farağat yatırdım nəfsim bəsləyib,
Durdu könlüm yar camalın səsləyib,
Haqdan hacət, haqdan murad istəyib,
Gözüm ol yollara baxıb gedəcək.
Məxdumqulu, macalım yox, söyləyim,
Dostlara dərdimi əyan eyləyim,
Ey yaranlar, ağlamayım neyləyim,
Eşq məni yandırıb, yaxıb gedəcək.
DIŞ QALDI
Çəkdik zövqü səfa cavanlıq çağı,
Bahar ötüb keçdi, bizdən dış qaldı.
Qocalıq yetişdi min əzab ilə,
Mizan ötdü, xəzan gəldi, qış qaldı.
Ömrümü sərf etdim hay ilə vaya,
Qulluq-taət eyləmədim xudaya,
Misilsiz gəncliyi ötürdüm zaya,
İndi nə güc-qüvvət, nə bir coş qaldı.
Ömrümün qalmadı bir zərrə şadı,
Heç kimsə eşitməz ahı-fəryadı,
Cismim kabab etmiş ayrılıq odu,
Ürəklər qan olub, gözdə yaş qaldı.
Ayrılıqdan cismimə od qalandı,
Gülüm soldu, xəzan gəldi dayandı,
Xəzinəm çapıldı, öyüm talandı,
Nə məndə bir ağıl, nə bir huş qaldı.
Qoydu məni yüz min azara firqət,
Gecəm uzun oldu, dan atmaq − riqqət,
Qüssə ilə gün keçirmək məşəqqət,
Nə canda farağat, nə bir eyş qaldı.
Ayrılıq canıma çox azar verdi,
Rəncü ələm çəkdim, tənim saraldı,
Qüssə ilə saç-saqqalım ağardı,
Nə ruhda şad, nə könüldə xoş qaldı.
Məxdumqulu, işim qeylü-qal oldu,
Şum ayrılıq ilə ağlım lal oldu,
Bilmədim, nə sevda, necə hal oldu,
Can təndən ayrıldı, quru leş qaldı.
NƏDİR
Yeddi yaşar ərəb atın şanında
Məlum olmaz, təpə nədir, düz nədir.
Ünü yetən qoç igidin yanında
Əlli nədir, altmış nədir, yüz nədir.
Namərd oğlu qorxu çəkər meydandan,
Ağac adam olub görnər hər yandan,
Müxaənəslər xoflu yerdə düşmandan
Secə bilməz, duman nədir, toz nədir.
Süvar olub minər atın bilməyən,
Arif olub öz izzətin bilməyən,
Söhbət içrə söz ləzzətin bilməyən
Duya bilməz məclis nədir, saz nədir.
Məxdumqulu, söz coş edər dilindən,
Müxənnəsə yol vermədin yelindən,
Bu hünərlər gələr, gəlməz əlindən,
Dildən gələn bu cürətli söz nədir?!
OLA
Geyinməyə köynək istər yalavac,
Köynəkli der: kaş üstündən don ola.
Can sağlığı haqdan dilər qarnı ac,
Durub deyər: kaş tükənməz nan ola.
Ol igid ki, çəkə-çəkə həsrəti,
Səfərə çıxmağa olsa dövləti,
İşdir, əgər tapsa yarağı-atı,
Beşin tapsa, arzu edər – on ola.
Çox nan tapıb, əgər olsa könlü şad,
Qız-gözəldən məhbub istər, həm övlad,
Bu dövləti fayda etsə, adəmzad
Könlü istər, böyük şəhrə xan ola.
Həm xan olsa, həm dünyası tay olsa,
Həm ölməsə, həm əsbabı şay olsa,
Həm verməsə, həm çürüməz bay olsa,
Yaxşı adı həm dünyada dan ola.
Məxdumqulu, görüb düşmən tənəsin,
Mərd oldur, şad tuta qəmdən sinəsin,
Yer yüzü doldurmaz gözün xanasın,
Qarun kimi xəznən necə kan ola.
NƏ BİLSİN
Üz əlini özün bilməz adamdan,
Anlamaz ol, amü xası nə bilsin,
Nə fayda var xəmir içən gədadan,
Ol əyyaşdır, xeyri, yası nə bilsin.
Yamana yaxşı söz keçməz, hirslənər,
Qanan ərin anlaması güclənər,
İt yalın toprağa töksən xoşlanar,
Toprağı, tabağı, tası nə bilsin.
Bütpərəst min dəfə qılsa namazı,
Ona nəsib olmaz behiştin yazı,
Aləmi götürsə bülbül avazı,
Eşitməz, kar fağır, səsi nə bilsin.
Dinlə sözüm, nər zərbini nər tanır,
Xar baxan xar tanır, məhək zər tanır,
Ey yaranlar, ər igidi ər tanır,
Namərdlər yaxşını, pisi nə bilsin.
Məxdumqulu deyər, sözlərim haqdır,
Amma ki haq sözə tən verən yoxdur,
Bir gözlü deməsə, qaradır, ağdır,
Kor fağır gümüşü, misi nə bilsin.
Dostları ilə paylaş: |