Sən əzəldən yalan dünya.
Tükənməz ömrümü yedin,
Cana talan salan dünya.
Kimə görsətdin bəyanı,
Qoymadın xeyri, ziyanı,
Davud oğlu Süleymanın
Taci-taxtın alan dünya.
Kimləri ata mindirüb,
Kimlərə zərbaf geydirib,
Kimlərə fərzənd sevdirib,
Sonra yola salan dünya.
Neçələri üryan etdin,
Qara bağrın büryan etdin,
Didəsini giryan etdin,
Böylə dərdə qoyan dünya.
Sənə gələn ağlar gedər,
Sinəsini dağlar gedər,
Sənə gələn durmaz, gedər,
Kimdir səndə qalan dünya.
Məxdumqulu məna saçar,
Hər kəs öz qismətin açar,
Sənə gələn durmaz keçər,
Kim var baqi qalan dünya.
NEÇƏ YAŞINDADIR
Yer götürən sarı sığır,
Bilməm, neçə yaşındadır,
Dörd min dörd yüz ayağı var,
Hamısı da döşündədir.
Burnunu fərmanlı tutar,
Quyruğu fələkdən ötər,
Məkkəni beldə götürər,
Mədinənin tuşundadır.
Yer üzündə vardır xətti,
Dünyanı tutar heybəti,
Yer teyində yatan Mehdi
Ol öküzün qaşındadır.
Quyruğu zəminin yarı,
Gövdəsi dünyanın varı,
Məğribdən məşriqə sarı,
İki şahı başındadır.
Məxdumqulu, dünya fani,
Bu cahana gələn hanı,
Bir cütə kim qoşa onu,
Tamaşa onun işindədir.
YER İLƏNİ
Gəl, könül, yara gedək,
Həmrah olsan yer iləni.
Yar yoluna qədəm qoyaq
Pa yerinə sər iləni.
Asiman görkü ənvərdir,
Dünya görkü simu zərdir,
Cəsəd-torpaq, can-cövhərdir,
Almaq olmaz zər iləni.
Güvənmə gəl surətinə,
Minərsən qəhər atına,
Tuş olsan yaman xatına,
Ömrün ötər şər iləni.
Xəsis bayda verim olmaz,
Mərdin sözün bavər qılmaz,
Arvananın yükü qalmaz,
Yola girsən nər iləni.
Qənimətdir qardaş üzü,
Dəvadır qədəmi-tozu,
Bir əbləhin nakəs sözü,
Bərabərdir nar iləni.
Pisin qarşısında durma,
Xəsisin üzünü görmə,
Kar ilə xəlvət iş qurma,
Yola çıxma kor iləni.
Yaman ilə yoldaş olma,
Düşmən ilə sirdaş olma,
Təamda tabaqdaş olma,
Acgöz, haramxor iləni!
Yaman ər nəsihət tutmaz,
Yaxşı sözə qulaq asmaz,
Heç bir sözün kova getməz,
Nakəs süxənşor iləni.
Elindən getsən avara,
Sonda olarsan biçarə,
Qonşu olsan haramxora,
Sitəm eylər zor iləni.
Al pəndimi, axmaq kişi,
Özünə qılma xahişi,
Götürməsə dövlət quşu,
Uçmaq olmaz pər iləni.
Yaxşıya özün yar eylə,
Məclisində bazar eylə,
Rəft-aməd qıl, müdar eylə,
Savaş etmə şir iləni.
Məxdumqulu, yaxın, yadlar,
Qəmginlərlə könlü şadlar, –
Yerə gələn bütün zatlar,
Yeksan olar yer iləni.
QALSIN
Səhər dur, xudaya yalvar,
İslam öyü abad qalsın.
Pisi qoy, yaxşıya yol ver,
Şeytan işi bərbad qalsın.
Yaxşı sözə qulaq salgil,
Səhər vaxtı bidar olgil,
Yaxşılardan alqış algil,
Ömrün artıb, ziyad qalsın.
Adəmzad gözdən qaçınca,
Yaddan çıxar mal tapınca,
Mində bir rabat yapınca,
Haqdan dilə, övlad qalsın.
Pis xatın başa möhnətdir,
Dünyanın malı növbətdır,
İgidə oğul dövlətdir,
Mal qalınca, züryət qalsın.
İgid xoşu at-yaraqdır,
Hər işə cürət gərəkdir,
Pis oğuldan yaxşıraqdır –
Fəraqi, yaxşı ad qalsın.
GETMƏK
Təam ləzzətin alar
Dəhanından diş getmək,
Abırsızı azdırar
Çoxlu dövlət, baş getmək.
Şeytan yolun bəy eylər,
Qara üzün ağ eylər,
Yüz min günah yox eylər,
Səhər gözdən yaş getmək.
Piltəsiz yağ çırağa,
İşıq salmaz qırağa,
Elin salar ayağa,
Ayaq qalıb, baş getmək.
Neçə pisə zar olub,
Yatsan yey bimar olub,
Xoş yaxşıya yar olub,
Bir yamandan dış getmək.
Heç düşməyənlər qəmə,
Şükr etməzlər xoş dəmə,
Nə gözəldir adəmə
Yaxşı gəlib, xoş getmək.
Yaman dil yol itirər,
Yaxşı rəhmət gətirər,
Ərə qayğı artırar
Qırxdan aşıb, yaş getmək.
Fəraqi, dünya düşdür,
Düş görsən, dibi heçdir,
Cahanda yaman işdir,
Quru gəlib, boş getmək.
İLƏ
Könül deyər: eldən qalıb,
Gəzsəm dağlar-daşlar ilə.
Günahımı yada salıb,
Üzüm yusam yaşlar ilə.
Kimi görsəm, bir peşədə,
Mənim könlüm əndişədə,
Köyi-sər içrə köşədə
Otursam ağaclar ilə.
Qarı dünya al içində,
Adəmzad xəyal içində,
Cahan qalmaqal içində,
Hər kim yüz təlaşlar ilə.
Allahın eşqində məstlər,
Tuş gəlişməz zəbərdəstlər,
Könül pərvaz vurar, dostlar,
Durmaz yüz əlaclar ilə.
Çox küylər ilə oturdum,
Bilmədim, nə iş bitirdim,
Gümra olub, yol itirdim,
Oturdum biveclər ilə.
Boş qalmasın ömür taxtı,
Oyandırım yatan baxtı,
Dua qılıb, səhər vaxtı
Nalış qılsam quşlar ilə.
Məxdumqulu, tövfıq alsam,
Bir ər tapsam, qulluq qılsam,
Ürək deyər: yoldaş olsam
Dəm çəkən dərvişlər ilə.
KÖNÜL COŞUNDADIR
Könül bir bədən şahıdır,
Hər söz könül coşundadır.
Yeddi iqlimın taxtında
Hər biri öz işindədir.
Dağların qalxıb-enməsi,
Çoxların köçüb-qonması,
Dünyanın dönüb-dönməsi
Fələyin gərdişindədir.
Kimdir bu dünyada qalan,
Mənə çindir, sizə yalan,
Biri ağ, biri qara ilan –
Süleymanın qaşındadır.
Dəyraları zümrüd daşlı,
Nər atalı, nər qardaşlı,
Altın taxtlı, almaz taclı
Dev bəyləri başındadır.
Dolanar, keçər əyyamlar,
Qocalar taxtlar, eyvanlar,
Gündüz yara aşna canlar
Gecə yatsa, düşündədir.
Üç hissəsi dəli dərya,
Üçdə birində min qovğa,
Kim bilər bu köhnə dünya,
Ya rəb, neçə yaşındadır?!
Məxdumqulu der, haraydır,
Əcəl oxdur, fələk yaydır,
Dünya bir qəhbəyə taydır,
Adamzadın dışındadır.
GÖZLƏR
Elindən ayrı düşən
Ah çəkər, eli gözlər.
Yolundan ayrı düşən
Cəhd edib, yolu gözlər.
Göydə fələk gərdandır,
Xalq yerdə sərgərdandır,
Nə tamahkar cahandır,
Göz açan malı gözlər.
Kimlərdə altın tacdır,
Kimlər sail, möhtacdır,
Kimlər dibdən qəllacdır,
Kim xalça, xalı gözlər.
Kim nan tapmaz yeməyə,
Kim yer tapmaz qoymağa,
Kim don tapmaz geyməyə,
Kim tirmə şalı gözlər.
Bu cahan bir heçdədir,
Kim oyaq, kim düşdədir,
Hər bəndə bir işdədir,
Hər kəs bir halı gözlər.
Həngam uzun, ömür az,
Dörd mövsümə başdır yaz,
Göydə qanad gərən qaz –
Gözləri gölü gözlər.
Məxdumqulu huş edər,
Gözlərindən yaş gedər,
Dəli könül coş edər,
Yüz min xəyalı gözlər.
SARI
Onda adam sayılar,
Min bir astana sarı.
Fələk baqqal ötürmüş
Bazaristana sarı.
Qara yer ağzın aça,
Qafildir adam, keçə,
Bülbüllər istər köçə
Baği-bostana sarı.
Nurata, Baba Darğan,
Dövrəsi dərya, orman,
Yol üstədir Bakırğan,
Şol Türküstana sarı.
Haqdan rəhmət səpilər,
İmarətlər yapılar,
Getsən, Kəbə tapılar,
Urumistana sarı.
Gündoğardan günbatar,
Tərsa, cuhud, həm tatar,
Şəhərlər qatar-qatar
Məğribistana sarı.
Aşiq deyər: «Ya sübhan,
Müşkülümü qıl asan.
Şəfaət eylə, yaran,
Şol Dehistana sarı!»
Məxdumqulu dillənər,
Gözdə yaşı sellənər,
Gündə köçdür, yollanar
Məzaristana sarı.
HEYRANDADIR-HEYRANDA
Aşiqlər haqq eşqində,
Heyrandadır-heyranda.
Gözlər zəəf içində,
Giryandadır-giryanda.
Qıldı ona haq rəhmət,
Nuri-təcəlli qüdrət,
Xirqə geyən Xoca Əhməd
Sayramdadır-Sayramda.
Yerdən çıxan ağaclar,
Dili sənalı quşlar,
Sübhan sevən dərvişlər
Dövrandadır-dövranda.
Ayıl, aşığım, ayıl,
Məcnun ol, xalqa yayıl,
Xəlil oğlu İsmayıl
Qurbandadır-qurbanda.
Tur dağında duranlar,
Neçə qaib ərənlər,
Camalını görənlər
Fərmandadır-fərmanda.
Dolduran bu dünyanı,
Sözlə iki cahanı,
Külli işin bəyanı
Qurandadır-Quranda.
Məxdumqulu, aç dillər,
Qulluq et aylar, illər,
Ertə qulluqsuz qullar
Ərmandadır-ərmanda.
HƏVƏSİDİR
Adəm oğlu, fikrin-zikrin
Bu dünyanın həvəsidir.
Hazır bu fikrə gedərsən,
Bir gün dərdə qoyasıdır.
Bir gün girər yerə başın,
Unudar qohum-qardaşın,
Namazın, rövzən yoldaşın,
Bir də dilin sənasıdır.
Dolaşaraq sağda, solda —
Şeytan yol kəsər bu yolda,
Ərkli Quran belə halda
Şəriətin qalasıdır.
Bu cahanın sərmayəsi,
Rizq səbəbi, haq sayəsi,
Yer dirəyi, göy payəsi,
Dərvişlərin duasıdır.
Keçər ömür, ötər bu dəm,
Sən gedərsən qədəm-qədəm,
Fili tora salan adam
Səni çiy-çiy yeyəsidir.
Dağlar vardır, daşlar vardır,
Yazlar vardır, qışlar vardır,
Yaman-yavuz işlər vardır,
Başa gələn duyasıdır.
Məxdumqulu, eşq meydandır,
Bu meydana girən candır,
Canın bu təndə mehmandır,
Verən bir gün alasıdır.
GEDƏR
Adəm oğlu, fələk sənin
Bir gün donun biçər gedər.
Sənə vurar xəncərini,
Qızıl qanın saçar gedər.
Gəzmə dünyaya meyl edib,
Bihudə yerdə seyr edib,
Səndən əvvəlkilər ötüb,
Göz açıncan keçər gedər.
Ölsən, səni kim edər yad,
Kişnər, qalar min bədəv at,
Onu minən min qoç igid,
Qara torpaq qucar gedər.
Dünyanın sonu bərbaddır,
Binamazın yeri oddur,
Ölüm bir acı şərbətdir,
Hər kəs ondan içər gedər.
Könül deyər ki, ölməsən,
Məzarda tənha qalmasan,
Tanrıya doğru olmasan,
İman səndən qaçar gedər.
Məxdumqulu, bu nə vaydır,
Nə əcəb karvansaraydır,
Dünya bir qəhbəyə taydır,
Bir gün səni qucar gedər.
DÖYMÜ?
Zəbaniyə mələklər,
Əllərində gürz döymü?
Səkkiz ərşi bürüyən
«La ilahə!» vəz döymü?
Bilməz, keçər axmaqlıq,
Qayğı, qüssə çəkməklik,
Gözdən yaşın tökməklik
Qadir haqqa ərz döymü?
Əlin üzməsin deyə,
Bivec gəzməsin deyə,
Mömin azmasın deyə
Şəriət bir mərz döymü?
Etməgil xəyanəti,
Atmagil dəyanəti,
Tanrının əmanəti
Can tənində qərz döymü?
Məxdumqulu, qovğamız,
Başdan aşa sevdamız,
Məhşər günü günahmız –
Sünnət ilə fərz döymü?
DÜNYADIR
Ey yaranlar, müsəlmanlar,
Gəlib-keçməli dünyadır.
Gücü yetən qoç igidlər
Töküb-saçmalı dünyadır.
Heç kim bunda tutmaz orun,
Sağlıqda töküb, saç varın,
Bunca yığıb, netdi Qarun,
Qoyub qaçmalı dünyadır.
Bu dünyanın qəmin yersən,
Adəm oğlu, nə gülərsən,
Pər döşəyə sərt deyərsən,
Yeri quçmalı dünyadır.
Daş yağdırar başlarına,
Ağı qatar aşlarına,
Buradakı işlərinə
Hesab çəkməli dünyadır.
Məxdumqulu, oxu Quran,
Xudadan diləgil iman,
Hər igid ölsə binişan,
Odu keçməli dünyadır.
GETMƏZMİŞ
Ellər hey, Məcnun dağının
Sərindən duman getməzmiş,
Münkirə bilik verməyin,
Könlündən güman getməzmiş.
Qoyuna dost olmaz qurddan,
Dilək etmə hər namərddən,
Ta ölüncə qoç igiddən
Mizraq, tir, kaman getməzmiş.
Qafil adəm oğlu, bilməz,
Ölümünü yada salmaz,
Malın-mülkün israf qılmaz,
Yanından iman getməzmiş.
Zamana yaxın gələndə,
Yeri, göyü su alanda,
Allahdan qeyri öləndə,
On səkkiz məkan getməzmiş.
Yer ilə göydən qüvvətli,
Ol Əzrayıldən heybətli,
Beş kişinin, Harış adlı
Önündən ilan getməzmiş.
Aşiqlər tərki-can etsin,
Gözdə yaşın rəvan etsin,
Qoç igidlər ehsan etsin,
Ehsanı rəvan getməzmiş.
Məxdumqulu, qaldın dərdə,
İşin düşəndən namərdə,
Məhşər günündə ol mərdə,
Duzəxdən ziyan yetməzmiş.
BƏLLİDİR
Yaxşılığı pis bilməz –
Ər yanında bəllidir,
Görər gözün qiyməti,
Kör yanında bəllidir.
Dəli könül dayancı,
Yoxdur dünya inancı,
Sağ qulağın güvənci
Kar yanında bəllidir.
Əgər pirsən, əgər yaş,
Qılma sirrin xəlqə faş,
Sir saxlayan məhək daş
Zər yanında bəllidir.
Bu dünyanın muradı –
At, zənən, ər züryadı,
Arvananın qüvvəti
Nər yanında bəllidir.
Olsa qəmdən xilasım,
Yaza dönsə qış fəslim,
Məxdumqulu, ixlasım
Yar yanında bəllidir.
DIŞDA BƏLLİDİR
Yaxşının qədrin el bilməz,
Yaxşılar dışda bəllidir,
Mövlam nəzər salsa kimə –
Olacaq başda, bəllidir.
Evdə yatıb etmə günah,
Əl-ayağın olar güvah,
Elə pünhan, haqqa agah,
Ər adam işdə bəllidir.
Bu dünyada maldır görkün,
Hər bir yerə yetər ərkin,
Öyündə laf vurar hər kim,
Batır savaşda bəllidir.
Xınanı yaxsan, rəng olar,
Qızılı söksən, səng olar,
Bütün bədəvlər tən olar,
Bədəv çapışda bəllidir.
Xoca, seyid əsalətli,
Fəqirlərə dəlalətli,
Xoş təbəssüm, məlahətli –
Hər kəs tay-tuşda bəllidir.
Məxdumqulu, şövqün günü,
Yaxşıdır islamın dini,
Yenə xas gözəlin sini
Göz ilə qaşda bəllidir.
SAYAR
Dağlar yerin mıxıdır,
Təpə özün dağ sayar.
Qarğa deyər bülbüləm,
Sərçə özün zağ sayar.
Qənaətdə kamal var,
Mənlik etmə, zaval var,
Hər başda bir xəyal var,
Qul özünü bəy sayar.
Gücündən, qüvvətindən,
Dünyanın qismətindən,
Varlının izzətindən
Yoxsul özün bay sayar.
Nadanam, zad bilmənəm,
Bir günahlı qul mənəm,
Sirkə deyər: bal mənəm,
Neft özünü yağ sayar.
Hər səy çıxar bir evdən,
Özün kəm saymaz devdən,
Öz yanında bədəvdən
Eşşək özün yey sayar.
Dərd çəkənlər dərd bilər,
Namərd özün mərd bilər,
Tülkü özün qurd bilər,
Tula özün səg sayar.
Məxdumqulu bir quldur,
Qulluğuna qaildir,
Axmaq deyər aqildir,
Ölən özün sağ sayar.
QABAQ
Adəm oğlu, yatma qafil,
Oyan dan atmazdan qabaq.
İgidlikdə taqət qılgil,
Qocalıq yetməzdən qabaq.
Qocalıq taqət qıldırmaz,
İşin əbəsdir, bildirməz,
Fələk ağladar, güldürməz,
Bu dövran ötməzdən qabaq.
Bəndəyə eyləmə qəsdi,
Ağlatma sən yarı-dostu,
Bir gün gəlib, əcəl dəsti
Yaxandan tutmazdan qabaq.
Qardaşların ağlar qalar,
Bir yaxasız dona salar,
Bir gün əmanətin alar
Sən tövbə etməzdən qabaq.
Bu dünyaya gələn keçər,
Hamı ol şərbətdən içər,
Bir əjdəha ağzın açar,
Vəhm eylə udmazdan qabaq.
Məşqulsan dünya oynuna,
Girərsən yerin qoynuna,
Əcəl bəndənin boynuna
Atılıb minməzdən qabaq.
Əcəl hamını yaxalar,
Qalmazlar şahü gədalar,
Haramdan qaç, kətxudalar,
Rusiyah olmazdan qabaq.
Saxla qeybətdən dilini,
Odla bağlarlar əlini,
Açılan tazə gülünü
Allah soldurmazdan qabaq.
Dur səhər, tanrıya ağla,
«Haq» deyib ürəyin dağla,
Tövbə qapısını bağla
Qırxına gəlməzdən qabaq.
Bəndəyə etmə xəyanət,
Qıl tanrıya sən itaət,
Bu haqda var hədis, ayət,
Fəhm elə ölməzdən qabaq.
Məxdumqulu, doğru söylə,
Ömrün gəlib, keçər böylə,
Durmadan yaxşılıq elə
Baş gora girməzdən qabaq.
GÖRDÜM
Həqiqət dəftərin açdım,
Bir yazılan tumar gördüm.
Bu yurddan ol yurda köçdüm,
Yurdunu ixtiyar gördüm.
Bir evdə var on iki can,
Xoş gəlibsiz, əziz mehman,
Bir süfrədə dörd isti nan,
Üstündə yeddi nar gördüm.
Mustafaya indi varaq,
Münkir olan − dindən iraq,
Bir evdə var on iki çıraq,
Dörd məşəl, bir yanar gördüm.
Bu dünyanın qırağında,
Ağaclar bitmiş bağında
Beş alma var budağında,
Asılmış, bərqərar gördüm.
Məxdumqulu, nə fikrin var,
Ömürdən keçdi ruzigar,
Yetmiş iki sürü davar,
Çobanı bir baxar gördüm.
GƏRƏKDİR
Mənəm deyən qoç igidə,
Bir münasib yar gərəkdir.
Döyüş günü ərəb atı,
Almaz Zülfüqar gərəkdir.
İgid oldur – yurd üstündə,
Canın verə din üstündə,
Qoç igidlər el üstündə,
Namus ilən ar gərəkdir.
Beş gün könül xoş etməyə,
Süfrə açıb, nan tökməyə,
Hörmət alıb, ad etməyə,
Əllərində var gərəkdir.
Məkkə varan olar hacı,
Ayrılıq ölümdən acı,
Qoç igidə din qılıncı,
Aşiqə didar gərəkdir.
Artırmada fələk zarın,
Alıb əldən ixtiyarın,
Məxdumqulu, sevər yarın,
Siyah zülfü tar gərəkdir.
QARŞI
Ağız açdım, göz yumdum,
Əl atdım tasa qarşı,
Tas üstündə yatıbdır
Qələndər yasa qarşı.
Saqi durdu, səs etdi,
Kim gec qaldı, kim yetdi,
Qələndər tasın tutdu,
Düşdüm həvəsə qarşı.
Mən bikamal ol yerdə,
Eşq içrə düşdüm dərdə,
Gül üzə gülgün pərdə,
Tutdu palaza qarşı.
Xəbər tutan cahandan,
Ayrılar xanimandan,
Aşiqlər keçər candan,
Tutulsa kasə qarşı.
Bu dünya bir saraydır,
Gələn keçib varaydır,
Məxdumqulu haray der,
Xıdır İlyasa qarşı.
İLƏNİ
Bülənd dağların başında
Bulud oynar sel iləni.
Qoç igidə toy-bayramdır
Hər iş gəlsə el iləni.
Yaz ötəli yay olubdur,
Altın, gümüş zay olubdur,
Milçək haçan tay olubdur
Uğraşanda fil iləni?
Otlağa qaçar buzovlar,
Önün başlar yaxşı gavlar.
Tanınar xəstə bədəvlər,
Köhnə, yırtıq çul iləni.
Haram işdən qaçar pirlər, –
Tülkü hiyləsindən şirlər,
Yediklərin olar hədər,
Quymaq yesən qıl iləni.
Haq bəndəsi haqqa qoşar,
Yaman öz felindən tapar,
Məxdumqulu, aybın yapar
Aş, qılıncü dil iləni.
GÖRÜNƏR
Adəm oğlu, seyr qılsan,
Dünyada dükan görünər.
Bu faniyə nəzər salsan,
Gözünə cahan görünər.
İskəndərə torun quran,
Süleymana ərzə varan,
Qarun-Harun varın vuran,
Ol fələk pəlvan görünər.
Cəbr görüb yanan canlar,
Çarə tapmayan dərmanlar,
Dünyada çoxdur ümmanlar,
Beş sanı ümman görünər.
Sərinə duman bürünən,
Göz yaşı yerdə sürünən,
Göydə bulud tək görünən
Dağlarda duman görünər.
Çin-Maçində taxtın quran,
İranı, əfqanı saran,
Hindistan, Xotənə varan
Ataniyaz xan görünər.
Dağ sərindən güzər salsan,
Ol yeri yurd edib qalsan,
Şol yanından nəzər salsan
Ulu Dehistan görünər.
Pərdə çəkib üzlərimə,
Rəvac verib sözlərimə,
Məxdumqulu, gözlərimə
Bircə Mənli xan görünər.
OLAR
Olsa özü mərd igid,
Hər bir yerdə yüz olar,
Namərdlər bilsəniz - it,
Hər kəslə üz-göz olar.
Nə günah var İdrisdə?
Oddan yeydir həris də,
Saz olmayan məclisdə
Gurlaşsan həm saz olar.
Mən iqbalım unudam,
Fanidən aldım qədəm,
Özün bilməyən adam
Hər yetənə söz olar.
Nə gözədir bu dağlar,
Saysız ovlar, ovlaqlar,
Gölə giribdir zağlar,
Misalı bir qaz olar.
Namərdlərdən yaman yey,
Hər zülümdən peyman yey,
Neçə qızdan cüvan yey,
Yaxşı, yaman qız olar.
Əzəl başdan verməsə,
Qayği-həsrət görməsə,
Fələk tiğin vurmasa,
Qış fəslimız yaz olar.
Verir yazda, əzəldə,
Alır fəsli-xəzəldə.
Əcəb nərsə gözəldə
Qaşın dartsa, naz olar.
Hər günə şükr eyləsən,
Ələmin zikr eyləsən,
Dünyanı fikr eyləsən,
Təşvişin lap düz olar.
Bir dərdlinin yanında,
Olsan adam sanında,
Aşiqlərin canında
Baqi sönməz köz olar.
Deyərlər, axır zaman,
Atəş-suzandan yaman,
Bavər qılmagil güman,
Böylə təşviş tez olar.
Qiyməti var zənanın,
Tərif qılsam var zadın,
Badam qabaq cananın
Boyları diraz olar.
Kimlər istər ulu mal,
Kimsələr etməz xəyal,
Fələyi qılsan ehmal,
Asmanda pərvaz olar.
Fani dünya gəzəndin,
Sən ələmdən bəzəndin,
Ağılsız, zay igidin
Eldə qədri az olar.
Kimlər zər libas geysə,
Oncalar zəhər yesə,
Yaxşı dost bir söz desə,
Canın içrə duz olar.
Fani təşvişə qoyar,
Kimlər pünhanın ayar,
Qarı özün qız sayar,
Amma qoynu buz olar.
Məhəmmədin ümməti,
Boynundadır sünnəti,
Hər gözəlin qiyməti
Üzdə imtiyaz olar.
Dərdim qılınsa ehsan,
Ürəkdə bitər bostan,
Qıldığım əcəb dastan
Məcnuna niyaz olar.
Nə iş gördü gözlərim,
Qəbahətdir üzlərim,
Məxdumqulu, sözlərim
Saza qoşsan, uz olar.
DƏYMƏZ
Bir neçənin dövranı,
Fani cahana dəyməz.
Buncanın yeni salı
Dərya-ümmana dəyməz.
Kor əlində dayağı,
Göz yerində ayağı,
Buncaların ayağı
Xərə, madyana dəyməz.
Dağlar başı dumandır,
Yellər daim rəvandır,
Onca dağlar virandır,
Qədri dumana dəyməz.
Kiminə vermiş malı,
Kimi görər vəbalı,
Neçələrin iqbalı
Fani cahana dəyməz.
Görkü var mərmərlərin,
Damarıdır yerlərin,
Görün, neçə pirlərin
Əli Qurana dəyməz.
Məndən qeyri yox odlu,
Daim ondan adətli,
Məxdumqulu həsrətli,
Əli dastana dəyməz.
GÖZLƏR
Mərd qədrini bilməz xan,
Eldə namərdi gözlər.
Ağzı yanan bir çoban,
Daima qurdu gözlər.
Hicran oduna bişən,
Ayrılıqdan pərişan,
Yurdundan ayrı düşən
Mehriban yurdu gözlər.
Bir dərd gələrsə yaman,
Nə mərd dözər, nə mərdan,
Dəri-dərmanlı Loğman
Mal deməz, dərdi gözlər.
Payın qiymətin görən,
Yaxın-irağı gəzən,
Səfil-sərgərdan yürən,
Xər deməz, atı gözlər.
Görüb qalar asmana,
Düşməz ulu ümmana,
Eşq aşiqi pərvana
Gecə ol odu gözlər.
Axır zamana haçan,
Varmıdır ondan qaçan,
Cəsədi qalan bican
Abi-həyatı gözlər.
Zinhar, olmayın sirdaş,
Qocaldar ol cavan baş,
Namərdə olsan yoldaş,
Durub fürsəti gözlər.
Gözüm bağlı mən uçub,
Bişmişəm nara qaçıb,
Müftilər Quran açıb
Ulu taəti gözlər.
Kim qaldı qocalmayan,
Düxtərlər oldu cavan,
Bağda sərvi-xuraman,
Gül deməz, badı gözlər.
Bir neçələr ar edib,
Beytinləri zar edib,
Gözəl elin xar edib,
Bir ulu adı gözlər.
Dəştdə qurbandır güllər,
Ruyin öpərmiş yellər,
Ovu hesabsız çöllər
Türgən sayyadı gözlər.
Ərşə çıxdı nalələr,
Harama döndü mallar,
Bu zamanda mollalar,
Yortub, zəkatı gözlər.
Üzündədir nurları,
Gözündədir narları,
Bu əyyamın ərləri
Atı, sursatı gözlər.
Hara dönübdür dini,
Məgər yoxdur imanı,
Xəsis yığıb dünyanı,
Feli-həcatı gözlər.
Pünhan sirrim aşkara,
Neylək, çıxıb şikara,
Məxdumqulu biçara
Bircə züryəti gözlər.
Dostları ilə paylaş: |